Xuraman İsmayılova: "Könlümə Qarabağ havası düşüb..."

Xuraman İsmayılova: "Könlümə Qarabağ havası düşüb..." Xuraman İsbi qızı İsmayılova -
1958-ci ildə Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində anadan olub.
1979-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra təyinatla M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasına göndərilib.
Həmin kitabxanada kitabxanaçı-biblioqraf, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib.
Hazırda AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə rəhbəri vəzifəsində çalışır.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2008), AYB-nin (2002), AJB-nin (1998) üzvüdür.
“Həsrət” (1998), “Qəribəm bu dünyada” (2000), “Dünya mənsiz darıxacaq” (2001), “Tənha yollar yolçusu” (2002), “Duyğuların üsyanı” (2002), “Qarabağım qəm ocağım” (2004), “Könlüm Qarabağdadı” (2006), “Anasız qalan dünyam” (2008), “Ürəyimdən keçənlər” (2011), “Bərdə və bərdəlilər. Biblioqrafik məlumat kitabı” (2010), “Quba və qubalılar. Biblioqrafik məlumat kitabı” (2012), “Hüseynbala Mirələmov. Biblioqrafik göstərici” (2007), “Zəlimxan Yaqub. Biblioqrafik göstərici” (2011), “Qobustan. Biblioqrafik göstərici” (2016), “Qətiyyətli insan: Sahib Sailov. Publisistik oçerk” (2015) kitablarının və 100-dən artıq elmi-publisistik məqalənin müəllifidir.
AKİVİHİ tərəfindən “Vətən”, “Məhsəti” mükafatlarına və “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diplomuna, Azərbaycanın fəxri mədəniyyət işçisi döş nişanına layiq görülüb.
2016-cı ilin Prezident təqaüdçüsüdür.


Könlümə Qarabağ havası düşüb

Bu payız saraldıb duyğularımı,
Həsrətlə vüsalın davası düşüb.
Başını döndürüb qayğılarımın,
Könlümə Qarabağ havası düşüb.

Sönmüş ocaq yerim külsüz ağlayır,
Zəm-zəm bulaqlarım dilsiz ağlayır,
Tarimar yurdlarım elsiz ağlayır,
Könlümə bir ana laylası düşüb.

Sanki yalan imiş, yalan o dağlar,
Elə viran imiş, viran o bağlar,
Bəlkə yaşanmayıb o gözəl çağlar,
Könlümə o çağın ədası düşüb.

Tanrım, yuxularım nola çin ola,
Arzular toplana çinbəçin ola,
Bir gün də müjdəli göyərçin ola,
Könlümə qələbə sədası düşüb.


Olubmu?
(Oğul itirən analara)


Dedilər başından düşübdür tacın,
Dağlayır köksünü bu ağrın, acın.
Oğul itkisinə dözməyən bacım,
Tanrının yazdığın pozan olubmu?

Saxlamaq mümkünmü zamanı, vaxtı,
Çevirə billikmi fələyin taxtın.
Ömür kitabına yazılan baxtı,
Pozub da yenidən yazan olubmu?

Qəlbində bu yara ölüncə sızlar,
Dərdlini anlamaz çox yarasızlar.
Dünyada nə qədər gör balasız var,
Demə, mənim kimi ozan olubmu?

Tanrı verdiyini Tanrı da alar,
Yerində göynəyən nisgili qalar.
“Bir yandan boşalan, bir yandan dolan”
Dünya, bundan ağır qəzan olubmu?


Allah sənə min şükür!

Allah sənə min şükür,
Qəlbi təmiz vermisən.
Təbiəti dəli, kür,
Eşqi dəniz vermisən.

Alnı açıq, üzü ağ,
Qüruru, vüqarı dağ,
Əl-ayağı, canı sağ,
Ağlı cəm, düz vermisən.

Ürəyi yumşaq, həlim,
Haqsızlıqlara qənim,
Həm sevinci, həm qəmi,
Doğma, əziz vermisən.

Əqidəni, imanı,
Yaradana inamı.
Haqqa qul olan canı,
Haqqa sadiq vermisən.

