Dilarə Süleyman Zahidqızı: "Bağışla, məni VƏTƏNİM!.."

Dilarə Süleyman Zahidqızı: "Bağışla, məni VƏTƏNİM!.." Dilarə Süleyman Zahidqızı - 24 aprel 1982-ci ildə
Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində ali təhsil alıb.
İlk dəfə şeiri 2003-cü ildə "And" "Sərbəst düşüncə"
qəzetlərində çap olunub.
Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Canım Azərbaycanım" ədəbi məcmuəsində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında,
"Türk dünyası şeir antologiyası"nda,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində,
"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.

Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Zemfira ASLANQIZI,
ZiM.Az



Vətənim

Vətənin dərdlərin görüb,
Dərd dediyim boş işlərə
Deyinməyə utanıram!
Ölənləri, itənləri,
Küçələrdə yatanları,
Yoxsulların varın görüb
Hər məclisə yeni paltar
Geyinməyə utanıram.

Adı dağdan ağır gələn
Şəhidin cəsarətini,
Ahı dağı-daşı dələn
Anaların həsrətini,
Ürəyində bütöv elin
Qeyrətini tutanları
Gördükcə kiçik uğura
Öyünməyə utanıram!

Bağışla, məni Vətənim!
Dərdlərin ruhuma qənim.
Bir ovuc torpaq bədənim,
Qəlbim həsrətin məzarı
Döyünməyə utanıram!
Adətmi etdik acına?
Kəm baxdıq şərəf tacına?
Dilarə, qəflət köçünə
Qoşulub gedəndən bəri
könülsüz getdim yolları,
Ya dönməyə utanıram?


Əzizim

İkimizə bu şəhərin yeri yox,
Ya sən çıx get, ya mən gedim, əzizim!
Bir bağışla hesabıyla uduzduq,
Nə sən dedin, nə mən dedim, əzizim!

Çəkə -çəkə bu dünyanın dərdini,
Yazanmadıq sevgimizin ardını,
Söz vermişdik biləcəydik qədrini,
Nə sən bildin, nə mən bildim, əzizim!

Bu şəhərin havası nə ağırmış,
Günəş sanki əvvəl fərqli doğurmuş,
Buludlardan gözlərimə yağırmış,
Nə sən sildin, nə mən sildim, əzizim!

Bu şəhərin nə günahı var indi?
Bu düşdüyüm həsrət elə dərindi!
Ürəklərdə boş qalıbdı yer indi,
Ya sən öldün, ya mən öldüm, əzizim!

Dilarəni sevinci qəm dadında,
Bu dünyanı bitirmişəm adında,
Çoxu kimi bu şəhərin yadında,
Nə sən qaldın,nə mən qaldım, əzizim!


Gizlənib

Mən Mövlanə aşiqiyəm
Həsrətimdə sirr gizlənib
Əməl mələyə bənzəmir
Niyyətimdə pir gizlənib.

Sev dedi insanı Tanrım,
Hacət ipi hanı, Tanrım?
Əvvəli, həm sonu Tanrım
Canda ruhum hürr gizlənib.

Xasiyyətim qara torpaq
Günah qara, əzabı ağ,
İçimdəki körpə uşaq
Bir dəlisov kür gizlənib.

Dərvişə dardı dünya, dar!
Vicdanın haqq-hesabı var.
Bəyazlatmaz yağış, ya qar
Paklığımda kir gizlənib.

Üz tuturam göyə niyə?
Yerim haradı dönməyə?
Göyə gedim deyə-deyə
Gözlərimdən yer gizlənib.

Qəddimi bükdüm yoluna
Haqqım təslimdir əlinə
Yiyə dur gözdə telinə
Öz gözündə tir gizlənib.


Eşqi

Hər gün salamlaşıb, hər gün görüşüb
Hər gün baxışlarla yormuşuq eşqi
Bir zaman adına nəğmələr qoşub
Bir gün kürəyindən vurmuşuq eşqi.

Əlləri öyrətdik əldən tutmağa,
Çalışdıq vuruşduq gözə batmağa,
Qıyıb yuxumuza haram qatmağa
Elə yuxularda görmüşük eşqi.

Həsrətin közündə yanana qədər
Dik dura bilmədik sınana qədər,
Eşqin dəyərini qanana qədər
Dəyər bilməyənə vermişik eşqi.

Həyat məktəbində ən çətin dərsdi
Mən ona düz idim, o mənə tərsdi,
Dilarə, insanda görsən əbəsdi,
Yanlış ünvanlara sormuşuq eşqi.


Üşüyür

Sən mənim yuxuma niyə gəlmirsən?
Yuxumda zülmətdi, yuxum üşüyür
Güvənsəm dağlara qar düşür, Allah!
Ahımı göndərdim,ahım üşüyür.

Kimsə yox ruhumun dar qəfəsində,
Səslə, səadəti tapım səsində,
Qışın ayazıdı can qəfəsində
Körpə uşaq kimi ruhum üşüyür!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: