ABRAKADABRA© (Hekayə)

ABRAKADABRA©    (Hekayə) CAVİDAN (Orxan Sadəddin oğlu Əfəndiyev) 24.11.1985-ci ildə Bakı şəhərində anadan olub. 6 şeir kitabının müəllifidir. Sözlərinə mahnılar bəstələnmiş, mahnıları dəfələrlə müsabiqələrdə qalib olmuşdur. Şeirləri türk, rus, ingilis, özbək, fars və yunan dillərinə tərcümə edilmişdir. 2009-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv seçilmiş, “Gənclər, İdman və Turizm Məsələləri Daimi Komissiyası”nın sədr müavini vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

MÜSABİQƏNİN "ƏN YAXŞI HEKAYƏ" NAMİNASİYASI ÜÇÜN:

Uşaq vaxtı həmişə istəmişəm ki, qara plaşlı, qara şlyapalı, əlində sehrli çubuq olan bir sehrbazla qarşılaşım ( deyirlər ki, sehrbaz möcüzələr törədir) və ondan üç şey istəyim. Birincisi budur ki, elə eləsin, bütün silahlar yer üzündən yox olsun. Çünki uşaqlar və göyərçinlər silah səsindən qorxur. İkincisi budur ki, elə eləsin, uçmaq üçün qanadlarım olsun, göyə qalxıb qövsi-qüzehi sığallayım. Üçüncüsü budur ki, heç vaxt heç kim ölməsin. Ölüm kədərlidir!

Yadımdadır, evimizin qənşərində oğlan uşaqları “dava-dava” oynayırdılar. Mənsə bərk naxoşlamışdım. Evdən bayıra çıxmağa qoymurdular. Ağ taxtalı köhnə pəncərəmizin qabağında dayanmışdım. Əllərimi çənəmə qoyub, pəncərəyə qonan göyərçinə baxırdım.
Televizor açıq idi. Anam lobya doğraya-doğraya televizora baxırdı. Bombalanmış Bağdadın xarabalıqlarını göstərirdilər... Qəflətən anam bərk ufuldadı. Hövllə geriyə çöndüm. Göyərçinsə “pırr” eləyib havaya qalxdı. Tez anamın yanına yüyürdüm. Bıçaq barmağını kəsmişdi. Gördüm ki, ağlayır. “Qorxma, anacan! Heç nə olmayıb!” - dedim. Mən elə bilirdim ki, təkcə uşaqlar qandan qorxur. Səndemə böyüklər də qandan qorxurmuş!...

Yüyürüb televizoru söndürdüm. Sonra da tələm-tələsik gödəkcəmi əynimə keçirib, bayıra cumdum. “Dava-dava” oynayan uşaqlardan biri qabağıma çıxdı. Onun əlindən oyuncaq tapançasını alıb, yerə çırpıb tapdaladım. Uşaq da məni yaxşıca əzişdirdi. Ağlaya-ağlaya öz evimizə qayıtdım. Anam soruşdu ki, nə olub? Hal-qəziyyəni ona danışdım. Anam mənə bir az öyüd-nəsihət verdi, bir az da danladı. Gördü ki, bikefləmişəm, könlümü almaq üçün dedi:
– Naxoşluğun qurtaran kimi, səni sirkə aparacam.
Əlimin arxasıyla gözümün yaşını silib dedim:
– Doğrudan da aparacaqsan?
Anam gülümsəyib, “hə” mənasında başını tərpətdi. Sevincək yerimdən atılıb onu qucaqladım, o da mənim başımı sığalladı. Heç sirkdə olmamışdım, yalnız televizorda görmüşdüm. O saat təsəvvürümə gətirdim: rəngbərəng işıqlar, ayılar, pələnglər, akrobatlar... Dedim:
– Ana, orada sehrbaz da olur, düzdür?
– Hə...
– Düz deyirlər ki, sehrbaz möcüzələr törədir?
– Hə, düz deyirlər.
Səbrsizləndim. Bircə tez sağalım. Anam məni sirkə aparacaq. Ən qabaq cərgədə oturacam. Düz sehrbazın gözləri qarşısında. Sehrbazdan üç şey xahiş edəcəm: müharibə olmasın, uçmaq üçün qanadlarım olsun və heç vaxt heç kim ölməsin... O da bu xahişimi yerinə yetirəcək.
Bir neçə gündən sonra sağaldım. Anam söz verdiyi kimi məni sirkə apardı. Hər şey təsəvvür etdiyim kimiydi. Hər şey gözəl idi. Mən uşaq heyranlığı ilə seyr edirdim. Amma fikrim sehrbazda qalmışdı. Fikirləşirdim, yəqin ki, indi gələcək, “abrakadabra” - deyib, möcüzə göstərməyə başlayacaq, mən də ona yaxınlaşıb xahişimi edəcəm. Onu böyük səbrsizliklə gözləyirdim. Amma nə qədər gözlədimsə, sehrbaz gəlib çıxmadı...

Müəllif: Cavidan (Orxan Sadəddin oğlu Əfəndiyev)




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: