Rafiq Göyçə Cil: "Göyçənin dağı qalıbdı"

Rafiq  Göyçə  Cil: "Göyçənin dağı qalıbdı" Göyçənin dağı qalıbdı

Buludlar ağlayır həsrət könlümə,
Sinəmdə Göyçənin dağı qalıbdı.
Nə qədər zülm oldu oba, elimə,
Gözümdə Göyçənin dağı qalıbdı.

Harda qaldı hay, haraylı o dağlar,
Axardımı görən sərin bulaqlar,
Meydan oldu yağılara yaylaqlar,
Gözümdə Göyçənin dağı qalıbdı.

Yad olubdu indi körpə balalar,
Nə bilsinlər Göyçə adlı yurdu var,
Köç etdilər ağbirçəklər, analar,
Gözümdə Göyçənin dağı qalıbdı.

Ruhları da ruhumuzdan uzaqdı,
Yolu, izi qar borandı, sazaqdı,
Gedəmmirəm hər tərəfi buzlaqdı,
Gözümdə Göyçənin dağı qalıbdı.

Ələsgərin ocağına yığışaq,
El, obadan söhbətləşək, danışaq,
Necə belə olanlarla barışaq,
Gözümdə Göyçənin dağı qalıbdı.

Əlimdə yazdığım qələm titrəyir,
O da Göyçəmizi sevir, səsləyir,
Rafiqin yurduna hörmət bəsləyir,
Gözümdə Göyçənin dağı qalıbdı.


Bir çələngsən
( bir xanım şairə dostuma həsr eləmişəm)

Üzüyünün zümrüd qaşı,
Parıldayır gözü, qaşı,
Nə özgəyəm, nə də naşı,
Bir xanımsan, bir ürəksən,
Gül, çiçəksən, bir çələngsən.

Olmusan başımın tacı,
Sənsən qəlbimin əlacı,
Niyə baxırsan qıyqacı,
Bir xanımsan, bir mələksən,
Gül, çiçəksən, bir çələngsən.

Ürəyimdə cücərmisən,
Eşq ağacı becərmisən,
Bu könlümə xoş gəlmisən,
Bir xanımsan, bir istəksən,
Tər çiçəksən, bir çələngsən.

Ey mənim halal hümmətim,
Ey mənim saf məhəbbətim,
Ey mənim şanım, şöhrətim,
Bir xanımsan, bir diləksən,
Zər çiçəksən, bir çələngsən.

Baxıb gözəl çöhrəsinə,
Yazdım ömür səh( i)fəsinə,
Rafiq qurban beləsinə,
Bir xanımsan, bir tüləksən,
Nar çiçəksən, bir çələngsən.


Yaşımmı var

Demə mənə dağlar oğlu,
Dağımmı var, daşımmı var,
Utanıram xəcalətdən,
Qaldırmağa başımmı var.

Qarabağın qarasına,
Göyçəmizin yarasına,
El, obanın ağısına,
Ağlamağa yaşımmı var.

İçim, çölüm dərd bağlayıb,
Dərd üstə dərd qalaqlayıb,
Keçmişimi varaqlayıb,
Düşünməyə başmmı var.

Kədər mənim dərd yoldaşım,
Ağır olub qayam, daşım,
Gözə çarpır tez nimdaşım,
Ağlamağa yaşımmı var.

Fikir məni aparıbdı,
Öz dünyamdan qoparıbdı,
Hissiyatım qabarıbdı,
Düşünməyə başımmı var.

Rafiq , yenə təklənmisən,
Vətəninə köklənmisən,
Göyçəmizi səslənmisən,
Ağlamağa yaşınmı var.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: