Sevinc İldırım qızı (Rəhmanova)

Sevinc İldırım qızı (Rəhmanova) Sevinc İldırım qızı (Rəhmanova) - 1964-cü ildə Xocavənd rayonundakı Qaradağlı kəndində doğulub.
Xankəndindəki Pedaqoji İnstitutu bitirib.
Hazırda Bakı şəhərində yaşayıb-yaradır.
Bakının Xətai rayonundakı 24 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimidir.
Sevinc İldırımqızı həm də poeziya vurğunudur.
İstedadlı şair kimi tanınır.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.

Ailəlidir. Həyat yoldaşı ali təhsillidir.
I Qarabağ müharibəsi iştirakçısıdır.
Üç övladları var. Üçü də ali təhsillidir.
Oğlu hazırda hərbi xidmətdədir.

Biz də Sevinc İldırımqızına yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Aygül ÇOBANOVA,
ZiM.Az



Şəhidlər

O cənnət yerləri qaytarmaq üçün,
Cənnət quşlarına döndü şəhidlər.
Əbədi bərq vuran bir inci kimi,
Gözümün yaşına döndü şəhidlər.

Qəmli bayatıda, şirin nağılda,
Anan ölsün kimi dərdli mahnıda.
Həzin şikəstədə, həzin ağıda,
Zərif zümzüməmə döndü şəhidlər.

Billur çeşmələrdə, billur çaylarda,
Can verib, can alan şahid dağlarda.
Şahid meşələrdə, dik qayalarda,
Xarıbülbülümə döndü şəhidlər.


Küləklər

Mən sizə heyranam əsən küləklər,
Sizin qədrinizi indi bilmişəm.
İsti əs, güclü əs, istər sərin əs,
Sənin qüdrətini indi bilmişəm.

Əs külək, bayrağım qoy dalğalansın,
İlıq gilavarla biraz nazlansın.
Xəzri tüğyan etsin, göylərə qalxsın,
Yellənən bayrağı şahin bilmişəm.

Bayrağın əmanət türkdən, İslamdan,
Sinəsi bərq vuran aydan, ulduzdan,
Mən zəfər günündə qızıl payızdan
Küləyi bayrağın dostu sanmışam.

Murovdan Bakıma şəstlə baxanda,
Laçında, Şuşada şahə qalxanda.
Küləklə bayrağım salamlaşanda,
Düşməni qorxaraq qaçan görmüşəm.


Dünyanın sevgisi

Qınamayın, danlamayın dünyanı,
Onun sirləri çox, danışa bilmir.
Hay salmır bizim tək, hayqırmır, susur,
Öz ulu sevgisin yaşayır dünya.

Baxıb pərvanənin şamla eşqinə,
Günəşə bağlanıb, əhsən aşiqə.
Dolanır başına vallah min kərə,
Günəşlə bərabər yaşayır dünya.

Sevgisinə düşkün bu qoca dünya,
Güllərə can verir, dəymir qanqala.
Yurd verir qoynunda əfi ilana
Fərq qoymur mərhəmət aşiqi dünya.

Dünya dünyasında müdriklik edir,
Kür, Araz sevgisin Xəzərdə bölür.
Zirvələrə aşiq dağı lal edir,
Əzəldən məcəra sevəndir dünya.

Usanıb dünyadan köçəndə hayla,
Ovundurar bizi torpaq payıyla
Gündüzlər Günselə, gecələr ayla
Bizə öl dünyasın çalandır dünya.

Sevinc İldırım qızı (Rəhmanova),
Bakıdakı 24 saylı tam orta məktəbin müəllimi

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: