Lavrenti Çiçinadze: “NADİR ŞAHIN QILINCI” (Tarixi hekayə) Bədii Tərcümə, Müsabiqə 7 июня 2016 Müsabiqə üçün:Lavrenti Çiçinadze 1906-çı ildə Gürcüstanın Zestafoni rayonundakı Sakara kəndində anadan olub. 1930-cu ildə Tbilisi Dövlət Universitetinin pedaqoji fakültəsini bitirib. 1937-1941-çi illərdə “Oktyabryatcı” jurnalının redaktoru, 1965-67-çi illərdə isə Uşaq Kitabı Evinin direktoru olub. “Cilli evlər” adlı ilk hekayələr kitabı 1934-çü ildə nəşr edilib. Bir neçə roman və tarixi hekayələr kitabının müəllifidir. Lavrenti Çiçinadze 1997-ci ildə dünyasını dəyişib. * * * Lavrenti Çiçinadze “Nadir şahın qılıncı” (Tarixi hekayə)Tanrı verdi mənə bu yüksəkliyiNadir şahın sayəsində.Əvvəlcə Kaxetin sahibi etdi,Sonra Kartlidə irsən.Kaxetdə mənim oğlumuÇar kimi taxta çıxartdı.Bir çar kimi hörmət ediləndəİyirmi dörd yaşında idi o. II Teymuraz (sətri tərcümə) Çar İrakli öz iş otağında qapanıb qalmışdı. Heç kimi qəbul etmirdi. Çarın qəzəblənməsi xəbəri bütün sarayı bürümüşdü. Və heç kim ucadan danışmağa belə cürət edə bilmirdi. Sarayda məhz belə bir qorxunun və çarın qəzəbinin tuğyan etdiyi bir vaxtda İosif Qorqanaşvili göründü. O, İraklinin yanına gedirdi, lakin saray xidmətçiləri onu buraxmadı. Qorqanaşvili hirsləndi:- Burda böyük kimdir: siz, yoxsa çarın arvadı? - deyərək Darecanın naməsini çıxardıb onlara göstərdi. Xidmətçilər bir şey deyə bilmədilər və səssiz-səmirsiz çarın arvadı Darecanın naməsini İrakliyə apardılar. Çar buyurdu: - Gəlsin.Xidmətçilər onu çarın yanına buraxdılar, lakin deyinməyə başladılar: “Sərdarları qəbul etmir, amma hansısa bir taciri qəbul edir, bu nə olan şeydi?”Qorqanaşviliyə İrakli tamamilə başqa cür göründü. O, masa arxasında oturmuşdu. Sol əlini alnına dirəmişdi, gözünü bir nöqtəyə zilləmişdi. O biri qolunu geniş masaya sərmişdi, yumruğunu elə bərk-bərk sıxmışdı ki, sanki əlində qılınc tutmuşdu. Çar uzun müddət beləcə susmuş halda oturdu. İosif də bu sükutu pozmağa cürət etmədi. Gecdən-gec İrakli ucadan dilləndi:- Ey Qorqanaşvili, nə üçün gəlmişsən?- Sizə dua etməyə, ey rəhimli çar!Bu sözlərdən sonra İrakli İosif Qorqanaşvilinin üzünə səmimiyyətlə baxdı:- İxtiyar sahibisən, danışa bilərsən, - deyə İrakli buyurdu.- Ey rəhimli çar, başqa məmləkətdən bir at gətirmişəm. Tayı-bərabəri yoxdur. Bir yerdə durub dincəlmir. Ağımtıl rəngi var. Adi atlı onun başını tuta bilməz. Buna görə də bu kiçicik hədiyyəni itaətkar qulunuzdan qəbul edin. Əgər mən bununla başımı yola verə bilsəm, bu da yalnız sizin mərhəmətiniz sayəsində ola bilər.İrakli gülümsündü. Halbuki qəzəbini əks etdirən qırışlar narahat sifətində yenə göründü, sonra Qorqanaşvilidən soruşdu:- Məgər, bizim ölkədə sizə mərhəmət göstərən başqa adam tapılmazmı?- Nə buyurursunuz, ey çar. Sizdən əvvəl, sizdən artıq olmasa da sizin kimilər olub. Gürcülər ta qədimdən ağılla hərəkət etməyi, fədakarlıq göstərməyi özlərinə adət etmişlər. Məgər Gürcüstanı quran Davidi heç unutmaq olarmı... Lakin hər bir dövrün öz qəhrəmanı vardır. Bir vaxt David var idi. Parsman və Qorqasal ondan çox əvvəl. Tamarın qızıl dövründə gözəl vaxtlar var idi. Lakin indiki dövrdə sizin kimi qəhrəman, sizin kimi çar nə bizdə, nə də başqa yerdə var.İrakli ona yenə gülümsədi:- Lap elə birini də deyə bilməzsənmi? - deyə şübhə ilə sınayıcı baxışla ondan soruşdu.- Ey çarım, sizin qadanızı alım, bilmədiyim şeyi məndən soruşmayın.- Niyə bilmirsən, - deyə İrakli maraqla ondan soruşdu, - deyirlər, sən demə mənim yerimə taxtda çar kimi oturacaq adam var, camaata da daha çox xoşbəxtlik gətirəcəkdir.- Ey çar, ola bilər ki, taxtda otursun, lakin sizi kimi çarlıq edə bilməz. Belə bir adam mən eşitməmişəm. Mən tacirəm və xahiş edirəm, mənim tərəfimdən təqdim olunan kiçicik hədiyyə olan gözəl atı qəbul edəsiniz.Qorqanaşvilinin sözləri və cavabı İraklinin çox xoşuna gəldi. Ürəkdən ona minnətdarlığını bildirdi. İosif Qorqanaşvili şübhələr dumanına qərq oldu: Şübhəsiz, nəsə böyük bir hadisə baş verir, lakin mən heç nə bilmirəm, - deyə düşündü. Fikirlərə qərq olunmuş və gözləri bulanmış halda saraydan çıxdı. O, bir adamı iki görürdü. İraklinin sualları onun beynində yenə də təkrar olunurdu və qorxunc bir qüssə ürəyini sıxırdı: Çara niyə cavab verə bilmədim? - deyə düşündü. Sərdar Davidin səsi onu bu fikirlərdən ayırdı:- İosif bala, çarla sən nə məşvərət apardınız?- Nə buyurursan, böyük sərdar, mən hara, çarın məşvərəti hara... Məgər mən bu işə layiqəmmi?- Bir baxın, baxın, İosif balaya, - deyə sərdar David başqalarına baxaraq, - cavab verməyi də gör necə öyrənib?!Canına qorxu düşmüş Qorqanaşvili çox itaətkarlıqla fəryad etdi:- İnanın mənə, ey bizim himayədar sərdarımız, çar ilə adi bir işim vardı.Sərdar David kinayə ilə onu yamsılayaraq alçaqdan güldü:- Adi bir işim vardı.- Gör, gör bizi necə masxaraya qoyur, - kiminsə səsi eşidildi.- İosif çarın yanına adi bir işdən ötrü də gedə bilir, biz isə...- Bu sözləri deyəndən sonra sərdar David Qorqanaşviliyə arxa çevirdi və qılıncın küpündən yapışaraq başını bulaya-bulaya getdi.Qorqanaşvili tezliklə sarayın həyətini tərk etdi. Saraya yaxın olan şəxslər elə fikirləşdilər ki, İrakli onları çağıracaq. Lakin bu xoşbəxtlik, yoxsa bədbəxtlikmi yenicə irəli çəkilmiş Georgi Natelaşviliyə nəsib oldu. O da elə həmin an özünü yetirdi.- Gəlir, gəlir, gələcək sərdar, - deyə kimsə dilləndi.- Sən zarafat edirsən, amma bu doğrudan da gözlənilə bilər, - deyə ikinci şəxs ona cavab verdi.- Əgər hünər göstərsə, niyə də olmasın, - deyə üçüncü şəxs yekun vurdu.Sərdar David bu sözləri guya eşitmədi, lakin kin-küdurət qəlbini didirdi.Yenicə aznaur olmuş kəndli Natelaşvili çoxlarının xoşuna gəlmirdi. Lakin o öz qardaş kəndlilərinə arxa, dayaq idi. Kəndə yad bir kimsəni buraxmırdı. Çox soyğunçunu tutmuş, dəfələrlə böyük qəhrəmanlıqlar da göstərmişdi. Məhz elə buna görə də İrakli ona aznaurluq vermiş, özünün yaxşı adamlarından biri etmişdi. İndi də çağıran kimi o özünü tezcə yetirdi.İrakli Natelaşvilinin belə tez gəlməsini düşünmürdü. Buna görə də ürək coşqunluğu ilə ibadət edirdi, rəngi ağarmışdı, narahat sifətinin hər yerində böyük mənəvi əzab ifadə olunurdu.Georgi Natelaşvili misilsiz döyüşçüyə çəkinə-çəkinə bildirdi:- Gəldim, rəhimli çarım, sizin əmrinizi dinləməyə hazıram.- Aznaur Natelaşvili, mənim əmrimi, lap elə həyatın bahasına da olsa, yerinə yetirərsən, yoxsa yox?- Böyük, rəhimli çarım, mən dərindən inanıram ki, həyatımı sizə və ya kiməsə qurban versəm, güman ki, bu bizim vətənimizin xoşbəxtliyi üçün olacaqdır. Bu inamla, itaətkarlıqla sizin əzəmətinizin qarşısında baş əyirəm və halbuki, o, son damla qanım bahasına başa gəlsə də əmrinizi yerinə yetirəcəyəm.İraklinin səsi gec eşidildi:- Elə bu gün şahzadə Paatanı tutmalısan. Onun əsir alınmasını heç kim bilməməlidir. Bu xəbərin sızmasına belə həyatınla cavabdehsən.- Sizin əmrinizi yerinə yetirə bilərəm, - deyə Natelaşvili itaətkarlıqla bildirdi və çox fikirli halda saraydan çıxdı. Bilmirdi ki, onun ətrafında nə baş verir və çox kədərli idi.Sərdar David acı-acı alçaqdan gülürdü.Georgi Natelaşvili İraklinin əmrini yerinə yetirməyə gedirdi. Öz əhdi-peyman bağlamış, sədaqətli dostlarını bir yerə topladı, vəziyyətlə onları tanış etdikdən sonra getdilər. Eləcə də gizli olaraq şahzadə David, Elizbar və İase Taktakişvililər tutulmuşdu. Dimitri Amilaxvari yarasını müalicə etdirirdi və onun uşaqlarının Tiflisdən çıxmaq hüququ yox idi. Onların tutulmasının səbəbini heç kim bilmirdi.***Sərdarlar arasında ən hörmətlisi və görkəmli döyüşçü sərdar David idi. Buna görə də çar ona böyük hörmət bəsləyirdi. Lap axırda İrakli sərdar Davidi çağırdı. İrakli sərdar Davidə qəzəbini hiss etdirmədən təbəssümlə soruşdu:- Sərdar David, yadındamı mən və sən neçə müharibə görmüşük?!İraklinin bu cür sualı sərdarın xoşuna gəldi və onun yumru sifətində təbəssüm əmələ gəldi.- Məncə, iyirmi.- Aha, iyirmi, iyirmi, - deyə İrakli təkrar etdi,- sənsiz isə mən yenə iyirmisini... Və bilirsənmi, ey sərdar, nəyimizə lazımdır bu qədər müharibə?- Bizə qarşı mübarizə aparırlar, ona görə.- Əgər mübarizə aparmasaq?- Bizi işğal edərlər və Gürcüstan silinib yox olar.İrakli silinmək sözünü eşidəndə sifəti açıldı. Xeyli vaxt onlar dinməzcə qaldılar. Çar bir yerdə qərar tuta bilmirdi. Nəhayət, dayandı və uca səslə dilləndi:- Bizim möhtəşəm əcdadlarımızın işi boynumuza haqq qoyur: Onlar Gürcüstanı necə saxlamışlarsa, biz də eləcə saxlayaq, gürcü yenə də öz gürcülüyünü etməlidir.- Elə bunun üçün mübarizə aparırıq, ey çar, lakin məgər gürcünün yenə gürcülüyünü etməsi müharibəsiz ola bilməzmi? Bəlkə qonşular ilə dostluq etmək daha yaxşı olar.- Mehriban qonşuluq yaxşıdır, lakin cənublu qonşulara biz inana bilmirik. Onlar bizi qul hesab edirlər. Bizim uşaqlarımızın və qardaşlarımızın satıldığı ölkələr ilə dostluq etmək çətindir. Bu alqı-satqı ilə onlar bizim kökümüzü kəsmək istəyirlər.- Doğru deyirsiniz.- Lakin şimalda yerləşən böyük ölkəyə, böyük Rusiyaya mənim böyük ümidim vardır. Rusları bizim əcdadlarımız da tanıyırdılar. Orda gürcü heç vaxt satılmamışdır, sonralar da satılmaz.- Rusiya, Rusiya! - deyə sərdar David də vəcdə gələrək dilləndi. - Böyük ölkədir. Oranın camaatı da xeyirxahdır!- Buna görə də mənim ürəyim o tərəfə çəkir, ey sərdar.- Mənim də, ey çarım!- Əgər yanılıramsa, mənimlə razılaşmaya bilərsən, - bu sözlərlə birlikdə İraklinin parıldayan gözlərindən qəzəb yağdı, - Arxada quyu qazmağı heç kimə bağışlamaram!Sərdar David diksindi. O, bu sözləri öz üstünə götürdü. İraklinin günəşdən yanmış sifəti elə qəribə görkəm aldı ki, sərdar onun gözünün içinə baxa bilmədi. Nəhayət, o, var qüvvəsini toplayaraq təəccüblə soruşdu:- Nəsə xəbər var. Yalnız mən bilmirəm. Olarmı, bu xəbərdən mən də halı olum?İrakli buyurdu:- Əgər indiyədək bilmirdinsə, indi də heç bilməzsən. Mən səni, sərdar David, təkcə mənə qarşı deyil, eləcə də gürcülərə qarşı sədaqətli olduğunu bilirəm. Əgər vətənə xain, satqın çıxsan, onda gələcək nəsil satqının qəbirini uçuracaq və onun sümükləri meh-külək aparası olacaqdır.SSərdar David İraklinin dediklərini sirr olaraq saxladı.***Şahzadə Paata öz evinin eyvanına çıxmışdı. Müharibəyə gedənlər kimi geyinib-gecinmiş, gümüş suyuna çəkilmiş qılınc və xəncərini belindən asmışdı. Uzun tüfəng isə divardan asılmışdı. Paata həyətdə bir neçə silahlı adamı görəndə sevindi: - Afərin, Peykrişvili, - deyə öz-özünə danışdı və döyüşçüləri qarşılamağa hazırlaşdı. Şahzadə Paata onların hay verməsini gözləyirdi: «Ey rəhimli, əzəmətli Paata, yanınıza gəldik, sizin qul və nökərlərinik». Lakin bunun əvəzinə Georgi Natelaşvilinin səsi eşidildi:- Sən əsirsən, Paata, yarağı yerə qoy!Yalnız qalmış şahzadə qorxdu, beyni qarışdı, müqavimət belə göstərə bilmədi, lakin acıqlı-acıqlı hər halda dilləndi:- Ox, yaramaz Peykrişvili!- Acıqlanmayın, ey şahzadə. Peykrişvili burda yoxdur, - deyə Natelaşvili ona müraciət etdi.- Bəs, o məni öldürməyəcəkdi?- Bilmirik.- Nejə bilmirsiniz. İrakli kimi qəddar hələ dünyaya gəlməmişdir, - deyə qınından xəncərini sıyırıb özünü öldürmək istədi, lakin xəncəri onun əlindən tez çəkib aldılar.Şahzadə Paatanı bir əsir kimi qolu bağlı apardılar. Bütün süi-qəsdçilər əsir alınmışdı, lakin onların bir-birilərindən xəbərləri yox idi. Paatanı da gətirəndə İraklinin əmri bəyan edildi:- Sabah yox, o birisi gün möminlər və mömin olmayanlar, əyanlar və rəiyyətlər sarayın həyətinə toplansın.Bu əmr ilə birgə səs də yayıldı: çar məşvərət keçirmək istəyir, nə barədə məşvərət keçirəcəyini heç kim bilmir.Kartli-Kaxetdən dəvət olunanlar gəldilər. Mtiullar da təşrif buyurdu. Sarayın həyəti camaatla doldu. Bu dəvət ziyafətə bənzəmirdi, buna görə də onlar sakitcə dururdular. Elə kədərli idilər ki, guya evdən cənazənin götürülməsini gözləyirdilər.İrakli içəridən çıxmırdı. Usanmış camaat orda-burda pıçıltı ilə danışmağa başladı: əgər biz lazım deyildiksə, onda bəs bizi niyə çağırtdırırdı? Lakin çar İrakli katolikos Anton, Solomon Leonidze və sərdar David ilə birlikdə süi-qəsdçilər barəsində müzakirə aparırdı. Dəhşətli, amansız niyyətlərlə dolu namə onların önündə idi. İrakli onların cavabını gözləmədi. O, allaha üz tutdu:- Hamının qəlbini bilən, allah! Sən yaxşı bilirsən ki, gürcülər məni necə sevir. Və ya onlar üçün mənim qəlbim necə yanır. Lakin mən öz sədaqətliyimi və məhəbbətimi heç kimə göstərə bilmədim. Olmadı, onların qəlbi mənə qarşı düzəlmədi!Həyəcanlanmış çar bu dünyada ona qarşı sədaqətli heç kimin olmadığından allaha şikayətlənirdi. Lakin katolikos Anton ona bildirdi:- Pərişan olmayın, ey çar, camaat belə fikirdə deyildir, lənətə gəlmişlər tək-tükdür. Çar İraklinin xidmətlərini gələcək nəsillər görəcəkdir, - deyə Anton da bu son sözləri deyəndə göyə baxdı.- Lap elə başqa şey də olmasa, kartli-kaxetliləri cənub bazarında daha satmırlar. Bu balaca iş deyildir, - deyə Solomon Leonidze dilləndi.- Yenə yaxşı ki, siz hər halda bu xeyirxahlığı, mənim sədaqətliliyimi görürsünüz.- Görürük, ey çar, görürük!- Əgər belədirsə, gedək, camaat da bilsin.Bayıra çıxmamış İrakli süi-qəsdçiləri də eyvana çıxarılmasını əmr etdi. Lakin elə etməli idilər ki, onların əsir alınmasını heç kim hiss etməməli idi.Çar İrakli, katolikos Anton, sərdar David və Solomon Leonidze birgə eyvanda göründü. Elə həmin eyvanda bir az aralı şahzadə David və Paata, Abdulla bəyin oğlu*, Elizbar və İase Taktakişvililər, Dimitri Sisişvili, Dimitri və Aleksandr Amilaxvarilər dururdular.Onlar müqəssir idilər. Sadəcə bəzənmiş İrakli heç də onlara baxmadı. Eyvan da sadəcə görünürdü, yalnız dirəkdən qılınc asılmışdı. Camaat təəccübləndi: Çarın qılıncı divarda nə gəzir? Eyvana çıxan çar diz çökdü və əllərini sinəsində çarpazlayaraq camaata müraciət etdi:- Bu gün Gürcüstanın əyanları, möminlər və mömin olmayanlar, bütün hamısı bura toplaşmışlar. Mən sizə bir çar kimi deyil, necə bir şikayətçi kimi şikayət edirəm. Allah qarşısında mənə cavab verin, əgər mənim çarlığımı doğrultmaq istəyirsinizsə, yalvarıram sizə, mənimlə onlar arasında, - deyə əlini süi-qəsdçilərə doğru yönəltdi, - düzgün mühakimə edin. Soruşun, mənə qarşı nədə haqq qazanırdılar ki, məni bütün ailə üzvlərimlə birlikdə məhv etmək istəyirdilər? Gürcüstanın əyanları və rəiyyətləri, allah qarşısında zəmanət verirəm, əgər Gürcüstanın xoşbəxtliyi naminə məndən artıq çar tapsanız, mən öz tacımı ona verərəm. Əgər tapa bilməsəniz, onda mənə qarşı niyə özlərini doğruldurdular? Mən yalan danışmıram, - deyə qoltuq cibindən bir kağız çıxartdı, - budur, bu şəxslərin yaramaz və ya xeyirxah niyyətləri ilə tanış edəcəyimiz namə. Naməni belə divanbəyi oxusun.Bundan sonra İrakli müqəssir kimi sakitcə oturdu. Namədə söhbət taxt-tacın qanuni varisi barəsində idi və çar İraklinin ailəsini məhv etməklə hədələyirdilər. Gizli şəkildə, Saamilaxvarodan qoşun gətirilməli idi. Bu iş iki şahzadə, iki Taktakişvili, iki Amilaxvari, Abdulla-Beqişvili və Sisişvilinin başçılığı ilə həyata keçirilməli idi.Mtiullar əmri gözləyə bilmədilər, qılıncları sivirib eyvanda duran müqəssirlərə doğru hücum etdilər, bəzisi eyvana dırmaşmağa da nail oldu, lakin İrakli əmr etdi:- Ağılsızlara toxunmayın!*Katolik Antonun müsəlmanlığı qəbul etmiş qardaşı Arçilin (Abdulla bəyin) oğlu.Mtiullar rahatlandılar, qılınjları isə hər halda qınına qoymadılar və acıqlı-acıqlı çığırırdılar:- Necə yəni toxunmayaq, ölkəni məhz elə ağılsızlar dağıdırlar!Katolikos Anton eyvanda göründü. O həyəcanlanmış mtiullara müraciət etdi:- Doğru buyurursunuz, ey allahın bəndələri, ölkəni ağılsızlar dağıdırlar, lakin onların cəzasını divanxana çıxartmalıdır.Camaat rahatlandı. Yalnız onlar arasında bir nəfər kimsə yenə irəli can atırdı, camaatın nəhəng dalğası yavaşca pozulurdu. Onu həm də səsləyib deyirdilər:- Get, get, Cikuraşvili!Cikuraşvili heç kimə məhəl qoymurdu. Birbaşa İraklinin yanına gedirdi. O elə ki, eyvana yaxınlaşdı, İrakli ona diqqət yetirdi. O, sol qulağının yalnız yarısı qalmış və sifətində qılıncın izi olan bu adamı tanıdı. Bu adam eyvana çatan kimi dedi:- Camaata deməyə sözüm vardır!- Buyur, buyur, bala, - deyə katolikos Anton dilləndi.Cikuraşvili elə həmin an eyvana çıxdı. Sərdar David geri çəkildi. Divanbəyi də ona yol verdi. Heyrətlənmiş Leonidze gözünü ondan çəkə bilmirdi. İrakli isə bir əlini başına qoymuşdu, görünür, bu adamın görünməsi onu keçmişlərə aparmışdı.- Gürcüstanın əyan və rəiyyətləri, - deyə Cikuraşvili kütləyə müraciət etdi, - Bir vaxtlar İrakli öz gürcü qoşunu ilə Nadir şahın sarayında idi. Onda mən də orda idim. Bir dəfə Nadir şah hindlilərə qarşı mübarizəyə başladı. O, İraklini də qoşunu ilə birlikdə özü ilə apardı. Hindlilər ilə ölüm-dirim mübarizəsi başladı. Onları Nadir şahın qoşunları üstələdi. Lakin onlar bizimlə fədakarlıqla vuruşurdular. Bir neçə gürcü ilə birlikdə bir nəfər hindlini yaxaladıq. O həmin hindli çox mərd görünürdü. Onun qılıncı xoşumuza gəldi, əlindən aldıq da, özünü də öldürmək istədik. Lakin elə həmin vaxt bizim İraklinin səsi eşidildi: - Bu hindli süvarini öldürməyin, yoxsa çox inciyərəm. Ey gürcülər, vətən üçün əsir düşəni öldürməyi özünüzə necə rəva görürsünüz. Bu yaraq, ona məxsusdur və aparmalıdır da, - deyə qiymətli yarağı İrakli əlinə aldı və hindliyə dedi: - Ey hindli qardaş, sənin vətənə bu cür sədaqətliliyin xoşuma gəlir, indiyədək necə vuruşubsansa, indən belə də elə vuruş ki, sənin vətəninin övladları görsün ki, məhz elə öz vətəninin sədaqətli övladısan. Aha, buyur, bu da sənin yarağın, sənin olsun və sənin ölkənə sədaqətliliyi bir daha sənə gürcülər vermişdir!Azad olunmuş hindliyə İrakli:- Xudahafiz, ey hindli süvari! - deyəndə bizim bədənimizdən bir sızıltı keçdi, gözlərimiz də doldu. Təəccüblənmiş hindli bilmirdi nə etsin, minnətdarlığını da deyə bilmirdi. O, lal kimi İraklinin üstünə yeriyərək yerə döşəndi, onun ayaqlarından öpmək istədi, lakin İrakli nəzərinə çatdırdı:- İgid olan kəs belə şeylər etməz, - deyə onu ayağa qaldırdı, öpərək elə buraxdı.Döyüşdən əl çəkib İrakliyə göz yetirən Nadir şah bunu görürdü. Biz qorxduq: elə bildik ki, düşməni buraxdığımıza görə İraklini həbs edəcək. Lakin bizim gözümüz önündə başqa bir mənzərə yarandı. Nadir şah atdan düşərək belindəki təkbənddən qılıncını açdı. O əvvəlcə İrakliyə minnətdarlığını bildirdi və sonra isə - sən və sənin gürcülərin özünüzü mənə elə bəyəndirdiniz ki, elə bu böyük müharibədəcə sizə minnətdarlığı bildirməliyəm. Bu qılınc məndən bir yadigar olaraq sənin olsun. Belə ki, sizin gələcək nəsillər gəlib bu qılınca desinlər: «Nadir şahın önündə fədakarlıqla vuruşan gürcülərə orda Nadir şah məətəl qalmışdı». Bu zaman Cikuraşvili divardan asılmış qılınca baxdı:- Budur, GürCüstanın əyanları və rəiyyətləri, Nadir şahın bağışladığı bu dirəkdən asılıbdır. Bu qılınc mənə İraklinin vətənə sədaqətli olanları necə sevdiyini xatırladır... Əgər mənə inanmırsınızsa, onda Nadir şahın qılıncından soruşun onu. Camaat yenə çaxnaşdı.Onlar xəyanətkarlara ölüm cəzasının verilməsini tələb edirdilər, lakin İrakli buyurdu:- Mən onları cəzalandırmıram, siz mühakimə edin və nejə lazımdırsa, elə də cəzalandırın.***Süi-qəsdçilərin məhkəməsi Metex qalasının dibində, Kürün sahilində Riğedə oldu. Məhkəmə açıq idi, çoxlu camaat iştirak edirdi. Hakimlər birinci şahzadə Paatanı sorğuladılar:- Siz doğrudanmı çar İraklini öldürmək və vətəni dağıtmaq istədiniz?- Mən çar İraklini öldürmək istədim, lakin vətəni dağıtmaq yox. Siz yanılırsınız, elə ki, İrakli ilə bizim vətəni bir-biri əvəz edirsiniz.- Sonralar İraklinin taxtına kimi oturduracaqdınız?- Ona layiq olanı.Bundan sonra şahzadə Davidi kürüysə qaldırdılar.- Şahzadə David, gizli niyyətləri sən də bilirdinmi?- Hamısını da bilirdim.- Katolikos Antonun bu iş barəsində səninlə söhbəti olmuşdurmu?- Bəli, olmuşdur. Mən İraklidən narazı idim. İrakli məni yanına çağırdı və mənə xəbərdarlıq etdi. Sonra katolikos Anton da çağırıb dedi ki, çara qarşı olan işdən əl götür. Mən də söz verdim və çıxıb getdim.- Sən İrakliyə və ya Antona bu süi-qəsd barəsində bir şey dedinmi?- Yox, bunu gizlətdim.- Niyə?- İraklini öldürmək istəyirdik.- Sən də çar İraklini öldürmək fikri ilə şərik idinmi?- Bəli.Elizbar və İase Taktakişvililər, Abdulla bəyin oğlu və Dimitri Sisişvili də sui-qəsddə iştirak etmələrini etiraf etdilər.- Dimitri Amilaxvari, bu yaramaz niyyətləri bilmirdinmi?- Yox, mən yalnız onu bilirdim ki, Paata İraklini xoşlamırdı.- İrakliyə qarşı sənin münasibətin?- Mən bilirdim ki, İraklinin nəsli ilə qohum olmaqdan hamı qaçırdı. Mən də ondan qorxurdum, lakin öz bacısını zorla mənim oğluma verdi. İndi yenə də zorla onları ayırdı.- Aleksandr Dimitriyeviç Amilaxvari, hazırlığın görülməsini atan bilirdimi?- Mənimlə bu məsələ barəsində onların söhbəti olmamışdır, yəni balaca olduğuma görə məndən çəkinirdilər.- Düzünü söylə, yoxsa, bu sui-qəsdçilərin başçıları kimi sən də ciddi cəzalanajaqsan. Bu yaramaz niyyəti gizlətdiyinə görə həyatınızla cavab verirsiniz.Aleksandr Amilaxvari acı-acı gülümsündü.- Eh, sizin üçün, ey hakimlər, sorğu-sual mövcud deyildir, insanları ölümlə asanca cəzalandırırsınız, lakin bilin: hamı insanı öldürə bilər, lakin heç kim dirildə bilməz.- Bu gənc oğlan çox ədəbsizdir. Ciddi cəzalanmalıdı, - deyə hakimlər dilləndilər.Onlar hər şeyi təhqiq etdilər. Hakimlər tərəfindən sui-qəsdçilər barəsində çıxarılmış hökmdə yazılmışdı: «Şahzadə Paatanın və şahzadə Davidin cəllad başını vursun. Elizbar Taktakişvilinin bir gözü çıxarılsın və bir əli kəsilsin. Dimitri Sisişvilinin dili kəsilsin. Aleksandr Amilaxvarinin burnu kəsilsin, ayağının damarları üzülsün və başqa məmləkətə qovulsun. Dimitri Amilaxvarinin təhkimçi kəndliləri və torpaqları alınsın və eşşəyin belində tərs oturtduraraq Tiflisdən çıxarılsın».Onlar bu hökmü elə həmin an yerinə yetirməyə başladılar. Revaz Candierişvili isə hökm ilə tanış etmək üçün İraklinin yanına getdi. Hökm çarı çox narahat etdi.- Düşünmürdüm ki, belə amansız hökm çıxardacaqlar, yoxsa mən özüm o yazıqları cəzalandırardım, - deyə İraklinin kədərli səsi eşidildi. Gürcü dilindən çevirən: Mirzə Məmmədoğlu . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.