Xudaya, sirmisən sən,
Qəlbimə girmisən sən,
Mənə nə vermisənsə,
Saf, tərtəmiz vermisən.


Lay-lay şəhidim

Əridi gözüm yağı,
Köz-közdü sinəm dağı.
Mən necə deyim ağı,
Lay-lay şəhidim, lay-lay,
Lay-lay igidim, lay-lay.

Sənsiz könlü talan var,
Çiçək kimi solan var,
Gözü yolda qalan var,
Lay-lay şəhidim, lay-lay,
Lay-lay igidim, lay-lay.

Alışıb yanır canım,
Sən vətənin qurbanı,
Mən də sənin qurbanın,
Lay-lay şəhidim, lay-lay,
Lay-lay igidim, lay-lay.

Bəxtin dəydi daşamı,
Söndü ömrünün şamı,
Keçmir axı axşamın,
Lay-lay şəhidim, lay-lay,
Lay-lay igidim, lay-lay.

İndi analar fağır,
Daha doğmayır oğul,
Hər gün şəhidlər doğur,
Lay-lay şəhidim, lay-lay,
Lay-lay igidim, lay-lay.


Necəsən, şəhid anası?

Qəlbimdə sızlayır yaran,
Bilirəm ağrıyır haran,
Vallah ki, qorxuram soram,
Necəsən, şəhid anası.

Çiçəkləyib dərdin, qəmin,
Tufana tuş gəlib gəmin.
Əlinə düşə düşmənin,
Biçəsən, şəhid anası.

Get-gəllərə qarışmayan,
Çıraqları alışmayan,
Heç bir yola qovuşmayan,
Küçəsən, şəhid anası.

Göyərdi kinin, nifrətin,
Parçalandı məhəbbətin,
Açılmaz daha zülmətin,
Gecəsən, şəhid anası.

Şəhid oldu arzuların,
Güllələndi duyğuların,
Uçulsa da lay divarın,
Güclüsən, şəhid anası.

Açılı qalıb qolların,
Cavabsızdı sualların,
Balan getdiyi yolları,
Keçəsən, şəhid anası.

Yoxdur fikrin ifadəsi,
Ötüşmür ömrün vədəsi,
Verələr vüsal badəsin,
İçəsən, şəhid anası.

Düşüb vüsal xülyasına,
Batıb şirin röyasına,
Balanın o dünyasına,
Köçəsən, şəhid anası.

Harayına necə gəlim,
Əriyirəm zülüm-zülüm,
Soruşmağa yoxdu dilim,
Necəsən, şəhid anası,
Necəsən, şəhid anası.


Vətən

Əl boydaca yarpaq ver,
Ya çiçək, dərim, Vətən!
Bir yorğanlığ torpaq ver,
Üstümə sərim, Vətən!

Kəfənə qoyulanda,
Can ruhdan soyulanda,
Saçlarım yayılanda,
Köksünə hörüm, Vətən!

Fikrim gəzər Turanı,
Adlar dağı-aranı,
Məlhəmisən yaramın,
Qoynundu yerim, Vətən!


Arzum çiçəkləyə

Dayanıb dünyanın tən ortasında,
Hər yana məhəbbət, sevgi səpəydim.
Doğmalar içinə, yad arasına,
Bal dadan eşq adlı şərbət tökəydim.

Hamı bir-birinə can, can deyəydi,
Kinlər, küdurətlər yoxa çıxaydı.
Hər kəs mərhəmətdən köynək geyəydi,
Ellər bir-birinə arxa çıxaydı.

Arzum çiçəkləyə, nə ola bir gün,
Bu xoşbəxt günlərin şəklin çəkəydim.
Bürüyə yer üzün şadlıq, toy, düyün,
Mən də bu dünyadan xoşbəxt köçəydim.


Anamın qoxusu

Anamın xəmirli əlləri, unlu ətəkləri,
Atamın torpaqlı barmaqları, gün yandırmış biləkləri
Tez-tez girir yuxuma.
Anam həyətimizdən axan arxda
əllərinin xəmirini yuyar,
ətəklərinin ununu çırpar,
sonra yumru-yumru, üstü yumurtalı
çörəklər yapar təndirə.
Atam arxın qırağında belin sapına söykənib
anama baxar, nədənsə qəmli-qəmli.
İsti təndirdən çörəyi çıxara-çıxara anam:
-Kaş gəlib şıxaydı anası ölmüşlər-deyər.
Atam bir az hirsli, bir az küskün:
-Arvad, nağıl oxuma,
onlar daha gəlməzlər.
Anamın gözlərindən həsrət damcılayar yuxuma.
Damcının səsinə diksinib oyanaram,
Bircə anda hər şey çıxar yoxa,
Təndir çörəyinin ətrindən başqa.
Fikrim azdı dumanda,
kim gətirdi bu qoxunu?


Fidan balalar
19 may faciəsində həlak olan balalara


Sizin alnınıza yazılan yazı,
Qaraltdı hamının baharın, yazın.
Gömüldü torpağa gör neçə arzu,
Bu dərd qəlbimizi söküb yaralar,
Ay fidan balalar, ay gül balalar.

Gözü ac, başı boş o nadanlara,
Taleyi oyuntək oynadanlara,
Sizin dünyanızı qaraldanlara,
Nifrət içimizi yeyib, parçalar,
Ay fidan balalar, ay gül balalar.

Fələk çubuqladı yenə də bizi,
Qıydı körpələrə, kor olsun gözü.
Bütün Azərbaycan oxşayır sizi,
Yandırır dilləri acı laylalar,
Ay fidan balalar, ay gül balalar.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ağlama, şəhid anası...

Ağlama, şəhid anası...

Başkeçid
Məryəm ƏLİYEVA:

Məryəm ƏLİYEVA: "Ağlaya-ağlaya Azərbaycan bayrağını öpən Şəhid anası"

Publisistika, Müsabiqə, Köşə yazılar
Dürdanə Zahidqızı Gümüş:

Dürdanə Zahidqızı Gümüş: "İndi gördünmü ki, Qarabağ - Azərbaycandır!.."

"Mən Şirvanın səsiyəm", Müsabiqə
Şəhid anası oğlunun məzunu olduğu Texniki Universitetdə olub

Şəhid anası oğlunun məzunu olduğu Texniki Universitetdə olub

AzTU
Pərvanə Salmanqızı:

Pərvanə Salmanqızı: "XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİDLƏR"

ŞƏHİDLƏRİMİZ, Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
Maya FEYRUZ QIZI İSMAYILOVA (1969):

Maya FEYRUZ QIZI İSMAYILOVA (1969): "MƏN DƏ BİR GÜLƏM..."

Müsabiqə

"ƏSGƏR ANASI"

Məktəblər, Müsabiqə
TURAL XANHÜSEYNOĞLU (1987)

TURAL XANHÜSEYNOĞLU (1987)

Poeziya, Müsabiqə
Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL...

AzTU, Poeziya, Rusiya
Professor İlham Pirməmmədovun  anası haqqa qovuşub

Professor İlham Pirməmmədovun anası haqqa qovuşub

Nekroloqlar
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
Nemət VƏLİOĞLU:

Nemət VƏLİOĞLU: "Könlümə ruh verən Borçalım mənim!.."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
GETDİN SAVAŞA, ORXAN

GETDİN SAVAŞA, ORXAN

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Müsabiqə
Songül Ədilova (1998)

Songül Ədilova (1998)

Müsabiqə
GÜLƏMAİL  MURAD: Yığın... Gülüşlərimi  yandırın İçində dərd gizlənib...

GÜLƏMAİL MURAD: Yığın... Gülüşlərimi yandırın İçində dərd gizlənib...

Poeziya, Qarayazı, Müsabiqə
DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Dilarə Süleyman Zahidqızı (1982):

Dilarə Süleyman Zahidqızı (1982): "RÜBAİLƏR"

Müsabiqə, RÜBAİLƏR
Rafiq  Göyçə  Cil:

Rafiq Göyçə Cil: "Göyçənin dağı qalıbdı"

Müsabiqə
XANƏHMƏD HƏSƏNOV  (1958)

XANƏHMƏD HƏSƏNOV (1958)

Sumqayıt, Poeziya
Rəy yazın: