Esmira Şükürova: "Bir stəkan qatıq" Ədəbiyyat » Nəsr 27 февраля 2018 Esmira ŞükürovaBir stəkan qatıqHekayəBir gün qonşu Sapıtel Məmməd kişinin arvadı Əsnayəni doqqazın ağzından səsləyib dışarı çıxmasını xahiş etdi. Əsnayə səs eşidib, tələsik qapıya çıxdı və Sarıteli görcək onu içəri dəvət etdi:- Ay qız, Sarıtel, qapıda niyə dayanmısam, bəri keçsənə!- Sağ ol, Əsnayə bacı, tələsirəm. Lobya qızartmışam, uşaqlar qatıqsız yemək istəmir. Dedim bəlkə sizdə ola, bir stəkan verəsən. Səhər bazara gedəcəm. Alıb gətirən kimi qaytaracam.- Az, başın haqqı qatıq nə gəzir? Bu gün mən də səhər-səhər Məmmədə dedim ki, qatığımız qurtarıb. Dedi, axşam gələndə alıb gətirəcəm.Sarıtel, – Yaxşı sağ ol! Mən gedim. - deyərək kor-peşiman həyətdən çıxdı.Elə bu zaman işdən qayıdan Məmməd kişi doqqazın ağzında göründü. O, Sarıtelin əlindəki boş stəkanı görüb, soruşdu:- Xoş gördük, qonşu! Boş stəkanı əlində niyə tutubsan?- Məmməd dayı, qatıq lazım idi. Dedim bəlkə sizdə olar. Tərslikdən sizdə də yoxdur.Məmməd kişini tər basdı. – Geri qayıt görüm! – deyərək, hirslə darvazadan içəri keçdi.Əsnayə Məmməd kişinin Sarıtellə bərabər doqqazdan içəri keçdiyini görüb, özünü itirdi. Məmməd kişi pilləkənləri tələsik qalxıb, qəzəbli baxışlarla arvadını tərs-tərs süzdü. – Yalan danışdığına heç xəcalət çəkmədinmi? – deyib, böyründən sürətlə keçərək, arxa otaqdan iki dənə üç kiloluq qatıqla dolu bankanı gətirib, stolun üstünə qoydu.- Qızım, Sarıtel, bəri gəl! – deyə dolu balonun birini ona sarı uzatdı. – Al, bala, götür!Sarıtel özünü itirmiş halda – Vallah götürmərəm, Məmməd dayı, - dedi.- Qız məni əsabanı eləməginən! Məmməd dayının sözünü yerə salırsan? Götür, dedim!Sarıtel ürəyində öz-özünü danlayaraq fikirləşdi: “Bu saat Məmməd kişi aləmi bir-birinə qatacaq. Əsnayənin gününü göy əskiyə bükəcək. Nahaq dedim kişiyə. Mən başı batmış, hardan biləydim ki, vəziyyət bu yerə gəlib çıxar? İnnən sonra, çətin Əsnayə mənə salam verə, dindirib danışdıra”.- Ay Məmməd dayı, vallah peşiman oldum. Bilsəydim, belə qanqaraçılıq yaranacaq, sizə bildirməzdim. Bir stəkan qatıqdır, böyük şey deyil ki? Bağışlayın məni.- Qızım, sən bizi bağışla! Özün də az danış! Peşiman düşmənin olsun! Lap yaxşı elədin ki, mənə dedin. Heç qapıya diləyə gələni də geriyə qaytararlar? Biri var olmaya, sözüm yox. Bu zəhirmar var axı?! Belə olur ki, üzümüzdən çörək qaçır də! Söhbət bir stəkan qatıqdan getmir, qızım! Adamlıqdan, insaniyyətlikdən gedir!- Məmməd dayı, üç litrlik balon nəyimə lazımdır? Uşaqlar üçün bir stəkan qatıq oldu, bəsləridir. Verirsinizsə, daha keçib, bir stəkan qatığımı verin, çıxım gedim.- Bankanı götürəcəksən, onnan sonra səni burada saxlayan deyiləm. Halal xoşun olsun! Nuşu canlıqla yeyəsiniz!Əlacsız qalan Sarıtel bankanı da götürüb, xəcalət çəkə-çəkə evinə qayıtdı.Sarıtel doqqazda görünməz olan kimi, Məmməd kişi üzünü arvadına tutub, qəzəblə dedi:- Ay tünbətünün qızı, bu görməmişliyindən nə vaxt əl çəkəcəksən? Tamahını, nəfsini nə vaxt azaldacaqsan? Fani dünyadan gözün niyə doymur sənin? Bir stəkan qatıq nədir ki, onu da qonşuya qıymırsan? Öləndə nə aparacaqsan özünlə? Bu qatıq dolu bankaları? Di ala, apar görüm nə təhər aparacaqsan!Məmməd kişi bunu deyib, o biri qatıq dolu balonu da həyətin ortasına tolazdı. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.