“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına başlanır Ədəbi əlaqələr, Gürcüstan 8 ноября 2020 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına başlayır.Regionumuzun lider dövləti olan Azərbaycan Respublikası bu coğrafiyada siyasi stabilliyin qarantı, iqtisadi inkişafın və ölkələrarası əməkdaşlığın mərkəzidir. Dünya miqyaslı beynəlxalq layihələrə ev sahibliyi edən, dayanıqlı inkişaf yolunda olan Azərbaycan region dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Lakin Ermənistan Respublikasının təcavüzkar siyasəti və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionu və ətraf əraziləri işğal etməsi Cənubi Qafqazın hərtərəfli inkişafına əngəl olmuşdur. Otuz ilə yaxın bir dövrdə Respublikamız tərəfindən aparılan danışıqlar nəticə verməmiş, əksinə, Ermənistanın yeni rəhbərliyi ölkəmizə qarşı geniş miqyaslı hərbi təcavüzə, müharibəyə başlamışdır.Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz düşmənin layiqli cavabını vermiş və az bir müddət ərzində əzəli torpaqlarımızın, yaşayış məskənlərimizin böyük bir hissəsi işğaldan azad olunmuş, hazırda düşmən böyük itkilər verərək darmadağın edilir, müzəffər ordumuz qələbəyə doğru inamla irəliləyir.Belə bir tarixi məqamda Azərbaycan dövlətinin və xalqının bizə dost olan ölkələrlə əməkdaşlığının, mehriban qonşuluğunun, səmərəli əməkdaşlığımızın gözdən keçirilməsi, ictimaiyyətə təqdim olunması vacib məsələlərdəndir. Azərbaycan xalqının tarix boyu dost münasibətdə olduğu xalqlardan biri gürcü xalqı, müstəqil dövlətlərimizin sıx əməkdaşlıq etdiyi ölkə Gürcüstan Respublikasıdır. Gürcüstanla dostluğumuzun mühüm bir həlqəsi də bu ölkədə gürcülərlə dostluq və qardaşlıq şəraitində yaşayan soydaşlarımızdır. Gürcüstan azərbaycanlıları yaşadıqları ölkənin sadiq vətəndaşlarıdır, gürcü-azərbaycanlı dostluğunun parlaq nümunəsi, xalqların dinc birgəyaşayış örnəyidir. Bu fakt regionda etnik münasibətləri gərginləşdirən, ölkələrarası münaqişə səviyyəsinə çatdıran Ermənistan ictimaiyyəti üçün də bir nümunə olmalıdır.Bu amili nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Gürcüstanda yaşayan soydaşlarımızın tarixinə, mədəniyyətinə, gürcü dövlətçiliyinə və cəmiyyətinə inteqrasiyasına həsr olunmuş “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı yeni layihənin icrasına başlayır. AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təşəbbüsü vərəhbərliyi ilə icra olunan, maarifçi səciyyə daşıyan Layihənin əsas məqsədi Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsindən, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin dövlətçilik tarixində rolu və müasir ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsindən ibarətdir.Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən, bir çox ictimai təşkilatları birləşdirən AVCİYA bu müddət ərzində xarici ölkələrdən görkəmli dövlət xadimlərinin və mütəxəssislərin iştirakı ilə milli və dövlət mənafeyimizə uyğun bir sıra mühüm beynəlxalq layihələr, dövlətçilik tariximizə və suveren dövlət quruculuğumuza, beynəlxalq əməkdaşlığımıza dair tədbirlər, o cümlədən Şamaxı soyqırımı, Xocalı soyqırımı, 1918-ci il Göyçay döyüşləri, Bakı şəhərinin İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələr kimi vacib məsələlərə barədə əhəmiyyətli tədbirlər həyata keçirmiş, fərqli mövzularda onlarla tədqiqat, sənədlər toplusu dərc etmiş, beynəlxalq təşkilatlarda ümummilli əhəmiyyətli sənədlərin qəbuluna nail olmuşdur.AVCİYA-nın eksperti, Borçalı əsilli tədqiqatçı, professor Asif Hacıyev tərəfindən icra olunan Layihəyə Azərbaycandan və Gürcüstandan mütəxəssislər cəlb olunacaq, aktual müzakirələr aparılacaq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.