Adına bənzər şeir “boğça”lı Solmaz (Şirvan “mələyi”nin Solmaz söz “bağça”sı) Ədəbiyyat » Ədəbi tənqid 10 ноября 2018 Suyunda ilk bahar təravəti var,Dərəsi laləzar, dağı laləzar.Onun Hadisi var, Səhhəti vardır,Bol suyu, çörəyi, şöhrəti vardır.Ah, o nə xoşbəxtdir, nə xoş gündədir,Şeir Şamaxının sümyündədir.Məmməd Faiqin bu dəyərli misraları xəyalımı haralara aparmadı. İlk əvvəl uzaqdan-uzağa vətən havası ilə qidalanan dahi Xəqaninin, demək olar ki, hamının əzbər bildiyi şeirlərini xatırladım:Şirvan ki var hər cəhətdən ülviyyətin anasıdır,Onun hər cür səhər yeli dərdlərimin dəvasıdır.Və ya:Şamaxı, ey mənim sevimli yurdum,Mən sənin qoynunda xaniman qurdum.İstər-istəməz dahilər, şairlər yurdu Şamaxının ölməz sənətkarları,korifeyləri bir-bir gözümün önündə sıralandı.Yox...Yox... səhv etdim. Onların hamısını bir anda xatırlamaq mümkündürmü?! Əlbəttə ki, yox!Hansını xatırlayasan, hansından danışasan! Bu ilahi güzgünün-poeziya işığının yaradıcılarını xatırlamaq bəs etməz. Gərək illərlə gecə-gündüz arayasan, axtarasan, təhlil süzgəcindən keçirəsən, heyran olasan, heyrətləndirəsən.Və bu gün onların nəfəs aldığı paklıq rəmzi olan havadan qidalanan, içdikləri şəfalı, qaynar bulaqdan faydalanan, açdıqları izləri ot basmağa qoymayan poeziya işığında yol getməyə çalışan, həmin sıranı ləyaqətlə davam etdirmək arzusu ilə yazıb-yaradan övladları-yazarları var bu qədim, ulu, şanlı-şöhrətli Vətən torpağının, müdrik şeir qoxulu Şamaxımızın.Burada Stendalın müdrik bir fikrini xatırlamaq istəyirəm: “Əyalət xarekterlər, şəhərsə tiplər yaradır”.Azərbaycanın hər bölgəsindən, rayon və kəndindən şair də, rəssam da, musiqiçi də yetişib. Və bu mənada Şirvanda istisna deyil. Bu fikri Şirvan ədəbi mühitində yetişən simalara-Azərbaycan poeziyasının inkişafında xidmətləri olan qələm sahiblərinə də şamil edərdim.Məhz sümyü şeirlə yoğrulan, nəfəsi təzə- tər poeziya qoxulu başqa bir övladının yaradıcılığından söhbət açmaq istəyirik bu şanlı diyarın,əzəmətli torpağın. Çünki yaxşı bilirik ki, bölgələrdə yaşayan yazarları ədəbi ictimaiyyətə təqdim və onları təbliğ etmək poeziyamızın zənginliyinizin göstəricisidir.Neçə illərdir ki, Şamaxı torpağının bu şair övladının poeziya dünyasına, üzü payıza yol alan ömür karvanına yox, istedadının yeni baharına boylanmışam.Yaxşı yadımdadır: 1995-ci ilin bir iyul günü idi. Rayon mədəniyyət evində vaxtsız-cəmi 42 yaşında həyatdan köçmüş istedadlı qələm sahibi, vətənpərvər yazar Aydın Səlimzadənin anım günü keçirilirdi. Gözlərdən aramsız axan göz yaşları, intəhasız kədər hamını çulğamışdı. Hər kəs ürək sözünü söyləsə də, bu böyük kədəri sözlə ifadə etmək mümkün olmurdu. Elə bu zaman ilk cərgələrdən bir nəfər qadın əlindəki kağızı səhnədə çıxış etməyə hazırlaşan Sahibə Abdullayevaya uzatdı. Müğənni heç bir hazırlıq olmadan həmin kağızdakı şeiri muğam üstə oxudu. İki istedadın birgə işi məclisin ovqatını bütövləşdirdi. Və sanki nakam ömrün portret cizgiləri tamamlandı. Şeir insan qəlbinin böyük çırpıntılarını həssaslıqla qələmə alan Solmaz Ədilovanın idi.Ustad şair Musa Yaqubun xeyir-duası ilə qədim poeziya məbədinə, poetik söz səltənətinə qədəm qoyan Solmaz Şirvanlı (Ədilova Solmaz Ağaxan qızı) 01 fevral 1955-ci ildə Şamaxı rayonunun Ovculu kəndində doğulub. Əli qələm tutandan sözü sözə calayan bu istedad ünvanını şeir dili ilə belə mənalandırır:Əzizim, Şirvanlıyam,Çöllü biyabanlıyam,Kəndim, elim Ovculu,Solmazam, Şirvanlıyam.Əsl bədii yaradıcılığı 1977-ci ildən başlayıb. İlk şeiri Şamaxıda - “Yeni Şirvan” qəzetində çap olunub. 1994-1996-cı illərdə İsmayıllıdakı “Cavanşir yurdu” qəzetində çalışıb. “Kommunist” ("Xalq qəzeti"), “Azərbaycan gəncləri” , “Müstəqil qəzet”, “Azərbaycan dünyası”, “Haqqın sədası”, “Bütöv Azərbaycan” və s. mətbuat orqanlarında şeirləri çap olunub.Azərbaycan Jurnalistlər və Aşıqlar birliklərinin , “Beytüs-Səfa” və “Dağ çiçəkləri” ədəbi məclislərinin üzvüdür. “Yurd” ədəbi-bədii jurnalının əməkdaşı, “Qızıl qələm” media mükafatı laureatıdır.Yeni Azərbaycan Partiyasının üzvüdür.Respublika Qadınlarının II Qurultayının nümayəndəsi olub.2002-ci ildə “Tanrım mənə qəm qıyıb”adlı ilk şeirlər kitabı işıq üzü görüb. 2018-ci ildə “Elm və Təhsil” Nəşriyyatında çap olunan “Duyğu çiçəkləri” adlı kitabı ilə şair oxucularla ikinci görüşə gəlib.Yaradıcılığına nəzər yetirsək, görərik ki, “Şirvanlı” təxəllüsünü təsadüfi seçməyib: Şöhrətli bir bölgə bütöv vətənin təzahürüdür. O, təkcə Şamaxıya yox, bir bölgəyə deyil, bütövlükdə doğma Azərbaycana bənzərsiz nəğmələr ərməğan edən bir el bülbülüdür: şərqi “boğçası”nın mövzuları isə rəngarəngdir.Solmazın həyat idealını düşünəndə ustad Şəhriyarın “Şeir və hikmət” əsərindən aşağıdakı misraları xatırlayıram:Şeirsiz bu dünya kədər, qəm kimi,Şeirsiz cənnət də cəhənnəm kimi.Eyni zamanda nakam şairimiz Mikayıl Müşfiqin misraları yadıma düşür:Ey şeir yazmaqla keçən günlərim,Siz ki ən vəfalı günlərimsiniz.Və elə bu el qızının da dodağında söz misraya, misra da əsl poeziyaya çevrilir.Bu məqamda hər anı şeirlə yoğrulan şair üçün ustad Musa Yaqubun məşhur şeirini aşağıdakı kimi dəyişdirmək hissi keçir könlümdən:Tökülüb yollara Solmazın sözü,Tökülüb izlərə Solmazın sözü.Solmaz şeirlərində sözlərin musiqisini yaratmaqla , Şirvan sənətkarlarının layiqli varisi olduğunu sübut edir. Eyn zamanda söz qəlbinin sədası olduğuma görə, itirdiyi hər sətrə görə nalə çəkir, fəğan edir. Şair qəbri onun üçün müqəddəs məbədgah sayılır:Mən bunu yazmıram, şeir xətrinə,Yas tutub ağlaram, hər bir sətrinə,Vidadi, Natəvan, Vaqif qəbrinəZiyarət etməyə nəzir götürdüm.Solmaz ürəyinə yatan, onu düşündürən, həyəcanlandıran, yəni ovqatı üstə köklənən mövzuları qələmə almağa çalışır. Bunlar isə çoxdur və təkcə özünə məxsus deyil. Hamıya-bütün insanlara xas olan bəşəri duyğulardır. Vətənə, xalqa, doğma el-obaya, milli-mənəvi dəyərlərimizə, bəşəriyyətə, uca Tanrıya, dilimizə, dinimizə-bir sözlə, bütün müqəddəsliklərə məhəbbət bu poeziyadan qırmızı xətlə keçir.S.Şirvanlı ilk şeir kitabını təsadüfi olaraq “Tanrım mənə qəm qıyıb” adlandırmayıb. O, həyatın acı zərbələrini dəf edəndə oxucunu qəm yükü ilə yükləməyib, bir təsəlli ilə ovunub və qəminə, dərdinə ortaq bir insan övladını soraqlayıb. Tapanda isə böyük minnətdarlıq duyğusu ilə şükranlıq edib. Bu isə yeni-yeni nikibin şeirlərə rəvac verib. Ürəyinə, qəlbinə həmdəm, həm qəminə, həm də sevincinə ortaq insanlara tapınıb, poeziya dili ilə onlara minnətdarlıq duyğularını ifadə edib, xoşbəxtliyini vəsf edib.Bir sözlə: “Solma Şirvanlının şeirləri gerçəkliklə, reallıqla yanaşı, həm də ilahi məqamlarla, mənəvi dəyərlərlə bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi insanın daxili aləminə, ürəyinə nüfuz edən insan işığı duyulur.Şeirlərdə həqiqət duyğusu, haqq-ədalət yanğısı, heyranlıq hissi bədii düşüncənin başlıca məzmununa çevrilir”. (Balayar Sadiq)Görkəmli rus ədibi Raddişev yazırdı: “Vətənin adı çəkiləndə qəlbi fərəh hissindən təlatümə gələn adam nəcib adamdır”. Dahi sənətkarlarımızın da qələmi həmişə milli-mənəvi dəyərlərimizdən qidalanıb. Və təbii ki, bu dəyərləri ən alisi vətənpərvərlik hissidir ki, poeziyasının nüvəsi, mayası onun üstündə köklənib. Solmazın yaradıcılığıilə tanış olduqca, vətənpərvərliyin bizə tanış olan hər əlamətini görə, hər notunu eşidə bilərik . Belə demək mümkünsə, vətənə xidmət və sevgi mücahidi olan bu zərif və nəcib xanımın “söz boğçası”nın ən ağır tərəfi də elə bu mövzudadır.Özünə vətən torpağının şərəfli bir parçasını - Şirvanı təxəllüs seçən bu yazar təpədən dırnağa vətənpərvər, bütün hissi və düşüncəsi ilə vətənə bağlıdır. Seçdiyi yola layiq olmaq üçün bir dəqiqə dinclik tapmır, gecəsini gündüzünə qatır, yazır, yaradır, Vətənə, elə vurğunluğu ilə fəxr edir:Solmaz Vətən qızı, vətən gülüdür,Dili də öz doğma ana dilidir.Yandırar düşməni közü Solmazın,Qurban vətəninə özü Solmazın.Bəli, vətənə məhəbbət ali bir hisdir. Bu da həqiqətdir ki,həmin mövzuda saysız-hesabsız dəyərli söz örnəkləri vardır. Lakin Solmazın bu haqda duyğu və düşüncələrinin özünəməxsus ifadə tərzi, üslubu vardır.Onun şeirlərindən qırmızı xətlə keçən ideya -Vətənin təbii gözəlliyini-dağını, daşını,çəmənini, tutaş meşələrini, şaqraq dağ irmaqlarını, sərvətini, əzəmət və ülviyyətini tərənnüm etməkdir. Məhz səmimi olduğuna görə oxucu şeirlərini sevdiyi qədər də özünü qiymətləndirir, sanki bu fikirləri ilk dəfə eşidirmiş kimi bir daha Vətən vurğununa çevrilir:Könlüm sənlə qürur duyar,Yolunda canını qıyar,Sənsiz özün tənha sayar.Dünyaya əkiz gəlibdirSolmaz ilə vətən sevgi.Və ya:Vətənimdir, ay ellərMəkkəm, Mədinəm mənim.Və ya:Vətən anadan əziz,Vətən bizim qibləmiz.İlk poeziya qaynağını böyük dünyaya göz açdığı, ayaq açıb yeridiyi, ömrünü-gününü keçirdiyi torpağından alan Solmazın vətənə məhəbbət duyğuları Şamaxıya olan sevgidən qidalanıb və günlərin birində qəlbindəki od, alov şeirə çevrilib:Sən ey doğma Şamaxım,Sən ey ulu Şirvanım,Yaşa, ucal, hər zaman,Sənə qurbandır canım.Başqa bir əsərdə - “Ana yurdum Şamaxı” şeirində doğma elinə, obasına məhəbbətini bənzərsiz rənglərlə vəsf edir:Havam Şamaxıdır, suyum Şamaxı,Köküm Şamaxıdır, suyum Şamaxı.Adını qəlbimə qoymuşam axı,Ay gözəl məkanım, ay ana yurdum.Vətəni sevmək həm də onun rəmzləri ilə fəxr etmək, qürur duymaq, bu ülvi duyğuları başqalarına da təlqin etməkdir. Üçrəngli bayrağımıza həsr edilən şeirlər saysız-hesabsızdır. Lakin Solmazın misraları qürur mənbəyimiz olan bayrağımızı başqa cəhətdən vəsf edir. Bu müqəddəslər qədər müqəddəs hisdir. Cənnət qoxulu şəhidlər üçün olan arzudur: öləndə üstünə Azərbaycan bayrağı örtülsün.Mən öləndə, ay ellər,Mənimçün “Himn” oxunsun.Sərilsin qoy üstümə,Azərbaycan bayrağı.Bir vətənpərvər kimi əzəmətli arzusu “Bütöv Azərbaycan” olan şairin duyğularına rəvac verən cəhətlərdən biri də xalqımızın Qarabağ dərdidir. Onun “Yürüş edək Qarabağa” şeiri ali Ali Baş Komandana ünvanlanıb. Şair sıravi bir əsgər kimi doğma torpaqlarımızın azadlığı uğrunda fəda olmağa hazır olduğunu ucadan bəyan edir:Yürüş edək Qarabağa,Bayraq sancaq Murov dağa,Sahiblənək o torpağa,Qibləgahım! Qalx ayağa,Qalx ki sarılaq silaha.Ş.Şirvanlının vətənpərvərlik duyğularından xəbər verən şeirlərinin çoxu şirin canlarını ərazi bütövlüyümüz və suverenliyimiz, Qarabağımız uğrunda qurban verən şəhidlərimizə , onların müqəddəs ruhlarına ünvanlanıb: “Şəhid sırasında”, “Vətənə qurban getdi, Allah necə oğullar”, “Vətən həsrəti, yurd harayı”, “Yatır”, “Göyə ucaldın”, “Cəlal sorağında”, “Elin şəhid balasıyam”, “Oyan vətən oğlu”, “Ay Faiq”, “İllərim mənim”, “Qurban”, “Alına Xocalım mənim”, “Yağı tapdağında qalan yurduma” və s. Şeirlərin əksəriyyəti Azərbaycan əsgərinin mənəvi siması, döyüşçülərin səmimi və həssas duyğularının bədii təcəssümünə çevrilmiş poetik nümunələrdir.“Bizim olsun”, “Vətən həsrəti” və s. Yurd haraylı, Qarabağ həsrətli el oğullarına ünvanlanmış şeirlər də Vətən torpağına məhəbbətin zirvə nöqtəsidir.Və Solmaz xalq yaradıcılığından qida alan misraları ilə təsiredici söz axtarışına çıxır, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edərək əsrarəngiz mənzərələr yaratmağa , oxucuda nikbin əhval- ruhiyyə oyatmağa nail olur. İnanır və inandırır ki, vətən həsrəti ötəridir.Bir gün gələcək (o gün uzaqda deyil) doğma torpaqlarımız erməni işğalçılarından birdəfəlik azad olacaq və bir gün də o yerlərə dönəcəyik.Ş.Şirvanlının şeirlərində bir kədər dalğası da hökm sürür. Bu kədər həm ictimai kədərdir: insanlar əzab çəkəndə onlarla birlikdədir və qəm yükünü yüngülləşdirməyə çalışır. İkincisi, şəxsi kədərdir. Hansı ki, həyatı bir uğursuz sevgiyə tuş olub.Bu da təbiidir ki, insanın qəlbində sevinclə qəm əkizdir. Həssas qəlb isə həm sevgiyə, həm də qəmə daha tez reaksiya verir. Və şair qəlbi sevməsə, o sevgini uca məqama qaldıra bilməz. Solmazın sevgisi o uca məqamda olduğuna görə, bu mövzuda şeirləri bülbül cəh-cəhinə bənzəyir: sevir, sevdirir, bir həqiqəti təsdiq edir ki, dünya sevgi üstündə köklənib. İnsan sevəndə, seviləndə gözəlləşir, müdrikləşir, dünyaya gözəllik hisləri püskürmək istəyir.Sözsüz qadın qəlbi daha həssas olduğuna görə, ilk sevgisi daşa dəyən Solmazı dərd əzir, əzab çəkməyə məcbur edir.Bütün bunlara düz qəlbi, düz əməli, sədaqəti ilə üsyan edən şair “Niyə gəldin?” sualı ilə etiraz edir:Sən ki ağlar qoyacaqdın,Özgəsinə uyacaqdın,Məni həsrət qoyacaqdın,Niyə gəldin taleyimə?!Təsadüfi deyil ki, ilk kitabını bu hislərin təsiri ilə belə adlandırıb: “Tanrım mənə qəm qıyıb.” Lakin Solmazın qəmi də bəşəridir: ədəbiyyatımızdakı qadın yazarları kimi. O, qəm çəkir: sevən sevənə qovuşmur, insan muradına yetmir. Dünyanı qana bələyən iblislər, nəfəs alan budağa, yenicə baş qaldıran incə bir çiçəyə qıyan şər qüvvələr var. Bütün bunlar onun sevən həssas qəlbini incidir, etiraz etməyə, misranı misraya calamağa vadar edir. Sevəni cahil fikirlərə uymamağa çağırır.Və birincidən ikinciyə- “Duyğu çiçəkləri”nə gedən yolda müdrikləşən Solmaz mətinliklə ayağa qalxır, sevgi haqqında Solmaz çələnglər toxuyur. Onun səmimi və kövrək qəlbindən, həzin duyğularından qidalanan şeirləri gözümüzün önündə bədii portretini müəyyənləşdirir və “Beləyəm” şeirində isə qəlbindəki yanar hisləri belə ifadə edir:Başdan başa söz olmuşam,Dönüb alov, köz olmuşam,Hər sözümdə düz olmuşam,Əzəl gündən beləyəm mən.Solmazın məhəbbətə, onu səciyyələndirən cəhətlərə dair özünəməxsus yozumları var. “Məhəbbətdir” şeirində insanın mənəvi dünyasının etalonu olan məhəbbətin, sədaqətin, ləyaqətin, cəsarətin, şücaətin, əmanətin, xəyanətin, səadətin, mətanətin, ülviyyətin izahını verir.(Burada R.Rzanın “Bərglər” silsiləsi yada düşür).Solmaz təmiz sevgili qəlbi ilə sığallanmaq, əzizlənmək istəyir. İnsan əli çatmayanda sevən qəlbin pıçıltılarının əksi olan şeirləri ilə tumarlanır. Vətən mehi üçün darıxıb saçlarını daramaq istəyəndə şeirini küləyə ərməğan edir. Yağış arzusu ilə xumarlanmaq istəyəndə yaz neysanına nəğmə qoşur. Günəş həsrəti ilə darıxanda onu tərənnüm edir. Onun yaratdığı eşq “dastanı” duvaqqapma ilə bitmir. İçində bir insan kimi qəm, kədər, fırtına qoparır, sonu isə görünmür. Və bu ürəkdə payızın soyuq küləkləri əsir, yarpaqlar qopur, yağışı, küləyi gəlir, qışın qarı, şaxtası duyulur.Amma torpağın həsrəti vaxtı yağış yağır. Yağmurun ürəyə çilənməsi baş verir.Sevən insanın yağışa, küləyə bələnməsi, təbii ki, kədərli ürəkdən doğur. Söhbət qəmin intəhasızlığından gedir:Çağır gəlim, qoy yaşayım elində,Nəğmə olum, bitim sənin dilində,Qoy alışım kösövündə, külündə,Alovuna, həm közünə bələnim,Yağmur olum ürəyinə çilənim.Və ya:Səhər çağı əsən mehim,Güllər üstə düşən şehim,Yağışda qövsi- qüzehim,Darıxmışam sənin üçün.Yaxud:De necə günəşəm nurlu ayım yox,Necə baharam ki, qışım-yayım yox,De necə şahzadə, necə şaham ki,Bir təxti-rəvanım, heç sarayım yox...