Badano Elizbar Cavelidze!

Badano Elizbar Cavelidze!
GÜRCÜ ŞƏRQŞÜNASLIĞININ GÖRKƏMLİ SİMASI, AKADEMİK
ELİZBAR CAVELİDZENİN
80 İLLİK YUBİLEYİNƏ

Badano Elizbar Cavelidze ilə
keçən il Tiflisdə
akademik İsa Həbibbəyli ilə
bir yerdə tanış olduq;
tanış olduq dedikdə
qiyabi olaraq çoxdan tanıyırdıq.

Vaxtilə rusca çap olunan “Cəlaləddin Rumi” kitabı da otuz ilə yaxındır, rəfimdə yer alıb. Onunla jurnalist, tədqiqatçı, tərcüməçi həmyerlim Mirzə Məmmədoğlu vasitəsilə görüşdük. O, konfransda iştirak etməsə də, İsa müəllimin orada olmağından xəbər tutmuş və görüşmək istəyini bildirmişdi. Akademik İsa Həbibbəyli də bu istəyi məmnuniyyətlə qəbul etmişdi. Gürcü şərqşünaslığının görkəmli siması Azərbaycan ədəbiyyatı ilə bağlı da çox böyük işlər görmüş və buna görə də vaxtilə “Azərbaycanın əməkdar mədəniyyət işçisi” (1988) fəxri adına layiq görülmüşdü. Bu fürsətdə Azərbaycan sevdalısı ilə görüşməkdən təbii nə ola bilərdi?! Əvvəlcə Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundzadənin qəbrini ziyarət etdik. Sonra görüş gürcülərə məxsus süfrə arxasında davam etdi. Bu çox işgüzar görüş oldu; necə deyərlər, iki ədəbiyyat yanğılı akademik uzun illər ərzində qardaş xalqlar arasındakı ictimai-siyasi, iqtisadi tərəfdaşlığın ədəbi, mədəni istiqamətlərinin gələcək perspektivlərini müzakirə etdilər.

Bu görüşdə “gürcü türkologiyasının lideri”nin (Apollon Silaqadze) Azərbaycan ədəbiyyatı və mədəniyyətinin keçmişi və bu günü ilə bağlı fikirləri bizdə məmnunluq doğurdu. İsa müəllim uzun illərdən bəri unudulan ədəbi əlaqələrin formalaşmasında məhək daşı olan bu görkəmli alimin yaradıcılığına yaxşı bələd olduğundan onun əsərlərinin nəşri vəziyyətilə maraqlandı və bu əsərlərdən bəzilərinin Azərbaycan dilinə tərcüməsini və nəşrini təklif etdi. Mirzə Məmmədoğlu da (yeri gəlmişkən, görkəmli akademikin yaxın dostu olan həmyerlimizin burada gördüyü işin böyük miqyasını burada qeyd etməyi lazım bilirəm!) bütün varlığı ilə yeni bir əlaqələrin təməlinin atılması yolunda əlindən gələni etdi. Və bu görüşün nəticəsi olaraq, E.Cavelidzenin “Məhəmməd Füzuli: Həyatı. Mühiti. Yaradıcılığı” (Bakı, “Elm və təhsil”, 2017, 144 s.) kitabı Mirzə Məmmədoğlunun tərcüməsi və mənim redaktorluğumla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurası tərəfindən nəşr edildi.

Badano Elizbar Cavelidze! İyun ayında böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr edilmiş konfransa dəvət edilən şərqşünasın dilimizdə nəşr edilən ilk kitabının təqdimat mərasimi keçirildi. Badano Elizbar Cavelidzenin uzun illərdi görüşə bilmədiyi şərqşünas alimlərimiz akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov, professor Məmməd Əliyevlə görüşməsi itmiş ədəbi əlaqələrin bərpasına yeni imkanlar yaratdı. Doğrudan da, vaxtilə Dilarə Əliyeva ilə Leyla Eradzenin simasında ədəbi ilişgilər sonrakı mərhələdə, demək olar ki, yaddan çıxmış, yaxud əvvəlki səviyyədə davam etməmişdi. Halbuki Azərbaycan və gürcü xalqlarını bir-birinə bağlayan ortaq siyasi, iqtisadi, ədəbi-mədəni amillər yetərincədir. Bunu bir qədər də irəliyə aparmaq yeni nəsil ziyalılarının öhdəsinə düşür. Görünür, buna görə akademik İsa Həbibbəyli bu dostluğu davam etdirmək üçün yenidən təməl addımlarının atılmasını lazım bilmişdir. E.Cavelidzenin kitabına yazdığı “Akademik Elizbar Cavelidzenin Füzulinaməsinə” adlı essesində şərqşünasın kimliyinə belə qiymət verir: “Elizbar Cavelidze Mollayi Ruminin Gürcüstan “Məsnəvi”sidir. “Kitabi Dədə Qorqud”un gürcü dilində səslənməsidir... Akademik Elizbar Cavelidze-Azərbaycanın qədim dostu, Gürcüstanın ədəbiyyatçısı və dilçisidir. Qafqazda şərqşünaslığın böyük elçisidir. Yorulmaz, vəfalı, tükənməz, səyli...”

Deyim ki, badano Elizbar Cavelidze tanışlığımızın elə ilk günündən məni özünə çox yaxın bildi; zarafat deyil, bir yerliyik. O, Tiflisdə anadan olsa da, uşaqlığını Kazretidə keçirmiş, bir müddət orta məktəbi burada oxumuşdur. Mən də Başkeçid rayonun Az.Gəyliyən kəndində anadan olmuşam. Doğulduğum kənd ilə Kazretinin arası da cəmi 15-20 kilometr olar. Necə deyərlər, eyni torpaqdan güc almış, eyni bulağın gözündən su içmişik. “Məhəmməd Füzuli: Həyatı. Mühiti. Yaradıcılığı” monoqrafiyasını redaktə edəndə bu görkəmli alimin həyat və yaradıcılığı ilə daha yaxından tanış oldum. Uzun illər boyu adını eşitdiyim badano Elizbar Cavelidzenin-mənim görkəmli türkoloq həmyerlimin ömürlüyü bir həyat, elm, sənət məktəbi olduğunu bir daha yəqin etdim. Bu günlərdə isə akademik İsa Həbibbəyli ilə Tiflisdə onun yubileyində iştirak etmək barədə dəvət aldıqda bir daha bu görkəmli alimin həyat və yardıcılıq yoluna nəzər yetirməyi lazım bildim.

Elizbar Cavelidze 1937-ci ildə Tiflisdə anadan olub; orta məktəbə Bolnisi rayonunda gedib, sonra Tiflis Oğlanlar gimnaziyasında və 42 saylı məktəbdə davam etdirib, yenidən Bolnisiyə qayıdaraq Kazreti orta məktəbini bitirib. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində şərqşünaslıq faküləstində təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib (1956-1961). Tələbəlik illərində A.Sereteli təqaüdçüsü, şərqşünaslıq fakültəsinin tələbə elmi şurasının sədri olub. Əmək fəaliyyətinə akademik Q.Sereteli adına Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1962-1966-cı illər) kimi başlayıb, elmi işçi (1966-1975-ci illər), böyük elmi işçi (1975-1988-ci illər), baş elmi işçi (1988-2006-cı illər) işləyib, fundamental tədqiqatlar aparıb. Paralel olaraq Tbilisi Dövlət Universitetində mühazirələr oxuyub. “Ruhi Bağdadi” (həyatı, dünyagörüşü, lirikası) mövzusunda namizədlik (1966), “Cəlaləddin Rumi” (dünyagörüşü məsələləri) mövzusunda doktorluq (1975) dissertasiyaları müdafiə edib. 1985-1986-cı illərdə “Tənqid” jurnalının, 1986-1990-cı illərdə isə “Literaturuli qazeta” (“Ədəbi Gürcüstan”) qəzetinin baş redaktoru olub. 1988-ci ildə Tbilisi Dövlət Universitetinin türkologiya kafedrasının professoru adına layiq görülüb. Elə həmin il Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1991-ci ildə Gürcüstan Respublikasının təhsil və elm naziri olub. Sonra E.Cavelidzeni bir mətbuat işçisi kimi görürük. “Gürcüstanın zəng qülləsi”, “Kolx qülləsi” və “Zəng qülləsi” qəzetlərinin naşiri və redaktoru olub (1992-1995). Keçid dövründə bir müddət Almaniyada yaşayıb (1996-1999). Buna mühacirət də demək olardı. Lakin bu, uzun sürməyib, tezliklə vətəninə qayıdıb həm ictimai-siyasi, həm də elmi fəaliyyətini davam etdirib. 1999-2003-cü illərdə Gürcüstan parlamentinin üzvü seçilib və “XXI əsr” parlament fraksiyasına başçılıq edib. Elə bu dövrlər “Yeni dövr” və “Aisi” qəzetlərinin naşiri və redaktoru olub. 2013-cü ildə Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Əlbəttə, onun əlli ilə yaxın İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində pedaqoji fəaliyyətini də xatırlamamaq olmur.

Akademik Elizbar Cavelidze zəngin yaradıcılıq yolu keçib. Bu yaradıcılıq yolunun əsasını isə türkologiya təşkil edir. 60-cı illərdən bəri bu böyük alimin türkologiyanın müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr edilmiş fundamental tədqiqatları nəşr edilmişdir. Türk ədəbiyyatının başlanğıc dövrünə aid şərqşünas alimin üç monoqrafiyası nəşr edilib: “U istokov turetskoy literaturı, I, Djelaleddin Rumi (dünyagörüşü məsələləri)” (1979) “U istokov turetskoy literaturı, II, Yunus Emre” (1985), “Türk ədəbiyyatı mənbələrindən, III, Aşık Paşa” (2013). “Türk poetikası” (1988) monoqrafiyası da Şərqin mədəni-estetik düşüncəsinin araşdırılmasında önəmli rol oynayıb. Lakin onun araşdırmaları bununla tamamlanmır; “Fütüvvət-mənəviyyat-rindlik dostluğu (fəta, comərd, rind, avari, ahi, qaraçoxeli” (2010) monoqtrafiyasını da qeyd etmək olar. Onun Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaları da öz sanbalı ilə seçilir. “Məhəmməd Füzuli” monoqrafiyası füzulişünaslıqda yenidir. “Kitabi Dədə Qorqud” dastanını gürcü dilinə (Georgi Şağulaşvili ilə birlikdə) tərcümə etmişdir. Bu xidmətlərilə görkəmli alim yalnız gürcü şərqşünaslığının deyil, eləcə də sovet şərqşünaslığının tanınmış simasına çevrilir. Təsadüfi deyil ki, sovet dövründə şərqşünaslıq üzrə Müdafiə Şurası Bakıda deyil, Tiflisdə fəaliyyət göstərirdi və Bakıdan gedən alimlərimiz badano Elizbar Cavelidzenin həmişə qayğısını görürdü.

Akademik Elizbar Cavelidzenin şərqşünaslığa aid araşdırmaları sovet türkologiyasının əsasını təşkil edirdi. Bu araşdırmalarda türk poeziyasının tarixi inkişaf yolu və ayrı-ayrı şəxsiyyətlərinin həyatı və yaradıcılığı tədqiq olunurdu. O zaman bu şəxsiyyətlərlə bağlı çox az tədqiqatlar aparılmışdı. “Türk ədəbiyyatı başlanğıc dövrü. I Cəlaləddin Rumi (dünyagörüşü məsələləri)” monoqrafiyası problemin qoyuluşu və elmi həlli baxımından tamamilə yeni idi. Tədqiqatçı ilk dəfə olaraq sovet şərqşünaslığında Cəlaləddin Rumi həyatı və mühitini, epoxasını, yaradıcılığını araşdırmış və müəyyən nəticələrə gəlmişdir. Cəlaləddin Rumi haqqında son dərəcə sanballı bu əsərin indiyədək Azərbaycan, yaxud türk dilinə çevirilməməsi təəssüf doğurur. Zəngin mənbələrə istinadən yazılan monoqrafiya Rumi yaradıcılığı türk təfəkkürü məcrasında bütün komponentlərilə açılır. Əsərdə müxtəlif mənbələrə və məlumatlara istinadən Cəlaləddin Rumi ilə Çariça Tamara, kiçik Tamaranın mənəvi qarşılıqlı əlaqələrinin və dostluğunun tarixinin işıqlandırılması da maraqlıdır. Türkologiyaya həsr edilmiş digər iki monoqrafiyasında da Orta əsr Şərq düşüncəsinin dini-fəlsəfi, estetik düşüncəsini (sufizm, mütləq gerçəklik, kosmologiya, ruh və bədən, zaman və məkan, dünya-axirət, gözəllik, həyat-ölüm kimi məsələləri şərq poeziyası kontekstində araşdırır. Türk poetikası məsələlərində isə tədqiqatçı janr, forma, versifikasiya kimi məsələləri elmi cəhətdən təhlil edir. Gürcü alimi Apollon Silaqadze böyük şərqşünasın yaradıcılığını qiymətləndirərkən yazır: “Elizbar Cavelidze üçün, hər şeydən əvvəl, əgər belə demək mümkündürsə, sevimli mövzu vaxtilə bütün Yaxın Şərqdə, həyatın praktik olaraq bütün sahələrində hökmranlıq edən fəlsəfi-dini axını olan sufizmdir ki, bu da Orta əsrlərdə Yaxın Şərqin mədəni, estetik, əxlaqi, siyasi və sair düşüncəsinin məhək daşını təşkil edirdi”. E.Cavelidzenin sufizm məsələləri ilə bağlı araşdırmaları da yeniliyi və fundamentallığı ilə sovet şərqşünaslığını zənginləşdirir. Xüsusilə, şərqşünas alimin panteizmi sufizmin əsası olaraq müəyyən etməsi problemə münasibətdə yeni yanaşmanı əks etdirirdi. Onun bu araşdırmaları nəzəri səviyyəsinə görə sovet türkologiyasının görkəmli simaları Y.Bertels, D.Makdonald, M.F.Köprülü, H.Araslı, Z.Quluzadə kimi alimlərlə yanaşı durur.

Akademik Elizbar Cavelidzenin Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli olan iki monoqrafiyasının da adını burada mütləq qeyd etmək lazım gəlir. Onlardan biri “Məhəmməd Füzuli”, digəri isə “Ruhi Bağdadi” əsərləridir. Birinci kitab artıq dilimizdə nəşr edilmişdir. “Ruhi Bağdadi” monoqrafiyası isə tərcüməçi Mirzə Məmmədoğlu tərəfindən dilimizə çevrilməkdədir. Görkəmli alimin bu kitabının da dilimizdə nəşr edilməsi ədəbiyyatşünaslığımıza ancaq xeyir gətirə bilər. Həm də ona görə ki, indiyədək Azərbaycanda “Ruhi Bağdadi” ilə bağlı bu cür fundamental tədqiqat əsəri ortaya qoyulmamışdır.

Badano Elizbar Cavelidzenin araşdırmaları yalnız Şərq ədəbiyyatı ilə məhdudlaşmır. Onu vətənində həm də gürcü ədəbiyyatının tarixçisi və nəzəriyyəçisi kimi tanıyırlar. Onun qədim və müasir gürcü ədəbiyyatının bir çox problemlərinə və şəxsiyyətləri ilə bağlı yazdığı araşdırmaları bunu deməyə əsas verir. Tənqidçi kimi də onun müasir ədəbiyyatın müxtəlif problemlərinə aid onlarla məqalələri dərc edilmişdir. Lakin onun yaradıcılığında şərqşünaslığa aid araşdırmalardan sonra ən mühüm yeri çağdaş gürcü ictimai-siyasi, ədəbi-mədəni həyatının müxtəlif problemlərinə həsr edilmiş yazıları tutur. Bu məqalələr görkəmli publisistin “Studiyalar” (1985), “Əgər ruhən...” (1989), “Zülmət” (2001), “Həqiqət nə etsin” (2008), “Günlərin qapısı qarşısında qəmli dayanmışam” (2009), “Ah, mənim vətənim” (2007) və s. kitablarında yer alır. Bu əsərlərində gürcü xalqının müasir dünya kontekstində problemləri təhlil olunur və gürcü həyatının gerçəklikləri təsvir edilir.

Artıq on ilə yaxındır ki, badano Elizbar Cavelidze Gürcüstan Elmlər Akademiyasında komissiyalardan birinə rəhbərlik edir. Son illərdə yazdığı məqalələrilə gürcü ictimai-siyasi, ədəbi-mədəni mühitində əvvəlki populyarlığını qoruyub saxlayır. Gürcüstanda hamı onu yaxşı tanıyır, əsərlərini nəşr edir, onunla hesablaşır, bir ziyalı, akademik kimi hörmət bəsləyirlər. Badano Elizbar Cavelidze həm əsərlərində, həm də həyatda bir vətəndaş kimi həmişə ictimai fəallıq və prinsipiallıq göstərib, xalqının gələcəyini və vətənini düşünüb.
Gürcü türkologiyasının banisi, Azərbaycanın dostu, vəfalı türk sevdalısını 80 illik yubileyi münasibətilə təbrik edir, bu yolda ona tükənməz enerji və sağlamlıq arzulayırıq.
Badano Elizbar Cavelidze!
Bədirxan ƏHMƏDOV,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Ədəbi əlaqələr, Tiflis, Bolus
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT  və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

Digər bölmələr
Rəy yazın: