M.F.AXUNDOVUN ŞƏXSİYYƏTİ

M.F.AXUNDOVUN ŞƏXSİYYƏTİ Anadan olmasının 205-ci il dönümü münasibətilə

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim M.F.Axundov 1812-ci ildə Azərbaycanın qədim əyalətlərindən olan Nuxada anadan olmuşdur. Onu da qeyd etmək lazımdır ki, XVIII əsrin ortalarına qədər Nuxa kənd idi. Nadir şahın Güney Qafqaz ölkələrinin istilası zamanı Hacı Çələbi Şəki xanlığının əsasını qoyaraq Nuxanı özünün iqamətgahına çevirdi. 1819-cu ildə Şəki xanlığı ləğv olunmuşdur. Nuxa və ya Şəki bir mahal kimi əvvəlcə Şamaxı, sonra Bakı (1859-cu il), daha sonra isə Gəncə vilayətinin qəzası olmuşdur. 1968-ci ildə isə Nuxa şəhəri Şəki şəhəri adlanmışdır.

M.F.Axundovun ata babası Cənubi Azərbaycandandır. Atası Məhəmməd Tağı Hacı Əhməd oğlu Təbriz vilayətinin Xamnə qəsəbəsindən olub. M.F.Axundovun atası və babası Hacı Əhməd bu qəsəbənin, eləcə də ona yaxın olan kəndlərin kəndxudası olmuşdur. Mirzə Məhəmməd Tağı 3 nəfər əskərə (sərbaza) verdiyi cəzaya görə vəzifəsindən azad edilir və əmlakı müsadirə olunur. Bundan sonra ailəsini dolandırmaq üçün Mirzə Məhəmməd Tağı Arazın bu tayına keçərək çərçilik edə-edə Nuxaya gəlib çıxır. O, məhz niyə Nuxaya gəlir? Çünki, o vaxtlar Şəki mahalının hakimi Cəfərqulu xan Xamnəli idi. Bir eloğlu kimi ona pənah aparır. 1814-cü ildə Cəfərqulu xan vəfat etdikdən sonra onun himayəsi altında yaşayan İran mühacirləri, o cümlədən Mirzə Fətəlinin atası Mirzə Məhəmməd Tağı ikinci arvadı Nanə xanımı və körpə oğlu Fətəlini götürüb Xamnəyə qayıdır. İki yaşlı Fətəli də bu zamandan etibarən anası Nanə xanımla birlikdə Xamnədə atasının əvvəlki ailəsində yaşayır.

Axundovun anası ərinin birinci arvadı ilə yola getmədiyindən ərindən boşanmağa məcbur olur.
M. Qacar öz xatirələrində anası Nisə xanımın dilindən belə nəql edir: «...Anamın dediyinə görə o gün Mirzə Fətəli bərk yuxuda imiş və anasının ondan ayrılacağını bilmirmiş, lakin bütün ev adamları Nanə xanımı yola salmaq ilə məşğul ikən, on yaşlı ögey bacısı Mirzə Fətəlinin yanına gəlib, nə yatmısan, dur ayağa, indicə anan gedər, sonra həmişəlik onun üzünə həsrət qalarsan» deyə onu oyatmışdı. Körpə Mirzə Fətəli ağlayaraq həyətə atılıb dəvəyə minmək üzrə olan anasının ətəyindən yapışıb bağırmağa başlamış. Atası rəhmə gəlib uşağı anasına bağışlamışdı. Mirzə Fətəli hər dəfə bu vəqəni xatırlarkən, öz bacısının bu yaxşılığını hörmətlə qeyd edər və ona borclu olduğunu söylərmiş, çünki onun insan olmasına o qız səbəb olmuşdu, əgər İranda atasının yanında qalsaydı, heç bir tərbiyə və təhsil ala bilməyəcəkdi».

Göründüyü kimi, bu hadisə Mirzə Fətəlinin həyatında mühüm rol oynamışdır. Məhz elə buna görə də o, Tiflisin Qafqaz canişinliyində işləyən zaman İranda yaşayan bacılarını axtarmışdır. M. Qacar daha sonra bu barədə yazır: «Mirzə Fətəli İrana gedib öz bacılarını tapıb görüşmüşdü. Bacılarının ona hədiyyə etmiş olduqları bir çox incə işlənmiş əl işləri indiyədək bizim evdə saxlanılır».

M.F.Axundov sonralar həmin bacılarına köməkliklər etmək məqsədi ilə İranın şahından xahiş edərək onlara 1848-ci ildən ildə 50 tümən dövlət yardımı təyin edilməsinə nail olur.

Nəhayət, Nanə xanım oğlu Fətəli ilə birlikdə əmisi Axund Hacı Ələsgərin yanına gəldi. Axund Hacı Ələsgər bu zaman Cənubi Azərbaycanda Ərdəbildə Şəkinin sabiq hakimi Səlim xanın yanında qulluq edirdi və Qərəçədağ vilayətinin Horand qəsəbəsində yaşayırdı. Mirzə Fətəli iki il Horandda yaşadıqdan sonra, anası və Axund Hacı Ələsgərin ailəsi ilə birlikdə elə bu mahalın Enkut qışlağına köçüb Vəlibəyli obasında məskunlaşmışdır. Beləliklə, M.F.Axundov iki yaşından 13 yaşınadək Cənubi Azərbaycanda qalmışdır. O, burada olarkən ilk təhsilini köhnə mollaxana məktəbində almışdır. Lakin məktəbdən qaçmış, axıra kimi təhsil almamışdır.
Axund Hacı Ələsgər öz qardaşı nəvəsini oğulluğa götürərək onun təlim və tərbiyəsi ilə şəxsən özü məşğul olmuşdur. Axund Hacı Ələsgər də onun həyatında mühüm rol oynamışdır.Ona yaxşı atalıq etdiyindən Mirzə Fətəli məhz elə öz soyadını onun adı ilə – Axund ilə əlaqələndirmişdir. Axund Hacı Ələsgərin oğlu, sonralar onun qaynı olmuş Mirzə Mustafanın da soyadı Axundzadə idi. M.F.Axundov az bir zaman içərisində Axund Hacı Ələsgərin səyi və özünün çalışqanlığı sayəsində quranı, fars və ərəb dilini öyrənmişdir.
1825-ci ildə Axund Hacı Ələsgərin böyük qardaşı Məhəmməd Hüseyn Şəki mahalından Enkut qışlağına gələrək, qardaşını və Mirzə Fətəlini anası ilə birlikdə vətənə qaytarmışdır. Axund Hacı Ələsgər vətənə qayıdarkən birinci ili Gəncədə qalmışdır və elə burada da Fətəlinin yenə təhsil və tərbiyəsi ilə məşğul olaraq onun farsca və ərəbcə savadını dərinləşdirməyə çalışmışdır. 1826-cı il İran-Rusiya arasında gedən müharibə zamanı Gəncəyə də böyük ziyan toxundu. Burada qərar tutan Axund Hacı Ələsgərin də mal-dövləti talan edildi, müflis bir vəziyyətə düşdü, Gəncəni tərk etməyə məcbur oldu, Mirzə Fətəli ilə bərabər Nuxaya qayıtdı.
Axund Hacı Ələsgər Nuxada da öz oğulluğu Mirzə Fətəlinin təlim və tərbiyəsi ilə məşğul oldu. Ona ərəb dilini daha da yaxşı öyrətməyə başladı. Mirzə Fətəlinin özü də dini şərh və risalələri daha da səylə oxuyur, islam dininin əsasları ilə daha dərindən tanış olurdu. Həmin vaxtlar fikri və məqsədi ruhani olmaq idi.
1832-ci ildə Axund Hacı Ələsgər Məkkəyə həcc ziyarətinə gedəndə Mirzə Fətəlini Gəncəyə aparır. Gəncə məscidində öz tanışı molla Hüseyn Pişnamazzadəyə Məkkədən qayıdanadək ona məntiq və fiqh elmindən dərs verməyi tapşırır. O, burada klassik şair Mirzə Şəfi Vazehdən kaliqrafiya üzrə dərs alır, xəttatlığa yiyələnir. Bu xəttatlıq Fətəliyə sonralar öz əsərlərinin üzünü nəstəliq xətti ilə köçürülməsində çox karına gəlir. Dini etiqada laqeyd olan Mirzə Şəfi Mirzə Fətəliyə dərs verərkən onun zəkasına və bacarığına heyran olmuş, puç əqidə yolunda olduğuna heyifsilənmişdir. Odur ki, ona xeyirxah məsləhətlər verərək dini təhsildən uzaqlaşdırmağa çalışmışdır. Mirzə Fətəlinin həyatında mühüm rol oynayan amillərdən biri də məhz elə Mirzə Şəfi Vazeh ilə tanış olmaq, ondan dərs almaq və onun məsləhətləri olmuşdur.
M.F.Axundov sonralar bu hadisəni yada salaraq öz tərcümeyi-halında yazmışdır:
«...Bir gün bu möhtərəm şəxs məndən soruşdu: Mirzə Fətəli, elmləri təhsil etməkdən məqsədin nədir?
Cavab verdim ki, ruhani olmaq istəyirəm.
Dedi: Sən də riyakar və şarlatan olmaq istəyirsən?
Təəccüb elədim və heyrət etdim ki, bu nə sözdür.
Mirzə Şəfi mənim halıma baxaraq dedi: Mirzə Fətəli, öz ömrünü bu qaragüruhun içərisində zay etmə, başqa bir iş qəbul et!
Onun ruhanilikdən nifrət etməsinin səbəbini soruşduğum zaman o günə qədər mənim üçün örtülü qalan mətləbləri açmağa başladı. İkinci atamın həcdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi-irfa niyyəti mənə təlqin etdi və gözümün önündən qəflət pərdəsini qaldırdı.
Bu hadisədən sonra ruhanilikdən nifrət etdim və öz fikrimi dəyişdirdim».
Doğrudan da Mirzə Fətəli Şəfi Vazehin təkid və təlqinlərindən sonra ilahiyyat kitabları ilə deyil müasir elmlərlə maraqlanmışdır. Onun Nuxaya qayıtdığı illərdə dövlət tərəfindən rus dilində yeni məktəb açılır. Atalığının icazəsi ilə bu məktəbə daxil olur, lakin yaşı çox olduğundan burada bir ildən artıq oxuya bilmir.
O, təhsilini artırmaq qərarına gəlir. Buna görə də o, Zaqafqaziyanın inzibati və mədəni mərkəzi sayılan Tiflisdə hökumət qulluğuna girmək, rus dilini öyrənmək arzusunda olduğunu atalığına bildirəndə Axund Hacı Ələsgər açıq fikirli şəxs olduğundan onun qərarına etiraz etməmişdir, onu Tiflisə gətirmişdir. O vaxtlar yüksək rütbəli Abbasqulu ağa Bakıxanovun köməkliyi ilə Qafqazın baş sərdarı Baron Rozenin dəftərxanasında Şərq dilləri üzrə əvvəlcə mütərcim köməkçisi, altı aydan sonra mütərcimliyə götürülmüşdür. Məhz elə Tiflisdə işə başlaması da onun həyatında mühüm rol oynamışdır. Burada onun dövlət adamları ilə tez-tez görüşməsi, xarici ölkələrə getməsi, elmi cəmiyyət və müəssisələrdə çalışması və onun məlumatlarının genişlənməsinə və sair təcrübəsinin artmasına səbəb olmuşdur.
Zaqafqaziyanın paytaxtına, Qafqaz canişinliyinin iqamətgahına çevrilən Tiflis ədəbi mühiti M. F. Axundovun həyatında mühüm rol oynamışdır. Dövlət işləri ilə yanaşı bədii yaradıcılıq ilə məşğul olaraq ölməz əsərlər yazmışdır. Özünün az müddət ərzində yazdığı dram əsərləri ilə Azərbaycan dramaturgiyasının əsasını qoymuşdur.
M. F. Axundov qayğıkeş bir ata olmuşdur. Övladları tez-tez xəstələndiklərindən onların səhhətinin sağlamlığına çalışmışdır.
Titulyar sovetnikinin ştab rəisinə yazdığı 1858-ci il noyabr tarixli ərizəsində M. F. Axundov Tiflisdə havaların isti keçməsindən və bu istinin səbəbindən altı uşağının xəstəliyə tutulub tələf olmasından şikayət edir. Qalan iki uşağının xəstəlikdən mühafizəsi üçün həkimlərin məsləhəti ilə yaylağa aparılmasının zəruri olduğunu bildirir. Bu münasibət ilə o, Tiflisin Qocor yaylağında bir ev tikdirmək məqsədi ilə dövlət yerlərindən istifadə etməyə icazə verilməsini xahiş edir.
Nəhayət, o, Qocor yaylağında 500 kvadrat sajendən (1 sajen üç arşın olmaqla 1000 kvadrat metrdən bir az artıq olmuşdur) ibarət olan mülkdən ötrü 20 il müddətində ödəmək şərtilə dövlət xəzinəsindən kredit götürmüşdür.
Böyük dramaturq və mütəfəkkir M. F. Axundovun öz əməyi ilə tikdirdiyi bu mülk hazırda uşaq bağcasıdır. Onu da qeyd etmək lazımdır ki, tarixi bir abidə olaraq bu bina ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi maraqlansa pis olmazdı.
Həmişə övladlarının təlim və tərbiyəsi ilə şəxsən özü məşğul olmuşdur. Övladları Rəşid bəy və Nisə xanımla həmişə ədəbi diskusiyalar aparmışdır. Bunu Avropada təhsil alan oğlu Rəşid bəylə məktublaşmalarından aydınca hiss etmək olar. 1875-ci il 10 yanvar tarixli «Axundov Rəşidə» başlıqlı məktubunda M. F. Axundov Rəşiddən məktub aldığı üçün özünün və ailəsinin sevincini bildirir.Yazdığı «Müsyo Jordan» komediyası haqqında Brüsseldə olan alim Qosdinonun fikrilə razılaşır. Başqa komediya əsərlərinin isə həqiqətən səhnə əsəri olduğunu qeyd edərək, bir az qabaq bu komediyaların Tiflisdə və Bakıda oynanıldığını söyləyir. Bundan əlavə, məktubda «Kəmallüddövlə məktubları»nın ruscaya çevirib Peterburqda çapa hazırlanmasından və sair bu kimi məsələlərdən bəhs edərək bunları oradakı əlaqədar şəxslərin nəzərinə çatdırmaq üçün oğlu Rəşidə tapşırıqlar verir.
M. F. Axundov baş sərdar baron Rozendən sonra (1831-1837) Qolovinin (1837-1842) və Heydqardtın (1842-1844) dəftərxanasında işləmişdir.
1845-ci ildən Tiflisdə canişinlik vəzifəsi tədbiq olunmuşdur. Qafqaz canişini (namestnik) vəzifəsinə M. Vorontsov (1845-1854) təyin edilmişdir. M. F. Axundov onunla, sonralar Baryatinski ilə(18556-1862), Rusiya imperatorunun qardaşı, böyük knyaz Mixail Romanov ilə(1862-1882) işləməli olmuşdur.
Bu canişinlər arasında Vorontsov xüsusilə fərqlənmişdir. O, Tiflisdə teatrın yaradılmasında böyük səy göstərmişdir. 1846-cı ildə Tiflis teatrında Qriboyedovun «Ağıldan bəla» əsəri tamaşaya qoyulmuşdur. 1847-ci ildə Molyerin «Dvoryanlıqda meşşanlıq» əsəri oynanılmışdır. Vorontsovun təkidi ilə M. F. Axundov azərbaycanca, knyaz Georgi Eristavi isə gürcücə dram əsərləri yazmışdır. Beləliklə, bunların hər ikisi öz xalqlarının dramaturgiyasının əsasını qoymuşdur.
Canişin Vorontsov M. F. Axundova xüsusi hörmətlə yanaşmışdır. M. F. Axundov 1856-cı ildə Qafqaz canişinliyi idarəsinə yazdığı məktubunda Vorontsovun əmrinə əsasən çox müddətli iş stajı və çox üzvlü ailəsi olduğuna görə maaşından əlavə dövlətdən ildə (320) üç yüz iyirmi manat yardım aldığını bildirir.
M. F. Axundov ömrü boyu şərab içməmişdir. Manekçi Sahibə yazdığı 1876-cı il may tarixli məktubunda bunu aydın görmək olar:
«Qızımın əri bizim imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir, günah işlərin və bəd əməllərin yanından belə keçməz. Mənim kimi o, da şərab içmir».
M. F. Axundovun bir vaxtlar İranda hökmranlıq etmiş Qacarlar sülaləsindən olan kürəkəni Xanbaba xan Fətəli şah Qacarın nəticəsi, Abbas Mirzənin nəvəsi Bəhmən Mirzənin oğludur. Rus ordusunun zabiti olmuşdur. Rus-türk müharibəsində iştirak etmişdir. Xanbaba xanın atası Bəhmən Mirzə 1834-cü ildə öz böyük qardaşı Məhəmməd Mirzə İranda taxta çıxanda Cənubi Azərbaycana hakim təyin edilir. Lakin 1847-ci ildə şahın qəzəbinə düçar olan Bəhmən Mirzə taxtdan salınır. O, saray ziddiyətlərindən qorxaraq rus səfirliyində sığınacaq axtarır. 1848-ci ilin mayında o, Bakıya gəlir, elə həmin ay oradan da Tiflisə yola düşür. Tiflisdə o, Qafqaz canişini M. Voronsov tərəfindən yaxşı qarşılanır və sonralar rus təbəliyini götürür. Şuşada daimi yaşamaq hüququnu alır. Bəhmən Mirzənin oğlu, M. F. Axundovun kürəkəni Xanbaba xan Tiflisdə rus ordusunda, o biri oğlu isə İran ordusunda xidmət edir.

1866-cı ildə M. F. Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edərək iki uşağı yetim qalmışdır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bəzi tədqiqatçılar yanlış olaraq bu uşaqların Nisə xanımdan olduğunu qeyd edirlər. M. Qacar isə Nisə xanımın doğma qızıdır.
M. F. Axundov qəm və qüssələrin çoxluğuna baxmayaraq üzügülər, xoşsima, zarafatcıl bir insan idi. Həmişə dost-tanışlarının, qohumlarının problemləri ilə məşğul olmuşdur. Bacısı oğlu Rzanın, qohumu Rəsulun, qaynı, Tubu xanımın qardaşı Mirzə Mustafa Axundzadənin, onun ailəsində aşbazlıq edən Nəcəf Qafar oğlunun, onun arvadı Xədicənin, Xanbaba xanın qardaşı Rzaqulu Mirzənin həmişə qayğısına qalmış, onların problemləri ilə məşğul olmuşdur.
Dövlət dəftərxanasında dövlət işləri ilə əlaqədar xarici ölkələrə səfər edərkən onu qaynı Mirzə Mustafa Axundzadə əvəz etmişdir. M. F. Axundov dost olmağı bacarmışdır. Onun belə bir müdrik kəlamı var: “Əgər yaxşı dost axtarırsansa, özün yaxşı dost ol. Çünki dost axtaran kəs asanlıqla səni tapsın.”
Mirzə Yusif xanla, Mirzə Melkum xanla, Xurşud Banu Natəvanın gələcək əri Xasay xan Usmiyevlə, İbrahim ağa ilə, Qafqaz müftisi Hüseyn Qayıbovla, Borçalı ağası Sadıq bəyin məşhur soyundan olan İsrafil bəy Yadigarovla, sonralar şeyxulislam olmuş Əbdüssəlam ilə, Şah Abbas məscidinin axundu Məşədi İsmayıl ilə və başqaları ilə dostluq etmişdir.
Onun dünya görünüşündə mühüm rol oynayan Mirzə Şəfi Vazehi heç vaxt unutmamış, səhhəti ilə əlaqədar 1940-cı ildə qəza məktəbində Azərbaycan dili müəllimi işləyən M. F. Axundov öz yerini sevimli müəllimi Mirzə Şəfiyə verir.
M. F. Axundov ailə faciələrinə baxmayaraq heç vaxt bədbinləşməmiş, ruhdan düşməmiş həmişə mübariz olmuşdur. İdeyası uğrunda, ələlxüsus da yeni əlifba layihəsi uğrunda dönmədən mübarizə aparmışdır. O, yeni əlifba layihəsi ilə əlaqədar İstanbul vəzirləri ilə mübarizə aparacağını belə yazır:
“Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında qalxanımı yerə atıb ona təslim olam. Mən nə qədər diriyəm, İstanbul vəzirlərilə qələmlə vuruşacağam”.
Dostu Xasay xan Usmiyevə bağışladığı nüsxənin son ağ səhifəsində dərin həyəcanla yazdığı sətirlərdən onun nikbin bir şəxsiyyət olduğunun bir daha şahidi oluruq:
“Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bu günkü sevincimi sizə xəbər verməyə bilirəm. Mənim şadlanmağımın səbəbi başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhənin qalmamasıdır. ... 15 mart 1846. Mirzə Fətəli”.
M. F. Axundov 1868-ci ildə yazır:
“Mən xalqımın elə bir üzvüyəm ki, fikrim, damadım və qələmimdən başqa heç şeyə əlim çatmır və əlimdən gələn hər işi görmüşəm”.
M. F. Axundov öz doğma Nuxasını heç vaxt yaddan çıxarmamış, oraya ezam olunarkən “Gəncəli” məhəlləsində yaşayan əhalinin ehtiyacı üçün hökümət tərəfindən su kəmərinin çəkilməsini knyaz Ramaz Dmitriyeviçdən yazılı şəkildə xahiş etmişdir.
Tarzən Rzabalanın nəvəsi, tanınmış rəssam, Meydanda boya-başa çatan İsmayıl Rzayev M. F. Axundov barəsində söz düşərkən onun mərdliyindən danışaraq demişdir:
“Babam tarzən Rzabala Rzayevin atası Məşədi İsmayıl Mirzə Fətəlininin dövründə Şah Abbas məscidinin axundu olub, onunla dostluq edib. Onun babama, babamın atama, atamın da mənə söylədiklərinə görə, (Onu da qeyd etmək lazımdır ki, hazırda İsmayıl Rzayevin atası Böyük Vətən müharibəsi veteranı Nurəddin Rzayev ABŞ-ın Nyu-York şəhərində yaşayır). Mirzə Fətəli bir gün öz evinin pəncərəsindən Kürü seyr edirmiş. Həyat yoldaşı Tubu xanım evin xalçalarını balkona səribmiş. O vaxtlar onun evinin qabağında böyük bağlıq var idi. Bağda veyil-veyil gəzən kintolardan biri xalçanı görüb onu oğurlamaq fikrinə düşür. Onu ehmalca balkondan sürüşdürərək yerə salır və qoltuğuna vuraraq Şeytanbazara doğru gedir. Sən demə, bütün bunları Mirzə Fətəli görürmüş. Odur ki, onun arxasınca düşür. Nəhayət, Şeytanbazarda xalçanı qabağına qoyub satan kintoya yaxınlaşıb deyir:
Xalçanı neçəyə satırsan,
Çox bahadır, sən ala bilməzsən.
Əşşi, qiymətini de, alacağam.
Xülasə, kinto bir qiymət deyir. Mirzə Fətəli onunla razılaşır və deyir ki, artıqlaması ilə verəcəyəm, götür, mənim evimə aparaq, bu yaxınlıqda oluram.
Gedə-gedə düz Mirzə Fətəlinin evinə yaxınlaşırlar. Mirzə Fətəli kintoya xalçanı haradan götürmüşdürsə, ora qoy deyəndə, kinto qorxuya düşür və başlayır ona yalvarmağa ki, pulunu-zadı istəmirəm, bir qələtdir eləmişəm, məni bağışla.
Mirzə Fətəli onu sakitləşdirərək deyir ki, bala, götür pulu, bir də belə şeylər eləmə”.

Hazırda onun adına Azərbaycan Mədəniyyəti Muzeyi olmuş binanın inşası üçün Mirzə Fətəli 1861-ci ildə Tiflisdə kərpic zavodunun sahibi Ələkbər Mustafa oğlundan 150 min ədəd kərpic, torpaq sahəsi alaraq dövlətdən kredit götürmüş və onu hissə-hissə ödəmişdir.
M. F. Axundov ateist olsa da imam Əliyə, ümumiyyətlə, imamlara hörmətlə yanaşmışdır. O, “Kəmallüdovlə məktubları”nın əvvəlində yazır:
“Neçə ki, məqamı yüksək olan imam Əli ibn Əbutalib Əleyhissəlam bir dinsizlə bəhs edərkən əsla acıqlanmayıb, onun tutduğu iradları hikmətli cavablarla rədd etmişdir”.
Başqa bir yerdə isə yazır:
“Məlum olduğu kimi məqamı yüksək olan imamlarımız həmişə zindiqlərin və dinsizlərin sözlərini rədd edib, onların iradlarını xalqın gözündə etibardan salmışdır”.
Ömrünün ahıl çağlarında qocalığının onu üstələdiyi bir vaxtda yeganə oğlu Rəşid bəyə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamədə deyilir:
“Mən aşağıda imza edən podpolkovnik Mirzə Fətəli Axundov, qocalığımın yaxınlaşdığını hiss edərək, sağlam ağıla və möhkəm yaddaşa malik olduğum bir vaxtda bu vəsiyyətnamədə öz son iradəmi ifadə etmək istəyirəm: mənim öz əməyimlə əldə etdiyim iki daşınmaz əmlakım vardır: biri filiqelləri, dükanları və bütün başqa ləvazimatları olan iki-üçmərtəbəli evdir ki, Tiflisdə kupça kağızı ilə aldığım Vorontsov küçəsindəki torpaqda yerləşir; ikincisi Kocorda kiçik yaylaq evindən ibarətdir ki, mən onu da bəzi taxta tikililərlə birlikdə kupça kağızı ilə almışam. Buna görə də həmin vəsiyyətnamə ilə mən həm Tiflisdə, həm də Kocorda öz zəhmətimlə aldığım mülklərimi yeganə oğlum Rəşid bəy Axundova verirəm və istəyirəm ki, o, mənim ölıümümdən sonra həmin mülklərə tamhüquqlu və şəriksiz sahib kimi yiyələnsin, mənim varislərimdən heç bir başqa şəxs mənim ölümümnən sonra həmin mülklərə hər hansıbir iddia irəli sürmək hüququna malik olsun”.
M. F. Axundovun həyatının xüsusilə son illərində bir yandan zehni işlə həddindən artıq məşğul olması, o biri yandan böyük arzularının həyata keçirilə bilməməsindən və tez-tez uşaqlarının ölməsindən doğan kədər və məyusluq onun səhhətinə təsir edərək vaxtından əvvəl qocalmasına və ölməsinə səbəb olmuşdur.

1877-ci ilin axırıncı aylarında ürək şişməsi xəstəliyinə düçar olaraq yatağa düşmüş və xəstəliyi get-gedə şiddətlənmişdir. 1878-ci il fevralın 26-da o, vəfat etmişdir. O, vəsiyyətinə görə vaxtilə Tatar qəbiristanlığı adlanan qəbiristanlıqda (indiki Nəbatat bağında) öz müəllimi Mirzə Şəfi Vazehin və qohumlarının olduğu Yemlikli Yerbatan adlanan yerdə dəfn olunmuşdur. Qəbir daşının üstündə ərəbcə bir kitabə yazılmışdır. Onun məzmunu belədir:
“Bu məfhum və məqfur yüksək şanlı şərq və rus dillərinin alimi, islam və rus ölkələrində bir çox əsərlərilə məşhur olan polkovnik Mirzə Fətəli mərhum Ağa Məhəmməd Tağı oğlunun qəbridir... Nuxa şəhərində doğulmuşdur. 1295-ci rəbiyyələvvəlin 6-da, yəni 1878-ci il fevralın 26-da vəfat etdi. Ömründən altmış il keçmişdir”.
Onun yurdunda oğlu Rəşid bəy qalmış, onun vəsiyyətinə görə bütün mülkünə o, sahib olmuşdur.
Rəşid bəy Axundov 1854-cü ildə Tiflisdə anadan olmuşdur. 1863-cü ildə Tiflis klassik gimnaziyasına daxil olmuş və oranı 1872-ci ildə bitirmişdir. O, Brüsseldə Belçika (Azad Liberal) Universitetinə qəbul olunmuş, lakin atasının vəfatı ilə əlaqədar təhsilini başa vurmamış, Tiflisə qayıtmışdır. Sonralar təhsilini davam etdirmək üçün Peterburqa gedir. Orada təhsil alaraq yol mühəndisi ixtisasına yiyələnir. Vətənə qayıdaraq Qafqaz Dairəsi Yollar İdarəsində işə başlayır.
M. Rəfili “M. F. Axundov” adlı əsərində yazır: “Rəşidin həyatı faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək, polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir” .
Tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin üzərə çıxartdığı məlumata görə 1909-cu il yanvarın 30-da Müfti Mirzə Hüseyn Əfəndi Qayıbov (1830-1917) Bakıda həkim işləyən oğlu Bahadır bəy Qayıbova yazırdı:
“Rəşid bəy molxulyanın (yəni melanxoliyanın - M. M.) “qələbə”sindən sonra məyusluqla özünü tapança ilə qətl elədi. Oğlu Fətəli bu günlərdə gələsidir. Rəşid bəy məni və Xanbaba xanı apekun (qəyyum) təzim edibdir. Bu barədə də kağız yazıbdır.
Bu gün “Kafkaz”dakı cənab sərdara və qrafinyaya oxunan nitqini (reçini) müsəlmançasını mən tərtib edib, sonra Nərimanov ruscasını sərdara və qrafinya hüzurlarında oxuduq. Hər ikisi çox razı qaldılar və sərdar dedi ki, bu beş nəfər qızların vəsaitimlə Svyataya Ninaya götürməkləri mənim tərəfimdən bir cüzi nümunədir. Gələcəkdə gücüm çatan qədər müsəlman uşaqlarının təlim və tərbiylərinə çalışacağam...”
Rəşid bəy Axundovun yeganə oğlu Fətəli bəzi məlumatlara görə “Molla Nəsrəddin jurnalının mürəttibi, Cəmil Məmmədquluzadənin məsləkdaşı İsmayıl Həqqi ilə bir vaxtda represiyanın qurbanı olmuş, 1938-ci ildə güllələnmişdir. Onu da qeyd etmək istəyirəm ki, bu istiqamətdə eləcə də M. F. Axundovun İranda hazırda şəhər olan Xamnədə qohumlarının üzərə çıxarılmasında tədqiqatlarımızı davam etdirəcəyik.

M.F.AXUNDOVUN ŞƏXSİYYƏTİ 1988-ci ildə İranda yaşayan, həmin vaxtlar Yaponiyada Tokio Universitetində məruzə oxuyan qız nəticəsi Pərixanım və onun əri Rac Persinijat Tiflisə gəlmiş, ulu babasının qəbrini ziyarət etmişdir.

M. F. Axundovun vaxtilə yaşadığı ev hazırda M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyidir.

Bir vaxtlar musiqi alətləri muzeyi olan binada 1983-cü ildə M.F.Axundovun ev muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır.
2007-ci ilin əvvəlindən hər iki ad ləğv olunaraq M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi olmuşdur.

Bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Şəmkir rayonunun keçmiş icra hakimi Aslan Aslanov və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi muzeyin eksponantlarının zənginləşdirilməsində, M.F.Axundovun, şanlı və fəxri Azərbaycan oğul və qızlarının qəbirləri həndəvərlərində abadlıq sahəsində mühüm işlər görmüşlər.

Vaxtilə Tiflisin qədim məhəllələindən olan Hamamlar məhəlləsində M.F.Axundov adına kitabxana mövcud idi.
Hazırda həmin məhəllədə onun adını daşıyan küçə vardır. Tiflis şəhərində ən qədim Azərbaycan orta məktəblərindən biri olan 73 saylı açıq məktəb M.F.Axundovun adını daşıyır. Həmin məktəbin önündə M.F.Axundovun büstü vardır.
Bu büst vaxtilə Leselidze küçəsindəki məktəbin həyətində idi. Yenidənqurma və başqa səbəblər üzündən bu büst sərgüzəştlərə səbəb oldu.
Maraqlananlar bu barədə internetdə məlumat əldə edə bilərlər.

Beləliklə, böyük sənətkar aylar, illər, qərinələr, əsrlər ötüşdükcə yaşa dolur, müdrikləşir, xalqımızın daha da sevimlisinə çevrilir. Qədirbilən xalqımız da onun əməyinə, zəhmətinə böyük dəyər verir, yaradıcılığına hörmətlə yanaşır.

Mirzə MƏMMƏDOĞLU,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Ədəbi əlaqələr, Tiflis
Bir daha M.F.Axundzadənin doğum  və ölüm tarixləri barədə

Bir daha M.F.Axundzadənin doğum və ölüm tarixləri barədə

Elmi Məqalələr, "Şərqin səsi"
Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı -                          ...

Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı - ...

Köşə yazılar
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Tiflis
Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

M.F.Axundzadə adına Muzey, Tiflis
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

M.F.Axundzadə adına Muzey
HƏQQİNİN HAQQ SƏSİ

HƏQQİNİN HAQQ SƏSİ

Tiflis
AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

M.F.Axundzadə adına Muzey, "Zirvə", Tiflis
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
Şuşa Dövlət Musiqili Dram Teatrı AzTU-da tamaşa göstərib

Şuşa Dövlət Musiqili Dram Teatrı AzTU-da tamaşa göstərib

AzTU
Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin  100 yaşlı uşaq bağças ...

Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin 100 yaşlı uşaq bağças ...

Təhsil
HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri Y ...

HƏYATIN TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf Dimitri Y ...

Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycan dilində çıxan ilk qəzet:

Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı"

Tiflis
Rəy yazın: