Əli Cəfəroğlu: VALTERİN YAXŞILIĞI (hekayə) Nəsr, Müsabiqə 9 июня 2016 Əli Cəfəroğlu (Əliyev),Prezident təqaüdçüsü, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi VALTERİN YAXŞILIĞI (hekayə)Abbas həyəcan və qorxu içərisində meşəyə doğru qaçmaqda idi. Beynindəki fikirlər artıq bir-birinə qarışmışdı. Azadlığa qovuşmaq arzusu ona bütün əzablarını unutdurmuşdu. Əsirlik paltarını tulladıqdan sonra yaşamağa olan inam hissi artmış, addımlarını daha cəsarətlə atmağa başlamışdı. O, dəmir yolu xəttinin aşağı hissəsindən ötüb keçdi. Ətrafda hər şey cansıxıcı idi. Bomboz talalar, arabir gözə dəyən kolluqlar və yabanı bitkilər onun qəlbində kədərli hisslər oyadır, kasıblıq içərisində keçmiş uşaqlığını xatırladırdı. Doğma kəndi olan Poyluda belə mənzərələri çox görmüş, yovşan ətrini sinədolusu ciyərlərinə çəkmişdi. Kür çayının sahilində qoyun-quzu otarmış, təbiətin gözəlliklərinə doyunca tamaşa etmişdi. İndi isə uzaqdan görünən meşə və çay sahili ona həsrətini çəkdiyi kəndi xatırladırdı. -Eh, görəsən doğma yurduma qayıtmaq, əzizlərimə qovuşmaq mənə qismət olacaqmı?! - deyə fikrindən keçirdi. Qənşərindəki tənha palıd ağacını bir xeyli süzdü. Dərindən köks ötürüb dayandı. Qarayazı meşəsində gördüyü əzəmətli ağaclar gözünün önünə gəldi. Yadına saldı ki, o, təbiəti necə də məhəbbətlə sevir, ilahi gözəlliklərdən doymaq bilmir. Qəfildən yaxınlıqdakı kolluqdan xışıltı səsi eşidildi. Bir quş pırıldayıb Abbasın başı üzərindən uçdu. O, əvvəl nə baş verdiyini anlaya bilmədi, gözlərini döyüb təəccüblə quşun arxasınca baxdı. Beynindəki duman tədricən çəkilməyə başladı. Anladı ki, necə də bərk qorxmuş, həyəcanlanmışdır. Bədəninə tər gəldi, ürəyi vahimədən nanə yarpağı tək əsdi. Ayaqları titrədi, yenidən əsirliyə qayıdacağı fikri beynində dolaşdı. - Allah eləməsin, yenidən faşistlərin əsirlik düşərgəsinə qayıdım - deyə düşündü və arzuladı ki, kaş quşa çevrilib vətəninin səmalarında qanad çalaydı. Əsirlikdən qurtulub partizanlara qovuşacağı duyğusu onu yenidən məchul xəyallara apardı, dərin fikirlərə qərq etdi. Beyni sanki partlayacaqdı. Damarlarındakı qan sürətlə axır, nəbzi şiddətlə vururdu. Ancaq bir şeyi dəqiq bilirdi ki, yaşamaq inamı o qədər güclü idi ki, qəlbində uzun müddət gəzdirdiyi dözüm və səbrlə birlikdə azadlığa qovuşmaq üçün hər bir çətinliyə sinə gərəcəkdi. Artıq təngnəfəs olduğunu hiss etdi. Boğazı istidən qurumuş, ayağı topuğa qədər sınmışdı. Ayağının zoqqultusu kəsmək bilmir, varlığını incidirdi. Həyəcan və əzabdan tər su yerinə axıb tökülürdü. Dodaqlarına dəyən duzlu tər damcılarını hərdən dilinə toxundurur, hiss etdiyi acılığı həyatın ağrı-acıları ilə müqayisə edirdi. -Bir az güc ver mənə, ay Allah! - deyərək Allaha yalvarır, ilahinin köməyini arzulayırdı. Ürəyinin döyüntüləri daha da şiddətlənirdi. Nəfəsi getdikcə daralır, qan damarlarında sanki fısqırırdı. Daha qaçmağa taqəti olmadığını anladı. Tələsik dəmir yolunun ətrafından aşağıya endi. Daşların üstündən birtəhər keçərək hündür bir kolun arxasına yetişdi və qərara aldı ki, burada otursun. Güman ki, almanlar yuxarıdan ötüb keçsələr də, onu görə bilməzlər. Odur ki, aşağı oturdu. Ayaqlarını ehtiyatla uzatdı, köynəyinin yaxasını açdı və arxası üstə uzanaraq başını kolun dibindəki mamırlı daşın üzərinə qoydu. Bir qədərdən sonra elə bil yorğunluğu keçib getməyə başladı. Enli şalvarının cibindən bir az quru çörək və hisə verilmiş balıq parçası çıxardı. Balığı görən kimi aclığı şiddətləndi, onu yeməyə həvəsləndirdi. Tez çörəyi ağzına apardı. Dişlədikdə çörək zərblə damağına dəydi və ağrıtdı. Yadına düşdü ki, dişləri nəzarətçilər tərəfindən vurulub sındırılmışdır. Sızıltı ara verdikdə çörəyi ağzına apararaq sormağa başladı. Sonra damağında yaraların olmasına baxmayaraq tələsik əzib uddu. Ürəyinə elə bil balta saplandı. Ağrıları daha da artdı, gicgahındakı damarların titrəyişi artdı. Yeməyi də əzabla yedi. Hər dəfə yeməyi udduqca mədəsindəki ağrılar ona əzab verirdi. Anasını xatırladı. Yazıq qadın nə qədər məhrumiyyətlərə sinə gərmişdi. Təsərrüfatda səylə çalışaraq yetim balalarını namusla böyütmüş, boya-başa çatdırmışdı. Ailədə yeddi uşağın, özü də yoxsul bir ailədə böyüməsi necə də ağırdır. Atası yaxşı mexanizator kimi ad çıxarmış, xoş xasiyyəti ilə çoxlarının hörmətini qazanmışdı. Balalarını dolandırmaq üçün özünü oda-közə vururdu. Qırx beş yaşı olarkən xərçəng xəstəliyindən vəfat etmişdi. O zaman Abbasın on iki yaşı vardı. Evin böyüyü olduğu üçün anasına kolxoz və ev işlərində köməklik göstərir, körpə bacı və qardaşlarına qulluq, qayğı göstərirdi. Kolxoz sədri də savadlı, həm də insaflı adamdı. Gücü çatdığı qədər kasıblara, köməksizlərə yardım edər, hal-əhvallarını xəbər alardı. Yaxşılıq etməkdən isə xüsusi zövq alardı. Abbas xatırladı ki, bir gün kolxoz sədri Yaqub kişi kənd sovetinin sədri Qurbanla onlara gəlmişdi. Özləri ilə bir qədər düyü, yağ gətirmişdilər. Onda anası ilə birlikdə elə sevinmişdilər ki! Anası dil-ağız edib demişdi: -Ay Yaqub dayı, nə əziyyət çəkirsən, bizi utandırdınız. Nə olardı, başqalarına verəydiniz, biz birtəhər dolanardıq. Yaqub kişi onun sözlərini dinləyib cavab verdi: -Köməkdarlıq etmək bizim borcumuzdur, ay Güləbətin! Sənin həyat yoldaşın ömrünü kolxoza həsr etdi, çalışdı - çarpışdı. Bəs, bizi hökumət nəyə görə vəzifəyə qoyub?! Ona görə ki, hamının dərd-sərinə şərik olaq. Sonra o, üzünü kənd soveti sədrinə tutub dedi: -Ay Qurban, eşitmisənmi, Nəsirəddin Tusi adlı məşhur alimimiz nə deyib? - Damağındakı qəlyanını çıxarıb əlinə götürdü və cavab gözləmədən söylədi: - Deyib ki, yaxşılıq edib əziyyət çəksən, əziyyət gedər, yaxşılıq qalar, pislik edib ləzzət çəksən, ləzzət gedər, pislik qalar! -Necə də gözəl sözlərdir, ay Qurban! - deyə kənd soveti sədri bu fikrə heyran olduğunu gizlətmədi.O vaxt bu sözlər Abbasın hafizəsinə dərindən həkk olunmuşdu. Müharibə başlayandan sonra Yaqub kişi cəbhədə döyüşən əsgərlərin qadınlarına göz olar, şərəfsizlik gətirə biləcək əməllərə yol verilməsinə imkan yaratmazdı. O, həmişə deyərdi ki, siz nə qədər yaxşı hərəkət etsəniz, cəbhədə döyüşən ərləriniz, oğullarınız bir o qədər inamla döyüşər. Evlərindən, ailələrindən arxayın olarlar. Ona görə də kənddə hamı onun bu hərəkətini bəyənər, tapşırıqlarını can-başla yerinə yetirərdilər. Əsgərlər isə daha həvəslə yağı düşmənlə vuruşmaqda davam edirdilər. Abbas o biri qardaşlarını evləndirsə də, özü hələ ailə qurmamışdı. Soruşanda bildirirdi ki, hələ qardaş-bacılarım ev-eşik olsun, sonra baxarıq. Anası bundan fərəhlənərdi. Bir gün o, iftixarla oğluna dedi: -Atana çəkmisən, ay bala! - sonra da boynunu qucaqlayıb öpdü və sözünə davam etdi: - Sənin də vaxtın keçir, Abbas. Qoy anan sənin də toyunu görsün. Ana üçün övladının toyunu görməkdən daha böyük xoşbəxtlik ola bilməz. Sən buna layiqsən, oğlum! - deyə oğlunu qucaqlayan ana kədər hissi keçirdi. Abbasın evlənməməsinə bir anlıq acıdı, ancaq bu hissi büruzə vermədi… Ətrafdan almanca danışıq səsləri eşidildi. Abbas tez yerində ehtiyatla dikəldi, yuxarı baxanda dəmiryolu işçi¬lərinin qatarların hərəkət istiqamətində relsləri yoxla¬dıqlarını gördü. Onlar ləngimədən ötüb keçdilər Abbasın həyəcandan ürəyi tir-tir əsirdi, sanki part-layacaqdı. İndi isə qəlbinə bir sərinlik gəldi, ətrafdan gələn təmiz havanı uşaqlıqda olduğu kimi uddu. Qalın saplaqlı otu qırıb əlinə aldı, dodaqlarında oynadaraq əkin əkərkən fasilə zamanı da belə etdiyini xatırladı və qəlbi fərəh hissi ilə doldu. O, öz xilaskarı Valter haqqında düşüncələrə qapıldı. Nə əcəb, alman da yaxşılıq edə bilərmi? - deyə sadəlövhcəsinə fikrindən keçirdi…Düşərgədə zabit işləyən Valter Şnayder alman zabitlərinin içərisində nisbətən rəhmlisi idi. Bir gün o, əsərlərin işləri ilə tanış olarkən bir nəfərin Azərbaycandan olduğunu öyrəndi. Axı, onun doğma əmisi də uşaqlığını Azərbaycanda keçirmiş, Ağstafa rayonunun Qrünfeld kəndində yaşamışdı, əmisinin yazdığına görə, almanlar orada Qrünfeld, Alekseyevka və Marksovka adlı kəndlər salmış, özlərinə yaxşı təsərrüfat yaratmışdılar. Valter evdə danışılanların nəticəsi olaraq Azərbaycan xalqına dərin məhəbbət bəsləyirdi. Əmisi isə qonşuluqda yerləşən Poylu məktəbində alman dilindən dərs deyirdi. Kənddə onu Frans müəllim deyə çağırırdılar. Onun arvadı Şteffi isə rus dili müəllimi idi, vaxtilə SSRİ-nin paytaxtı Moskva şəhərində təhsil almışdı. Əmisi gələcək arvadı ilə Moskvada oxuyarkən tanış olmuşdu. Təhsillərini başa vurduqdan sonra doğma kəndə qayıdıb ailə qurmuşdular. Fransın atası da gözünü dünyaya Ağstafada açmışdı. Onlar Qrünfeld kəndində namusla həyat sürmüşdülər. Lakin onların xoşbəxt həyatı uzun çəkməmişdi. Stalinin əmri ilə 1941-ci ildə bütün almanlar SSRİ-nin dərinliklərinə - Qazaxsıtana, Orta Asiyaya sürgün olunmuşdular. Valter Berlində hərbi Akademiyanı bitirmişdi. O, peşəkar zabit kimi alman ordusunda xidmət edirdi. Bu yaxınlarda onu ürəyincə olmasa da, həbs düşərgəsinə məsul vəzifəyə göndərmişdilər. Hitlerin dünya ağalığına çalışması, digər millətlərə yuxarıdan aşağı baxması, qanlar axıtması, bəşə¬riyyəti ucu-bucağı görünməyən fəlakətlərə sürükləməsinə o qədər haqq qazandırmasa da, faşizm ideologiyası uğrunda çaprışmağa və bu siyasətə xidmət etməyə məcbur idi. Valter Azərbaycandan olan hərbi əsiri görüb onunla söhbət etmək qərarına gəldi. Odur ki, iri addımlarla otaqdan çıxaraq həyətə doğru addımladı. Əsirlər artıq yorucu işdən qayıdırdılar. Avtomatlı nəzarətçilər onları düşərgəyə gətirib təhvil verirdilər. Valter ürəyindən keçirdi ki, əsirlə axşam çağı söhbət etsə daha yaxşı və təhlükəsiz olar. Paqonları par-par yanan, hündürboylu, səliqəli geyinmiş alman zabiti əsirlikdə arıqlayıb bir dəri, bir sümük olmuş Abbası yanına çağırdı. Nəzərləri ilə onu başdan ayağa bir xeyli süzdü. Çatma qaşlarına nəzərə salıb soruşdu: -Sən Azərbaycandansanmı? Abbas düşərgənin məsul işçisinin rus dilində verdiyi sualdan, həm də Azərbaycan kəlməsindən özünü itirdi. Bir anlıq ürəyi fərəh hissi ilə doldu, sanki yuxu görürdü. Ancaq tezliklə xəyalından ayrılıb özünü toxdadı və almana baxıb: -Bəli! - deyə təsdiq etdi. Alman zabiti onu sınayıcı nəzərlərlə bir daha gözdən keçirib soruşdu: -Harasındansan? - dedi və bəzəkli alışqanla papirosunu yandırdı. Sümürüb dərin bir qullab vurdu. -Ağstafa rayonundanam! - deyə Abbas söyləyərkən zabit duruxdu. Sanki bu cavabı gözləmirdi. O, təəccüblə: -Necə, necə? Ağstafadan? - dedi və ətrafına nəzər salaraq sakitliyin hökm sürdüyünü görüb əsirdən xəbər aldı:-Poylu kəndini tanıyırsanmı? - zabit sualına cavab almadan özü davam etməyə başladı. - Bəs, Qrünfeld, Alekseyevka, Marksovka kəndlərini? - zabit artıq buz kimi sərtliyindən əl çəkərək doğma insanla söhbət edirdi. Əsir az qala sevincindən dəli olacaqdı. Görəsən, alman zabiti onun yaşadığı, həsrətində qovrulduğu ata yurdunu haradan tanıyır? - deyə xəyalından keçirdi. Özünü doğma vətəndə hiss etdi və düşündü ki, sanki yerlilərindən biri ilə söhbət edir. Gülümsəyib cavab verdi: -Mən özüm Poylu kəndindənəm. - Özündən asılı olmayaraq cavabı özünəməxsus şəkildə qürurlu alındı. Valterin ürəyindən elə bil cərəyan axıb keçdi. Əmisi Frans, onun arvadı Şteffi, əmisi uşaqları, digər qohumları yadına düşdü. Atası həmişə qardaşının nisgilini çəkir, onları daim xatırlayırdı. Evdə doğmalarından söhbət açır, qürbətə necə düşdüklərini övladlarına nəql edirdi. Valter atasının şirin söhbətlərinə maraqla qulaq asırdı. Ancaq o, öz hisslərini əsirin yanında büruzə vermədi. Papağını bir qədər yuxarı qaldırıb soruşdu:-Frans müəllimi tanıyırsanmı? Abbas alman dili müəlliminin adını eşitdikdə çox sevindi və üzünə təbəssüm gəldi. O, hansısa möcüzənin baş verəcəyini hiss etdi və dedi: -Mənim müəllimim olub, cənab zabit! Bizə alman dili dərsi deyirdi. Çox namuslu, səliqəli adam idi. Hamı ilə mehriban davranar, heç kimin xətrinə dəymirdi. Qrün¬felddən hər gün Poyluya gəlir, şagirdlərə dərs deyirdi. Kəndimizdə onu ziyalı insan kimi çox sevirdilər. Yoldaşı da yaxşı adam idi. Zabit bu sözlərdən sonra çox həyəcanlandı və kədər qarışıq sevinc hissləri içərisində fikir dəryasına qərq oldu… Həmin axşam söhbət edərkən zabit öyrəndi ki, əmisini və onun ailəsini Qazaxstana sürgün etmişlər. Odur ki, əmisi qohumları ilə əlaqə saxlamaqdan məhrum olmuşdur. Valter bu sirri bilməyindən çox sevincək oldu. Sanki qiymətli bir xəzinənin yerini öyrənmişdi. O, Abbasa dedi: -Mənim əmim həmişə sizin xalqın xeyirxahlığından, mehriban münasibətlərindən yazırdı. Ona və ailəsinə göstərilən qayğını, hörməti xüsusi razılıq hissi ilə qeyd edir, insanpərvərliyinizdən zövq aldığını bildirirdi. - Sonra əsiri sınayıcı nəzərlərlə süzüb davam etdi: -Sizin əmimə etdiyiniz yaxşılığa görə, xalqınızın xeyirxahlığına görə, mən də yaxşılığa yaxşılıqla cavab verəcəyəm. Allah imkan versə, sənə kömək edəcəm. Ancaq bu barədə heç kimə, hətta öz yaxın dostlarına belə bildirmə. Yoxsa bu hadisənin axırı çox pis qurtara bilər. Abbas zabitə söz verdi ki, bu barədə heç kəsə bir kəlmə də olsun deməyəcək. Zabit getdikdən sonra o, bu hadisənin təsiri altında soyuq kameranın içərisində dərin xəyallara dalmışdı… Bu hadisədən sonra zabit Abbasla daha da yaxınlaşdı. Onun tapşırığı ilə əsirə verilən işgəncə müəyyən qədər azaldı. Abbas başa düşürdü ki, onu əvvəlki kimi incitmirlər. O, zabitin diqqət və qayğısını öz üzərində hiss edirdi. Bir gün Valter onu yanına çağırıb dedi: -Sabah qaş qaralana yaxın vedrələri götürüb çaydan su götürməyə göndəriləcəksən. Həmin vaxt suyu doldur, ancaq arada ehmallıca arxaya tərəf baxarsan. Əgər nəzarətçilərin hələ də yaxınlıqda olduğunu görsən, səbr et, bir qədər gözlə. Yox, əgər onların olmadığını görən kimi cəld əyilə-əyilə sağ tərəfdəki kolluqlara tərəf qaçarsan Dəmiryolu xəttinin şərq istiqaməti boyunca getməlisən. Ancaq unutma ki, relslərə yaxınlaşmaq olmaz. Yoxsa səni tutub geriyə qaytararlar. Qaçdığına görə güllələyərlər. Yalnız kolluqların, ağacların arası ilə dəmiryoluna paralel surətlə irəliləməlisən Beş-altı kilometrdən sonra meşənin başlandığını görəcəksən. Onda cənuba doğru yönəlməlisən. Orada İtaliya partizanları fəaliyyət göstərir. Allahın sənə rəhmi gəlsə, onların düşərgəsinə yetişəcək, xilas olacaqsan. Alman zabiti Abbası bir daha diqqətlə süzdü və çiyinlərinə vurub dedi: -Allah amanında! - Sonra ciddiləşdi və qaçış planını unutmamağı tapşırdı. Abbas səhəri gün deyilən vaxtda vedrələri aparıb su doldurdu. Arxaya baxdıqda heç kimin olmadığını görüb məqam çatdığını anladı. Cəld kolluğun arxasına keçərək qaça-qaça düşərgənin ərazisini tərk etdi və onun qaçışı əzab-əziyyətli, həyəcanlı saatlarla, cansıxıcı günlərlə davam etdi… Artıq Almaniya Antihitler koalisiyasının yaradılması, Avropada ikinci cəbhənin açılması nəticəsində İkinci Dünya müharibəsində dalbadal məğlubiyyətlərə uğrayaraq qəsb etdiyi torpaqları itirməkdə idi. Dünyanın sülhsevər qüvvələri faşizmə qarşı şiddətli müqavimət göstərir, Almaniyanı öz ərazisinə doğru sıxışdırırdı. Müttəfiqlərin məğlubiyyəti ilə iflas daha da yaxınlaşırdı. Abbas meşəyə çatdıqdan sonra nəfəsini dərdi. Bayaqkı düşüncələr qəlbindəki inamlı hissləri yenidən gücləndirdi. Bədəni sanki polad örtüyünə büründü, faşizmə qarşı nifrəti coşub-daşdı. Gözlərinə bir dünya işıq seli axdı, beynində cövlan edən azadlıq duyğusu yaralarının sızıltısını, ağrısını bir andaca əridib yox etdi. Ümid ona mətanət, səbr və dözüm isə çıxış yolu vermişdi. O, bir qədər dincəldikdən sonra meşəyə daxil olub cənuba tərəf addımlamağa başladı. Ətrafda çiçəklərin ətri quşların civiltisinə qarışmışdı. Otlar baş-başa verib sıralanmış, ağaclar əzəmətli duruşları, vüqarlı baxışları ilə gözəl təbiət lövhələri yaratmışdı. Bir qədər aralıda isə qayalardan süzülüb gələn bulağın sızıltısı eşidilirdi. Abbas bulağın önündə diz çöküb göz yaşı kimi dupduru suyundan ləzzətlə içdi. Üz-gözünü yudu. Sonra ayağa qalxdı. Çiçəklərin rayihəsini sinədolusu ciyərlərinə çəkə-çəkə, qəlbindəki min bir arzunun yedəyində yavaş-yavaş yoluna davam etdi. İtaliya partizanlarının yerləşdiyi əraziyə lap az qalmışdı. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.