RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!...

RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!...
Nəğməkar şairə Rüzgar Əfəndiyevanın
bu il 70 yaşı tamam olur.

Bu günlərdə tanınmış şair-tərcüməçi və təcrübəli redaktor Hafiz Rüstəmin Facebook səhifəsində belə bir qeyd - müraciət oxudum:

"Şairə Rüzgar Əfəndiyeva ilə uzun illər (1978 – 2005) “Maarif” nəşriyyatında çalışmışıq, həmişə bir-birimizlə səmimi, dürüst dost, həmkar münasibətində olmuşuq.
2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında mərhum şairənin 65 illiyinə həsr olunan tədbirin aparıcısı olmuşam.

Neçə ildir ki, Rüzgarın hələ sağlığında çap etdirə bilmədiyi 600 səhifəlik, çiy, üzərində işlənməmiş, düzəlişlər aparılmamış əsərlər külliyyatını oğlu Zaminin xahişi ilə təkbaşına redaktə edib qurtara bilmirəm. Bu işdə mənə kömək etmək istəyən professional varsa, buyursun.
Ancaq qabaqcadan bildirirəm ki, bu ağır, məsuliyyətli işi təmənnasız öhdəmə götürmüşəm.

Təzəcə redaktə etdiyim aşağıdakı sevgi şerilə 70 yaşlı mərhum həmkarımın – Rüzgar xanımın
ölməz ruhunu təbrik edirəm!.
.



SƏNSİZLİK

Ömür bir sevdalıq səsmiş,
Aramızı zaman kəsmiş.
Sənsiz günlərim əbəsmiş,
Sənli bir günüm – bir ömür.

Sığınıb mənə bir gecə,
Çətin məndən bir də köçə.
Yuxundan bir gözəl keçər –
Səni məndən aldı necə!
Gözlərim almaz bir çimir...

Ağlayır illər içimdə,
Sevgilər özgə biçimdə.
Qəribəm köçhaköçümdə,
Səslərəm, gəlməz səs-səmir.
(2 avqust 2004)"


Çox hörmətli Hafiz müəllimin bu qeydləri və Rüzgar xanımın "Sənsizlik" şeiri məni neçə illər əvvələ qaytardı... Yazmaya bilmədim...

Uzun müddət "Maarif" nəşriyyatında redaktor və redaksiya müdiri vəzifələrində çalışmış mərhum şairimiz Rüzgar xanım Əfəndiyevanı anadan olmasının 70 illik yubileyi ərəfəsində xatırladığı və xatırlatdığınız üçün öz adımdan, eləcə də Rüzgar xanımı və onun şeirlərini sevən çoxsaylı oxucuları adından Hafiz müəllimə təşəkkür etməyi və ona dərin minnətdarlığımızı bildirməyi özümə borc bildim: Var olun, Hafiz müəllim!..


Mərhum Rüzgar xanımı mən hələ tələbəlik illərimdən tanıyırdım. Ötən əsrin 90-cı illərinin əvvəlləri idi.
Atam - filologiya elmləri doktoru, professor Mədəd Çobanov Gürcüstanda yaşadığından onun "Maarif" nəşriyyatında çap olunan kitablarının arxasıyca nəşriyyata həmişə mən gedib-gələrdim...
Onda Rüzgar xanım "Maarif" nəşriyyatında redaktor işləyirdi. Ruhu şad olsun, məni həmişə xüsusi diqqət və hörmətlə qarşılayardı. Hər dəfə də deyərdi ki, "gərək səni tez yola salam, uzaq yol gəlmisən". Mən: "Eybi yox, Rüzgar xanım, gözləyərəm, narahat olmayın, mən tələbəyəm, Bakıda yaşayıram," - söyləyərdim.
Deyərdi ki, "bu daha pis, sənin dərslərin var, imtahanlara hazırlaşmalısan, həm də üstəlik, bilirəm ki, kitabları Gürcüstanda səbirsizliklə gözləyirlər..."
Mən də öz növbəmdə minnətdarlıq edərdim...
Bax beləcə mən bir neçə dəfə "Maarif" nəşriyyatında onun qonağı oldum. Hər dəfə də ondan xoş təəssüratlarla ayrıldım...

İllər keçdi, mən artıq ali məktəbi bitirib "Ziya" qəzetində əmək fəaliyyətinə başlamışdım.
Bir neçə ay sonra eyni zamanda "Təhsil" qəzetinin Baş redaktoru təyin olundum.
Günlərin birində o - yaddaşımda Xeyirxan bir insan kimi ömürlük iz buraxmış Rüzgar xanım Əfəndiyeva redaksiyamıza gəldi.
Onun gəlişinə sevindim, çox şad olsum. Onunla böyük məmnuniyyət və ehtiramla görüşdüm. Xeyli söhbət etdik...

Rüzgar xanım artıq “Azərbaycan dili və ədəbiyyatı dərslikləri” redaksiyasının müdiri idi. Amma söhbət zamanı həmin illər keçid dövrü olduğundan nəşriyyatda maliyyə vəziyyətinin heç də yaxşı olmadığını bildirdi. Boş vaxtlarında şeirlərlə yanaşı, həm də məqalələr də yazdığını söylədi. Mən də yazdığı məqalə və şeirlərini bizim qəzetə də verməsini xahiş etdim.
Allah rəhmət eləsin, o da xahişimi yerinə yetirdi.
Biz bax beləcə bir müddət əməkdaşlıq etdik.
Hətta birlikdə bir neçə müsahibə və məqalələr də yazdıq.
Rüzgar xanım təcrübəli yazar idi. Mən ondan jurnalistikanın xeyli sirlərini öyrəndim.
Mərhum xalq şairimiz Mirvarid Dilbazi ilə görüşümüzü və Rüzgar xanımla birlikdə hazırladığımız müsahibəni heç vaxt unuda bilmirəm...
Həmin gün sanki dünən olub, indi də gözlərimin qabağındadır...

Onu da qeyd edim ki, ötən əsrin son illərində Rüzgar xanımın gözlərində böyük bir niskil, kədər var idi.
Südabə Sərvinin də yazdığı kimi, "Əslində, bu kədər, bu niskil əsl şairin, yazıçının qəlbində həmişə olur və ağır bir yük kimi bunu ömrü boyu ürəyində gəzdirmək onların alın yazısıdır."
Rüzgar xanımın acısı daha böyük idi: 1994-cü ildə əziz oğlu Emin 23 yaşında dünyasını dəyişmişdi...
"Şair yaza-yaza özünü xilas edir."
Bəlkə də həmdəmi olduğu tənha gecələrdə yazdığı şeirləri Rüzgar xanımın ruhunu xilas etdi, həyata olan eşqini söndürə bilmədi. Rüzgar xanım yazdı, yazdı...
Bütün qəlbini, ürəyini poeziyaya açdı, onunla yaşadı, onunla nəfəs aldı:

Dərd bağlarda barım oldu,
Ağaran saç varım oldu.
Tək qələm Rüzgarın oldu,
Açılan qapı olmazmı?


Bəli, dərdi bağlarda barı, ağaran saçlar varı, təkcə qələmi onun olan Rüzgar xanım istedadlı qələm sahibi, nəğməkar şairə, təcrübəli redaktor olmaqla yanaşı, həm də olduqca səmimi və mehriban həmkar, dürüst və qayğkeş dost, gözəl və xeyirxah insan, vətənpərvər vətəndaş və yursevər yurddaş idi...

Xatırladırıq ki, Rüzgar Şahmar qızı Əfəndiyeva (Qurbanova) 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur.
1954-1965-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır.
1965-1970-ci illərdə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində təhsilini davam etdirmişdir.
1970-1974-cü illərdə Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.

1975-ci ildən “Maarif” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor vəzifələrində işləmiş, 1994-2005-ci illərdə həmin nəşriyyatın “Azərbaycan dili və ədəbiyyatı dərslikləri” redaksiyasının müdiri vəzifəsində çalışmışdır.
Bədii yaradıcılığa orta məktəbdə ikən coşqun həvəs göstərmiş, ilk mətbu şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), Universitetin “Lenin tərbiyəsi uğrunda” adlı (indiki "Bakı Universiteti") çoxtirajlı qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmışdır.

Sonralar şeirləri respublikanın müxtəlif dövri mətbuat orqanlarında, ədəbi almanaxlarda müntəzəm olaraq işıqüzü görmüşdür.
Şeirləri Bolqarıstanda, Əfqanıstanda, Türkiyədə, Rusiyada, Özbəkistanda vəbaş-qa xarici ölkələrdə bolqar, fars, türk, rus, özbək və s. dillərdə dərc olunmuşdur.

Bəstəkarlardan Oqtay Kazımov, Elza İbrahimova, Həsənağa Qurbanov, Oqtay Rəcəbov, Bahadur Hüseynov, Ülviyyə Süleymanova və b. 80-dək şeirlərinə musiqi bəstələmişlər.
Onun “Axtarma məni” (musiqisi: Bahadur Hüseynov) mahnısını məşhur türk müğənnisi Əməl Sayın, “Sənli günlərim”-i (musiqisi: Oqtay Kazımov) isə Nəşə Qaraböcək oxuyur.

Rüzgar Əfəndiyeva Azərbaycan poeziyasında xüsusi mövqeyi olan, elə ilk şeirlərindən öz dəsti-xətti ilə seçilən, tanınmış şairədir.

O, “Unuda bilməzsən” (1981), “Gözlə” (1989), “Ömürdən keçən illər” (1995), “Lalənin ləçəyi” (1996), “Aydınlıqdan gedən yolda” (1997), “Gedən də var, qalan da var” (1999), “Xatirələr çiçəkləyəndə” (1999), “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların müəllifidir.
Rüzgar Əfəndiyevanın "Lalənin ləçəyi" adlı kitabına (Bakı: Maarif, 1996, 2001) şairin silsilə şeirləri daxil edilmişdir.
Hər biri dilimizdə işlənən bir hərfin adı ilə bağlı olan bu nümunələrin əlifba təliminin öyrənilməsində, uşaqların dünyagörüşünün genişləndirilməsində, nitq inkişafında, ideya-estetik tərbiyəsində əhəmiyyəti böyükdür.

O, həm də romanlar, povestlər, hekayələr müəllifidir.
“Yol gözləyənlər” povesti 1997-ci ildə, “İki sahil” qəzetində çap olunmuşdur.
Bu povestin radio tamaşası (ssenarisini Şəfəq Sultan Əlixanlı yazmışdır) Azərbaycan radiosunun fondundadır. Vaxtaşırı səsləndirilir.
"Rüstəm Napoleonun yavəri" romanı isə Rüzgar xanımın yaradıcılığının daha çoxşaxəliliyindən xəbər verir.


Ruzgar xanım həm də «Natəvan» оpеrasının ariya və duеt mətnlərinin müəllifidir.

1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti, prоfеssоr Vasif Adıgözəlоvla birlikdə bu əsər üzərində işləmişdir.

2003-cü il dеkabrın 7-də əsər Оpеra və Balеt Tеatrında səhnəyə qоyulmuş və böyük uğur qazanmışdır.

Onun yaradıcılığı haqqında Xalq şairi Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif Əliyev, Sabir Rüstəmxanlı, Sərvaz, Qasım Qasımzadə, Nəriman Həsənzadə və b. öz fikirlərini söyləmişlər. Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınmışdır.
Türkiyədə dərc olunan “Şeir dəftəri” jurnalında Havva Abdullayevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında maraqlı yazısı verilmişdir...

Hələ qarşıda daha nələr var idi... O, hansı əsərlərini yaradacaydı... Onun haqqında daha kimlər yazacaydı...

Amma... təəssüflər olsun ki, əcəl imkan vermədi...
2011-ci ildə qəfil ölüm Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Jurnalistlər Birliyinin üzvü (1994), “Araz” ali ədəbi (1997), “Heyran xanım” ədəbi (1994), “Qızıl qələm”(2005), “Nigar Rəfibəyli” (2006) adına mükafatların laureatı Rüzgar Əfəndiyevanı haxladı.
O, dünyasını dəyişdi...

Allah rəhmət eləsin!... Ruhunuz şad olsun, Rüzgar xanım!..

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və ZiM.Az saytının
Baş redaktoru


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR

QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR

Poeziya, Müsabiqə
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Tanınmış şair-publisist, istedadlı şərqşünas-tərcüməçi HAFİZ RÜSTƏM - 65

Tanınmış şair-publisist, istedadlı şərqşünas-tərcüməçi HAFİZ RÜSTƏM - 65

"XXI əsrin Ziyalıları", Təbriklər
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

Başkeçid, Nekroloqlar
Səbinə FƏRHADQIZI:

Səbinə FƏRHADQIZI: "Bir damla göz yaşi tək, Qoy mən axım qəlbinə..."

Poeziya, Müsabiqə
RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

UNUTSAQ, UNUDULARIQ!...., Elanlar
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB

QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Müşfiq Cabiroğlu vəfat edib

Müşfiq Cabiroğlu vəfat edib

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Dağlara söykənən şair - AĞASƏFA

Dağlara söykənən şair - AĞASƏFA

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!..

Mədəniyyət, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Borçalı, Təbriklər, Turan
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
“Mənim varım,sərvətim də sözdü, söz”!

“Mənim varım,sərvətim də sözdü, söz”!

Ədəbi tənqid
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

Borçalı, Təbriklər
Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına

Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına "Qələmini y ...

Mədəniyyət
Rəy yazın: