RƏHİLƏ ABBASOVA (1956)

RƏHİLƏ ABBASOVA (1956) Rəhilə Abbasova - 1956-cı il iyulun 4-də Kürdəmir rayonunun Sovla kəndində dünyaya göz açıb. 1963-cü ildə Sovla kənd səkkizillik məktəbinin 1-ci sinfinə daxil olub. 1971-ci ildə həmin məktəbi bitirib və təhsilini Köhünlü kənd orta məktəbinin 9-cu sinfində davam etdirib. 1973-cü ildə orta təh-silini başa vurub və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali təhsilini başa vuraraq dogma kəndində pedaqoji fəaliyyətə başlayıb. 1992-ci ildən 2021-ci ilə qədər Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə müəllim işləyib. Baş müəllim adına layiq görülüb. Dəfələrlə rayonun ictimai hə-yatında fəal iştirakına görə Fəxri fərmanlarla mükafatlandırılıb.
Hazırda təqaüddədir.
Evlidir. İki oğlu var.
Rəhilə müəllimə gənclik illərindən həm də poeziya aşiqidir. Özü də şeirlər yazır. Hələ 1980-1990-cı illərdə rayonun "İrəli" qəzeti nəzdində fəaliyyət göstərən "Kür nəğmələri" ədəbi dərnəyində iştirak edib, özünün şeir və felyetonlarını oxuyub. Son illərdə şeirləri müxtəlif mətbuat orqanlarında, “Canım Azərbaycanım”, “Zəfəri qazananlar”, “Zirvəyə ucalanlar”, “Buta”, “Qarabağ Azərbaycandır!” və s. ədəbi məcmuələrdə çap olunub.

Biz də Rəhilə müəlliməyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!

ZiM.Az




RƏHİLƏ ABBASOVA (1956) ALİ BAŞ KOMANDANIM

Qüdrətinin vəsfinə sözün gücümü çatar,
Sən ey fəxrim, vüqarım, Ali Baş Komandanım!
Səndən söhbət açacaq, səni mədh eyləyəcək,
Bundan belə şeirim, bundan belə dastanım!

Vətənin tarixinə sən yazdın qalibiyyət,
Sən oldun qalib, ulu, sən oldun əbədiyyət,
Əzminə, iradənə dünya eyləyir heyrət
Ali Baş Komandanım, mənim şöhrətim, şanım.

Sən göylərə qaldırdın üçrəngli bayrağımı,
Qovdun torpağımızdan namərdləri, yağını.
Gülüstana döndərdin ömrün payız çağını.
Sən ey qalib əsgərim, ey əbədi baharım.

Zəhmindən, zabitəndən göy əsdi, yer titrədi,
Yeridi sənin ordun, dağ selitək kükrədi,
Türkün qeyrəti budu, türkün oğlu belədi
Dar gündə dayağımsan, sərkərdəm, qəhrəmanım.

Bircə yol mən demədin, mənim xalqım söylədin,
Şəhid ruhu önündə uca başını əydin,
Sən vətənə əsgərdin, sən hər gün səngərdəydin,
Məğlub etdin divləri, qəhrəman komutanım.

Bu yol haqqın yoluydu, haqqın yoluyla getdin,
Yuxu yox gözlərində, hər işi ölçüb- biçdin
Əzminlə, İradənlə ağır yollardan keçdin
Ağlr yollar yolçusu, yorulmayan adamım.

Qarabağı bağ etdin, bağban oldun bağlara,
Bənzərin vardır sənin bizim uca dağlara,
Dağlarda qan uddurdun yadlara, yağılara
Bitməyən hekayətim, yazılmayan romanım.
Ali Baş komandanım, sərkərdəm, qəhrəmanım!


TAPŞIRIN BU DÜNYANI
TÜRKÜN ƏDALƏTINƏ


Tariximiz görməyib belə şanlı qələbə.
Allah, elə bilirəm möcüzədir, nağıldır.
Sancıldı bayrağımız Xanın xan şəhərinə,
Düşmənimin nə qədər mifi vardı, dağıldı.

Ölməz ruhlar dumana, çənə dönüb qayıtdı,
Kəsdilər yağıların bəndini, bərəsini,
Elə yeridi ordum, elə tufan eylədi.
Tarix hələ görməmiş, bilməmiş beləsini.

Siraların önündə dalğalanan bayrağım,
Cənını fəda edən şəhidim, qazim idi.
Yurda belə sevgini bu dünya görməmişdi.
Millətim ordusundan arxayın, əmin idi.

Babaların yaşatdıq biz döyüş əxlaqını
Ər meydanı bizimdir, qaçanımız olmadı.
O qanlı səngərləri elə keçdi əsgərim,
Bircə sivilin belə burnu da qanamadı.

Siz ey "böyük" dövlətlər, siz ey "böyük" başçılar.
Tapşırın bu dünyanı türkün ədalətinə,
Necə keçdi canından bu yurdun oğulları,
İnandınızmı indi yurda məhəbbətinə!

Dünyanı da qoruyar bu ürək, bu imanla,
Tanrının əsgəridir türkün sərkərdələri.
Dünya yaranan gündən çarpışır bu inamla,
Qurtarsın insanlığı, xilas etsin bəşəri.


MƏN SƏNƏ BORCLUYAM

(Cənab prezident yüngül silahlarla
- tankla, topla silahlanmış düşmən üzərinə gedən,
əlbəyaxa döyüşlərdə zəfər qazanan
Vətən oğullarından söz açdı.)


Qəlbinin qüdrəti yoxsa birinin
Qolundan nə fayda yurda, bayrağa,
Qeyrət qanı coşdu damarlarında
Oğullar vətənçün qalxdı ayağa.

Balaca evlərdə yaşayırmışlar
Demə nər oğullar, cəsur oğullar.
Biri bir orduya bərabər oldu
Qəhrəman oğullar, əsil oğullar.

Bəlkə, heç nə ilə seçilmirdilər,
Adidən adiydi güzəranları,
İçində aslanı böyütdü onlar
O aslan qurtardı Azərbaycanı!

Mərmiyə baxmadı, topa baxmadı
Sel kimi yağırdı güllə başına,
Vətənə əsgərdi Vətən övladı
"İrəli" yazmışdı öz yaddaşına.

Arxa da vətəndi, ön də vətəndi
Yurddan yağıları qovmalıydılar.
Tarix qarşısında imtahan verib
Ya şəhid, ya qazi olmalıydilar.

Zəfər bəxş etdilər Azərbaycana
Şəhidlər, qazilər öz qanlarıyla,
Qalib əsgərləri sən də alqışla,
Cavabdeh oldular öz canlarıyla

Ey şəhid, yurduma bahar gətirən,
Məzarın önündə əyilir başım.
Mən sənə borcluyam həyatım boyu,
Qəhrəman əsgərim, qazi qardaşım.


UZAQ OLUN

Ömrünə yoldaşdısa, yazıq sənin halına,
Əvvəli çox xoşdusa, sonu ayrılıq olar,
Vallah yeyər ömrünü, hər günün olar viran,
Küsəyən adamlardan uzaq olun, adamlar.

Heç vaxt bilməyəcəksən nələr keçir qəlbindən,
Elə susar, inciyər, elə səni qınayar.
Çiçək kimi ömrünün xəzana dönməyi var,
Küsəyən adamlardan uzaq olun, adamlar.

Bu qədər könül almaq, bu qədər güzəşt olar?
Axşamı, səhəri yox, ömrün dadın qaçırar,
Bir aparat da yoxdur bilə qəlbində nə var,
Küsəyən adamlardan uzaq olun, adamlar.

Qoyun qalsın özüylə, küsməyə adamı yox,
Bəlkə, bir azca özü dönər özünü danlar,
Bəlkə, əzab verməyi xoşlayır bu qəlbi dar,
Küsəyən adamlardan uzaq olun, adamlar.


YOLLAR VARDI

Yollar vardı bir zamanlar hər gün keçərdim,
Hər daşına, döngəsinə bələd idim mən.
O yollarda rast gəlmişdim elə sənə də,
Heyif, heyif, o yollardan, o küçələrdən.

Bilmədiyim adamlara salam verərdim,
Nurlu idi o gordüyüm üzlər, simalar.
Bəlkə, elə pay düşmüşdü təbəssümümdən,
Sevincimə şərik idi yaxşı adamlar.

Görən nələr düşünürdüm, xatırlamıram,
Ah, o vaxtlar yollar dolu səadət idi.
Gənclik eşqi çuğlamışdı bütün qəlbimi,
Yer də, göy də sevgi idi, məhəbbət idi.

Ömrün yolu əlimizdən aldi yolları,
Qəlb də necə təslim oldu bilə bilmədim.
Bir zamanlar keçdiyimiz yollar var idi,
O yolları yaddaşımdan silə bilmədim.

Yağış döydü o yolları, küləklər döydü,
Biz üşüyüb çəkildikcə evlərimizə.
Yollar var ki, gəncliyindir, daha gecdir, gec,
Heyif, heyif o yollara, gəncliyimizə.

Könül daha bir az İncik, bir az kədərli
İllər səndən alıbdirsa, şövqü, təpəri.
Ürəyimsə pıçıldayır xatırladıqca:
"İndi daha bağrına bas xatirələri".


RƏHİLƏ ABBASOVA (1956) FƏRİZƏYƏ

Bu, görən, talemi, bu yazıdımı?
Çətin intihara haqq qazandırmaq.
Sevgisiz dünyanı sən istəmədin,
Eşq üçün bu ölüm günahmı, Allah?

Gündüzlər gözündə qaralar günəş,
Gecələr zülmətə ağlayacaqdın.
Leylidən öyrəndin, yara can verıb,
Sonra ürəklərdə yaşayacaqdın.

Qiydın, qəsd elədin şirin canına,
Gəlinlik donunu kəfən eylədin.
Gözündə deyildi işıqlı cahan,
İlhamın məzarın Vətən eylədin.

Səndən öyrənəcək nəsillərimiz
Cananın yolunda keçməyi candan.
Qəmini unudub neçə nakamın
Daha Fərizəni yaşadar cahan.

Belə qız böyüdür bizim analar,
Çətində ölməzlik yolu seçərlər.
Vətənin yolunda ölən yar üçun,
Qıyıb canlarına candan keçərlər,


GƏLİN, ŞƏKLİNİ ÇƏKİN

Yüz min dastan yazıla,
Yüz min gözləri yaşlı
nəğmələr bəstələnə,
O gecəki ağrını
sözə çevirə bilməz,
səsə çevirə bilməz.
Gücü çatmaz insanın
elə nəğmə oxuya,
Gücü çatmaz insanın
o ağrını, əzabı səsə, sözə çevirib,
misralara toxuya...
Öz canında çəkməyən o köməksiz,
çarəsiz insanı duya bilməz,
Elə ağrıya bilməz, elə ağlaya bilməz!
Yığışıb gəlsin bura dünyanın ozanlari,
Ağır dərd yazanları...
Çiynində övladının cansız, donmuş bədəni
Bir ana addımlayır üzü Şelliyə sarı.
Gah yıxılır, gah durur,
Çarəsizlik içində Allahını çağırır.
Bircə bu cansız bədən
Yem olmasın qurdlara
Zalım əli dəyməsin əbədi yuxusuna...
Ana yanır odlara.
Bu şaxtanın, bu buzun, qanlı qarın içində
unudub öz canını
Qurtarmaq istəyir o övladının bu cansız,
Zalımlar əli ilə susdurulmuş canını.
Harayına yetməyə kimsə yox, yollar ağır,
çöllər qarlı, amansız!
Ana ac, ana susuz...
Əlini, ayağını şaxta kəsir, duymayır.
Bir Şelliyə boylanır, bir Allaha yalvarır.
On üç yaşlı Səxavət xəbərsiz bu ağrıdan,
Anasının çiynində yol gəlir Xocalıdan.
Ürəyi susdurulub düşmən gülləsi ilə
Yanağında göz yaşı quruyub, qalıb hələ.
Gəlin, ozanlar, gəlin!
Çəkin bu lövhəni siz.
Dərdin, sonsuz ağrının şəklini çəkə bilin.
Çağırın rəssamları,
dərdin rəngi qarasa,
bəs dünya niyə belə qanlı qara boyanıb?
Analarin ürəyi belə odsuz, ocaqsız,
qarın, buzun içində belə alışıb yanıb?
Çəkin, şəklini çəkin sonsuz əzablarının,
Gücdən düşmüş qolunun, donmuş ayaqlarının
Çəkin, şəklini çəkin ürəyinin dağının
Bir də şəklini çəkin
Bu vətənin, bu yurdun sönmüş ocaqlarının!!!


ƏLİQANLI HAYLARA

Hə olsun dayın çoxdur ABŞ-da, Avropada,
Şərəfin yoxdu sənin, alver malısan yada,
Süləndin illər boyu Parisdə, Fransada,
De, nə keçdi əlinə, indi düşübsən oda,
Səntək üzüqara yox bu narahat dünyada.

Gözünə durub nədi tökdüyün qızıl qanlar,
De, niyə unutmuşdun dünyanın sahibi var?
Yer üzünü başına indi eləyibmi dar?
Bütün qonşularınla didişirsən, a murdar,
Qaladığın tonqalda özün düşübsən oda.

İndi yana-yana bax Xankəndidə Bayrağa,
Gördün, yurd oğulları necə qalxdı ayağa,
Murdar ayaqlarınla tapdalanan torpağa
Can fəda elədilər, yürüdülər qabağa,
Dadına çatmadılar, qaldın tək ortalıqda.

Sən də, mən də yaşadıq Qarabağda, əmindik,
A nankor, qədirbilməz, söylə, sənə neylədik?
Qarabağın bağrını elədin dəlik-dəlik,
Bu yurda, bu Bayrağa gözlərini sən ha dik
Gəzib səni tapacaq elədiyin qan-qada.

Göz yaşı tökə - tökə aldadırsan dünyanı.
İndi yas içindəsən, fars hanı, firəng hanı?
Məzarlığa çevirdin neçə güllü bağcanı,
Yerdəmi qalar sandın günahsızların qanı?
Harda var belə nizam, harda var belə qayda?!

Eşit sənə nə deyir Ali Baş Komandanım:
"Cavabın verəcəksən Xocalıdakı qanın,
Yandırdığını kəndlərin, uçurdugun komanın".
Arxayın olmayacaq bundan belə bir anın,
Yumruq başa düşərsən, danışmaqdan nə fayda?!

Ey qatillər sürüsü, siz ey dəri soyanlar!
Tutduğu əsirlərin gözlərini oyanlar!
Baş kəsdiz, doğradınız nə qədər əziz canlar,
Ey uşaq qatilləri, vəhşilər, canavarlar!
İnşallah hər gününüz keçər şivəndə, vayda.

Hər gün Vətən önündə biz veririk imtahan
Xaraba qoyduğunuz yurdlara veririk can,
Yenə hay-küy salıbsız, yenə edirsiz fəğan
Bəşərin səadəti ədalətdə, bunu qan,
Elə ağıl hardadır bu əliqanlı hayda.


FRANSAYA

Fransa, sən insanlığın üz qarası, utanc yeri,
Anaların fəryadına gülürsənmi?
Təbəssümü dödağında donub qalan
körpələri çox görmüsən Cəzairdə, Ruandada,
Qatil, qansız, bu sənsənmi?
Şəhər salıb ev qurmusan
Afrikalı məzlumların göz yaşından,
Əlin çıxir, deyən, artıq o yerlərin daş-qaşından.
Quduzlaşıb köpək kimi dalayırsan dord yanını,
Tank iləmi qorxudursan türkün boyük insanını?
Yetər artıq, ədalətin qılıncı var,
Enər bir gün küt başına,
Çıxma türkün yolu üstə,
kimsə yetməz fəryadına.
Çox keçirmı ürəyindən Osmanlının şapalağı,
Gizlənibsən Avropanın çətirinin altında sən
Bir başını çıxart barı.
Özün kimi qatillərlə yol gedirsən,
Afrikada etdiyini erməniyə öyrədirsən!
Fransa, sən əxlaqsızlıq yuvasısan,
Bu dünyanın ən natəmiz bucağısan.
Ayaq alma dar günündə türklərə sən.
Murdar adın yaraşmayır dilimizə,
Amma durub neyləyəsən?
Cavabını almayınca quduracaq.
Bizdə oğul, ərən çoxdur azğınları durduracaq.
Türk olanlar özlərini itirməzlər,
Hər birinin imanı var,
Allahına ümidi var, inamı var.
Adlayacaq ağrilari, xoş günlərə dönəcəklər
Qardaşlığın gücü ilə ellərimiz
yasdan çıxıb güləcəklər!


