İradə GÜLFİRin yeni şeirləri

İradə GÜLFİRin yeni şeirləri HƏMRƏYLİYİMİZ

Azərbaycanlılar, qalxıb, səslənin,
Şadlanıb, sevinib, bir deyib, gülün!
Üçrəngli bayrağın altına gəlin,
Vətən sevgisiylə vursun qəlbimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Ucalsın səsimiz, çatsın el-elə,
Uzansın əlimiz, verək əl-ələ.
Şirin nəğmə qonsun dodağa, dilə,
Düşməni xar etsin sıx birliyimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Gözlərdən süzülsün səadət nuru,
Andını, adını, xalqını qoru!
Uğurla yol alaq sabaha doğru,
Mehriban dost olan pərvərliyimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Hər kişi bir evin yanan çırağı,
Ruzi , bərəkəti, odu – ocağı.
Vətənin, millətin arxa, dayağı,
Qeyrət simvoludur, ər, bəylərimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Azəri qızında var saf məhəbbət,
Pozulmayan ilqar, dözüm, dəyanət.
Namusu, isməti, xalqına hörmət,
Gözəllik tacıdır gəlinlərimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Vətəndən uzaqda vətəndaşımız,
Dünyada nə qədər var soydaşımız,
Bu bayram sizindir, el qardaşımız,
Yumruqtək birləşsin qoy əllərimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Dağları yerindən oynada billik,
Acı həsrətləri, nisgili sillik.
Vətən, hər an sənin səcdənə gəllik,
Birdir şüarımız, birdir dinimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Bu gecə köhnə il sona yetəcək,
Yerini təzəyə verib gedəcək.
Hər kəsin könlünü xoşbəxt edəcək,
Zəfərə yol açsın yeniliyimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Yeni gül açılar, köhnəsi solar,
Coşub həvəs ilə, çağlayır sular.
Yeni il gətirir yeni arzular,
Milli qürurumuz, var mərdliyimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!

Bütün dünyadakı xalqım, millətim,
Sizə dünya boyda var məhəbbətim!
Gülfirəm, xalqımı mən təbrik edim,
İkiqat bayramdı Yeni ilimiz,
Hər yerdə var olsun, həmrəyliyimiz!


SÖZ BULAĞI

Yenidən yandırıb söz çırağımı,
Axtardım sonuncu ümidlər kimi.
Misra-misra hördüm söz çələngimi,
Vurduğum ilmələr naxışlar salar,
Qəlbimdə qaynayan, söz bulağı var.

Sonu görünməyən, üzdüyüm dərya,
Gözlərim önündə əlvandı dünya.
Ürəyimdə işıq, üzümdə ziya,
Ruhum dan yerindən dünyaya baxar,
Qəlbimdə qaynayan, söz bulağı var.

Bir sonsuz ümmandır söz, şeir dəmi,
Ömür üzüb keçən yelkənsiz gəmi.
Dalğalar ağzında çaldım qələmi,
Qanıma qarışıb, eşq, cana hopar,
Qəlbimdə qaynayan, söz bulağı var.

Bənzərsiz çiçəklər,ətirli güllər,
Alaq otlarının kökü kəsilər.
Gül-çiçək nazlanıb,üzümə gülər,
Gözəlliklər məni hər an ovsunlar,
Qəlbimdə qaynayan, söz bulağı var.

Kimsə bacarmırsa şeiri sevməyi,
Qaranlıq gecəyə bənzər ürəyi.
Gözləmə o kəsdən heç nəcibliyi,
Saf duyğu, düz sözlə insan ucalar,
Qəlbimdə qaynayan, söz bulağı var.

Həyat üzsə canı, zora düşüncə,
Lazımdır insanda sağlam düşüncə.
Sözlərim tər güldən,zərif, xoş, incə,
Kimsə sevinəndə, xoşbəxtlik tapar,
Qəlbimdə qaynayan, söz bulağı var.

Ilanın zəhəri öldürə bilər,
Çoxu bu zəhərdən şəfa da görər.
Adi su ziyan da,fayda da verər,
Yaxşı-pis içindən yaxşını alar,
Qəlbimdə qaynayan, söz bulağı var.

Hər gün mənim üçün yeni bir həyat,
Mürgülü gülləri yuxudan oyat.
Gülfir, yeni nəğmə,yeni söz yarat,
Həyatınla ölüb, ölümlə yaşa,
Qəlbimdə qaynayan, söz bulağı var.


RUHUMUN YAŞI

Mən solmuş yarpağam, ruhum qönçə gül,
Düşürəm sehrinə hər addımbaşı.
Birlikdə dolanıb, yaşasaq da biz,
Yaşımla düz gəlmir ruhumun yaşı.
Eşqin göylərində dəli-divanə,
Açanda qəlbini, oxşar sevənə.
Keçir dağ-dərədən , dönüb cavana,
Yaşımla düz gəlmir ruhumun yaşı.
Gülür təbəssümlə körpələr kimi,
Açar duyğusuyla pünhan eşqimi.
O gəncdir, mən qoca, görün fərqimi,
Yaşımla düz gəlmir ruhumun yaşı.
Göydə mələklərlə qanadın çalar,
Günəşdən hərarət, aydan nur alar.
Başqa bir dünyada dünyama dolar,
Yaşımla düz gəlmir ruhumun yaşı.
Bir qorxu,həyəcan içimi didər,
Ruhum qocalanda şairlik bitər.
Şairlik bitəndə, Gülfir də itər.
Yaşımla düz gəlmir ruhumun yaşı.

SALAM DEYİN İradə GÜLFİRin yeni şeirləri

Yuvasız quş kimi
vurnuxur ürək,
Qəlbimdə qarıyıb
çox arzu-dilək.
Durub şehli-şehli
dərəndə çiçək,
Məndən salam deyin
bağça-bağlara.

Yaşıl ormanına,
şəfasına gəl,
Yayın istisində
səfasına gəl.
Sərin bulağına,
havasına gəl,
Məndən salam deyin
uca daglara.

Xatirə içində
qalib çox illər,
Dil açıb, danışır
köhnə şəkillər.
Gülfir ölənlərə
rəhmətlər dilər,
Məndən salam deyin
qalan sağlara.

XƏYALİ DÜNYAM

Şanlı-şöhrətlidir ağac bar ilə,
Külək söhbət edir ağaclar ilə.
Güllərin üstündə səhərin şehi,
Həzin-həzin əsir baharın mehi.
Günəş zirvələrin qızılı tacı,
Nuruna qərq edir çölü yamacı.
Lalələr günəşə hey boylanacaq,
Əbədi məşələ dönüb yanacaq.
Gözəllik aləmi, füsünkar diyar,
Hər qarış torpaqda bir abidə var.
Daş məzarlardakı mərd igidləri,
Bəzər tər qərənfil, vətən gülləri.
Dolub-boşalanda göylərin gözü,
Daha gözəl olur lalə-nərgizi.
Həyat eşqi verir odlu çıraqlar,
Sanki gəl-gəl deyir loğman bulaqlar.
Şehli yarpaqların pıçıltı səsi,
Evdə körpələrin qığıltı səsi,
Həyat nəğməsidir, yaşamaq eşqi,
Quşlar da səs səsə söyləyir şərqi.
Al şəfəq doğanda duyğusu təmiz,
Ürəyim çırpınan dalğalı dəniz.
Gül olub çilənmək istəyirəm mən,
Deyirəm həmişə sevinsin vətən.
Od olub, odumla zülmət doğradım,
Xəyali dünyama gedən yol aldım.
Bu dünya əbədi xanimanımdır,
Hər sözü-söhbəti can dərmanımdır.
Səmada durnalar qaqqıldaşanda,
Dağ çayları coşub aşıb-daşanda.
Qanadlı ilhamım qanadın çalar,
Gülfir yene şirin xəyala dalar.

Şəki.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: