Musa GÜLMƏMMƏDOV: Dosta etibarı var Borçalının!..

Musa GÜLMƏMMƏDOV: Dosta etibarı var Borçalının!..

TƏBRİK EDİRİK!..

Bu gün qədim Borçalı mahalında
yaşayıb-yaradan şair
Musa Hüseynoğlunun
Ad günüdür.


Musa Hüseyn oğlu Gülməmmədov
- 1948-ci il fevral ayının 25-də qədim Borçalı mahalında – indiki Gürcüstanın Marneuli rayonundakı Qaş Muğanlı kəndində anadan olub.
Həmin kənddə orta məktəbi bitirib.
1972-1977-ci illərdə Bakıda “Kommunist”
(indiki “Azərbaycan”) nəşriyyatının
ofset sexdə baş çapçı işləyib.
Uzun müddət kənd mədəniyyət evində çalışıb.
Hələ gənclik illərindən poeziyaya həvəs göstərib. Müxtəlif mətbuat orqanlarında şeirləri
dərc olunub.
“İki elin oğluyam”“Bənövşəli məktublar”dan sonra Musa Hüseynoğlunun "Ədalət zəfər çaldı" adlı üçüncü kitabı 2013-cü ildə Bakıdakı "Borçalı" nəşriyyatında nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. (Naşiri və redaktoru: Müşfiq BORÇALI).

Musa Hüseynoğlu hazırda doğulduğu doğma kənddə - Qaş Muğanlıda yaşayıb fəaliyyət göstərir.

Biz də fürsətdən istifadə edərək, hörmətli Musa Hüseynoğlunun bir neçə şeirini aşağıda oxucularımızın ixtiyarına verir, onu Ad günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıclıq uğurları arzulayırıq!..

Müşfiq BORŞALI.


BORÇALININ

Uzun dərələri, uca dağları,
Gözəl yaylaqları var, borçalının.
Əlvan meşələri, duru çayları,
Sərin bulaqları var Borçalının.

Yaşıl çəmənləri, geniş çölləri,
Gözəl sonaları, gözəl gölləri.
İgid oğlanları, qız-gəlinləri
Gözəl yaz, baharı var Borçalının.

Ulu keçmişləri, gözəl adəti,
Babalardan qalma şanı, şöhrəti.
Musa, yadda saxla namus, qeyrəti,
Dosta etibarı var Borçalının!..


MUĞANLI

Ləlvərlə Yağlıca arasındadı,
Baharım Muğanlı, yazım Muğanlı
Şerimin birinci misrasındadı,
Ürəyim Muğanlı, gözüm Muğanlı.

Əlyədin, nehrəmin qırağındadı,
Daim gözəlliklər sorağındadı.
Şairin, şeirin marağındadı,
İlhamım Muğanlı,eşqim Muğanlı.

Burda Xındı Məmməd çalıb, oxuyub,
Sadiq şeirlərdən çələng toxuyub.
Gülabı sazını burda yoxluyub,
Avazıım Muğanlı, sazım Muğanlı.

Musanın yurdudu bu el, bu oba,
Şeir, sənət ocağıdı, mərhəba.
Çox gözəl baxıram burdan sabaha,
Söhbətim Muğanlı, sözüm Muğanlı.


DAĞLAR

Soyuq keçib, qar əriyib, yaz gələr,
Yağış yağar, dolu döyər dağları.
Bülbül ötər, çəmən gülər, gül gülər,
Gülüstana döndərərlər dağları.

Gün dəyəndə tər çiçəklər allanar,
Ləçəkləri qıpqırmızı xallanar.
Qız, gəlinlər çəmənlərə yollanar,
Nəğmələrlə dindirərlər dağları.

Yaylaqlardan tər çiçəklər dərəllər,
İfçin-İfçin sığallayıb hörəllər.
Musa, gözlə bir gün geri dönəllər,
Binələrə endirərlər dağları.


QALMAYIB

Axşam olub, soyuq düşüb çöllərə,
Günəş sönüb, odu - közü qalmayıb.
Ceyranlar da daha gəlmir bərəyə,
Dağlara deməyə sözü qalmayb.

Sərt qayalar daha könül açmayır,
Kəklik , turac yamaclarda uçmayır.
Sarı bülbül gül-çiçəyi qucmayır,
Çünki solub, işvə-nazı qalmayıb.

Payız düşüb, dağlar tənha qalıbdı,
Buz bulaqlar xəyallara dalıbdı.
Musa, buludların gözü dolubdu,
Saxlamağa yolu, izi qalmayıb.


KAMANDAR

Çox aşıq gördüm meydanda,
Sənnən görmədim Kamandar.
Məclisdə dövran quranda,
Doydum demədim Kamandar

Zili-zildə, bəmi-bəmdə,
Sən olardın hər an dəmdə.
Sevinərdin el gələndə,
Məclisinə cəm Kamandar.

Gecələr dastan deyərdin,
Ürəkləri göynədərdin.
Aşıq Qəribi öyərdin,
Sevinərdim mən Kamandar.

Musa vurğun idi sənə,
Dinləyərdi dönə-dönə.
Hər gələndə bizim kəndə,
Əmrah ilə sən Kamandar.


GÜLABININ

Aşıq Gülabı Xındı Məmməd oğluna


Alanda əlinə sədəfli sazı,
Açılar qəlbində yaz, Gülabının.
Dərdlərə dərmandı şirin avazı,
"Yanıq Kərəmi"nə döz, Gülabıbın.

Dil açıb danışar çalanda simlər,
Həsrətlə dinləyər onu sevənlər
Od tutub pərdədə yanar Kərəmlər,
Ayrılmaz döçündən saz Gülabının.

Musa, söz deməyə səndə sözmü var,
İnciyib küsməzmi səndən sənətkar.
Dolan borçalını yaxşı söz axtar,
Haqqında bir dastan yaz, Gülabının.
2005 il


Çək ağrısın indi özün

Yad ellərdə yurd salanlara


Yad ellərdə yurd salmısan,
Özünü oda salmısan.
Yaman pis günə qalmısan,
Çək ağrısın indi özün.

Bu yerləri bəyəmmədin,
Çörəyini yeyəmmədin.
Kimsəyə yar deyəmmədin,
Çək ağrısın indi özün.

Vərənindən aralandın,
Ürəyindən yaralandın.
İki yerə paralandın,
Çək ağrısın indi özün.

Keçən günlər geri dönməz,
Yanan közün odu sönməz.
Musa kömək edə bilməz,
Çək ağrısın indi özün.


YANA-YANA

Alıb məktubunu oxuyub, qandım,
Anladım sözünü mən yana- yana.
Mən səni özümə bir həmdəm sandım,
Ürəyimdə kədər, qəm yana-yana.

Keçirdim günləri meysiz- məzəsiz,
Yaşadım bir müddət kimsiz-kimsəsiz.
Yandım eşq odunda odsuz, atəşsiz,
Anla sözlərimi, qan yana- yana.

Ayrı düşdüm vətənimdən, elimdən,
Görüşə bilmədim mən öz gülümnən
Musa, saçlarıma mən öz əlimnən,
Saldım qürbət eldə dən yana - yana.


Ay QIZ

Mən səni sevmişəm, bilirsən özün,
Gəl mənim eşqimlə oynama, ay qız.
Yandırar qəlbini eşqimin odu,
Günahgar deyiləm, qınama, ay qız.

Soruşma nə üçün belə susmuşam,
Dözülməz bir dərdə düçar olmuşam.
Məhəbbət odunda gizli yanmışam,
İstəmirəm birdə sınama, ay qız.

Mənim məhəbbətim coşqun dənizdi,
Dünyada hər şeydən mənə əzizdi.
Musayam, niyyətim safdı, təmizdi,
Sən məni vəfasız tanıma, ay qız.


GÖZƏL

Görən niyə məndən küsüb,inciyib,
Mənim ürəyimi ovlayan gözəl.
Könlümün bağını viran eyləyib,
Məndən eşqi gizli saxlayan gözəl.

Gedin deyin heç nigaran qalmasın,
Dərdi, qəmi ürəyinə salmasın.
Vəfasız deyiləm yadda saxlasın,
Sevən ürəyimi oxlayan gözəl.

Sorun, nədən qəmə, yasa batıbdı,
Günahkaram, yoxsa bəxtim yatıbdı.
Mən Musanı eşq oduna atıbdı,
Bircə yol üzümə baxmayan gözəl.


YAZ ÇİÇƏYİ

Danışdıqca şirin- şirin,
Dodağından bal süzülür.
Gözlərindən bu gözəlin,
Yaş yerinə nur tökülür.

Al yanaqlar lalə kimi,
İncə qaşlar bir kamandı.
Şirin dillər badam kimi,
Ürəyimi ovsunladı.

Şirin sözü can dərmanı,
Yerişi nazlı ceyrandı.
Baxışı tək baxış hanı,
Sanki turacdı, tərlandı.

Bir çiçəkdi yaz çiçəyi,
Açılıbdı bu çəməndə.
Budu elin ən göyçəyi,
Mən Musanın gözlərində.


GƏLƏMMƏDİM

Bağışla sevgilim imkan olmadı,
Gecikdim görüşə mən gələmmədim.
Yağış yağdı, tufan qopdu, qar yağdı,
Aldı yolu, izi, çən gələmmədim.

Yollar buz bağladı, hava qaraldı,
Qiyməti gördüm, halım pozuldu.
Bu sınıq qəlbimə sanki qor doldu,
Bilirəm incidin sən gələmmədim.

Yolum uzaq, imkanımsa yox idi,
Bilmirəm qasırğa heç hardan gəldi.
Gözlədim ki, bəlkə hava düzəldi,
Olmadı arzular çin gələmmədim.

Musa unutmayıb yadında saxlar,
Dağ-dağa qovuşmaz deyib atalar.
Gün gələr, görüşər həsrət insanlar,
Demərəm çəkirəm qəm gələmmədim.


MƏN

Bir gözüm görsədə, bir gözüm görmür,
Ağları qaradan səhv salmışam mən.
Bir gözüm ağlayır, bir gözüm gülür,
Yaxşını yamanı qanammıram mən.

Düşmənə dost oldum, dost qaldı gendə,
Imdadına çatdım, yeri gələndə.
Yada arxalandım xeyirdə, şərdə,
Bir görün kimlərə yar olmuşam mən.

Nə bir din anlayır, nə iman qanır,
Yeri düşən kimi aranı vurur.
Çəkilib bir yanda, kənarda durur,
Gör necə qafası dar olmuşam mən.

Təzəcə anlayıb, səhvim qanıram,
Ötən günlərimə vallah yanıram,
Indi dost, tanışdan hörmət umuram,
El-oba içində xar olmuşam mən.

Düşmən var dövlətim yığıb apardı,
Təkcə bir çul-çuxam özümə qaldı.
Qananlar deməkdən düzü yoruldu,
Sən demə vaxtında kor olmuşam mən.

Musa, ötən günlər geri qayıtmaz,
Yatmış ürəkləri heç kəs oyatmaz.
Unutma, düşməndən sənə yar olmaz,
Necə olub bunu unutmuşam mən.


MƏNİM AD GÜNÜM

Dünən ad günümdü, yığışıb dostlar,
Tost dedi şənimə hamısı bir-bir.
Yalnız onda duydum qanadlı illər,
İnsanın ömründən, günündən keçir.

Düşünüb bir qədər xəyala daldrım,
Gözümün önündə dayandı illər.
Doldurub badəni əlimə aldım,
Demədim ki, mənə ziyan gətirər.

Badələr gah doldu, gah da boşaldı,
Onların ömürü nə gödək imiş.
Bəs niyə insanlar əlinə aldı,
O ki, heç bir zaman dada yetməmiş.

Yox ! O, unutdurur qəmi kədəri,
Necə ki, mən dünən unutdun onu.
Dözərdimmi yoxsa dünəndən bəri,
Bir ildə qocalam ad günün sonu.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: