CAVİDAN: Əllərim göydən gəlirdi...

CAVİDAN: Əllərim göydən gəlirdi... CAVİDAN (Orxan Sadəddin oğlu Əfəndiyev) 7 şeir kitabı, 1 sözlərinə bəstələnmiş mahnılardan ibarət diskin müəllifidir. Sözlərinə mahnılar bəstələnmiş, mahnıları dəfələrlə müsabiqələrdə qalib olmuşdur. Mahnıları dəfələrlə “V&V Company”tərəfindən keçirilən “İlin mahnısı” nominasiyası üzrə qalib olmuşdur. 2009-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv seçilmiş, “Gənclər, İdman və Turizm Məsələləri Daimi Komissiyası”nın sədr müavini vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.


Tənha adamın elegiyası


Yağış yağır...
Mən
başımın üstündə çətir,
başımda dolaşıq fikirlərim
ayağımın altında islaq asfalt
ağır addımlarla
keçirəm yoluq küçələrdən.
Budur, həmin küçə,
həmin upuzun ağaclar...
və yelləncək...
Küçə bomboş və sevincsiz.
Ağaclar lüt və mütəkəbbir,
eynən səfeh fahişələrtək.
Yelləncəkdə isə külək yellənir,
sırtıq külək.
Cəhənnəmə ki...
Da gözümdən düşüb hər şey! –
Sənsiz!
Bədənim tənha,
qollarım bədənsiz,
əllərim key...
Hey, qəvi ruzigar, hey!..
Bu zırrama yağışlardan usanıram.
Hanı ərşi-fələyin mavi bayrağı
və ipək qövsi-qüzeh?..
Eh!
Nə isə...
Gedim evə,
gedim bir az şərab içim...


Tanış olaq, bu mənəm!

Hisslərimdən... utanmıram!..
Eşq...
nifrət...
ehtiras... –
Bu mənəm!
Gizlətmirəm heç nəyimi!
Birdir üzüm, astarım!
“Nəsənsə, o cür də ol!” -
budur mənim şüarım...
Mən yalanı sevmirəm!
Qəşəng, şirin yalandan
yüz min dəfə yaxşıdır
çirkin, acı həqiqət!
Məni qəzəbləndirir üzəvari ibadət,
üzəvari itaət!
Gizlətmirəm tərzi-həyatımı,
fikrimi,
sözümü...
Barama qozasında gizlənmiş tırtıl kimi
gizlətmirəm özümü!
Mən su kimi şırıl-şırıl axıram,
cığırıma düşmən daşı dolsa da!
Mən günəşin düz üzünə baxıram
parıltısı gözlərimi yolsa da!
Külək kimi əsirəm,
yarpaq kimi əsmirəm!
Mən təklikdən qorxmuram, –
taleyimdən küsmürəm!..
Döyüşkəndir,
dəyişkəndir
içimdəki duyğular! –
Dörd fəsiləm:
baharım var...
yayım var...
payızım var...
qışım var...
Aşinamdır poeziya və şərab...
Məhəbbətdir fəlsəfəm! –
Bu mənəm!


Əllərim göydən gəlirdi

Əllərim göydən gəlirdi,
Xudavəndin qapısından.
Ovucumda göyərçinlər uçuşurdu.
Göyərçinlər azad idi, –
nə qəfəs var idi, nə zindan.
Ovucumda ayaqyalın uşaqlar
oynaşırdı, ora-bura qaçışırdı.
Uşaqlar şad idi, –
nə daş-kəsək var idi, nə tikan.
Ovucumda küreyi-ərz fırlanırdı.
Küreyi-ərz abad idi, –
nə savaş var idi, nə də qan!..
Əllərim uzalı idi...
əllərimdən tutmaq üçün
İNSAN axtarırdım, İNSAN!


Elegiya

(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə.)


Oh, nə güclü, nəhəng vücud!
Çiynində ərşi-fələk
və salxım-salxım kəhrəba şəfəqlər,
dəryaların, dənizlərin üzərindən keçərək
gedir üzü göylərə...
işıq səltənətinə!..
Və şəfəqlər içində alovlanır saçları.
Gedir günəşləşməyə...
İgidim, hey!..
Şəhidim, hey!..
Əlvida...
Fövqəlbəşər Mübariz!..
Şanlı cəngavər!..
Əlvida...
Xudaya-xudavənda!
Aç qoynunu, aç ona!
Qəribsəyib səninçün!..
Qollarını sallayıb,
tək-tənha
və əliboş gedir üzü göylərə...
Köksündəki güllələrdən savayı
heç nə aparmır, Xudam!
Uçur yan-yörəsində
ağ göyərçin dəstəsi,
pərqular qan içində.
Gedir göylər adamı,
gedir üzü göylərə...
İgidim, hey!..
Şəhidim, hey!..
Ölümü öldürən OĞUL, –
əbəda ölməyən diri!..
Yaşa!................................
Yaşa!................................


Balıqçı qızı
(verlibr)


Bonjur, bonjur... Paris qızı –
şlyapalı madmazel!
Yosma qız,
ədalı qız!
Atan əsil-nəcabətli aristokrat,
əntiqfüruş,
Anan moda həvəskarı,
süslü-püslü bir qadın.
Onlar səni bəsləyiblər
çiçək kimi,
ipək kimi...
yağ içində böyrək kimi...
Bixəbərsən ehtiyacdan,
kasıbdan,
fəqirdən,
acdan.
Gördüklərin:
ipək yataqlar...
çilçıraqlı salonlar,
tənbəki qoxulu məxmər pərdələr...
tanqo, vals...
səliqəli kavalerlər...
lüks avtomobillər...
əntiqə geyim-kecim...
cazibəli ətirlər...
dikdaban ayaqqabılar...
pudralı üzlər...
sürməli gözlər...
boyalı dodaqlar...
kremli əllər,
şirmayı barmaqlar...
Oxay... dolçe vita!..
...Osa balıqçı qızıdır.
Gümüş pullu balıqlardır onun dövləti, varı.
Bəzək-düzək görməyib saçlarının qızıl qıvırcıqları.
Bət-bənizi azca soluq,
fəqət gözləri atəş kimi parlaq!
Təmiz hava yanağını qızardıb,
sahil qumu paltarının ətəyini bozardıb.
Nə tanqo bilir, nə vals.
Nə kremi var, nə duxusu,
üst-başından gəlir dəniz qoxusu.
Aralı dur,
iyrənərsən,
çiyrənərsən.
Varlı qızı, –
inteligent mühitinin ağ zanbağı!
O, azadə, vəhşi gözəl!
Dili sadə, ütüsüz,
yalan-palansız,
fəlsəfəsiz-filansız.
Ürəyi tərtəmiz!..
Zinətidir, incisidir
alın təri, əllərinin qabarı!
O, balıqçı qızıdır, –
yosun qoxulu dəniz,
havada uçuşan martılar,
köhnə balıqçı qayığı,
ağımsov balıqçı toru
və gümüş pullu balıqlardır onun dövləti, varı!




Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: