Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafına xidmət edəcək” "Mən Şirvanın səsiyəm", Siyasət 30 января 2022 Prezident İlham Əliyevin yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin yeni, daha yüksək mərhələyə keçid ərəfəsində olduğunu deməyə əsas verir. Əlbəttə ki, bu əlaqələrin formalaşmasında yeni yaradılmış 3+3 əməkdaşlıq platforması xüsusi rol oynayacaq.Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.Millət vəkili qeyd edib ki, Azərbaycan-İran dostluq əlaqələri bütün regionda uzumnüddətli sülhün və sabitliyin bərqərar olunması baxımından xüsusi önəm kəsb edən amildir.“Azərbaycan artıq uzun müddətdir ki, bütün region ölkələrinin və qonşu dövlətlərin maraqlarını təmin edən, inkişafına töhfələr verən təşəbbüslərlə çıxış edir. O cümlədən xatırlamaq yerinə düşər ki, ötən ilin noyabr ayında Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.Həmin müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. İran Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə 5 əyalətinin qaza tələbatını ödəyə biləcək. Təbii ki, bu da Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün transmilli layihələrdə təkcə özünün deyil, digər iştirakçı ölkələrin də maraqlarına diqqətlə yanaşdığını göstərir. Eynilə bu gün, Vətən müharibəsində tarixi Qələbə əldə olunduqdan sonrakı dövrdə də Azərbaycan bütün region ölkələri və qonşu dövlətlərin inkişafına təkan verəcək regional və beynəlxalq layihələr irəli sürür. Bu baxımdan Zəngəzur dəhlizinin açılması məsələsi də xüsusilə qeyd olunmalıdır ki, bu layihə digər qonşu ölkələr kimi, İranın da maraqlarına cavab cerəcək perspektivlər vəd edir”, - deyə N.Aslanov bildirib.Həmçinin millət vəkili bir müddət əvvəl yaradılmış 3+3 əməkdaşlıq platformasının əhəmiyyətindən danışaraq bildirib ki, bu platforma yeni regional əməkdaşlığın formalaşmasında müstəsna rol oynaya bilər.“Dövlət başçımızın da qeyd etdiyi kimi, Vətən müharibəsindən sonra Cənubi Qafqazda əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Həmçinin post-mharibə dövründə İran-Azərbaycan əlaqələri də bu istiqamətdə genişlənməkdədir. Regional əməkdaşlığın formalaşması və inkişafı üçün hazırda 3+3 əməkdaşlıq platforması yaradılmışdır ki, məhz bu təsisat üzərindən bir çox məsələlərin həlli daha səmərəli şəkildə həyata keçirilə bilər. Məlumdur ki, hazırda Azərbaycanın təklif etdiyi əməkdaşlıq istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlıdır. Bu baxımdan İran şirkətlərinin də bu işlərə cəlb olunması əlbəttə ki, yaxşı nəticələr verə bilər. Eyni zamanda da Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi çox önəmli layihələrdir və bütövlükdə Azərbaycan-İran əməkdaşlığına müsbət dinamika gətirəcək” - deyə Novruzəli Aslanov qeyd edib.Daha sonra millət vəkili bildirib ki, son vaxtlar Ermənistan tərəfindən də Zəngəzur dəhlizinin açılması xüsusunda müsbət fikirlərin səsləndirilməsi barədə alınan xəbərlər regional sülhün davamlı və möhkəm olacağna dair ehtimalları daha da möhkəmləndirir.“Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazandı və öz torpaqlarını işğaldan azad etdi. Bu gün artıq müharibə və münaqişə dövrləri tarixdir. Bundan sonra irəliyə baxmaq, gələcək həyatın təhlükəsiz və firavan olması üçün çalışmaq lazımdır. Öz növbəsində Ermənistan da bu həqiqəti nə qədər tez qəbul etsə, bir o qədər daha çox şans əldə edə bilər. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, yaranmış yeni regional reallıqların açdığı imkanlardan Ermənistan da bəhrələnə bilər. Bunun üçün sadəcə o da oz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Məhz buna görə də bu gün Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılmasına dair müsbət fikirlərin səsləndirilməsi barədə alınan xəbərlər çox ümidverici təəssürat yaradır. Əlbəttə ki, Azərbaycan istənilən halda bu nəqliyyat dəhlizini açacaq. Lakin bu hadisənin baş verməsində Ermənistanın da iştirakçı tərəf kimi çıxış etməsi regional sülhün və sabitliyin daha möhkəm və davamlı olmasına xidmət edər və bütün region ölkələrinin qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına əməli töhfə olar” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.Mələk BAĞIRLI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.