YEVLAXA GƏL, YEVLAXA

Sənə dərs keçəçəyik,
Qoy qalmasın sabaha.
Qıs quyruğunu, dığa,
Yevlaxa gəl, Yevlaxa.

Düşün tutduğun işi,
Çək özünü çarmixa,
Elə ölə-ölə gəl,
Yevlaxa gəl, Yevlaxa.

De bizim oğullara
"Qələt elədim, ağa"
Əyil, öp əllərindən,
Yevlaxa gəl, Yevlaxa.

Qəhrəman oğulların
Canına ol sadağa,
Keç qılıncının altdan
Yevlaxa gəl, Yevlaxa.

Dolaşdın Avropanı
Boylandın sola, sağa,
"Paytaxtın" Yevlax oldu
Yevlaxa gəl, Yevlaxa.

Qatil, yaman qar yağır
Sən güvəndiyin dağa,
Canının hayındadır,
Yevlaxa gəl, Yevlaxa.

Gəl yaxşı başa salaq,
Sənə qoyaq qadağa,
Əlləri qanlı qatil,
Yevlaxa gəl, Yevlaxa.

Elə bil daş atıblar
Gölə, susub qurbağa.
Mənəm-mənəm deyirdin
Yevlaxa gəl, Yevlaxa.

Sənə dərs keçəcəyik
Qoy qalmasın sabaha.
Qıs quyruğunu, dığa,
Yevlaxa gəl, Yevlaxa


MÜŞFİQƏNİ DİNLƏYƏRKƏN

Səsindəki o ahəng
Məftun etdi qəlbimi.
Sildi mənim könlümdən
Hər ağrımı, dərdimi.

Bu səs Allah vergisi
Tanrı verənə şükür,
Dinlədim, ürəyimdən
Kecdi nə qədər fikir.

"Bu qızı sevir Allah
Gur verib ilhamını,
Səsi könül oxşayır,
Əfsunlayır hamını.

Yox, qəlbidir dinən,
Qəlbin harayıdır səs.
Ruhu gözəl olmasa
Belə söyləməz heç kəs.

Yanımda olsa idi.
Oxşayardım telini
Gözlərindən öpərdim,
Sıxardım əllərini.


SƏADƏT, SƏN HARDASAN?

Səadət, sən hardasan,
Ey bahar üzlü mələk,
Bir yol boylan üfüqdən
Gözəl çöhrəni görək.

Günəşin şəfəqləri
Zərli tellərindimi?
Dəniz mavi gözünmü
Çiçəklər sənindimi?

İki qəlb bir döyünsə
O döyüntü sənmisən?
Sən yerdə doğulmusan
Ya göylərdən gəlmisən?!

Hissə, duyğuya dönüb
Ürəyə köçübsənmi?
Sən məhəbbət adlanan
Düyğunun özüsənmi?

Bəs ağlayan sevgilər
Niyə var yer üzündə?
O ağlayan sənmisən
Sevənlərin gözündə?

İncitdi səni dünya,
Niyə gül kimi soldun?
Biz qıydıqmı hüsnünə
Dönüb göz yaşı oldun.
.

GEDƏM DÜNYADAN

Daha çox şey bağlamır məni köhnə dünyaya.
Bir çiçəklər qalıbdır, bir də ki xatirələr.
İstərəm baş götürüb çıxıb gedəm dünyadan
Görəsən, ayrılıqlar yenə dalımca gələr?

Dumandan donum ola, qarışam dumanlara,
Getməyimdən kimsənin xəbəri olmaya kaş.
Gedişimi gözüylə nə bir görən tapıla,
Nə də ki yolum üstə çıxaydı qohum-qardaş.

Başımı aldatmaya doğmaların ülfəti,
Fikrim bir az qarışıq, incimişəm, ay adam!
Alam ayaqqabımı əlimə səhər erkən,
Beləcə səssiz-küysüz çıxıb gedəm dünyadan.


YAZIRIQ

(M.Ə.Sabirin doğum gününə)

Elə həmin həminik, biz yenə güldən yazırıq,
Fəsli-güldür, şairim, yenə bülbüldən yazırıq.

Eşq vurub başımıza, könül evi viranədir,
Yenə də şəhdü şəkər dodaqdan, dildən yazırıq.

Bir zaman yoxsul olub, yamaqlı şalvar geyinib
İndi xatırlayırıq, bu dərdi zildən yazırıq.

Nə şəhid dərdimiz var, nə də ki yurd həsrətimiz,
Ocagı sondürmüşük, qayıdıb küldən yazırıq.

Ürəyim "tavadaki kabab kimi" dağ-dağ olur,
Atmışıq dağ dərdləri, sevgisiz ildən yazırıq.

Bu vətən qəmlərindən yazanlar seyrəlib, şair,
Quruyub çaylarımız, biz hələ Nildən yazırıq.

Üzülübmü əlimiz Yaradanın ətəyindən?
Allaha şərik qoşub ocaqdan, pirdən yazırıq.

Meyxana dönüb olub bu söz sənətinin "gülü"
Olmuşuq "haqq aşiqi", İlahi sirdən yazırıq.

Yox bəsirət gözümüz, Səhər, sabahı görməyə
Dönüb Adəm babaya torpaqdan, gildən yazırıq.


OĞLUM ƏVƏZƏ

(Ad günü münasibətilə)

Otuzu adladın, kamala doldun,
Ananın gözünün çırağı oldun.
Bilsən cavanlığın qədrini əgər,
Qarşında zaman da boynunu əyər.

Cismimiz yerindir, ruhumuz göyün,
Sən insan adınla həmişə öyün.
Sənə ağıl verdi səni yaradan,
Allahın yolundan çıxma heç zaman.

Qoru, şərəfinə toz qonmasın, toz,
Cəsur ol, fələyin oyununu poz.
Səni sevənləri sən sev ürəkdən
Ən böyük sevginsə qoy olsun Vətən.

Mayası, şirəsi qanında axan
Vətənçün savaşa hazır ol hər an.
Babaların kimi qoru torpağı,
Canından əziz tut yurdu, bayrağı.

Sevdalar coşanda qaynar qanında,
Dayan insanlığın, haqqın yanında.
Qoru ailəni, doğmalarını,
Layiq olmayana vermə varını.

Daima məzlumun yanında dayan,
Fağıra, miskinə hayan ol, hayan.
Qazan böyüklərin mərhəmətini,
Onlardan əskiltmə məhəbbətini.

Daima peşənin dalınca get sən,
Səy göstər, hər şeyi kamil biləsən.
Onun sayəsində ruzin bol olar.
Aclar da süfrəndə yeyib doyarlar.

Allah rizasına yaxşılıq etsən,
Allah da köməyin olar biləsən.
Lillənər bir yerdə dayansa su da,
Nələr var uçarda, ya da quruda,

Görürsən yüyürür yem dalınca, yem,
Çalış kasıblığı, yoxsulluğu en.
Ağıllılar yolun tutub gedərsən
Bilənlər fəxrlə söyləyər:" Əhsən".

Atanı başının tacı bil, oğlum,
Haqqın itirmə qurbanın olum.
Arxa ol qardaşa sonuna qədər,
Nə bilək nə yazıb bu tale,qədər.

Qorxma nə pələngdən, nə də aslandan,
Özünü qoru sən ancaq insandan,
Yarısı şeytandır, yarısı mələk,
Ay oğul, şeytandan qorunmaq gərək.

Dərs al böyüklərin ədalətindən,
Özün uşaqlara dərs verirsən sən.
Gərək övladın tək sevə biləsən,
Hər gənci yurdunun sabahı bil sən.

Səndən fədakarlıq gözləyir Vətən.
Dilinə, dininə hörmət elə sən,
Atasan, oğlunu yurd üçün böyüt,
Qalsın qulağında verdiyim öyüd.

Xoşbəxtlik gətirsin bu təzə yaşın.
Ucalsın, göylərə toxunsun başın.
Dalınca yüyürmə şöhrətin, şanın,
Məğrur övladı ol Azərbaycanın.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: