Etibar QƏRİB: İlahi!.. Azıb gəlmişəm...

Etibar QƏRİB: İlahi!.. Azıb gəlmişəm... Etibar Qərib (Etibar Ənvər oğlu Abdullayev) -
1969-cu ildə Qərbi Azərbaycanın Ağbaba mahalındakı Amasiya rayonunda anadan olmuşdur.
1981-ci ildə ailəsi ilə birlikdə Borçalıya – Marneuli rayonuna köçmüş və burada da orta məktəbi (1987) bitirmiş, elə həmin il hərbi xidmətə getmişdir.
1990-cı ildən Bakıda yaşayan Etibar Qərib gənclik illərindən bədii yaradıcılıqla məşğul olur.
İndiyədək şeirləri müxtəlif mətbuat orqanlarında nəşr olunmuşdur.
“Bu dünya yamanca oxşayır mənə” (2008), “Bir ocaq işartısı”(2009), “Elçi Bəy” (poema, 2013) adlı şeirlər kitabının müəllifidir.
Ailəlidir. İki övladı var.

BAYATI DE ...

Yükləmə mənə yükünü,
Çəkməz bir dəvə yükünü.
Bəyənməm belə köçünü,
Bayatı de, bayatı de...

Əllərinlə üzünü tut ,
El görməsin gözünü, tut!
Yaşı ovucunda ovut,
Bayatı de, bayatı de...

Ütələsə ocaq, alış,
Ürəklə yan külə qarış.
Sənə yaraşmayır qarğış
Bayatı de, bayatı de...

Sən biləni kim bilməyir ?!
Quzu qurd üçün mələyir,
Bir kar, bir lala söyləyir
Bayatı de, bayatı de...
Vədəsində özün yetiş,
"Əlindəndən öp, ayağa düş."
Yoxsa haqqın olar pay-püş
Bayatı de, bayatı de ...
4.08.2009

QƏRİBƏ NƏĞMƏ OXUNUR...

Hərə bir hava oynayır,
hamı havalıdı vallah..
Kimə uyuşub oynasam,
sonu davalıdı, vallah!

Çəkilib qınıma durum,
bəlkə dəyişə bu durum.
Endir başını, qürurum!
başın bəlalıdı, vallah!

Kimdi özünə güvənən?
gəlsin sözünə güvənən!
Sel kimi, dağdan gur enən,
çayın halalıdı, vallah!

Hərdən, o çağım görünür,
əldə çomağım görünür...
Kimsə torpağa gömülür,
işim xətalıdı, vallah!

O kimdi itnən qovulur?
baxıram yaram ovunur...
Qəribə nəğmə oxunur,
Kimsə sevdalıdı, vallah!


HARA TƏLƏSİRSƏN...

Hara tələsirsən başsız yel kimi?!
Yollara güvənmə...Yollar dönükdü...
Arzular bəyənmir atın tərkini,
Nə olsun deyirsən: “Adım böyükdü”.
Bir addım daldada, bir addım öndə,
Dəyişən nə imiş? – bircə quru ad.
Bu iki arada bitər ömür də,
Bu iki arada yaşanmaz həyat.
Mənzili görünmür, dar qursaqların,
Əlin qoy göz üstə, üfüqə boylan!
Görmürsən yaranda var qaysaqların?!
Dur mənim yerimdə, özünə boylan!
Bu bulud çəkilər başının üstdən,
Gülər taleyinə, bir göy qurşağı.
Sil qəm vərdişini, qaşının üstdən,
Gör, kimlər dayanıb səndən aşağı?!
Hara tələsirsən başsız yel kimi?!
Yollara güvənmə...yollar dönükdü...
Arzular bəyənmir atın tərkini,
Nə olsun deyirsən: “Adım böyükdü”.


“ÖMÜR” DEDİKLƏRİ

O necə qış idi, odsuz-ocaqsız,
Bu necə bahardı, bacam isinmir.
Dağın o üzündə, baş daşım adsız,
Dağın bu üzündə, tarixçi dinmir...

Bəlkə ucalıqdan büdrəyib o daş,
Bəlkə dağ selinə yenilib gəlib?!
Daşın, daş üzündə oxunur təlaş:
“Bir də o zirvəyə çətin yüksəlim”.

Daş deyil büdrəyən insandı bəlkə,
Haçansa hörülüb divara, daştək...
Ucada daş olmaq asandı bəlkə,
Çətindir büdrəyib ayağa düşmək...

Mən, indi anlayıb-duyan olmuşam,
Ucadan büdrəyib düşən daşları...
Bir zaman tapdayıb keçən olmuşam,
Daş kimi ayağa düşən başları.

Niyə buz bağlayıb ürəyim, niyə,
Niyə lal olubdu dilim danışmır?!
Sabahım dönübdü, çətin tənliyə,
Bu günüm həllinə, qəlbən çalışmır.

Nə deyir səbrimi kəsən boz külək?!
Dost əli döyməyən qapımı döyür...
“Ömür” – dedikləri, su dolu çəllək,
Boşalır.., baxıram gözümü döyüb.

Könül! dağ arayıb, dərə qatlama;
Demə : “Gün batınca üzə, ay doğur!”
Bir də ərənlərin, haçan atlana?!
İndi oğulları – səngərlər deyil,
Haramdan yapılmış, saraylar doğur...


GƏLSƏYDİ, BƏLKƏ DƏ BƏXTİ KƏSƏRDİ...
“Vaxtında gəlmədin...”
M.Araz

Vaxtında gəlmədi... Bəxtinə küssün;
Gəlsəydi, bəlkə də bəxti kəsərdi...
Kim bilir? – bəlkə də, bundan da küskün,
Bundan da vədəsiz vaxta düşərdi.

Vaxtına düşmədi, bəxtinə düşən,
Od da gen düşəndə, ocaq isinmir.
Ulduzu, göylərdən tərsə enmişə,
“Barışaq” – deyirsən, canına sinmir.

Vaxtında gəlmədi... Ötürdü vaxtı,
O, bivec sərnişin, mən, gedən qatar!
O, bütün vaxtları qabaqlayardı,
Bilsəydi – gözləyən səadəti var.

Qınamaq – asandı, anlamaq – çətin,
Nə yazıq, anlayan çətinə düşdü...
Qəribə işi var, bu təbiətin,
“Vurub çay keçən”lər, tarixə düşdü.

Gəl, könül yayını qəlbdən çək, götür,
Bir oxun taleyi, bir yaydan keçər!
Şair, “vaxt”- dediyin, qızıl ölçüdür,
O da ya bəxtə-bəxt.., yanından keçə!
18.05.2015


QƏLBİNİ ÜŞÜDƏN, BUZ ƏLİM DEYİL...

Mənə – “soyuqlaşdın, yadlaşdın” – demə,
Şükr elə.., şükr elə, belə qalmışam!
Mən də, ”hər nazına qol açdım” – deməm,
Sayəndə, bir azca başqalaşmışam!

Səhvimi – bağışla, yaxşımı – unut,
Sevgini, – bir quru minnət öldürür!
“Unut” – deməmişik.., demək, var ümid,
Ümidsiz ürəklər, ocaq söndürür!

Ürəyin yanması, – ocaqmış elə...
Yaxın gəl isitsin, uzaq dur üşü!
Mən uzaq durarsam, ucalıq elə -
Bir daha ovundur, odu sönmüşü!

Sənin də günahın az deyil axı,
Şairlə üz-üzə, hey deyişmisən!
Dilin, “hə”- yerinə, “yox”- dedi axır,
O gündən, bu günə çox dəyişmisən!

Könül,” gül çələngi toxuyum” – deyir,
Dilimsə söyləyir – “bağbansız bağam...”
Qəlbini üşüdən, buz əlim deyil,
Soyuq baxışımdı.., dalınca baxan...
9.03.2014


QORU, BU QƏRİB ADAMI

İlahi! Qaçıb gəlmişəm,
Yazdığın yazıya sarı...
Günaha batıb gəlmişəm
Yerdə yeddi əzalarım!
Bu günah kimin işiydi?
Batınca, canım üşüdü...
Mən ki, cənnətdə kişiydim,
Həvvadan oldu, a canım!
Meyvəni dərdi, neylədi?
Bir gün yavanlıq eylədi...
Bizi, dünyalıq eylədi,
Başladı, can imtahanı!
Hələ də, Adəm kimiyəm,
Urvasızam, dilənçiyəm.
Həvva yanında, dənçiyəm,
Daşıyıram günahını!
İlahi! Azıb gəlmişəm,
Olanı, yazıb gəlmişəm.
Quyumu, qazıb gəlmişəm,
Qoru, bu Qərib adamı!
25.04.2015


ALLAH DEYƏ-DEYƏ

Könül! Gəl də, qoşa gedək,
Gedək, “Allah!” – deyə, deyə!
Yoldu, alaq başa, gedək,
Gedək, “Allah!” – deyə, deyə!

Nə kəsmələr.., nə asmalar?
Taxtım ha yoxdu, boş qala!
Həllac Mənsuram, - “daşqalaq”
Gedək, ”Allah” – deyə, deyə!

Olmaz olaydı, olanlar,
Göründü, döngə-dalanlar...
Sağlıqla qalsın, qalanlar,
Gedək, “Allah!” – deyə, deyə!
Aprel, 2015


ALLAH XATİRİNƏ

Giley-güzar eyləmisən...
Etmə! Allah xatirinə!
Sirrini car eyləmisən,
Etmə! Allah xatirinə!

Aram-aram, Yolu ara,
Gün doğacaq sabahlara...
“Mən-mən” - deyib, günahlara,
Batma! Allah xatirinə!

Var, Mövlanə misalı ol,
Təbrizidən, bir halı ol!
Mehdili ol, İsalı ol,
Qaçma! Allah xatirinə!

Bu yer-göy arası, yarı
Tərpənib ölüm qatarı...
Qərib halda, Etibarı,
Atma! Allah xatirinə!
18.04.2015


BALAM VAR...

Qurda-quşa yem olmağa,
Balan var! Balan.., ay Vətən!
Ölüb, bir də doğulmağa.
Haran var? – haran, ay Vətən?!
Sinən üstə mən, bigüman,
Güman yoxsa, nə din-iman?
İçın-çölün, kürzə ilan,
Davam var... Davam, ay Vətən!

Özümə qalsa, bir candı,
O da, canından usandı...
Ölüm ki, belə asandı,
Balam var... Balam, ay Vətən!


NƏ YAXŞI

Nə yaxşı, bilmədi yaxınım-yadım,
udquna-udquna, uddum dərdimi...
Qoy, elə bilsinlər – kef-damaqdayam,
dadıram dünyanın naz-nemətini.
Nə yaxşı, dərdimi uddum - həb kimi,
həkimi-loğmanı duyuq düşmədi...
Bir də görərdin ki, mənim bu dərdim,
əlacsız dərdlərə, göydən düşmədi.
Nə yaxşı, divarım-daşım dinmədi,
Mən də, yad dərdinə əzəldən koram...
Nə yaxşı, “başbilən başlar” bilmədi,
başıma uçardı, bu uçuq komam...


***
Umacağım yox kimsədən – daha, bu yaşda,
İnnən belə Məcnunların, səhrası xoşdur...
Səda gəlir qulağıma: “Şeytanı daşla!”
Əl atıram, əməlimin cibliyi boşdur...
Əməlsiz əl, hansı əllə daş atsın şərə...
Səbəb yoxsa.., yad qapısı daşa tutulmaz!
Bir gün əlbət,– “dostlar” qoşa gələr, məhşərə,
Boyunlara o gün zəncir, boşa vurulmaz...
Gündə, yetmiş tövbə düşür, sənin boynuna,
Dualara dönüşməyən sözün boyatdır...
Gecələri, əcəl alar səni qoynuna,
Tələs, sübhün azanına özünü çatdır!

***
Ömürdü közərən, söz ocağında,
Allahın eşqinə, dinin eşqinə...
Nə deyib qapımı kəsdirib külək?!
Bir ovuc kəfənsiz külün eşqinə...
Ömürdən – bir ömür payımı kəsdi,
Oxumu tuşladım, yayımı kəsdi.
Səbrimi tükətdi, heyimi kəsdi,
Bir bahar müjdəli gülün eşqinə...
Yaza yazılmayan, yazıya küsdüm,
Yayın yay günündə qar aldı üstüm.
Bir gün sahilində ucalsa büstüm,
Batırın Arazda, Kürün eşqinə...


***
Dodaqlarda, can üşüdən sözüm, yarımçıq,
“Günahkarı mənəm” – deyim, bitsin də, getsin...
Mən kiməm ki.., Qazan kimdi? – varsa Yalıncıq,
Yaxşı-yaman, bir daş altda itsin də, getsin!

Bütöv deyil.., elə dərd də, param-parçadı...
Sevinc yaşı, ara-sıra axdı gözümdən.
Şəhid qanım bu torpaqda, çiçək açmadı,
Sinəmdəki ürək deyil, “dağ”dı dözümdən.

Ucuz ölüm – zirvələndi, yazda qar kimi,
Ürəyimin harayına, dənəsi yetməz...
Bölünmüşəm yad əlində, şirin nar kimi,
Mənə, halal qismətimin giləsi yetməz.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: