Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib Regionlar, UNUTSAQ, UNUDULARIQ!.... 12 февраля 2018 AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ilin aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş Mİ- 24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunan tədbir keçirilib.Əvvəlcə liseyin kursantları, müəllim və komandir heyəti, həmçinin şəhidin ailə üzvləri II Fəxri xiyabanda Əbu Bəkr İsmayılovun xatirəsini yad edib, məzarı önünə əkil və tər çiçəklər düzüblər.ZiM.Az xəbər verir ki, Mərasim Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edən C.Naxçivanski adına hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini, mayor Natiq Rəhimov liseyin məzunlarının qəhrəmanlıq səhifələrindən danışıb, Əbu Bəkr İsmayılovun bu ənənənin layiqli davamçısı olduğunu bildirib. Vurğulayıb ki, Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların hər biri qəhrəmanlıq məktəbidir. Onların xatirəsini əbədiləşdirmək, ailələrinə arxa olmaq hamının vətəndaşlıq borcudur.Daha sonra muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Dağlıq Qarabağ müharibəsinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan aprel döyüşlərindən söhbət açıb. Şəhidlərin xatirəsinə həsr olunan belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edən Y.Bahadurqızı bildirib ki, Əbu Bəkrin aprel döyüşlərində misilsiz xidməti təkcə ailəsi üçün deyil, xalqımız üçün böyük qələbədir. Bu döyüşlərdə Əbu Bəkir kimi oğullar düşməni məhv edərək, öz qanları bahasına tarixi ərazilərimizə sahib çıxdılar. Belə qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.Daha sonra liseyin kimya müəllimi Flora Hüseynova şagirdi ilə bağlı xatirələrini bölüşüb.Tədbirdə Xalq artisti Eldost Bayram, Milli Mədəniyətinin Təbliği İctimai Birliyinin Rəhbəri Jalə Cəfərova və başqaları çıxış edərək Əbubəkr İsmayılovun qısa, eyni zamanda, şərəfli həyatından, insani keyfiyyətlərindən bəhs ediblər.Oğlu ilə qürur duyduğunu deyən şəhidin anası Rəna İsmayılova övladının vətənpərvərliyindən, mərdliyindən danışıb və tədbir təşkilatçılarına təşəkkürünü bildirib.Tədbir çərçivəsində “Çaşıoğlu” nəşriyyatında çap olunan “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı da olub.Sonda lisey kitabxasının müdiri Zemfira İsmayılova, kitabxananın əməkdaşı Vahid Məhərrəmli və ədəbiyyat müəllimi Gülsəda Amanqızının rəhbərliyi ilə kursantların hazırldığı bədii proqram nümayiş etdirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.