Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASIBədirxan Əhmədli,
filologiya üzrə elmlər doktoru, professor

BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI


Azərbaycan poeziyası özünün minillik inkişaf yolunda daim dəyişmiş, yeniləşmişdir; bu yeniləşməni zaman-zaman sənətə gələn yeni düşüncə tərzi və yenilikçi qüvvələr təmin edib. Ötən yüzillikdə də bu cür yenilikçilər poeziyaya yeni nəfəs, yeni üslub gətirdilər. Xüsusilə 60-cı illərdən başlayaraq poeziyaya yeni gələn qüvvələrin yaradıcılıq fərdiyyəti fərqli poetik üslubların formalaşmasına imkan verdi. Poeziyada yeniləşmə, modernləşmə meyilləri yalnız üslubda və poetik fərdiyyətdə deyil, həm də fikirdə, misraların fəlsəfi dərinliyində, orijinal bədii təsvir və ifadə vasitələrində, təsvir olunan obyektin tale yaşantılarının önə çıxmasında özünü göstərirdi. Məhz bu gənc qüvvələrin yaradıcılığı ilə poeziya getdikcə sosiolojidən qurtularaq saf sənət, poetik ruh halına gəldi. Yeni poeziyada dünya və cəmiyyət hadisələri yeni rakursdan təsvir edilir, şair özünün varlığı ilə dünyaya və cəmiyyətə qarşı sanki üsyan edir, özünün də içində olduğu axına qarşı dayanmalı olur. Azərbaycan şeiri sevgi, məhəbbət, tənhalıq poeziyasından tərcümeyi-hal yaşantılarına doğru poetik bir yol gəlir.
Çağdaş poeziyanın 70-ci illərindən sonrakı inkişaf yolunda Vaqiflərin- Vaqif Səmədoğlu, Vaqif Bayatlı və Vaqif Bəhmənlinin imzası onun poetik xəritəsinin mənzərəsini müəyyən edir. Görünür, Azərbaycan poeziyasının mövzu, rəng palitrasını dəyişmək, yeniləşdirmək Molla Pənah Vaqifdən çağdaş Vaqiflərə bir estafet olaraq keçmiş və bu şeir estafetində Vaqiflərin hər birinin özünəməxsus yolu, üslubu var. Onlardan yaşca ən kiçiyi-təkrarsız şeirləri ilə bədii düşüncədə qırx ildən çox yol gələn Vaqif Bəhmənli yaradıcılığı bir çox cəhətdən diqqəti cəlb edir. Deyim ki, artıq neçə illərdir ki, XX yüzil Azərbaycan ədəbiyyatı tarixçiliyi istiqamətində apardığım araşdırmalardan gəldiyim qənaətlərdən biri də budur ki, hər hansı bir yazarın bədii düşüncədə tutduğu yeri, mövqeyi müəyyənləşdirmək üçün onun ədəbiyyatımız tarixindəki yerinə nəzər yeturmək kifayətdir. Nədən ki, bütün dövrlərdə, mərhələlərdə poetik nümunələr çox olmuşdur; lakin bu poetik nümunələrin (eləcə də şairlərin!) hər biri ədəbiyyat tarixində heç də hər zaman vətəndaşlıq hüququ qazana bilmir. Zaman keçdikcə poeziyaya, şeirlərin mövzu və problematikasına münasibət dəyişir, şairlər və poetik əsərlər də ədəbiyyat tarixində ya yeni mövqe qazanır, ya da tutduğu mövcud statusu qoruya bilmədiyindən onu itirməyə doğru gedir. Bu mənada hər bir sənətkarın yaradıcılığının mahiyyəti, funksionallığı ədəbiyyat tarixindəki dəyişməz mövqeyindən daha aydın görünür.
Son qırx ilin poeziyasına nəzər salarkən Vaqif Bəhmənli poeziyasının, şair fərdiyyətinin artıq ədəbiyyat tarixindəki yerini, mövqeyini müəyyənləşdirdiyini aydın şəkildə görmək olar. Poeziyamızdakı Vaqiflərin sonuncusu kimi çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan Vaqif Bəhmənli zəngin poetik palitralı, çoxsəsli bir yaradıcılığa malikdir. Onun çağdaş poeziyanın gəlişməsinə həsr etdiyi Sizif əməyi həm də onun ədəbiyyat tarixindəki yerini, mövqeyini, yolunu bəlirləmiş olur:
Qismət yoxuşunu min yol qalxaram,
Əzaba qatlaşan Sizifəm, dostlar.
Əgər siz varsınız,
demək mən varam,
Təpədən-dırnağa sizinəm dostlar.
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI
Minillik ədəbiyyat tarixinin çağdaş lojasındakı yerini möhkəmləndirmək üçün təkcə Sizif əməyi də kifayət etmir, həm də poetik məkanda özün olmalısan, necə yazmağı bacardığın kimi, nədən yazmağı da bilməlisən. Vaqif Bəhmənli şeirləri ədəbi prosesə daxil olduğu vaxtdan bu düstura əməl etməyə çalışmış, orijinal poetik struktur, mövzu və problematika, təkrarsız bədii təsvir və ifadə vasitələri ilə yenilikçiliyi təmsil etmişdir. 70-ci illərin sonlarında "Azərbaycan" jurnalında dərc olunan şeirləri ilə ciddi uğurlar qazanan şair çox az vaxtda gəncliyin şairinə çevrildi. “Bahar–Payız arası” (1979), “Dünya ayaq üstədir” (1981), “Bar ver ümid ağacım” (1983), “Yolum üstə bitən gül” (1986), “Ömürdən uzun gecə” (1987) kitablarındakı şeirlərilə yeni biçimli, formalı poetik ifadələr, təşbehlər və düşüncələrlə özünün poetik üslubunu formalaşdırdı. Bu gün həmin şeirləri nəzərdən keçirərkən şairin yüksələn xətlə keçib gəldiyi poetik inkişaf yolunun bütün mərhələlərində bədii sənət formuluna son dərəcə dəqiqliklə əməl etdiyini görməmək olmur. "Payız məhəbbətim" (1973), "Mənim nənəm sizdədi?" (1973), "Üzük" (1976), "Bu qızlar" (1976), "Qızlar, mənə inanmayın" (1978), "Gəlin" (1979), "Yolum üstə bitən gül" (1983), "Olur" (1986), "Qadın" (1988) və s. şeirlərindəki söz düzümü, fikrin ifadə imkanları, səmimiliyi, yeni düşüncə stereotiplərinin formalaşmasından xəbər verdiyi kimi, gənc şairin poetik potensialının gücünü də ortaya qoymuş olurdu:
Ağlar bulud kimi dolmuşam yenə,
Bürüyüb ruhumu həsrətin çəni.
Əlçatmaz uzaqlıq olmusan mənə,
Əllərim arxanca uzanıb sənin...

Bu həmin cığırdı, bu həmin çəpər,
Bu sənin Vaqifin, bəs sən hardasan?
Meh dəysə budaqdan payız tökülər,
Bəlkə, yarpaq düşən budaqlardasan?
Vaqif Bəhmənli yaradıcılığı ilk mərhələsində özünəməxsusluğu ilə boy verən səmimiliyi və qəribə plastikası, nisgilqarışıq düşüncələri, bənzərsiz sevgi lövhələri, canlı danışığa poetik can verməsi, fəlsəfi qənaətləri, bədii yozumları onun poeziyasının strukturunu və semantikasını təşkil edir. Onun ilk şeirlərində özünəməxsus poetik ifadə və məzmun paradoksları oxucu ilə əlaqə yaradır, yeni bədii münasibətlərin tənzimlənməsində həlledici faktora çevrilir. "Bu gün küçədən keçir, Dünən qəlbimdən keçən", "Sevgi alın yazısıdı, Məzarda da qalır, qalır", "Ürəyimi köksümdən qoparıb, vuracağam-badə kimi", "ürəyim gül parçasıdı, Hər nə edib, dilim edib", "Səndən gələn məktub xoşbəxtlik quşu, Uçurt, gəlib qonsun qolumun üstə", "Gör haçandı yellədirəm, Əldə həsrət yaylığımı", "Şəklim düşən gözlərindən, özgə, hər yan qürbət mənə", "Gündə min xəyanət yazılır, Bu torpağın daşına", "Ölək! Bizi bağışlasın, Gözüm Vətən...Canım Millət", "tanrı xalis dən verdi, Onu un edə bilmədim", "Təmənnam budur sizdən; mərhəmət, mərhəməd, dostlar, mərhəmət!", "Qəlbimin alaq basan tarlasına bel vurum" və s. misralar şairin tale yaşantılarının iç mənəzəsini bütün incəliklərilə təsvir edir:
Mənim könlümə dəysəniz,
Qapımızdakı
Tut ağacı quruyar
kölgəsiynən bir yerdə,
Babam səhərə sağ çıxmaz
ürgəsiynən bir yerdə-
Mənim könlümə dəyməyin!

...Haqqınız yoxdu
könlümü qırmağa
kimsələr, kimlər...
Qızlar,
analarınıza tapşırın
məndən
bahalı
üzük istəməsinlər,
Mən atasız böyümüşəm!
Atasız böyüməyin yaşantılarını son dərəcə yumşaq və dolayı yolla çatdıran şair oxucunu heç zaman öz dərdi ilə yükləmir, əksinə bu dərdə, qəmə nikbin notlar qataraq tərcümeyi halını ifadə edir. "İtimizə" şeirində isə şair yenidən bu mövzuya qayıdaraq qayğılarını Alabaş itilə bölüşür. Alabaşın gündə "boş-boş" ulduzlara hürməsi lirik "mən"i razı salmır, özünün qayğılarının, itin isə keçi qəzilindən ipin boynunu yağır elədiyini dilə gətirərək "nə səndən mənə it oldu, nə məndən sənə sahib",-deyir. Şairin gəldiyi gözlənilməz poetik qənaət isə əsl tapıntıdır. İt keşik çəkmək üçündür, lirik "mən"in "umudlu-umudlu" günlərlə iti səsləməsi boşa çıxır, çünki burada bostan yox ki, it onu qorusun. Şair üçün qorunmalı şey ananın üzündə bitirdiyi qəm qırışlarıdır ki, onu da oğurlayan yox:
...Anamın üzündə qırış
qəlbində qəm bitirmişəm;
min il başlı-başına qalsa
oğurlayan tapılmaz o qəmi,
sən nəyin keşiyini çəkirsən axı
nəyin!?
Əlbəttə, hər bir şairin keçdiyi yolu, yaradıcılıq inkişafını, poetik boyartımını onun şeirlərində və kitablarında izləmək mümkündür. Bu mənada Vaqif Bəhmənlinin zəngin bir yaradıcılığa malik olduğunu görməmək olmur. Təkcə şairin kitablarının çap olunduğu illərə nəzər salmaq kifayətdir ki, onun yaradıcılığının inkişaf mənzərəsini aydın şəkildə görəsən: “Qırxıncı otaq” (1990), “Novruz naxışları” (1993), “Dörd divar” (1996), “Uzaqda bir işıq” (2001), “Sevgimə axşam düşür” (2003), “Qızıl qala” (2005), “Sınıq güzgü” (2005), "Can dəftəri" (2008), "Səndən özgə" (2009), "Hamı" (2012), "İşartı" (2013) və s. şeir kitabları şairin çağdaş poeziyamızdakı yerini və mövqeyini aydınlaşdırır. Burada şairin yaradıcılığında hadisə hesab etdiyimiz üç cildlik "Poeziya" kitabını (2006) ona görə xüsusi qeyd etmək lazım gəlir ki, hər bir şairin həyatında olduğu kimi, Vaqif Bəhmənlinin də ömürlüyündə ən ciddi hesabatı kimi səslənir. Bu günlərdə dərc edilən "Artırma" və "Beş damla" (şeirlər və poemalar) seçmə toplularını isə şairin bənzərsiz poeziyasının yeni uğuru kimi dəyərləndirmək olar. Sayı otuzu keçən bu kitablarda yer alan şeirlər çağdaş Azərbaycan poeziyasının ən yaxşı və orjinal səhifələrini təşkil edir.
Vaqif Bəhmənlinin poeziyası forma, struktur baxımından zəngin olduğu kimi, dil və ifadə vasitələri etibarilə də polifonikdir; şeirdə sözlərin sırası fikrin emosional imkanlarını üzə çıxarır. Onun şeirləri forma, məzmun sərhədləri tanımır, lakin bu sərhədsizlikdə itib-batmır, fikrin maksimal deyimindən daha çox onun effektivliyinə, səmimiliyinə yönəlmiş olur. Bu cəhətdən onun şeirlərindəki müdriklik hər hansı bir misrada, bənddə (xüsusilə sonuncu) deyil, bütövlükdə bütün misralara səpələnmiş olur. İlk misradan sona qədər poetik yüklülük bu şeirlərin yaşarılığını, ömrünü daha da uzadır. Vaqif Bəhmənlinin şeirləri forma, struktur cəhətdən də yeni və orijinaldır; istər hecada, istərsə də sərbəstdə yazdığı şeirlərinin səssiz, sakit axarda davam etməsi yalnız ona məxsusdur. Burada həm intuisiya var, həm bilik, həm də poetik məntiq. Məhz bu məntiqin hesabına onun şeirlərinin sonluğu son dərəcə emosional və effektiv alınır. Bu mənada onun şeirlərini müəyyən "izm"lərə də yozmaq olar, ancaq bu şeirlərin ömrü hər hansı bir keçici "izm"dən yaşarıdır.
Vaqif Bəhmənlinin "Hekayələr", "Yeriyərkən dediyim şeirlər" çətiri altında dərc etdirdiyi şeirlər orijinal formaya malikdir. "Hekayələr" sisliləli şeirləri sadə, qısa və lakonik süjetlər əsasında qurulur. "Qoca bənna", "Nar", "Böyürtkən", "Zəriş nənə", "Yuxu", "Dünyanı sevirəm", "Od" və s. şeirlərində dastan, yaxud nağıl poetikasının elementləri onun məzmununun tez çatmasına və yaddaşlara hopmasına imkan verir:
Dünyanı uşaq kimi sevirəm;
anam kimi sevirəm torpağı, yeri,
Anamım ruhu kimi sevirəm
göyləri.
Dünyanı uşaq kimi sevirəm;
bütün adamlarını
əmim kimi,
dayım kimi,
xalam kimi...
Axşamlarını hələlik,
səhərlərini salam kimi.
"Yeriyərkən dediyim şeirlər" isə kiçik həcmli, sanki birnəfəsə yazılmış parçalardan ibarətdir. Şair özü bunu "darmacal", "iki daşın rasında" yazılmış şeirlər hesab edir. Şeirlər qısa, lakonik olsa da, poetik məna yükü çox böyükdür. Bu şeirləri poetik düşüncələr də adlandırmaq olar. "Kasıb" şeirində olduğu kimi:
Paltonun
qırış-qırış xəz yaxalığı,
qarış-qarış saçaqlı şərfin
Gizlətsə də səni,
Qunduz dərisindən papaq
Örtsə də gözlərini,
Əllərini bələsə də
Dəri əlcəklərin xoşluğu,
Yaxşı görürəm mən
İçindəki boşluğu...
Məlumdur ki, tarixən poeziyanın zamana, yeni təfəkkürə uyğun qabarma və çəkilmələrlə müşaiyət olunmuş poetik formaları olmuşdur; bəzən bu formalar bir müddət çəkilib gedir, bəzən isə yenidən onun çevik, işlək formasına çevrilir. Poema janrı da bir zaman geniş yayılmasına rəğmən müasir poeziyamızda az işlənilir. Lakin Vaqif Bəhmənli müasirlərindən fərqli olaraq poema janrına da müraciət edərək "Həsənqulu oğlu Qəbil", "Əsgər məktubları", Heykəllər önündə", "Qırxıncı otaq", "Çiyinlər", "Çəkilməmiş şəkillər", "Azərbaycan tarixi kitabı" və s. kimi orijinal quruluşlu poemaları janrın ənənəvi formalarından fərqlənir. Bu poemalar sanki ayrı-ayrı müstəqil şeirlərdən ibarətdir, həm də eyni zamanda mövzu baxımından bir-birini tamamlayır. Bir çox mövzularda yazdığı şeirlər isə problematika baxımından izlədiyindən və tamamladığından bir çətir altına girərək poemanı əvəz edə bilir. Şair bu şeirləri "Artırma" kitabında məhz bu cür bir neçə çətir altına toplayaraq poetik improvizələrlə "Eşq", "Adam", "Dünya", Səs", "Diaqnoz" kimi başlıqlarda təqdim etmişdir ki, bu da onun poetik özünəməxsusluğundan, yeni üslub və yanaşma tərzindən irəli gəlir.
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI"Çiyinlər" poemasında şair qədim inanclarda "yer kürəsinin öküzün çiynində dayanması" ilə bağlı el deyimindən çıxış edərək öküz (güc) çiynində olan dünyamızın qayğısını çəkən çiyinlər təsvir edilir. "Qız çiyni", "Çiyində mələk", "Ata çiyni", "Çiçəyin çiyni", "Qarışqa çiyni" "Qərib çiyni", Yolun çiyni" v s. çiyinlərin mahiyyətini açır. "Çəkilməmiş şəkillər" poemasında isə şairin lirik "məni" "şəkil-şəkil ömrünü əlvan bir xalça kimi" oxucuya təqdim edir. Həyatının ən yaddaqalan fraqmentlərinə işıq tutan bu şəkillərin bədii düşüncədə əksi mövzunun uğurlu bədii həllini ifadə edir.
Vaqif Bəhmənlinin poeziyasının təsir gücü onun həyatının, yaşantılarının səmimiliyində, poetik yanaşmada və orijinal təsvir və ifadə vasitələrindədir. O, sanki öz ömrünü yazır, ancaq bu ömrün yaşantıları bizim hər birimizə tanış və doğmadır. Onun şeirləri ağ və qara rəngdə deyil, bütün rənglərin min bir çalarındadır. Şairin poeziya aləminin sirri də elə bundadır; onun lirik "mən"inin taleyi bütün iztirabları, sevinci, kədəri ilə mənsub olduğu nəsilin, geniş mənada xalqın taleyidir. Bu şeirlər ekspressiv poetik fiqurlarla və düşüncələrlə, son dərəcə orijinal obrazlarla insanın mənəvi aləmini, iç dünyasının ən gizlinlərini belə ifadə etməyə yönəlir.
Şairlər pleyadasının sonuncu vaqifi Vaqif Bəhmənlinin geridə qalan altmış illik həyatında bir şair ömrü, bir də onu yaşadacaq əsərləri var, o əsərləri ki, artıq ədəbiyyatımızın çağdaş tarixində özünə məxsus yer tutur, düşünürük ki, gələcəyini də elə bugünkü gələcək bəlirləmişdir...

"Ədəbiyyat qəzeti", 11 iyul 2015 N 44
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Humanitar elmlər
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Humanitar elmlər
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Yaranan Yarpaqların Yaşarılığı...

Yaranan Yarpaqların Yaşarılığı...

Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

Elmi Məqalələr
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
Bədirxan ƏHMƏDLİ -

Bədirxan ƏHMƏDLİ - "Zəlimxan Yaqub: MİLLİ RUHUN YADDAŞI"

Humanitar elmlər, Elmi Məqalələr
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə
Xalq şairi  Nəriman Həsənzadə:

Xalq şairi Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası"

Ramiz Abdullayev
MƏHƏBBƏT MÖVZUSU AYNUR QAFARLI YARADICILIĞININ İLAHƏSİ KİMİ

MƏHƏBBƏT MÖVZUSU AYNUR QAFARLI YARADICILIĞININ İLAHƏSİ KİMİ

Müsabiqə
Xalidə Nurayın “Vərəqlərin günahı” kitabının təqdimatı keçirilib

Xalidə Nurayın “Vərəqlərin günahı” kitabının təqdimatı keçirilib

Humanitar elmlər
Şairin müdrükliyi və azadlığı...

Şairin müdrükliyi və azadlığı...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Qarayazı
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Rəy yazın: