PEŞƏYƏ MƏHƏBBƏT OLANDA Regionlar, Məktəblər 17 апреля 2021 “Təcrübəli, çalışqan, zəhmətsevər bir müəllim, həssas, nazik qəlbli, məzmunlu insan dərin elmdir”. (A.Şaiq)Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq doğrudan da şərəfli və böyük məsuliyyət tələb edən işdir. Bu işin layiqli icraçılarından biri də Ədilə Kamil qızı Salmanovadır. Ədilə müəllimə iş üslübü, işgüzarlığı, zəhmətsevərliyi və təşkilatçılıq qabiliyyəti ilə işlədiyi məktəbin pedaqoji kollektivi üzvləri, şagirdlər,valideynlər və ictimaiyyət arasında hörmət və nüfuz qazanmışdır. Dərs ilinin əvvəlində tərbiyə işləri üzrə tərtib olunmuş iş planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi onun daima diqqət mərkəzində olur. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil olunub keçirilməsində, tərbiyə işinin tələb olunan səviyyədə qurulması üçün sinif rəhbərlərinə, məktəb psixoloquna, uşaq birliyi rəhbərinə və dərnək rəhbərlərinə yaxından kömək göstərir. Ədilə müəllimənin maraqlı ömür tarixçəsi var. 1960-cı il oktyabr ayının 9-da Salyan rayonunun Pirsaat qəsəbəsində (indi bu qəsəbə Hacıqabul rayonunun inzibati ərazi bölgüsünə daxildir) anadan olub. 1971-ci ildə valideynləri Hacıqabul şəhərinə köçdüyündən Ədilə Salmanova həmin ildə də Hacıqabul şəhər indiki İ.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş və 1981-ci ildə məktəbin 10-cu sinfini bitirmişdir. 2 il dalbadal sənədlərini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı institutuna, indiki Bakı Slavyan Universitetinə vermiş, lakin müsabiqədən keçməmişdir. Ədilə müəllimə ruhdan düşməmiş, inadkarlıq göstərmiş daha yaxşı hazırlaşaraq 3-cü dəfə, daha dəqiq, 1983-cü ildə arzusuna nail olmuş, indiki Bakı Slavyan Universitetinə qəbul olmuşdur. 1988-ci ildə ali təhsilini uğurla başa vuran Ədilə müəllimə təyinatla vaxtı ilə təhsil aldığı məktəbə göndərilmişdir. Ədilə müəllimənin müəllim peşəsini seçməsi və pedaqoji sahədə fəaliyyəti ilə bağlı dedikləri: “Müəllimlik ən şərəfli peşədir amma çətindir. Mən bu çətin peşəni seçməyimdən məmunluq duyuram. Yaxşı müəllim olmaq üçün çox çalışıram. İndi şagirdlərimin məhəbbət dolu gözlərini görəndə,ürəyi çırpına-çırpına istək dolu sözlərini eşidəndə, məktəb dəhlizlərində gəzərkən, sinf otaqlarında dərs keçərkən onların istək dolu baxışlarını öz üzərimdə hiss edəndə möhkəm həyəcanlanıram və düşünürəmki şagirdlərimin məhəbbətini qazana bilmişəm və deyəsən onlar üçün yaxşı müəllim olmağı bacarmışam. Müəllim peşəsinin vurğunuyam. Özümü məktəbsiz, şagirdlərsiz təsəvvür edə bilmirəm. Müəllim peşəsini çox sevdiyimdən mənə edilən vəzifə təkliflərindən imtina etmişəm. 1988-ci ildə iki ay idi müəllim işləyirdim. Məni şəhər partiya komitəsinə işləməyə dəvət etdilər. Daha sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə dəvət aldım. Lakin məzunu olduğum məktəbdə işləməyə üstünlük verdiyim üçün bu təkliflərdən imtina etdim. Artıq 32 ildir bir vaxt qoynunda təhsil aldığım məktəbdə çalışıram. Mən çox savadlı peşəkar müəllimlərlə çalışmışam və onlardan bir çox keyfiyyyətləri əxz etmişəm. Keçmiş orta məktəb müəllimlərimdən Yasəmən Muxtarovanın, Xədicə Abasovanın, Leyla Almazovanın, Rahim Əliyevin, Südabə Nəhmədovanın, Minəxanım Qurbanovanın, Ofelya Bədəlovanın, Ofelya Məmmədəliyevanın adlarını çəkməyi özümə borc bilirəm və bütün müəllimlərimə minnətdarlığımı bildirirəm. Mən yuxarıda adları çəkilən müəllimlərdən yaxşı müəllim olmağı öyrənmişəm. Bu yerdə Hacıqabul rayon Təhsil Şöbəsinin sabiq müdiri Əməkdar müəllim Şükür Məmmədovun bir vaxtlar dediyi bir kəlməni xatırlamaq istərdim. O, deyirdi: “Yasəmən, Xədicə müəllimə kimi müəllimlərin yanında günəş kimi nur saçmaq, asan deyil ha, Ədilə”! Mən indi düşünürəm ki, həqiqətən belə sənət fədailərinin yanında işləmək, özü də yaxşı müəllim adını almaq çox çətin imiş. Onu qeyd etmək istəyirəmki pedaqoji sahədəki fəaliyyətimdə və qazandığım uğurlarda bu iki müəllimin xüsusi rolu olub. Mən Azərbaycan dili və ədəbiyyat müəllimim, eyni zamanda sinif rəhbərim olmuş Leyla Almazovaya və dünyasını dəyişmin digər müəllimlərimə Ulu Tanrıdan rəhmət diləyir və təqaüddə olan Əməkdar müəllim Xədicə Abasovaya və digər təqaüdçü müəllimlərimə uzun ömür, can sağlığı arzulayıram. İndiyə kimi həyatda nəyə nail olmuşamsa ilk növbədə atama bir də müəllimlərimə borcluyam. Atam məni hər zaman rəhbər vəzifələrdə işləmiyimi istəyib, hər zaman ucalarda olmağımı arzulayıb. Atamın bu arzusu 2006-cı ildə həyata keçdi. Mən tərbiyə işləri üzrə direktor müavini təyin olundum. Mənim bu vəzifəyə təyinatıma dəstək verdiyinə görə məktəbin direktoru Cəmilə Ağamalıyevaya minnətdarlığımı bildirirəm. Mən məktəbdə eyni zamanda rus dili fənnini də tədris edirəm. Şagirdlərimin rus dilini daha dərindən mənimsəməsi üçün bütün qüvvə və bacarığımı sərf edirəm”. Ədilə müəllimə mənimlə söhbət zamanı bildirdi ki, 9-cu sinfə kimi Hacıqabul şəhər İ.Ələkbərov adına 1 nömrəli tam orta məktəbdə oxuyan, hazırda isə Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbdə təhsilini davam etdirən Dilarə Babayeva və hazırda Hacıqabul şəhər İ.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alan Gülər Salmanova 2017-ci ildə rus dili fənni üzrə Olimpiadanın Respublika turunda fərqlənərək, qiymətli hədiyyə ilə mükafatlandırılmışlar. Ədilə müəllimənin rəhbərliyi altında məktəbdə müxtəlif xarakterli tədbirlər keçirilir və şagirdlər bu tədbirlərdə həvəslə iştirak edirlər. Ə.Salmanovanın keçmiş şagirdləri arasında müxtəlif peşə-sənət sahibləri vardır. Pedaqoji sahəni seçənlər də az deyil. Pedaqoji sahəni seçmiş keçmiş şagirdlərindən Vəfa Zərbəliyeva və Şahnaz Bəşirova indi onunla çiyin-çiyinə işləyirlər. Ədilə müəllimənin bacıları Bəturə Salmanova ixtisasca ibtidai sinif müəllimi, Gülşən musiqi müəllimi, Balaqız isə ingilis dili müəllimidir. Hər üç bacı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirmişlər. Gülşən və Balaqız Salmanova hazırda Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə işləyirlər. Ə.Salmanova Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai işlərdə yüksək fəallıq göstərir. Dövri mətbuatda yazıları çap olunub. Ə.Salmanovanın ömür-gün yoldaşı Təbriz Mayılağa oğlu Novruzov uzun illər Neft Sənayesi sahəsində işləyib. Alik Rzayev, Xəyalə SəfərovaZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.