AZƏRBAYCAN - TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ YENİ BİR TƏKANIN BARİZ NÜMUNƏSİ KİMİ... YAP, AzTU 18 марта 2021 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı öz möhtəşəmliyi ilə diqqət çəkir və dünya miqyasında böyük bir maraqla izlənilir. 4 saatdan artıq davam edən bu prosesdə 35 ölkəni təmsil edən jurnalistlər tərəfindən dövlət başçımıza 50-dən çox sual verildi. Təbii ki, suallar əsasən regiondakı mövcud hadisələr və reallıqları, o cümlədən Azərbaycan – Türkiyə münasibətləri və s. kimi məsələləri əhatə edirdi. Dövlət başçısının suallara verdiyi cavabları çox dəqiq, düşünülmüş və məntiqi olmaqla bərabər, həm də əhatəli idi. Diqqəti çəkən məqamlardan biri də o idi ki, cənab İlham Əliyevin davranışında səmimiyyət, böyük bir zəfərə imza atmış ölkənin qalib bir komandanı olmasına baxmayaraq, sadəlik təvazökarlıq aydın duyulurdu. Həmişə olduğu kimi, cənab prezident bir daha yüksək tribunadan Azərbaycan və Türkiyə münasibətlərindəki mövcud reallıqlara aydınlıq gətirdi, Türkiyənin dünyadakı, o cümlədən regiondakı mövqeyindən xüsusi bir şövqlə danışdı. Təbii ki, bu münasibətlərin xoş məcrada inkişafı hər birimizi qürurlandırır. Çünki ölkələrin tarixinə də nəzər yetirəndə zamanın müxtəlif dönəmlərində bu iki qardaş xalqın bir-birinin yanında dayanması, bir-birinə dayaq durması, istər şad günlərdə, istərsə də kədərli anlarda, dar məqamlarda birinin digərinə hayan olması ilə bağlı kifayət qədər faktlar var. 90-cı illərin əvvəllərindən bəri Türkiyə Ermənistanla sərhədləri birtərəfli qaydada bağlayıb, bütün əlaqələri kəsib. Bu addıma səbəb kimi Azərbaycan torpaqlarının işğal edilməsi, yurdumuza qarşı aparılan təcavüzkar siyasət dayanır. Dünya birliyinin bütün təzyiqlərinə baxmayaraq, Türkiyə bu niyyətindən dönməyib, qərarından bir addım olsun belə geri çəkilməyib, əksinə yüksək tribunalardan Azərbaycanın haqq səsini dəfələrlə bəyan etmiş, əzəli Azərbaycan torpaqlarının işğala məruz qalmasını dünyada haqq və ədalətin boğulması anlamı olaraq səsləndirmiş, Ermənistanı təcavüzkar bir ölkə kimi səciyyələndirmişdir. Dərindən düşündükdə, görürük ki, 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan və Türkiyənin birgə sərgilədiyi, uğurla həyata keçirdiyi siyasət bugünkü Zəfərimizin əsas mənbəyini təşkil edir. Ağıllı, düşünülmüş, məntiqə əsaslanan uğurlu siyasətin nəticəsidir ki, dünya birliyi Azərbaycanın haqq səsini duydu və bu savaşda Azərbaycanın atdığı addımların reallığa əsaslandığını və Qarabağın birmənalı olaraq Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Proseslərin bu yöndə inkişafı təbii ki, bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və inkişaf konturları doğru-düzgün müəyyənləşdirilmiş siyasətin onun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. İstər 44 günlük Vətən müharibəsi dövründə, istər sonrakı dövrlərdə, istərsə də sözügedən mətbuat konfransında İlham Əliyevin jurnalistlər tərəfindən ona ünvanlanan suallara verdiyi cavabların hər biri dərin faktlara, tutarlı dəlillərə istinad edilməklə təfəkkürlə məntiqin təmasından ərsəyə gələn möhtəşəmliyin tərənnümüdür. Bu hadisələr bizi qürurlandırır, ruhumuzu qidalandırır, qəlbimizi fəxarət hissi ilə doldurur. Qürurverici odur ki, eynən bu xüsusiyyətlər Türkiyə Cümhuriyyətinin prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanda da bütün əzəməti ilə özünü bariz şəkildə göstərir və onun məğrurcasına sona qədər haqlı mücadiləmizdə yanımızda olması, bütün imkanları ilə Azərbaycana lazım olan dəstəyi göstərməyə hazır olduğunu dəfələrlə dilə gətirməsi, dünya birliyi tərəfindən ölkəmizə qarşı yarana biləcək təzyiqlərin qarşısına sədd çəkməsi, həmin təzyiqlərin neytrallaşdırılması istiqamətində sərgilədiyi məğrur addımlar, mərdi-mərdanə verdiyi bəyanatlar sanki iki böyük liderin birgə iş birliyinin təntənəsi idi. Möhtəşəmliyi özündə əks etdirən Bakıdakı Zəfər paradının keçirilməsi də həmin təntənənin nümayişi kimi səsləndi və bu məqamda türkdilli ölkələrin iki görkəmli siyasi liderinin yanaşı dayanmaları isə özündə böyük hikmətlər əxz etməklə dünyaya ötürülən ən güclü ismarıc idi. Savaşın getdiyi günlərdə eyni zamanda Türkiyə rəsmilərinin mütəmadi olaraq Azərbaycana səfərləri və bu səfərlər zamanı verdikləri bəyanatlar ölkəmizə olan birmənalı dəstəyin nümunəsi olmaqla, həm də çox böyük siyasi və mənəvi dayaq idi. Mətbuat konfransında İlham Əliyevin qeyd etiyi kimi, Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Müharibədən sonra da Türkiyənin bu uğurlu davranışı inamla davam etdirdiyi cənab prezident tərəfindən xüsusi qeyd olunmuşdur.Türkiyə dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən regionumuzda böyük nüfuza malikdir. Bu artıq dünya ölkələri tərəfindən də qəbul olunub. Rəşadətli Azərbaycan ordusunun əldə etdiyi qələbə, sərgilədiyi döyüşkənlik ruhu, apardığı uğurlu döyüş əməliyyatları həm türkün əzəmətinin nümayişinə çevrildi, həm də bütün dünyaya Türkiyə müdafiə sənayesinin üstünlüklərini göstərdi. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da ustalıqla yararlandı və bu rıçaqlardan məharətlə istifadə etməklə düşmənlə ölüm-dirim savaşında böyük üstünlüyə nail oldu. Bu da Azərbaycanın öz ordusunu Türkiyə hərbi texnologiyası hesabına təkmilləşdirməsi üçün zəmin yaradır. Mətbuat konfransında bu məsələlər də cənab prezident İlham Əliyev tərəfindən önə çəkilmiş, Türk ordusunun NATO-da güc baxımdan ikinci ən güclü ordu olduğinu iştirakçıların nəzər-diqqətinə çatdırılmış və Türkiyə ilə hərbi sahədə iş birliyimizin davam etdiriləcəyini, o cümlədən Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmini xüsusi vurğulamışdır.Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında Rusiya - Türkiyə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması baxımından çox əhəmiyyətlidir. Türkiyənin bu proseslərdə dönməzlik nümayiş etdirməsi həm də gücümüzə güc qatır, daha inamlı addımlar atmağımızı şərtləndirir. Türkiyənin bu proseslərdə fəallığı həm də bölgədə sabitliyin qarantı olaraq çox mühüm önəm daşıyır.Mətbuat konfransında cənab prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan - Türkiyə əlaqələrinə yeni bir təkanın verilməsinin bariz nümunəsidir və qürurla deyə bilərik ki, Azərbaycan - Türkiyə qardaşlığının təntənəsi kimi mövcud əlaqələr bu gün ən yüksək zirvədədir.Həbib Mirzəyev, Azərbaycan Texniki Universitetinin "Humanitar fənlər" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosentZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.