Eldar İSMAYIL: AZƏRBAYCAN MƏMLƏKƏTİM

Eldar İSMAYIL:  AZƏRBAYCAN MƏMLƏKƏTİM
Sənə sərvətimmi deyim,
Şanım-şöhrətimmi deyim?
Namus-qeyrətimmi deyim?
Günəş telli təbiətim...
Azərbaycan məmləkətim!

Bir dünyadı yaşıl yaylaq,
Nərgiz ocaq, lalə çıraq...
Meşələri qızıl yarpaq
Gözəlliyim, təravətim...
Azərbaycan məmləkətim!

Səni seçdim seçəndə də,
Işıqlandım gecəndə də...
Mən dünyadan köçəndə də
Yaşayacaq həqiqətim,
Azərbaycan məmləkətim!

Ünlü adın öndə qalar,
Vətən qibləm yöndə qalar.
Səndən gələr, səndən qalar
Böyük ana məhəbbətim...
Azərbaycan məmləkətim!

Sən Cəlilin ilk arzusu,
Üzeyirin “Koroğlusu”...
Sən Sabirin söz ulusu,
Ey Füzuli dəyanətim...
Azərbaycan məmləkətim!

Emrə deyər, Fikrət deyər,
Nazim deyər, Hikmət deyər...
Şəhriyara heyrət deyər
Türk dünyama sədaqətim...
Azərbaycan məmləkətim!

Düşmənləri şeytan felli,
Qanı xıltlı, qəlbi lili...
Şuşa, İrəvan niskilli
Haray çəkən fəlakətim...
Azərbaycan məmləkətim!

Gələn günlər xoş gələcək,
Nəsillər deyib-güləcək...
Min illər dövran sürəcək
Vətən adlı həqiqətim...
Azərbaycan məmləkətim!

Ruhum çağlar, eşqim dəniz,
Havam nurlu, suyum təmiz...
Bakı, Gəncə, qoca Təbriz,
Bir dünyalıq ləyaqətim...
Azərbaycan məmləkətim!

Məhəbbətə olmaz yasaq,
Sevgim sənə qucaq-qucaq...
Xain qəlbdən, gözdən uzaq
Yaşa səni ey cənnətim!
Azərbaycan məmləkətim!


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: