Əzizağa Elsevər: "Bir SEVGİ nağılı" Nəsr, Müsabiqə 16 октября 2017 (Hekayə)Kəndimizin başından bir çay axırdı. Elə indi də axır. Qarayar çayı. Uşaqlıq xatirələrimin sevgisi, beşiyi Qarayar çayı. Yayda dili, topuğu quruyar, sahilləri bir- birinə əl uzadardı. Sıza-sıza, korun-korun axıb gedərdi. Yazda heç üzünü görmə. Kükrəyər, sir- sifətini dəyişdirərdi. Yatağına sığmaz, qarşısına çıxanı yıxıb dağıdardı. Burovar dağlarının ətrini, çöllərin gül qoxulu nəfəsini sinəsinə sığıb gətirərdi. Bulanıq sular köpüklənər, dərədə yığılıb burular, sonra da hirsini- hikkəsini toplayıb üzüaşağı götürülərdi. Darıxanda sahilinə qaçar, danışar, pıçıltısını, nəğməsini dinləyər, ürəyimi doyunca boşaldar, boşaldardım. Sanki çay da məni duyar, içimdən keçəni oxuyardı. Ancaq heç vaxt məndən inciməz, yorulub usanmazdı. İçimdə bir hiss baş qaldırar, bir duyğu göyərərdi. Bu, nə idi bilmirdim. Bilmədiyim bu nə məni məndən alır, fikrimi, xəyalımı çəkib uzaqlara aparırdı. Dünya gözümdə yox idi. Çiçək idi mənim dünyam. Ağlı- qaralı, acılı-şirinli dünyam. O, necə ömrümə gəlmişdi, necə gəlmişdi bilmirdim. Onun xəyalı gözümdən getmir, sirli bir sehr məni ovsunlayır, içimdən qəribə bir titrəyişlə keçib gedirdi. Anamın sözləri tez-tez yaddaşıma tökülür, sonra qəfil gələn bu xoş, ilıq hissin dumanında əriyirdi. Anam: “Çaya çox yaxın getmə haa! Dilim qurusun, birdən yıxılarsan, götürüb gedər.”-deyərdi. Sonra gözləri ilə məni yeyə-yeyə: “Bəs onda mənim balam kim olar?”- soruşardı. Anam arxayın olmadığını görüb, qulağımı astaca çəkər, yanımı yüngülcə şapalaqlayıb:” Bax, haa... məndən deməkdir.”- söylərdi. Anama:”Yoox, daha getmərəm!..”- desəm də, özümlə bacarmırdım. Elə bil içimdə kimsə məni qıdıqlayır, çağırırdı. O, nagahani səs qulağımda cingildəyir, məni ovsununa, tilsiminə salırdı. Bir səhər yenə getmişdim Qarayarçayın görüşünə. Barmaqlarımı daraqlayıb bulanıq sularında oynatmış, əllərimlə ovuclayıb üzümü yumuşdum. Çay sevinmiş, suları ayağıma döşənib, ayaqqabımı yalamışdı. Qucağında gətirdiyi dağ çiçəyini ərməğan etmişdi. Əyilib çiçəyi götürmək istəyəndə, ehtiyatsızlıq edib, sürüşüb suya düşmüşdüm. Su məni axına itələmiş, oynayırmış kimi dar bir keçiddən keçirib geniş qoynuna salmışdı. Üzməyi bilmədiyimdən əl-qol atır, çırpınır, sahilə can atırdım. Çay dərin və aşağısı burulğanlı olduğundan tez-tez batıb çıxır, “Köməy edin!.. Köməy edin!!.”- deyə çığırırdım. Ağzıma bulanıq su dolur, islanmış paltarım ağırlaşıb məni aşağı dartırdı. Birdən qolumdan güclü bir əl yapışdı. Burulğanlı, köpüklü suların ağzından qoparıb sahilə çıxartdı. Məlul-məlul gözlərimin içinə baxdı. Lal Murad idi. Danışa bilmirdi. Uşaq vaxtı qoz ağacından yıxılmış, bərk qorxmuşdu. Həkimlər deyirdi, haçansa danışa bilər. Ancaq illər ötür, o “ haçansa” hələ gəlib çıxmırdı ki, çıxmırdı. İşi- peşəsi qoyun otarmaq, Minay təpəsindən kəndə boylana-boylana “ Çoban bayatısı”nda alışmaq idi. Deyirdilər, Ərgünəşin qızı Sevdadan ötrü dəli-divanədir. Ərgünəş də danışa bilmədiyi üçün qızını ona vermirdi. “ O, lal, bu da səhər evlənsələr, çığırıb onu başa salmaqdan olacaq kar!”-deyib hikkəsindən, inadından dönmürdü. İnsafən, qızın da meyli vardı, elə lal Murad da pis deyildi, yarlı-yaraşıqlıydı. Nə olardı ki, qüsuru vardı, lal idi. Danışa bilmirdi. Sevə bilməzdimi? Axı onun da ürəyi var idi, sevən ürəyi. Payız küləyi kimi ünvansız-ünvansız içimdə dolaşan duyğu hər şeyi əlimdən almışdı. Axşamlı- səhərli bütün düşüncələrim o idi. Bu, sevgi idimi, bilmirdim. Görünür, sevgi demədən gəlmişdi. Çiçək görünüşündə, çiçək qoxusunda. Ona elə alışmışdım ki, dərsə gəlməyəndə mən də dərsdən qaçar, gələndə, nəfəsimi içimə çəkib sakitcə dinlər, qorxardım ki, birdən aldığım nəfəsimdə də itirə bilərəm. İçimdən keçəni dilimə gətirə bilmirdim. Dilim yanırdı, özüm yandığım kimi. Görünür, Çiçək də oxuya bilmirdi, gözümdən, könlümdən keçəni. Çaya mehrimi salmışdım, çaya bağlanmışdım. Biz çay yuxarıda, Çiçəkgil isə çay aşağıda olurduq. Kağızdan gəmi düzəldir, içinə zərif çiçək ləçəkləri doldurur, gövdəsinə Çiçək yazıb, qoxlaya-qoxlaya, nəfəsimə bükə-bükə suya buraxırdım. Su onu qoynuna alıb, qırçın sinəsində atıb tuta-tuta çəkib aparırdı. Gözdən itənə qədər gözləyir, sonra çömbəltməz oturub, çayla danışardım. Özümə də bəlli olmayan qəribə bir duyğu içində çırpınırdım. “ Yəqin alacaq!..!-deyib, handan-hana özümə gəlir, sabahkı dərs günündə nəsə dəyişəcəyi ümidi ilə evə dönürdüm. Sabahlar da gəlib keçir, həftələr ayların ömür zəngini çalırdı. Ancaq heç nə dəyişmirdi. Allahdan möcüzə istəyirdim. İstəyirdim dilim, ağzım açıla, Çiçəyə üç heçalıq bircə kəlmə, “Sevirəm” kəlməsi deyə biləm. Deyə bilmirdim. Tanrım, nə ağırməış bu kəlmə. Gör. Bu kəlmənin yükü altında nə qədər ömürlər yanıb qaralırmış. Düz bir həftə çaya yaxın getmədim. Küsmüşdüm çaydan. Bəs mənimlə dost idi? Dost beləmi olar?- deyə soruşur, sonra da təəccübümü boğa-boğa: -Lal Murad olmasaydı boğulacaqdım!..-düşündüyümü dilə gətirirdim. Sadəlövh idim lap. Elə fikirləşirdim ki, çay, yıxılanda anam kimi qolumdan yapışıb qaldıracaq, lilli sahilinə qoyub, gözlərini oynada-oynada: “ Bir də belə etmə ha!” deyəcəkdi. Ancaq heç nə demədi çay. Susdu. Lal Murad kimi susdu. Bu yeddi gün yeddi il qədər uzun göründü mənə. İçimdə danışdım, içimdə susdum. Səsimdə, sözümdə boğuldum. Sən demə insan həmdəm tapa bilməyəndə yazıqlaşır, darıxır. Heç kəsin, heç kəsin sözü- söhbəti sənə xoş gəlmir. Düz bir həftədən sonra küsdüyümün yanına qaçdım. İncikliyimi unutdum, gözlərimdəki gileyi sanki kiçik çay daşlarına büküb əlimlə köpüklü sulara atdım. Hirsim, hikkəm soyudu. Yenə dostlaşdım. İçimdəki gizli bir sirri ona açdım. Hələ indiyənə qədər heç kəsə demədiyim sirri. Çiçəyi sevdiyimi dedim. Gözəl Çiçəyi. Hələ yer üzündə mənim gözümdəki qədər ikinci bir gözəl olmayan Çiçəyi. Nə gizlədim, bir az utandım, qızardım da deyəndə.Çay olanda, nə olar, çayın da bəs ürəyi, gözləri yoxdur?! Dinlədi, yenə ayağıma döşəndi, bir az da bərkdən şırıldayıb, xəfif- xəfif gülümsədi. Zaman çay kimi axıb gedirdi. Ömrümdən illər yarpaq-yarpaq düşürdü. Məktəbi də, institutu da bitirdim. Çiçək sevgim azalmadı, içimdən çıxmadı. Bir gün ürəyimi açaram dedim. Ürəyimi açacağım o bir günsə uzandı. Hər dəfə bir dərd, bir bəhanə çıxdı ortalığa. Qardaşlarımın hərəsi bir tərəfdə, uzaq-uzaq şəhərlərdə oxudu, bacılarım nişanlandı. Valideyinlərim yaşlıydı. Daha əlləri də iş tutmurdu. Ehtiyac, sıxıntı da elə bil ki, bir tərəfdən bizi tanımışdı, heç gözləyib eləmədən də, utanmadan tez-tez qapımızı döyürdü. Aldıqlarımız da qapıdan girməmiş, sanki pəncərədən çıxırdı. Qayğılar qayğıları üstələyirdi. İçimdən keçəni dilimə gətirə bilmirdim. Bir də, danışmağa nə üzlə danışacaqdım ki?! Qarayarçayın yuxusuna şirin layla çaldığı kənddə müəllim işləyirdim. Gəncliyimin ucalığından sadəlövh uşaqlığımın qayğısız günlərinə hərdən həsrətlə baxırdım. Öz-özümə gülümsəyir, arxada qalan o təmiz, bəmbəyaz günlərimin şirinliyinə bürünmək, ovsununda itmək istəyirdim. Günlər atını çapıb gedir, mənimsə əllərim həsrətimin ünvanında uzanıb qalırdı. Bir gün, həə, bir payız günü Çiçəyimin çiçəyini çırtlatdılar. “ Vağzalı” qanadında mənim qanadımı sındırıb, gözüm görə-görə içimi söküb atdılar. Duyğularım keyləşdi, içimdəki ağrı göz yaşlarıma dönüb yanaqlarıma axdı. Bir imkanlı mənim xəyal gülşənimdən Çiçəyimi qopartdı. O, Çiçək ki, mənim arzularım, ümidlərim idi. Elə bil durna köçü kimi köçüb getdi. Durnalar haçansa qayıdır, o isə daha qayıtmayacaqdı... Sığmadığım kənddən şəhərə arzularımın dalıyca gəldim. Qayğı-qayğı böyüdüm, ümid-ümid səhərlərimi açdım. Tale çırağımı yandırıb ömrümün göylərindən asdım. Övladlarım isti təbəssümləri, mehriban baxışları ilə ömrümə işıq gətirdilər. Sanki təzədən doğuldum, təzədən gəlim bu dünyaya. Heç nə, heç nə isə yadımdan çıxmırdı. Tanış sifət cizgiləri Çiçəyi xatırladır, hərdən elə bil onun möcüzəli, titrək səsi də qulağıma gəlirdi. Haldan-hala düşür, özümü büsbütün unudurdum. O gün gördüm ki, küçədə bir qız telefonla şəklimi çəkir. Dedim, qızım neynirsən? Cavabını çox ləngitmədi.Dedi, mən o, Çiçəyəm, içinizdəki Çiçək! Dedim, Allah, Allah, bu hardan çıxdı, hardan bildi ki, mən nə düşünürəm? Təəccübdən az qala hədəqəsindən çıxacaq gözlərimi yumub, qorxa-qorxa ovuşdurdum. Bir addım da irəli atdım. Titrək əllərimi uzadıb xəyalmı, gerçəkmi olduğunu yoxlamaq istədim. Gördüm yoxdur. Bu nə idi , Allahım, olmaya mən yuxumu görürdüm?! Bilmirəm, düzü, bu sirri agah edə bilmirəm, nədənsə, kəndə gedəndə oğullarım Qarayarçayın sahilindən əl çəkmirlər. Kağız gəmilər düzəldib suya buraxırlar. Çiçək şəkli çəkirlər kağız gəmilərin gövdəsinə. Heç ömrümün ağrılı Çiçəyindən onlara danışmamışam. Düşünürəm, görəsən, bu hiss onlarda hardandır? Görünür, hər insanın arzusunda, qismətində həzin, kövrək bir Çiçək nağılı var. Kağız gəmilərə yüklənmiş, suların qoynunda çay aşağı axıb gedən çiçək nağılı. Ümid yüklü bu nağıllar olmasaydı, nələr olardı görən?!..Bakı şəhəri, 2017, 19- 25 mart.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.