Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib Orta Asiya, Rusiya, Diaspora 9 апреля 2017 Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının (RF) ədliyyə naziri Aleksandr Konovalova müraciət edib. Müraciətdə deyilir: “Hörmətli Aleksandr Vladimiroviç, biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbələrə görə çox narahatıq. Məsələnin səbəblərinin aydın olmaması isə bizi daha çox məyus edir”.Mövcud olduğu bu illər ərzində ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı soydaşlarımız təşkilatın iki dost ölkənin - Rusiya və Azərbaycanın mənafeyi üçün çox səmərəli xidmət göstərdiyini vurğulayır: “ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi dəyərlərinin mübadiləsində vacib rol oynayıb və oynayır”.ZiM.Az bildirir ki, Rusiya ədliyyə nazirinə ünvanlanmış müraciətdə daha sonra deyilir: “Bu gün, Azərbaycan Respublikası və onun Prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış xəbərlər narahatlıq doğurur. Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar Sizdən xahiş edirik ki, bizim narahatlığımızı Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub saxlanılması ilə bağlı həmrəylik nümayiş etdirəsiniz”.Qazaxıstanda yaşayan azərbaycanlılar A.Konovalovun diqqətinə çatdırır ki, ÜAK-ın ləğvi iki dost ölkənin prezidentləri İlham Əliyevlə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl gətirə bilər.Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası müraciətin sonunda Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə və problemin həllinə yardım göstərəcəyinə ümid etdiyini bildirir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.