***Elə susuzam ki, elə təşnəyəm,Şəlaləm quruyub, axan çayım yox.Bu doğrudur ki, poetik fikir bədiiliklə cilalanmalıdır. Ən gözəl şeir isə hislə fikrin vəhdətindən yoğrulur. Sevgi duyğusuyla yaşamaq, məhəbbət əzabını ürəyinin lap dərinliyinəcən hiss eləmək, sonra bunu misralara çevirmək gözəldir. Dünyada eşqin dərmanı yoxdur, varsa, o da şeirdir. Sevgidən yaranan şeirlərin əksəriyyəti vüsaldan deyil, hicrandan söz açır. Amma bu ayrılıq insanda bədbinlik yaratmır, əksinə vüsal həsrəti ilə gələcəyə nikibin bir inam yaradır.Solmazın lirik qəhrəmanının qəminə, kədərinə səbəb olan vəfasızı unutmaq motivi bariz nəzərə çarpır, lakn unutmaq özünə əks olan unutmamaq anlamını gətirir.Və üzündəki kədəri yox etmək, gülüşünü görmək hər bir Solmazsevərin ən gözəl arzusudur. Dostlarının ona ünvanladığı şeirlərdə də həmin hislər öz əksini tapıb. Bu diləkləri Aşıq Cavid daha mənalı ifadə edib:Cavidə bəllidir sənin qeyrətin,Görüm yoxa çıxsın dərdin, möhnətin.Vüsala dönəcək, bil məhəbbətinSındırma qəlbini, gül, Solmaz xanım.S.Şirvanlı qədərə inanır və güvənir. Qəlbində ulu yaradana, Tanrıya uca ali bir sevgi alovlanır. Bu sevgi və inam hissi onu yaşadır, ictimai, mənəvi, əxlaqi düşüncələrinə, insani məhəbbət, vətənpərvərlik, təbiəti anlamaq, zamanın nəbzini tutmaq, hər kəsi öz dilində dindirmək, sadəlik, təvazökarlıq kimi hislərinə rəvac verir. Bir sözlə, bütün müqəddəsliklərə məhəbbət bu poeziyadan qırmızı xətlə keçir.Xalqımızın mənəviyyatında iki təzad möhkəm yer tutub: haram və halal. Solmazın da ilham təbi gendən gələn bir düşüncə ilə yoğrulub. Halalı sevib, halallıqla böyüyüb, halallığın tərəfində durub, onu tərənnüm edib. Eyni zamanda halal insanlara töhfə verməyə, şeirləri ilə bir halallıq süfrəsi açmağa cəhd edib. “Deyirəm alqış” şeirində insanları öz halal əməyi ilə tanınmağa çağırdığı kimi:Halal əvəzinə yığırsan haram,Halal əvəzinə yığırsan haram,Lazımdır xalqıma yaradan, quran,Yaradan əllərə deyərəm alqış.Və bundan sonra harama dadananların əməllərindən ahı göylərə bülənd olan şair yanıqlı-yanıqlı deyir:Göylərə ucalır ahlarım aman,Çəkilmir yolumdan çiskin, çən, duman.Yaman öyrəncəli olublar, yaman,Xalqın halal malın dadanlar, Allah.Solmazın söz dünyasında doğmalarına, əzizlərinə, yaxınlarına intəhasız məhəbbət minnətdarlıq duyğusu ilə yer tutub . Bəzən giley-güzar, umu-küsülük duyulsa da, sonda şairin yanar qəlbindən gələn doğma bir istilik bütün bunları üstələyir. Gendən gələn məhəbbət, qan bağlılığı qalib gəlir:Aşıq viranə gəzər,Bayquş viranə gəzər.Ata-anasız övladDəli-divanə gəzər,- deyən Solmaz müqəddəs bildiyi varlıqlara-valideyinlərinə öz övladlıq borcunu qəlbində yuva qurmuş heç vaxt sönməyən məhəbbəti, sədaqəti ilə cavab verməyə çalışır. Həyatdan vaxtsız getmiş anaya, bir ömür boyu sədaqətini qoruyub saxlayan ataya həsr olunmuş şeirlər sanki onların əbədi evinə-məzarlarına qoyulan solmaz çələng, əbədi yanar şamlardır.Şairin:Əzizinəm, közüm var,Qan-yaş tökən gözüm var.Anama deyiləsiÜrəyimdə sözüm var, - deyə ilahi varlıq kimi tərənnüm etdiyi anya məhəbbəti sonsuzdur. Ona həyat bəxş edən bu xilqəti lap tez, cəm 50 yaşında itirsə də, qəlbində bir işıq kimi alovlanan hiss get-gedə ürəyinin sönməz günəşinə çevrilmiş, həyat yoluna işıq saçmış, yaşamaq, yaratmaq şövqünü qat-qat artırmışdır.Ahıl yaşında həyat yoldaşını, qəm ortağını itirmiş atasının kədərinə dözə bilməyən Solmaz onun dilindən “Qayıt gəl” şeiri ilə bu böyük itkini özünəməxsus şəkildə poetik dilə çevirə bilmişdir:Sənsiz açdı çiçəklər, qoxlaya bilmədim mən.Xallı kəpənək idin, saxlaya bilmədim mən.Sənsiz itib sevincim, bircə dəm gülmədim mən,De hardasan, gözəlim, de hardasan, qayıt gəl.“Atam” şeirində gözümüzün önündə zəhmətkeş bir ömür canlanır, “halal zəhməti ilə bağça bitirən” ataya sonsuz övlad məhəbbəti ifadə olunur.“Anam gəl”, “Anasız dünyam”, “Bayatı-ağılar” və s. Şeirlərində də Solmazın ona həyat bəxş etmiş valideyinlərinə övlad borcu poetik dillə ifadə olunub.Şairin eyni zamanda digər doğmalarına-bacı və qardaşlarına, övladlarına da məhəbbəti bitməz-tükənməzdir. Onların sevinci ilə yaşayır, pərvazlanır, qəmlərinə, dərdlərinə ortaq olur. “Dar günümdə harayım bacılarıma”-deyərək ünvanladığı “Bacı” şeirində yazır:Göydə Tanrı, yerdə sənsən pənahım,Yüksəlir göylərə amanım, ahım.Özüm də bilmirəm, nədir günahım,Sənsən dar günümdə harayım, bacı.Solmazın şeiri təbii bulaq kimi elə qaynayır ki, o, sərhəd tanımır. Ya klassik(qəzəl), ya da xalq şeiri forması olsun, özündən asılı olmadan sözünü, fikrini insanların ürəyinə yol tapacaq şəkildə ifadə etmək bacarığına malikdir.Şairin ilham təbi elə coşqundur ki, ədəbiyyatda son vaxtlar, demək olar ki, az-az rast gəlinən, lakin insan qəlbindəki böyük duyğuların tərcümanı olan deyişmələri baş alıb gedir. Onun Hacı Mirsəfər, Çingiz Kürdəmirli, Nəcibə İlkin, Sənəm Səbayel, Südabə İrəvanlı, Zenfira Əlişqızı və İldırım Əlişoğlu ilə deyişmələri coşqun, saf qəlbin ifadəsi olmaqla, bu şeir şəklinin müasir dövrdə də insan üçün sevinc, qəlbin ifadə mənbəyinə işarə edən dəlalətdir.S.Şirvanlının şeirləri poetik olduğu qədər də axıcıdır, sadədir, səmimidir. Bu sadəlik şifahi xalq ədəbiyyatından, ana vətənimizdən qidalanır. Babalarımızın söz xəzinəsindən, nənələrimizin lətafət və müdrikliyindən çox pay düşüb Solmaza. Lakin bayatılarda bu rəng, bu boya, deyəsən, daha məlahətli çıxıb:Mən aşiq gün üzünə,Gün doğsun gün üzünə.Gecəm gecənə qurban,Gündüzüm gündüzünə.Mən aşiqəm xalına,Dodağında balına.Nəzirim var o günə,Torpağımız alına.Solmazın şeirləri birbaşa mahnıya yatan nümunələrdir. “Sən bilə-bilə” şeirinə yazılmış mahnı və digər muğam üstündə oxunan nümunələr buna bariz nümunədir.S.Şirvanlı hər gün, hər an axtarışdadır. Səsi qardaş Türkiyədən, dövri mətbuatdan, ekrandan, efirdən, təntənəli məclislərdən gəlir. Hələ çap olunmamış əsərləri növbə gözləyir (Bunlar isə saysız-hesabsızdır) . İnanırıq ki,istedadlı yazarın bundan sonra da neçə-neçə insanın ürək çırpıntılarını ifadə edən əsərləri meydana gələcək, oxucu qəlbinə yol tapacaqdır.Adına bənzər Solmaz Şərqilər qoşan Solmaza Solmaz ilham, Solmaz təb, Solmaz yaradıcılıq ilhamı “boğça”sı, həmişəyaşar qələminə yeni poetik güc, bənzərsiz tapıntılarla bədii yaradıcılığını daha da zənginləşdirmək və bizləri sevindirmək arzusu ilə:Rəna MirzəliyevaAzərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.