XATIN XANIM: Bu gün alaq Qarabağı!..

XATIN XANIM: Bu gün alaq Qarabağı!.. Bu gün alaq Qarabağı!..
(Vəzifə üstündə çəkişənlərə)


Çəkişməyək,
Daha bəsdir!
Bu çəkişmə boş, əbəsdir!
Torpaq, Vətən dara düşüb,
Sinəsinə yara düşüb.
Sürünməyək ayaqlarda
Quyruq kimi.
Gəl birləşək, yumruq kimi.

Nizamlayaq “solu”, “sağı”
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

Ey siyasət meydanında
Mərd ərənlər,
Dərin ağlı, zəkasıyla
Böyük hünər göstərənlər!
Vətən yoxsa, siz də yoxsuz.
Birləşsəniz ordusunuz,
Hələ çoxsuz.
Birləşdirək gücümüzü!
Düşmənlərdən ala bilək
Öcümüzü.
Yağıların sinəsinə
Çəkək dağı!
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

Tikəmizdən kəsək bu gün
Vətən üçün.
Şirin, dadlı nemətlərdən,
Çal-çağırdan, eyş-işrətdən
Əlimizi üzək bu gün
Vətən üçün.
Şirin candan,
Qızıl qandan
Keçmək olar.
Əvəzində nəsillərə
Vətən qalar.
Təmizləyək düşmənlərdən
Bu torpağı!
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

Ən böyük haqq –
Vətən sözü,
Vətən özü!
Gəl çəkməyək Qarabağdan
Gözümüzü.
Düşmən gülür üstümüzə,
Barı dəysin bu gülüşlər
Şəstinizə.
Gəl birləşək, bütövləşək!
Nərəmizdən geriləsin
Qalib kimi gülən yağı.
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

* * *

Allahına andın olsa


Ağlamağın göz yaşıdı,
Gülməyin çiçək açacaq.
Bir azca sevinc tanısan,
Sözlərin ürək açacaq.

Bağrın bişsə dərd əlindən,
Naxələf namərd əlindən.
Tutarsa bir mərd əlindən,
Min arzu-dilək açacaq.

Sən ümidə balan de ki,
Dərdin olsun yalan təki.
Daş-kəsəksə yolundakı,
Bir güclü bilək açacaq.

Şirindi, söz qəndin olsa,
Lap bir gecə qondun olsa.
Allahına andın olsa,
Qapını mələk açacaq.


Uçular eşqin sarayı

Sinəndə ürək soyuqdu,
Gəl mənə nəğmə oxuma.
Boğazdan gələn sözlərdən
Ruhuma çələng toxuma.

Hələ sevgi dərsin yarım,
Səndə məhəbbət nə gəzir?!
Xəyalının üzü sərtdi,
Onda hərarət nə gəzir?!

Yazın,yayın qış kimidi,
Payızın necə olacaq?
Simruqunun lələyi yox,
Qaranlıq gecə olacaq.

Gözlərindən yaş axdımı,
De bir həsrətin üzündən?
O qədər acı dindirdin,
Qaçdı qismətin özündən.

Hər istəyə sevgi deyən,
Qalmısan sözün əlində.
Uçular eşqin sarayı,
Qədirbilməzin əlində.


Sevə bilmədin məni

Səndə sevgi hanı, məhəbbət dərdim!
Qəlbinə dolmadım, nur olmadım mən.
Səni sevə-sevə gözəlləşərdim,
Bundan usanmadım, yorulmadım mən.

Arzum ürəyimdə qaldı bükülü,
Qapatdın ömürlük güman yerimi.
Sən payız xəzəli, mən bahar gülü.
Xəzana salmısan ümidlərimi,

Bir gün alışanda alovla, közlə,
Dinəcək həsrətin min ahu-zarı.
Nə məni arzula , nə məni gözlə,
Bağladım mən sənə gedən yolları.


Sevən üzü görmədim

Ürəyin əlində gəlib,
İçində közü görmədim.
Yoxdu hərarətdən əsər,
Bir sevgi izi görmədim.

Məhəbbəti nə bilmisən,
Çoxdan könlümdən silmisən.
Dedin imana gəlmisən,
Mən bunu, düzü, görmədim.

Sinəsinə döyən bəndə,
Dedin gözün qalıb məndə.
Ha baxdımsa, axı səndə
Heç sevən üzü görmədim.


Öyrən hələ sən

Yoluma uzanan qolların qırıq,
Sənin hesabının dəftəri yoxdu.
Ürəyin güldürməz arzularınmı,
Sözünün şirini,rəftarı yoxdu.

Nədi gümanının qəsdi görəsən?
Qiymətli bilirsən öz varlığını.
Gözümün içinə baxa-baxa sən,
Döydün ürəyimə qəddarlığını.

İndi sevgi deyib,sevgi umanım,
Demə, məhəbbətə qulsan,köləsən.
Ölən ümidimdi,itən gümanım,
Get öyrən sevməyi, öyrən hələ sən.


Yaz ürəyimdə

Bütün varlığımda əzabım, acım,
Yanğısı tutubdur köz, ürəyimdə.
Bir həmdəm olmadı qəlbimi açım,
Qubara çevrilib söz ürəyimdə.

Doydurub hamını pərişan halım,
Hardan dözüm alım, hardan güc alım?
Nə qədər gümana, xəyala dalım,
Qadın ürəyimdə, qız ürəyimdə?!

Qulağı karlaşır duyğularımın,
Rəngləri qarışır uyğularımın.
Sorğusu bitməyir qayğılarımın
Sığınıb qalmışam öz ürəyimdə.

Xatın bu fələyin zoruna düşüb,
Ömrün boranına, qarına düşüb.
Bir fidan arzumun nuruna düşüb
Göyərə biləydim yaz ürəyimdə.

Tutum xəyalının əlindən

Mən sənin eşqinin əsiri idim,
Özgəsi sevgisin öyməsin mənə .
Tutub xəyalının əlindən gedim
Kimsənin nəzəri dəyməsin mənə.

Xəyal aləmində batmaz ki,gəmim,
Arzu sahilinə çıxım,dayanım.
Beləcə ərisin həsrətim,qəmim,
Başımı köksünə sıxım,dayanım.

Çağırıb geriyə sənli zamanı,
Nağıllar qurmuşam yenə, əzizim.
Mənim səadətim yuxu gümanı,
Yuxuda çatacam sənə əzizim.

Mən sənin eşqinin əsiri idim,
Özgəsi sevgisin öyməsin mənə .
Tutub xəyalının əlindən gedim
Kimsənin nəzəri dəyməsin mənə.

Təki inan mənə

Bu dünyanın
Əzabınından,ağrısından
Bezən zaman,
Sevincindən,fərəhindən
Əllərini üzən zaman,
Ancaq özün yol aldığın,
Pünhan-pünhan sozaldığın
Ürəyinin guşəsinə
Apar məni!
Hönkürləşək,qucaqlaşaq,
Qoy hamıdan uzaqlaşaq.
Öz dərdini sən mənə de,
Mən də sənə.
Nisgilimiz əriyəcək
İnan mənə.
Silkələnib qalxacaqsan,
Bu dünyaya
Gülə-gülə baxacaqsan.
Tikan da gül qoxuyacaq,
Dünya sənə
Öz nəğməsin oxuyacaq.
Dərdlərinə dözmək ücün,
Nisgilini cözmək üçün,
Öz-özünə yol aldığın,
Pünhanlanıb tək qaldığın
İç dünyanın guşəsinə
Apar məni!
Qəlb atışın olum sənin-
Rişəsinə apar məni!
Ürəyinə nur ələyim,
Səni işığa bələyim!

XATIN XANIM: Bu gün alaq Qarabağı!.. Sən məni duya bilməzsən

Mənim bakirə dünyama,
Sən boylanma naşı adam.
Orda bir məzar ağlayır,
Orada bir baş daşı adam.

Mənim nazımı çəkməyə,
Ömrünü saya bilməzsən.
Sən ayrı dünya adamı,
Sən məni duya bilməzsən.

Qoy göynəyim için-için,
Qoy ağlayım,dəymə mənə.
Öz dünyanı tərifləmə,
Öz dünyanı öymə mənə.

Bağrımın içi oyulub,
Min bir həsrərin içində.
Ağrısını özüm çəkim
Belə qismətin içində

Hər çiynimdə bir mələk var,
Özümü məndə saxlayır.
Ürəyimin nisgilini,
İmanda, dində saxlayır.

Mənim bakirə dünyama,
Sən boylanma naşı adam.
Orda bir məzar ağlayır,
Orada bir baş daşı adam.

Nola

Bir fidan duyğumun izinə düşən,
Sevginin oduna, közünə düşən
İşığı üzümə, gözümə düşən
Ürəyim,dərdindən qaçaydı, nola.

Arzular içində gözəlləşməyə,
Nağıla bürünüb göydən düşməyə,
Sevgidən, fərəhdən bir az şişməyə,
Qoşa qanad taxıb uçaydı, nola.

Payızdan bahara yol almaq üçün,
Nisgilli yuxudan ayılmaq üçün,
Bir az da sevilib duyulmaq üçün
Yuxuda butasın içəydi, nola.

Könlüm

Başını qatıram nəğməylə sənin,
Nə olar,ürəyim,bir az kirisən?!
Sənin məhəbbətin məzar içində
Sevgidən uzağam özün bilirsən.

Açılma kimsəyə, duymazlar səni,
Qoyma qiymətini sən,düşə,könlüm!
Şirin xəyallarla unut dərdini,
Ay mənim ətirli,bənövşə könlüm!

Bil ki,yuxulara qalıbdı çarəm,
Özünü unutma,qopar qiyamət.
Məni qınama sən,mənim biçarəm,
Səni Allahıma verdim əmanət.


Ümidlərim üyündü

Daha yoxdu ümidim,
Qırılıb o da axı.
Doğmalar yada dönüb,
İnam yox yada axı.

Qalmayıb ki, dözümüm,
Qovrulmuşam, bişmişəm.
Dünyam məndən yıxılıb,
Mən dünyamdan düşmüşəm.

İkinci bahar soyuq,
Günəşi batıb, gedib.
Taleyim küsülüdür,
Bəxtim də atıb gedib.

Qoynunda əli qalan,
Sevgim ümid üyüdür.
Lal olub dilim daha,
Həsrətimi böyüdür.


Demədi ki

Gözlədim, ürəkdən can deyə mənə,
Oduna yandığım can demədi ki.
Bəlkə nökər dedi, bəlkə qul dedi,
Mələyim, sultanım, xan demədi ki.

Doğradı qəlbimi, səhra həsrətim,
Neyləyim yazılıb acı, qismətim.
Demədi, ürəyim, ay məhəbbətim,
Sənsən damarımda, qan, demədi ki.

Sarıldım eşqimə Leylilər kimi,
Sevdim, elə sevdim, dəlilər kimi.
Baxanda üzümə ölülüər kimi,
Könlünə “Sevdalan yan” demədi ki.

Ürəyim sinəmdə küsülü qaldı,
Sözlərim gümana qısılı qaldı.
Baxışım üzündən asılı qaldı,
Günəşim, sokülüb dan, demədi ki.


Təki

Bir güman əlimdən tutub aparir,
Bir iman yolumu bağlayır mənim.
Bağrımın içinə hıçqırtı düşüb,
Bir arzu qəlbimdə ağlayır mənim.

Bir həsrət arayıb axtarır məni,
Gözümün içinə gözü yol çəkir.
Gah güldürür məni,gah qırır məni,
Verdiyi fərmana özü qol çəkir.

Nədi Allahımın hökmü görəsən,
Bircə qəzəbinə tuş olmayaydım.
Baxışı ğöyləri həsrətlə gəzən,
Qanadı qırılmış quş olmayaydım.

Dözəydim ömrümün ta sonunacan,
Verdiyi qismətə əyilsin başım.
Bir gün olacaqsa qəbrimi qucan,
Xəcalət çəkməsin təki baş daşım.


Qərib axşamlarım

Hər gün nisgilimin içində ağrım,
Bir vəslin ümidin kömmüşəm daha.
Hər axşam sökülür bir az da bağrım,
Gümanım yoxdu ki, gələn sabaha.

Ulduzun, ayın da üzü qaranlıq,
Qara buludların özü görünür.
Bir sevinc göyərmir, gözü qaranlıq,
Nədənsə qəmlərin yüzü görünür.

Allahım göndərdi həsrət butamı,
Düşüb ürəyimə, ağır yük düşüb.
Mən özüm dünyanın qərib adamı.
Qərib axşamlarım ömürlük düşüb.


Həsrət çəkib dağ başına izimi

Mən həsrət göyərdib, nisgil biçirəm,
Neynirsən sən məni sevib, ay adam?
Göz yaşı dəmləyib, qəhər içirəm,
Sənə də düşəcək qəmdən pay, adam.

Geç, ötüş yanımdan, uzaqda dolan,
Məni ovundurmaq hünərin deyil.
Sənin sevgilərin dayazda olan,
Sənin duyğuların heç dərin deyil.

Köksümün içində yetim könlümü,
Bir qəbir daşına sərib qurutdum.
Fələk soldurandan bahar gülümü
Bəxtiyar olmağı çoxdan unutdum.

Eyləmə xəzanı sevmıyi peşə,
Sev bahar çiçəyi, göyərtsin səni.
Mən qarın altında donan bənövşə,
Neynirsən, ay adam, sevirsən məni?


Balam

Çiynində ağır şələ,
Gücüm, qüvvətim balam.
Şikayət etmir belə,
Atadan yetim balam.

Yarımadı sevgidən,
Ay görüb, ay dərk edən.
Xoş gününü tərk idən,
Çəkir möhnəti balam.

Zəhmətiylə qazanır,
Alıb tale yazanı.
Qulağında azanı,
Oxur Ayəti balam.

Şükr edəndi, səbr edən,
Allahın yolun güdən.
Ayağı yalın gedən,
Qəlbi sərvəti, balam.

Allahıma əmanət,
Doğruluğu zəmanət.
Ürəyimdə hərarət,
Qədir-qiyməti, balam.


Unutdun

Axı unudulan mənəm deyəsən,
Nə vaxtdır arayıb tapmırsan məni.
Uzaqda gəzirsən, üzün görünmür,
Gönlündən qopardın, çox asan məni.

Sənin buz ürəyin sırsıra tutub,
Əritməz yayın da istisi belə.
Mənə məhəbbəti çoxdan unudub,
Sönmüş ocağının tüstüsü belə.

Get daha uzaqda dolan, gəlmə, keç,
Bağladım həsrətlə talan könlümü.
Unutdun, qədrini bilmədin ki, heç,
Bir zaman sən sevib alan könlümü.


Soldun bənövşə kimi

Yaz gəlir ürəyim həsrətin çəkir,
Arzumdu, deyərdim, dər, bənövşəni.
Çələng bağlayardın dəstə tutardın,
Mənə gətirəndə tər bənövşəni.

Bürünüb baharın təravətinə,
Çəkərdim sinəmə, ətirlənərdim.
Məsum istəyinə, hərarətinə-
Uyub duyğu-duyğu sətirlənərdim.

Heyif bənövşənin ömrü az olub,
Göyərib quruyur bir rişə kimi.
Mən nə biləydim ki, zamanın dolub,
Sən də solacaqsan bənövşə kimi.


PUL

Sən var kimi, zinət kimi
Əzizlənib, öpülmüsən.
Nəmər kimi, hörmət kimi
Başımıza səpilmisən.
Sənə olan məhəbbətin
Ağızlarda bal dadı var,

Sənin ilə naz görməyən,
Nazlananlar aldadırlar.
Sənin ilə neçə nadan
Qalxa bilib kürsülərə,
Səbəb oldun milyon-milyon
Umulara, küsülərə.

Sən nadanı alim kimi
Zirvələrə ucaltmısan.
Yoxluğunla milyonları
Gənc yaşında qocaltmısan.

Çox kələflər dolaşdırıb,
Çox düyünlər açmısan sən.
Çox mətləblər araşdırıb,
Haqlılardan qaçmısan sən.

Sən müqəddəs duyğuları
Öz gücünlə boğa bildin,
Ayırmısan yardan yarı,
Özünü şah, ağa bildin.

Haramdırsa, istəmirəm
Aşıb-daşan xəzinəni.
Zəhmətimdən yaranmasan,
İstəmirəm, ey pul, səni!

Bərk gedirsən, atından düş,
Alnımdakı tər ol, damla!
Əllərimin çatından düş,
Səhv düşmərəm bir adamla.

Halallıqla qazanılsan,
Sən adlısan, şövkətlisən.
Çörək pulu olan zaman
Mənim üçün qiymətlisən.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: