Bənövşə DAŞDILI: Səni sevdiyimə peşman deyiləm...

Bənövşə DAŞDILI: Səni sevdiyimə peşman deyiləm... Bənövşə Daşdılı (İbadova) hazırda erməni qəsbkarları tərəfindən işğal altında olan Laçın rayonunda anadan olub. İxtisasca psixoloqdur. Uzun müddət Bakının Yasamal rayounundakıda M.Müşfiq adına 18 saylı Pilot məktəbdə müəllimə işləyib. Azərbaycan Yazıçılar Birliyinin, “Vahid”, “Araz”, “Dirili Qurbani” ədəbi birliklərinin üzvüdür. Şeirləri “Azərbaycan” əbəbi -bədii jurnalında, almanaxlarda və dövrü mətbuatda müntəzəm dərc olunur. Türkiyədə dərc olunan “100 yılında 100 kalemle”, “ATATÜRK ve ÇANAKKALE“ şeirləri mükafatlara layiq görülüb. “Avrasiya şairleri antolojisi”ndə şeirləri dərc olunub. Bir neçə şeiri fəxri fərman və diploma layiq görülüb. “Qızıl Qələm” media mükafatı laureatıdır. Şairənin indiyə qədər “Yurd həsrəti”, “Bənövşəsi solan Laçın”, “Səndən aralı”, “Sən yanımda olmayanda” və “Ünvansız səfərə çıxmağım gəlir“ adlı beş kitabı işıq üzü görüb.

Biz də hörmətli Bənövşə xanıma yeni-yeni uğurlar arzulayırıq
və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.


ZiM.Az



Sən məni anlayıb dayağım olsan

Bilirsənmi necə xoşbəxt olaram?
Sən məni anlayıb dayağım olsan.
Dolanıb başına qadanı allam,
Sən məni anlayıb dayağım olsan.

Gecələr yatmayıb tezdən duraram,
Düzərəm sözləri bəzək vuraram.
Sevgidən alınmaz qala quraram,
Sən məni anlayıb dayağım olsan.

Qəmi heç qoymaram gələ yaxına,
Fərəhdən dönərəm selə axına.
Nümünə olaram onda çoxuna,
Sən məni anlayıb dayağım olsan.

Gül açıb dirilləm ilk bahar kimi,
Şövqlə oxyuyaram məhəbbət himi.
Daha lal qalmaz qəlbimin simi,
Sən məni anlayıb dayağım olsan.

Qəlbimdə yer qalmaz amana aha ,
Gündə min yol şükür qıllıb Allaha.
Başqa bir arzuda etmərəm daha,
Sən məni anlayıb dayağım olsan.


Dərd əyib söyüdü

Nə olsun meşədə çoxdur ağaclar,
Amma hər ağacın kölgəsi olmur.
Daima göz yaşı içdiyi üçün,
Yazıq söyüdlərin meyvəsi olmur.

Bəli o söyüdü dərd yaman əyib
Salxım saçaqları yellə oynayır,
Güvəndiyi dostu xətrinə dəyib,
Düşüb qəm gölünə odsuz qaynayır.

O söyüd səhrada bitsəydi yenə,
Saçaqlı saçları yerə dəyərmiş.
Yığlan nisgilə dözməyən sinə,
Əyilib dərdini yerə deyərmiş.

Yerdə ki, dözməyib çatlayıb çat-çat,
Çaylarda onların göz yaşlarıdır,
Su tək yarıb çıxıb torpağı qat-qat.
Təkcə sirdaşları çay daşlarıdır.

Kölgəsində daim rahat olanlar,
Didib gövdəsini ,ürəyin oyub.
Nahaq eşitdiyi böhtan yalanlar,
Yandırıb daxilin qabığın soyub.

Məhəttəl qalmışam bu sirrli işə,
O dərddən əyilir, bu boynun bükür.
Söyüdün dibində bitmir Bənövşə,
Uzaqdan boylanıb, yaşını tökür.


Bu yarpaq mənə oxşayır Bənövşə DAŞDILI: Səni sevdiyimə peşman deyiləm...

Sevdiyindən aralanıb,
Xal-xal olub qaralanıb.
Yüz yerindən yaralanıb,
Bu yarpaq mənə oxşayır.

Bət -bənizı qaçıb tamam,
Rəngi saralıbdır yaman.
Payızdan mərhəmət uman,
Bu yarpaq mənə oxşayır.

Üzülübdür budağından ,
Gülüş uçub dodağından.
Qaçır hicran qucağından,
Bu yarpaq mənə oxşayır.


Səni sevdiyimə peşman deyiləm

İlqarda düz idik, əhddə düz idik,
Səni sevdiyimə peşman deyiləm.
Dünynanın xoşbəxti ,elə biz idik,
Səni sevdiyimə peşman deyiləm.

Nə yaxşı bir bahar çəməndə gəzdik,
Elə o çəmənin , çiçəyi bizdik.
Dərdiyin gülləri saçıma düzdük ,
Səni sevdiyimə peşman deyiləm.

O vaxtdan çəməndə ətrin qalıbdır,
Əl çatmaz illərin xətrin qalıbdır.
Yarpaqdan hördüyün çətrin qalıbdır,
Səni sevdiyimə peşiman deyiləm.

Döndü qatarımız müxtəlif yerə,
Çəkildik sınağa ,hərə bir cürə.
Daha yuxumdada görməsəm belə ,
Səni sevdiyimə peşman deyiləm.

Nə olsun həyatda , qovuşmadıq biz,
Hicrandan ,həsrətdən sovuşmadıq biz.
Heç vaxt özgələrə yovuşmadıq biz,
Səni sevdiyimə peşman deyiləm.

Çılğın eşqə uymaq ağıl ha deyil,
Bu acı həyatdır noğul ha deyil.
Dünya şirin xəyal, nağıl ha deyil,
Səni sevdiyimə peşman deyiləm.

Sən Sarı olmuşdun, Bənövşə, Yaxşı,
Biz olduq dünyanın səf düşən naxşı.
Nağıllarda sonluq qurtarır yaxşı,
Səni sevdiyimə peşman deyiləm.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: