Hənifə Alışanoğlu (1941)

Hənifə Alışanoğlu (1941) Hənifə Alışanoğlu (Hənifə Alışan oğlu Şərifov) 1941-ci il dekabrın 5-də Sabirabad rayonunun Bulduq kəndində anadan olub. Ulacalı kənd orta məktəbini bitirib. Rusiyanın Penza vilayətində hərbi xidmətdə olub. Ordu sıralarından tərxis edildikdən sonra doğma kəndlərinə qayıdıb, Əlibayramlı (indiki Şirvan) şəhərində Şirvanneft Neft Mədənləri İdarəsində elektrik mantyoru işləyib. 1966-cı ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) pedaqoji fakültəsinə qəbul olub. 1969-1970-ci tədris ilində doğma kəndlərindəki orta məktəbdə sinif müəllimi işləməyə başlayıb. O, eyni zamanda, ədəbiyyat fənnini tədris edib, tədris işləri üzrə direktor müavini kimi də çalışıb. Nümunəvi tədris hissə müdirlərindən biri kimi konfrans və yığıncaqlarda işi həmişə başqalarına nümunə göstərilib. İşlədiyi müddət ərzində bir sıra mətbuat səhifələrində pedaqoji mövzuda yazıları dərc olunub. Dərs dediyi siniflər bir qayda olaraq həmişə yüksək fəallığı ilə seçilib. Baş müəllim, metodist müəllim, ali kateqoriya dərəcəli müəllim adlarına layiq görülüb. Rayon Təhsil Şobəsinin ictimai metodisti kimi rayonun bir sıra məktəblərində tədrisin vəziyyəti ilə tanış olub və həmkarlarına lazımi metodiki tövsiyələr verib.
Hənifə müəllim 42 ildən çox pedaqoji sahədə çalışıb. Yaxşı işi rayon rəhbərliyi və eləcə də Təhsil Şöbəsi tərəfindən layiqincə qiymətləndirilib. Bir sıra mükafatlara, "Qabaqcıl maarif xadimi" adına layiq görülüb.
Ancaq Hənifə müəllimin işi təkcə pedaqoji fəaliyyətlə bitmir.
Ötən illər ərzində qazandığı poetik uğurları Hənifə müəllimi daha çox sevindirib.
Poeziya onun ikinci və həm də ən çox sevdiyi bir peşəyə çevrilib.
Bu illər ərzində Hənifə müəllim duyğularını, onu düşündürən, narahat edən hisslərini neçə-neçə şeirə çevirib ağ vərəqlərə köçürüb. Və bu gün iftixarla demək olar ki, Hənifə Alışanoğlu bir müəllim kimi sinif otaqlarında deyə bilmədiklərini bir şair kimi dərc olunmuş şeirlərində deyə bilib.
Hənifə müəllim sevinir ki, çoxsaylı oxucuları bu gün onu müəllimdən çox şair kimi daha yaxşı tanıyırlar. Şeirləri respublikamızın bir sıra mətbuat orqanlarında çap olunub. Azərbaycan radiosu ilə səsləndirilib. İlk şeiri 1956-cı ildə yerli qəzetin səhifələrində çap olunub. Bu ilk şeirin ayağı uğurlu olub. Hənifə Alışanoğlu sonralar çətin, məsuliyyətli və həm də son dərəcə ecazkar poeziya dünyasının həqiqi vətəndaşına çevrilib. Rayonda ən çox dərc olunan, kitabı çıxan şair kimi tanınır. İndiyədək şairin 32 kitabı işıq üzü görmüşdür.
Hənifə Alışanoğlu ülvi hisslər, müqəddəs duyğular, böyük amallar şairidir. Onun yaradıcılığını bütöv kimi götürsək, görərik ki, Hənifə Alışanoğlunun baş mövzusu Vətəndir-Azərbaycandır. O, Vətənin oduna yanan, Vətən adını ürəyinin başına yazan, xalq ilə bir gülüb, bir ağlayan söz ustasıdır. Onun qəlbindən qopan şeirlər ürəklərə yol açır, ürəklərdə yuva salır.
Hənifə Alışanoğlu nə qədər saf, duru bir insandırsa, poeziyası da eləcə özü kimidir. Hər şeiri sanki özüdür, öz mücəssəməsidir.
Hənifə müəllim insan kimi də, şəxsiyyət kimi də bütövdür, əyilməzdir, olduqca təvazökardır. Orda-burda görünməyi sevmir, başını aşağı salıb şeirlərini yazır.
Hənifə müəllim poeziya sahəsində qazandığı uğurlara görə “Avropa Nəşr və Mətbu Evi”nin qızıl medalına, "Abdulla Şaiq" və "Qızıl qələm" medaia mükafatlarına, eləcə də, "XXI Əsrin Ziyalısı" və "Ən yaxşı vətənpərvər şair" Fəxri diplomlarına layiq görülüb.

Biz də Hənifə müəllimə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..


ZiM.Az..


GƏL, GÖRÜŞƏK
(Nəğmə)

Gördüm səni bir yaz günü,
Təbiətin gül çağında.
Güldü dünyam, güldü həyat,
Gözlərimin qabağında.

Nəğmələndi dörd bir yanım,
Baxışların aldı məni.
Həsrət-həsrət baxdım sənə,
Gördüm qara gözlərini.

Bir az titrək, bir az həzin,
Duyğularım dilə gəldi.
Söz axtardım hüsnünə mən,
Şair qəlbim nəğmələndi.

Baxdım əlvan çiçəklərə,
Duyğularım havalandı.
Yasəmənlər... qızılgüllər...
Səni görüncə utandı.

Əlim saçında gəzməmiş,
Gördüm od tutub bədənim.
Səni görüb elə çaşdım...
Dilim söz tutmadı mənim.

Qismətimsən, səni görüb,
Bu yaz günü tapdım səni.
Duyğularım dağ seli tək,
Çəkdi dağdan, düzə məni!

Gəl, görüşək, günü bu gün,
Axşam gülsün görüş yeri!
Səni kimsəyə vermərəm,
Göndərirəm elçiləri!


GÜL ÜZÜMƏ
(Nəğmə)

Gül üzümə, gülsün dünya,
Çiçəklənsin dərə, təpə.
Çayır-çəmən çıxsın dizə,
Yağış yağsın səpə-səpə.

Gül üzümə - gülsün ürək,
Silinsin həsrətim, qəmim.
Duyğularım aşıb-daşsın,
Sevgi notuna köklənim.

Sən güləndə dünya gülür,
Bağım-bağçam ətirlənir.
Gülüşündən ilham alıb,
Təbiət də sehirlənir.

Sevgi dolur ürəklərə,
Baxışlarda həsrətə bax...
Bir gülüşün alovundan,
Duyğularım alışacaq...

Gül, gözəlim, qoy Yer üzü,
Bürünsün sevgi ətrinə!
Mərmi, güllə atılmasın,
Sülh gətirsin Yer üzünə!

Gül üzümə, gül, əzizim,
Dodağında gül açılsın!
Təbəssümün gül daşısın,
Sevgimizə nur saçılsın!

Gülüşlərin nəğmə olub,
Axıb dolsun qəlbimizə!
Gülə-gülə gedək, gülüm,
Toy-büsatlı günümüzə!

KEÇDİ
(nəğmə)

Bu qız kimdi belə çıxdı qarşıma,
Məni öz oduna bələdi keçdi.
Gözüm arxasınca dikilib qaldı,
Sevgi ələyində ələdi keçdi..

Ceyrandı,pəridi,maraqlıdı yoxsa...
Ağlımı başımdan aldı bir anda.
Bir dəfə qıyqacı baxdı elə bil,
Od-alov yanırdı baxışlarında.

Bu qızın yerişi sözə sığışmır,
Turacmı, kəklikmi, mələkmi..söylə.
Gözləri can alır, kirpiyi oxdur,
Baxanı yandırır o, bilə-bilə.

O, hardan bildi ki, mən bir ovçuyam,
Gözdən qaçırmaram kölnüm sevəni !
Gəl,həsrət odunda birlikdə yanaq,
Əlimdən qaçıra bilmərəm səni !


YARI YOLDA QALMAYIM

Bir yaralı ürəyəm,
Qanadı yox diləyəm,
İndi kimə gərəyəm?
Tanrım, mənə arxa ol,
Yarı yolda qalmayım!

Böyüyüb artmır yetim,
Arxasız olmaq çətin,
Daha çatmır qüvvətim,
Tanrım, mənə arxa ol,
Yarı yolda qalmayım!

Könlümün qəm səsiyəm,
Gecikmiş həvəsiyəm,
Güldürsən, güləsiyəm,
Tanrım, mənə arxa ol,
Yarı yolda qalmayım!

Bülbüləm-gülə həsrət,
Nəğməyəm - dilə həsrət,
Durnayam - gölə həsrət,
Tanrım, mənə arxa ol,
Yarı yolda qalmayım!

Bu dövran yordu məni,
Yollarda qoydu məni,
Geyinmişəm kəfəni,
Tanrım, mənə arxa ol,
Yarı yolda qalmayım!

Bu bəxt məni görmədi,
Heç məni güldürmədi,
Nə istədim vermədi,
Tanrım, mənə arxa ol,
Yarı yolda qalmayım!

Qarşıda yolum bağlı,
Dilim zirvə soraqlı,
Gəzirəm qolu bağlı,
Tanrım, mənə arxa ol,
Yarı yolda qalmayım!


SÖZLƏ SİLAHLANAQ GÜLLƏ YERİNƏ
(İXTİSARLA)

Doldur ürəyimi, doldur Ay Allah,
Qoy yanım əbədi söz tonqalında.
Od düşsün qəlbimin söz atəşinə,
Məni üşütməsin qışın qarında.

Oxşasın ruhumu baharın ətri,
Çıxım söz ovuna güllü çəməndə.
Sözlərim ruhuma şərbət çiləsin,
Qızlar dəstə-dəstə çiçək dərəndə.

Ağaclar geyinsin çiçək donunu,
Nəğmə yuvasına dönsün hər ağac...
Gözəllər nazlanıb çıxsa gəzməyə,
Sən də bir gözələ ürəyini aç!

Dilimdə sözlərim tüğyan qoparsın,
Bir qızın saçına sığal çəkəndə
Həsrətdən tutulsa dilim, dodağım...
Od tutub alışsın qələm əlimdə!

Doldur ürəyimi, doldur Ay Allah,
Qoy yanım əbədi söz tonqalında!
Yayın istisi də, qışın qarı da,
Özünə yurd salsın misralarımda!

Sevgi nəğməsinə köklənsin ürək,
Yazım misra-misra sevgi dastanı!
Sözlər sıralansın mirvari kimi,
Sevgidir yaşadan qoca dünyanı!

Söz doldur qəlbimə, kədərim itsin,
Cahanı güldürüm sözün gücünə!
Dünya çalxalanıb bir az durulsun,
Sözlə silahlanaq güllə yerinə!

GÜLÜŞÜN
("SƏNİN ÜÇÜN DARIXMIŞAM" adlı kitabımdan)


Bir gülüşün hədəfinə tuş oldum,
Bir gülüşə sevgi axdı qəlbimə.
İndiyəcən sevgi nədir bilməyən,
Bir gülüşdən oyanarmış sən demə.

Günlərimin dinc axarı dəyişdi,
Birdən-birə günəş doğdu içimdə.
Elə bildim həyət -baca gül açıb,
Gözəllərin yarışı var küçəmdə.

Qəfil qopan tufandımı,seldimi?
Gördüm yanır öz-özünə bədənim.
Bu gülüşün sevdasına düşəndən,
Yollar olub görüş yerim,məskənim.

Min rəng çaldı çayır,çəmən gözümdə ,
Sakit axan sellər, sular kükrədi.
Duyğularım məni çəkdi yüz yerə,
Heç özüm də duymadım ki, bu nədi?!

Dedim ay qız,sevgi budur deyəsən,
Bir ürəyi cilovladı gülüşün.
Taleyimin naxışısan bəlkə sən?
Bir alovdu, bir yanğıdı gülüşün.

Sevgi varmış bir gülüşün içində,
Ömrüm ,ruhum təzələndi bu gündən.
Hər baxışa uymayan bir cavabım,
Bir gülüşə "qurban" getdim indi mən.


Geri dönüncə...

Bir titrək ümidin əlində qoyub,
Getdin...həmin gecə ayrıldın məndən.
O gecə bir qəmli xəyala dönüb,
Mənim səadətim uçdu əlimdən.

"Getmə"....pıçıldadım ürkək ,astadan,
Yandı dodağımda qəlbimin sözü.
Bəlkə də həmin an həyacanımdan,
Od tutub alışdı gecənin özü.

Getməzdim həsrətin qəm sorağına ,
Bilsəydim bu görüş sonuncu imiş .
Mən hardan biləydim... demə nə vaxtdır,
İçimdə sevgi yox,qəm göyərirmiş.

Getdin ...od qalandı duyğularıma,
Qarlı qışa döndü çiçəkli yazım.
Sənsiz bu bahar da könlümə yaddır,
Sənsiz bu gözəllik nəyimə lazım?!

Qaynar məhəbbətim döndü o gündən,
Dərilib atılmış solğun çiçəyə.
Görən qarğıyımmı.... üsyan edimmi,
Səni məndən alan həmin gecəyə?!

Kimin günahıdır axı bu günah,
Kimin günahıdır mənim çəkdiyim?!
Mənə dərd gətirən bu gedişinlə,
Görən nə qazandın,msənə nə deyim?!

...Sevdiyim... mən səni gözləyəcəyəm,
Sənli arzularım üzə gülüncə.
Neyləyim... dözərəm yüz sınağa mən,
Qayıdıb sevgimə geri dönüncə.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: