FƏRASƏT QAYIBOĞLU (1981) Ədəbiyyat » Poeziya 26 октября 2024 293 80 1 2 3 4 5 Nuriyev Fərasət Qayıb oğlu - 1981-ci il mayın 5-də Lənkəran rayonunun Separadi kəndində anadan olub. Orta təhsillidir. Ədəbiyyat sahəsində özünəməxsus fikir və düşüncələrə malik şeir və qəzəllər müəllifidir. Din və Ürfan elmləri ilə dərindən maraqlanır.Ailəlidir. 3 övladı, 2 qız nəvəsi var.Fərasət bəy "Ulum" ədəbi məclisinin rəhbəridir. Şeirləri bir sıra dövrü mətbuat orqanlarında, o cümlədən, "Toloşi", "Dodo" qəzetlərində, "Şəfəq" jurnalında ara-sıra çap olunub. Həmçinin, "Cənub inciləri" antologiyasında, "Nur ocağı" antologiyasının 2-ci sayında şeirləri dərc olunub. "Zizə" tv yutub kanalında bir sıra verlişlərə qatılıb.Biz də dəyərli oxucularımızı Fərasət bəyin yaradıcı dünyası ilə yaxından tanış etmək üçün onun duyğu dünyasından bir neçə müxtəlif səpkidə yazılmış şeirini aşağıda dərc edir və Fərasət Nuriyevə bol-bol yaradıcılıq uğurları arzu edirik.Ramilə Əliyeva,ZiM.Az EŞİT EY, DÜNYADA....Eşit, ey dünyada ədalət deyən,Özgə torpağından nan istəmirik!Biz kimik, bizləri siz tanıyırsız,Sizlərdən nə şərəf, şan istəmirik,Daha bu torpaqda qan istəmirik!Biz Allah rizası, səbr edənlərik,O Haqqın yolunu düz gedənlərik.Nə təhdid, nə qorxu! - biz ərənlərik,Vətənə "can" deyib, can istəmirik,Daha bu torpaqda qan istəmirik!Yetmədi şeytana xidmət etdiniz?!Məzluma güc gəlib adət etdiniz,Sülh deyib, banladız, nə fəth etdiniz?Nə Ayı, nə Qurdu, Ban istəmirik,Daha bu torpaqda qan istəmirik!Siz hansı məzlumun tutduz əlindən,Neçəsin, didərgin saldız elindən.Siz ki gəlmisiniz şeytan belindən,Vermərik sizlərə an, istəmirik,Daha bu torpaqda qan istəmirik!Neçə yol elimi xarab etdiniz,Qan töküb torpağı sirab etdiniz.Tarixən bizlərə əzab etdiniz,Bizə tarix yazan, "yan" istəmirik,Daha bu torpaqda, qan istəmirik!Neçə xalq olsaq da, yenə bir canıq,Eyni bir Orduyuq, bir komandanıq,Biz bütov şəkildə Azərbaycanıq!Bölünüb millətə xan istəmirik,Daha bu torpaqda, qan istəmirik!BAYRAĞIMMənə Ana kimi müqəddəs olan,Duyuram ətrini kənddən, şəhərdən.Neçə şəhidimin qan bahasısan,Qorusun Allahım, səni nəzərdən,Dalğalan bayrağım mavi Xəzərdən.Səni istəməyən neçə göz olub,Həsəd aparanlar yanıb köz olub,Amalın, məqsədin daim düz olub,Sənə əhsən gəlir bütün bəşərdən,Dalğalan bayrağım mavi XəzərdənSəndə canfəşanlıq həm mehribanlıqSəndə düzlük, mərdlik, əmin amanlıqSükuta büründü dünya bir anlıqƏdalət bayrağı gəldi zəfərdənDalğalan bayrağım mavi Xəzərdən.Səni bayrağlardan üstün qoyardım,Ölkələr içində sütun qoyardımMən sənin dünyada büstün qoyardımAyparan qızıldan, ulduzun zərdən,Dalğalan bayrağım mavi Xəzərdən. DEYƏRSİZQarabağ uğrunda döyüşlərdə şəhid olan kimsəsiz bir igid əsgərin adından.Anam yox, öləndə mənə ağlasın,Bacım ağı deyib qara bağlasın,Qızım yox oxşayıb, ürək dağlasın,Mən ölsəm, kimsəsiz öldü, deyərsiz.Çəkmədim şöhrət, şan, var həsrətini,Bağban çəkər imiş bar həsrətini,Bir ömür çəkmişəm, yar həsrətini,Arzusu gül açıb soldu deyərsiz.Qismətim deyilmiş görəm kölgəmi,Bəxtimə yazılıb həsrətin dəmi,Möhürdür alnıma bu hicran qəmi,Aşiqə yazılan yoldu deyərsiz.Vətənsiz ağrıyar bu cismim, tənim,Qeyrətim, namusum vətənim mənim.Üç rəngli bayrağım olsun kəfənim,Şəhidin son sözü oldu deyərsiz.GECDİR ƏZİZİM...Bir ara düşmədin sən məni başa,İndi qayıtmağın gecdir,əzizim!Dağıtma yuvanı, gözləyənin var,İndi qayıtmağın gecdir, əzizim!Yolunu gözləyən iki körpəni,Qoyma, xəzan vura o gül pöhrəni,Sevgi imtahana çəkir hərəni,İndi qayıtmağın gecdir, əzizim!Artıq qocalmışam, yaş o yaş deyil,Səni düşünməyə, baş o baş deyil.Qəlbim Kəbədəki qara daş deyil,İndi qayıtmağın gecdir, əzizim!Bilirəm çətindir həsrət, intizar,İndi aramızda böyük bir hasar.Mən artıq evliyəm, iki nəvəm var,İndi qayıtmağın gecdir, əzizim!Hanı o gözəllik, təravət səndə,O sevgi, o təmiz məhəbbət səndə.Görəsən, nə görüb Fərasət səndə?İndi qayıtmağın gecdir,əzizim!KİŞİLƏRGündən günə, yalanlarla ovurlar,Yaşamırıq, sürünürük, kişilər!Elimizdən, obamızdan qovurlar,Biz hələ də düşünürük, kişilər!Özbaşnalıq, haqsızlığın izinə,Qorxusundan düşənmirik közünə,Yoxdu biri sual versin özünə,Kişi kimi görünürük, kişilər!Biz özümüz, özümüzə düşmənik,Çörək kəsib, duzumuza düşmənik,Əyriyə yox, düzümüzə düşmənik,Bu əməlnən öyünürük, kişilər!Nə haldadır səhiyyəsi, məktəbi,Telekanal pozdu ərkan, ədəbi,Boşanmanın, intiharın səbəbi,Nə hallara bürünürük, kişilər!Farslar oldu, millətimin qənimi,Osmanlı, Rus sərvətimin qənimi,Turan deyən, vəhdətimin qənimi,Biz tarixən bölünürük ,kişilərİSTƏRƏMMən tənimlə müştərək can istərəm,Bir vücudi kamil insan istərəm.Adəmi xəlq içrə insan görmədim,Mən onun sülbündə cövlan istərəm.Qalmadı dindən, nə Qur'andan əsər,Mən yeni din, tazə Qur'an istərəm!Gəl ki, mən dörd ünsürün dördən birin,Bir birindən ayrı hər an, istərəm.Zahida gözlər yolun gəlsin İmam,Gözləməm, əqlimdə iman istərəm.Allahımdan istədim,Allahımı,Can qəfəsdə versə imkan istərəm.Mən sədasın Bəkkədən gəl ətrini,Çün salıb qəlbə gülüstan istərəm.Haqq olan o varlığa Allah deyən,Adəmə məhşərdə divan istərəm.Ey Fərasət, anlamaz hər kəs səni,Rəbbə mənsub elmi irfan istərəm.VERMƏHəzəc bəhri:Məf'Ulü məfA'İlü məfA'İlü fə'UlünSaqi, mənə sən qəm dolu peymanəni vermə,Qəmdə nə şəfa, hicrilə qəmxanəni vermə.Gördüm bir ömür badə əlində şəmə bənzər,İnsaf elə, qurban yenə pərvanəni vermə.Qoyma bu sevən bülbülə güldən dəyə yarə,Məmnun eləyib bayquşa viranəni vermə.Zahid yenə öz heçliyini gizlədə bilmiş,Dinsizlərə din, dinə də bütxanəni vermə.Zahid, libasın qiymətini kim bilə bilmiş,Təğyiri-libas olmağa mərdanəni vermə."Dinsizdi Fərasət" deyənin, yəqini varmış,Səy etmə, tələsmə, boşa meyxanəni vermə.ÖZÜNDƏN RAZISAN?!Rəməl bəhri:fA'ilAtün fA'ilAtün fA'ilAtün fa'ilünEy xəbərdən bixəbər, qafil, özündən razısan?!İstərəm şərhin verim, cahil, özündən razısan?!Həqqi görməklə bulunmaz hər nə görsən, qeyridi,"Mən ənəl həqqəm!" deməz, sayil, özündən razısan?!İxtiyarın iqtidarın yox əqil vermiş fəqət,Gəl ki, napakdı, həmi mail, özündən razısan?!Gah günəşdən, gah qəmərdən, gahi ərşi-fərşidən,Gah özün bulmaqda nə hasil, özündən razısan?!Səndə mən haq görmədim ki, ey deyən kafər mənə,Səndə haqdan yox əsər, batil, özündən razısan?!Xət çəkər, haqqın, sözü bir gün gələr caiz edər,Ey başı əmmaməli Şamil, özündən razısan?!Ey Fərasət, kim sənə lə'nət kimi rəhmət deyər,Ver şəhadət, təsdiq etsin dil, özündən razısan?!HƏQİQƏTDƏHəzəc bəhri:Məf'Ulü məfA'İlün məf'Ulü məfA'İlünİnsan özü Allahdır, gəl adəmə nisbətdə,İnsanın özü heçdir, varlıqda, həqiqətdə.Vəhyin mələyi, hətta, xidmətdədir insanə,İnsanə edir səcdə əmrində, itaətdə.İnsanı məşəqqətdə xəlq eyləyən ol Tari,Adəm kimi nur vermiş insanə mərifətdə.Çoxdu belə varlıqlar, ən üstünü İnsandır,Həm aləmi mahmudda, həm aləmi ismətdə.Dünya onun əmrində, hər şey ona möhtacdır,İblisin özü, hətta, ol varlığa xidmətdə.Hər şeydə olar məna, əqlin gücü yetmirsə,Heyrətdə qalar, əlbət, acizdi bu hikmətdə.Insanı edir tərif Xaliq özü Qur'anda,Göylərdə və yerlərdə nə vardısa heyrətdə.Həm alidi, həm üstün, cismən bizə bənzərdir,İnsan necə varlıqdır, bilməzdi Fərasət də.OLUBRəməl bəhri:fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilünEy könül, təxtin dağılsın, qəlb evim viran olub,Yol çəkir hey intizardan, gözlərim giryan olub.Hər zaman gizlində xəlvət ağlaram şamu-səhər,Göz yaşım ölmüş gülün dərdinə min dərman olub.Öz halından əhli-dünya məmnun olduqca müdam,Məzluma dünya evi nari-cəhənnəm qan olub.Habilin qəsdində Qabil xun(i)kar olmuş nədən,Yer üzündə ən birinci qan tökən insan olub?Fürsəti əldən verən bilməz qənimət qədrini,Arifi-fərzanələrçün ol qədər imkan olub.Ey Fərasət gəl ki şairlik olarsa məqsədin,Bəzi şairlərdə nə məzhəb, nə də iman olub.EVİNƏEy könül, tövbə elə getməyə canan evinə,Buraxa bəlkə səni Xaliqi suphan evinə.Bir ata oğlunu mehman, bir ata qətligahaÖz əliylə aparıb verməyə qurban evinə.Sən bu aşiqlərə bax, eşqilə pərvaz eləyir,Onların eşqidir od vurmağa, şeytan evinə.Mənə dünya bu gözəllikləri vəsf etmədədir,Nə gözəl vəsf eləyir, olmuşam heyran evinə.Kərbəla şahı Hüseyn, pərçəm, Ələmdar özüdür,Təşnələb verdi canın o şəhi Mərdan evinə.O, fəzilət qapısı, Babəl Həvaicdi adı,Alıb, almaqdadı, getmiş neçə insan evinə.Sən xəcalətli, Fərasət, O, kərəm sahibidir,Verər hər hacətin hətda gələ nadan evinə.VAR MƏNİMEy könül, gör nə nubarım, xoş baharım var mənim,Bu xərabət içrə qismət ahu-zarım var mənim.Mən o yarın çevrəsində şəm olub yanmaqdayam,Göz yaşım axar, içim yanar, ki narım var mənim.Qəm dolu dünyanı qəmlər qəm edib, qəmxanədir,Kim pozub nəzmi-nizamı, biqərarım var mənim.Kim bilir aşiqlə məşuq nə sınaqlardan keçib,Gəl ara aşiqlər içrə nə şuarım, var mənim.Sən sözün sehrinə uymuş mən həqiqi aşiqin,Gözlərimdən bəllidir, möhkəm hasarım var mənim.Sən Fərasətdən soruşma, hər nəyi qurban verib,Nə bu dünyada, nə uqbadə məzarım var mənim.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.