Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib Təbriklər, Müşfiq Borçalı 5 декабря 2018 TƏBRİK EDİRİK!..2018-ci il Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair və publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin anadan olmasının 65 illik yubileyi qeyd edilib.ZiM.Az xəbər verir ki, tanınmış ziyalıların, ədəbi və elmi ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoylu açıb. O, tariximizin iki əsrinin qovuşuğunda yaşayıb-yaradan istedadlı Azərbaycan ziyalısı Əli Rza Xələflinin həyat və yaradıcılığından söhbət açıb, onu filosof şair, istedadlı nasir, kəsərli qələmə malik publisist kimi xarakterizə edib.Bildirib ki, Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya göz açan və bu gün məcburi köçkünlük həyatı yaşayan şair qəlbində Qarabağ ağrısı ilə vətəndaşlıq ruhunda şeir, poema, roman və kəsərli publisistik əsərlər yazır.Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı İlqar Fəhmi diqqətə çatdırıb ki, ədəbiyyatımıza təmənnasız xidmət göstərən Əli Rza Xələfli özünü “Kredo” qəzeti ilə təsdiq edib və tanıtdırıb. Çağdaş Azərbaycan ədəbi-tarixi mühitində böyük nüfuza malik “Kredo” qəzeti bir vətəndaş, ziyalı kimi onun ən böyük əsəridir. Ədəbiyyatın, millətin və Vətənin fədakarı olan Əli Rza Xələflinin nəşr etdirdiyi “Kredo” qəzetinin redaksiyası vaxtilə söz və qələm adamlarının görüş və ümid yeri idi. Əli Rza Xələfli fədakarlığı hesabına bu gün də yazıçılarla oxucular arasında körpü rolu oynayan “Kredo” qəzetinin nəşrini davam etdirir. O, Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən, Əli bəy Hüseynzadədən gələn yolun layiqli davamçısı vəzifəsini yerinə yetirir. AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov dərin istedada, qibtə olunacaq dərəcədə yaradıcılıq enerjisinə, zəhmətsevərliyə və fəal həyat mövqeyinə malik olan Əli Rza Xələflinin əsərlərindəki hər bir obrazın konkret ünvanı olduğunu vurğulayıb. Akademik qeyd edib ki, onun poeziyasında publisistika, publisistikasında, eləcə də nəsrində poeziya elementlərinə rast gəlmək mümkündür.Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, Əli Rza Xələflinin bir ədəbiyyat adamı kimi digər şakəri səriştəli ədəbiyyatşünas olması ilə şərtlənir. Bir ədəbiyyatşünas olaraq Əli Rzanı müasirlərindən fərqləndirən ən ümdə cəhət onun yazılarının səmimiyyətində, birbaşa mətnin özündən çıxış etməsindədir. “Ədəbiyyat üzrə akademiklərdən tutmuş kiçik elmi işçilərədək alimlərin bütün kitablarını yandırsaq, onların hər birini Əli Rza Xələflinin əsərlərində tapmaq mümkündür”, - deyə akademik bildirib.AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli “Sənətkarın həyat və yaradıcılıq fraqmentləri - son beş il” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Əli Rza Xələflinin bir ziyalı kimi üstünlüyü onun ensiklopedik bilik və analitik təfəkkür sahibi olmasındadır. Onunla elmin bir çox sahələri barədə söhbət edəndə bu qədər informasiyanı beynində saxlamasına təəccüblənirsən. Bir söz adamı olaraq onun Azərbaycan və dünya ədəbiyyatını dərindən bilməsi qibtə doğurur.Görkəmli dilçi alim, professor Qəzənfər Kazımov çıxışında vurğulayıb ki, Əli Rza Xələfli əsərləri ilə bizi xalqın ruhunun ifadəçisi olan canlı, sadə və doğma dilimizin poetik cazibəsində saxlamaq gücündədir.Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev çıxış edərək yubilyarı rayon rəhbərliyi adından təbrik edib, ona başçı tərəfindən imzalanmış "Fəxri Fərman"ı təqdim edib.Tədbirdə professorlardan Qəzənfər Paşayev, Şirindil Alışanlı, Təyyar Salamoğlu, Himalay Qasımov, filologiya elmləri doktoru, yazıçı Elçin Mehrəliyev, folklorşünas alim Tariyel Abbaslı, şair, ədəbiyyatşünas Sərvaz Hüseynoğlu, şairlər Musa Ələkbərli, Yusif Nəğməkar, Oqtay Rza, Əkbər Qoşalı, Maşallah Məftun və başqaları çıxış edərək Əli Rza Xələflini dərin biliyə, zəngin söz ehtiyatına, yüksək yaradıcılıq temperamentinə, orijinal erudisiyaya və hüdudsuz təxəyyülə malik olan bir ziyalı kimi səciyyələndiriblər. Diqqətə çatdırılıb ki, Əli Rza Xələflinin indiyədək 40-dan çox kitabı işıq üzü görüb. Onun əsərləri daim ədəbi tənqidin diqqətində olub. Xüsusilə şairin son kitabları barədə mətbu orqanlarda çoxlu sayda müsbət rəylər dərc edilib. Çıxış edənlər “Qızıl qələm”, “Araz”, "Qılınc və qələm”, Beynəlxalq Rəsul Rza, Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatlarına layiq görülmüş dəyərli ziyalımız, tanınmış şair-yazıçı-publisist və tənqidçi Əli Rza Xələflini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbirdə Əli Rza Xələflinin yeni çap olunmuş “Göy üzündə səs”, “Bir ayrılıq odu var”, “Tənqidçinin azərbaycançılıq idealı”, "Qiyamətdən bir gün əvvəl”, “Üzü Qarabağa” kitabları, eləcə də Sabir Bəşirovun “Əli Rza Xələfli: ədəbi yol - əbədi yol”, Mədəd Çobanov və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu” kitabları tədbir iştirakçılarına təqdim olunub.Tədbirdə "Zirvə" İnformasiya Mərkəzinin rəhbəri, "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru Müşfiq Borçalı (Çobanlı) da çıxış edib, o, həm öz adından, eləcə də atası Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun adından yubilyarı anadan olmasının 65 illiyi münasibətilə ürəkdən təbrik edib, ona şəxsi həyatında və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. M.Borçalı qeyd edib ki, biz Əli Rza Xələfli haqqında ürək sözlərimizi artıq iki dəfə - həm də müxtəlif nəşriyyatlarda hər biri 1000 nüsxə tiraj olmaqla yüksək səviyyədə və nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilən "Xələflinin yaradıcılıq yolu" adlı kitabımızda ətraflı yazmışıq, sözsüz ki, gələcəkdə də yenə Xələfli yaradıcılığına müraciət edəcəyik. Sonra həmin kitabın rəyçisi - ADPU-nun professoru, tanınmış ədəbiyyatşünas alim Mahmud Allahmanlı çıxış edərək, tanınmış alimlər - Prof. Dr. Mədəd Çobanov və Dr. Müşfiq Borçalının “Xələflinin yaradıcılıq yolu” kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, rəyçisi olduğu monoqrafiyanın əhəmiyyətindən söhbət açıb, müəlliflərin əməyini yüksək dəyərləndirib, vurğulayıb ki, "müəlliflər tanınmış şair-nasir-publisist və tənqidçi Əli Rza Xələfli haqqında indiyə kimi yazılanları araşdıraraq ilk dəfə akademik elmi tədqiqata cəlb ediblər, böyük və gərgin zəhmət sayəsində olduqca yeni və həm də mükəmməl bir tədqiqat əsəri ortaya qoyublar."Sonda tədbirin təşkilatçılarına və bütün iştirakçılarına minnətdarlığını bildirən Əli Rza Xələfli yeni şeirlərini oxuyub.Pərixanım MURADOVA,ZiM.Az-ın xüsusi müxbiri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.