Müşfiq Əliyev (1974)

Müşfiq Əliyev (1974) Müşfiq Mürşüd oğlu Əliyev - 1974-cü il oktyabrın 31-də
Füzuli rayonunun Saracıq kəndində anadan olub.
Orta məktəbi fərqlənmə ilə bitirib. 1993-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində ali təhsil alıb.
1995-ci ildən "Xalq sözü" qəzetinin redaksiyasında öncə korrektor, sonra isə xüsisi müxbir vəzifəsində işləyib.
Hazırda Təhsil şöbəsində çalışır.

Biz də aşağıda Müşfiq müəllimin bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
ZiM.Az



UNUDARAM.....
(Təzad)


Səni elə indicə
unutmağa nə var ki,
Ayrılığın ilk səhəri,
Səni şirin unudaram.
Ürəyimin hər yerində,
Gözlərimin zirvəsində,
Ömrüm boyu, həmişəlik
Səni dərin unudaram.
Unudaram,
əllərinin qoxusunu,
Unudaram,
gecələrin sənlə bağlı yuxusunu,
Unudaram,
nəfəsini, hər səsini.
İnan,
necə sevmişəmsə
Eləcə də unudaram.
Unudaram varlığını.
Unudaram...


YENƏ PAYIZ GƏLƏCƏK...

Yenə payız gələcək,
sən adlı xatirələr,
yenə vərəqlənəcək
Sənin üçün ürəyim
həsrətindən öləcək.
Yenə payız gələcək
ümidim yarpaq- yarpaq,
havada yellənəcək,
Gözlərimdə göz yaşım
axacaq, sellənnəcək.
Yenə payız gələcək
sənə divanə könlüm
Sənə nəğmə deyəcək.......


GƏL, OVCUNA ŞEİR YAZIM

Gəl, ovcuna şeir yazım,
Mənim olsun ovucların.
Nəfəsimlə hey daransın
Gül ətirli o saçların.

Gəl, ovcuna şeir yazım,
Hər gün, hər an oxu məni.
Tək qalanda, darıxanda
Misra- misra qoxu məni.

Cünki, səni məndən sonra,
Ruhən sevən olmayacaq.
Bu saf eşqdən, bu sevgidən
" Bir də məndən olmayacaq".


SEVGİ...

Xəyallarım əsir düşüb,
Sən gedəndən bilki sənə.
Nə zamandır ki, həsrətəm
Gül qoxulu nəfəsinə.

Səni elə sevmişəm ki,
Unutmağım asan deyil.
Gəl, hardasan gəl a, zalım
Sevən könlüm susan deyil.

Yana- yana bu atəşdə,
Hər gün səni gözləyirəm.
Səni sevən ürəyimdə
Bir ömürlük gizləyirəm.


MƏNİM ÜÇÜN DARIXMA...

Mənim üçün darıxma,
Tab gəturməz ürəyin.
Hər şeyin bir sonu var
Bir gün olar gərəyin.

Mənim üçün darıxma,
İnan ki, heç yoxam mən.
Gözlərində qəm yükü
Doluxsunma belə sən.

Axı bu bir həyatdır,
Payızı var, yazı var.
Gəl, darıxma bu qədər
Həsrətin də nazı var.


ARZULARIN ARZUSU...

Səni ömrüm boyunca,
Yorulmadan gözlərəm.
Arzularda yaşadıb
Beləcə əzizlərəm.

Cismimlə yox, ruhumla
Dərin sevmişəm səni.
Bu saf duyğularımla
Şirin sevmişəm səni

İstəyirəm biləsən,
Mənim üçün başqasan
Gecəmdə, səhərimdə
Ən şirin bir arzusan........


ARZU

Gəl, tutum əllərindən,
Ürəyimə aparım.
Sən ki, belə şirinsən
Səni səndən qoparım.

Axı gözəlliyinə,
Eşqimlə divanəyəm.
Susuz bir ürək kimi
Yanan bir Pərvanəyəm.

İnsaf eylə, gəl yaxın,
Gəl ki, sənə qovuşum.
Çiçək açsın təzə- tər
Sevincindən göz yaşım.


DƏLİ EŞQ...

(Bədahətən)


Qəlb dodağı sevən kimi,
Mən də səni sevirəm.
Saçımın hər yerində,
Səni səndən istəyən-
tək sevgim sənsən deyən
Bu ağ dəni sevirəm.
Misra-misra yazdığım,
Xəyallarda azdığım,
Səni səndən xəbərsiz
Şeirlərdə sevirəm.
Şirin-şirin sevirəm.


SƏNDƏN DOYMARAM...

Sən elə ətirli bir qönçəsən ki,
Hopsan ürəyimə səndən doymaram.
Vəsf etsəm bənzərsiz gözəlliyini
Sən adlı sevgidən, ləldən doymaram.

Sən elə duyğulu bir nəğməsən ki,
Eşqimə sən nəfəs güldən doymaram.
Ruhumla ruhunu sevsəm, oxşasam
Sənli gündən, aydan, ildən doymaram.

Sənsən taleyimin ümid qoxusu,
Sənsən gözlərimin şirin yuxusu,
Məni məndən alan ürək oğrusu
Bilki bu zamandan, andan doymaram.


SEVGİ NƏFƏSİ

Gəl, hər gecə yuxun olum,
Gözlərində gecələyim.
Tut əlimdən sevgi kimi
Dərdimi sənə söyləyim.

Ən şirin, xoş arzu kimi,
Bir mən olum, bir də ki, sən.
Gəl, yaxın ol, sən ruhuma
Sevgi adlı bir nəfəssən.

Eşq oduyla alovlanıb,
Qoy hey axım ürəyinə.
Həsrətindən gizli-gizli
Divanəyəm gülüm sənə.


SEVGI NƏĞMƏSİ

Axı sən bir arzusan,
Axı sən bir saf susan.
Sənə olan bu eşqimi
Misra-misra sən duymusan.

Çiçək ətrin bir bal kimi
Ürəyimə hey süzülür.
Yuxu kimi sən şirins
Səni sevən könlüm.

Gəl, yaxın gəl nəfəs kimi,
Gəl, alışıb alovlanım.
Ruhum ruhuna qovuşsun
Gəl məst olum, xumarlanım.


***


GƏL, DARAYIM TELLƏRİNİ...

Sevgi adlı nəfəsimlə,
Gəl, darayım tellərini.
Sənə qaçan ürəyimlə
Öpüm şeir əllərini.

Bu eşqimlə gizli- gizli,
Gözlərimə çəkim səni.
Səni sevən bu könlümə
Bir ömürıük büküm səni.

Gəl, bu gecə gəl, ruhuma,
Gəlişinlə bir də toxun.
Qoy hey axşın şirin- şirin
Ürəyimə o gül qoxun.

ƏN ŞİRİN YUXUM OLASAN

Bir ay kimi gecələri,
Yuxuma qonaq gələsən.
Gözlərimdən axan yaşı
Gəlişinlə sən siləsən.

Gül ətirli bir meh kimi,
Hey axasan ürəyimə.
Bir dərman, məlhəm olasan
Dodağından bu qəlbimə.

Həsrət dolu bu könlümüz,
Sevənlərlə kaş yarışa.
Bir gün həsrət sona yetə
Ruhum ruhunla qovuşa.

SƏNDƏN DOYMARAM...

Sən elə ətirli bir qönçəsən ki,
Hopsan ürəyimə səndən doymaram.
Vəsf etsəm bənzərsiz gözəlliyini
Sən adlı sevgidən, ləldən doymaram.

Sən elə duyğulu bir nəğməsən ki,
Eşqimə sən nəfəs güldən doymaram.
Ruhumla ruhunu sevsəm, oxşasam
Sənli gündən, aydan, ildən doymaram.

Sənsən taleyimin ümid qoxusu,
Sənsən gözlərimin şirin yuxusu,
Məni məndən alan ürək oğrusu
Bilki bu zamandan, andan doymaram.

SƏNİ DƏLİ KİMİ
KAŞ SEVMƏYƏYDİM...


Kaşki unudaydım ömürlük səni,
Mən səni ruhumla heç sevməyəydim
Sənə gətirdiyim böyük sirrimi
Boğub öldürəydim kaş deməyəydim.

Səni dəli kimi sevməyim söylə,
Hicrandan savayı nə verdi mənə?
Bəxtimə pay düşən yasaq sevgi tək
İndi bir ömürlük həsrətəm sənə.

Sevda yollarında qərib yolçu tək,
Dərdini oxuyan ozan kimiyəm.
İndi bu payızda külə çevrilmiş
Sönən ulduz kimi, xəzan kimiyəm.


SƏN BİR MƏLƏKSƏN...

Sənin gözəlliyin,
elə fərqli ki,
Sən nursan, işıqsan,
Sən bir Mələksən.
Sənin şirinliyin
elə dadlı ki,
Ruhuma nəfəssən,
sən bir sevgisən.
Mənsə səni sevən
bir dəli aşiq
Sənə divanəyəm...


SƏN MƏNİM BƏXTİMİN
SEVGİ ANISAN. . .

/ Bədahətən/


Sən mənim bəxtimin gecikən yazı,
Gecikən qatarı, sevgi anısan.
Sən mənim bəxtimin ən şirin nazı
Ən şirin səhəri bil, zamanısan.

Sən mənim bəxtimin sevda nəğməsi,
Ətirli nəfəsi, bal çiçəyisən.
Sən mənim bəxtimin bir dəniz səsi
Doğan günəşisən, gül ləçəyisən.

Sən mənim bəxtimin bir tək Mələyi,
Görən gözlərimin nur röyasısan.
Sən mənim bəxtimin ləldən lələyi
Elə məhəbbəti, bir dünyasısan.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: