Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (I hissə) Naxçıvan, Elm, Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə" 30 октября 2024 800 100 1 2 3 4 5 Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, «Əməkdar elm xadimi» (1999), «Şöhrət» ordeni (2007), «Şərəf» ordeni (2009) mükafatları laureatı İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığında xidmətləri olan fədakar alimlərimizdəndir. Akademik İ.Həbibbəyli elmi fəaliyyətində Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına aid vacib bir sıra problemlərə daha geniş yer ayırmışdır. İsa Həbibbəyli tədqiqatlarında Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrinin mənimsənilməsi və ədəbiyyatdan Azərbaycan xalqına qarşı istifadə edilməsi ilə mübarizə aparıcı yer tutur. Xüsusi qeyd etmək lazımdır ki, bu sahədə İ.Həbibbəylinin fəaliyyəti onun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri və AMEA-nın akademik adı alması anından onilliklər əvvəl başlamışdır. Akademik İ.Həbibbəylinin Azərbaycan bədii irsini qoruması cəhdləri onu, bir tərəfdən Orta əsr Azərbaycan yazarlarının yaradıcılıqlarını hərtərəfli təhlilinə (ədəbiyyat məsələləri ilə yanaşı fəlsəfi problemlərin təhlili), digər tərəfdən isə Orta əsr Azərbaycan ədəbiyyatının müasir Azərbaycan ədəbiyyatı ilə əlaqələrinin tədqiqinə sövq etmişdir. Akademik İ.Həbibbəyli ədəbiyyat vasitəsilə Azərbaycan tarixinin süni dəyişdirilməsi ilə də mübarizə aparır. Müasir Azərbaycan ədəbiyyatının mövzu problemlərini araşdırması zamanı İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyev obrazının ədəbiyyatda əksinə və vətənpərvərlik lirikasının əhəmiyyətinə önəmli diqqət yetirmişdir. Akademik İ.Həbibbəyli Azərbaycan ədəbiyyatında cərəyan və janrların inkişafının, ədəbiyyatşünaslığın və ədəbi tənqidin tədqiqinə elmi əsərlərində geniş yer ayırmışdır. İsa Həbibbəyli Müstəqil Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrin, keçdiyi inkişaf mərhələlərin tədqiqinə xüsusi diqqət yetirmişdir. Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrin mənimsənilməsi, ədəbiyyatın Azərbaycançılığa qarşı istifadəsi ilə mübarizəİsa Həbibbəylinin tədqiqatlarında Azərbaycan ədəbiyyatında problem kimi incəliklə yanaşılmasını tələb edən Azərbaycan şair və yazıçılarının başqa xalqlar tərəfindən özünküləşdirilməsinə real, faktiki cavab verməsi diqqətdən kənarda qalmır. Akademik İ.Həbibbəyli Nizami Gəncəvi, Marağalı Əhvədi, Şəms Təbrizi kimi ədiblərin əsərlərini doğma dildə qələmə almadıqlarına baxmayaraq, Azərbaycan mütəffəkirləri olmasına aydınlıq gətirməyə nail olmuşdur. Akademik İ.Həbibbəyli bu baxımdan haqlı olaraq qeyd edir: «Qoca Şərqin böyük dühası olan onlarla şairlər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb - yaratmışlar». Orta əsr Azərbaycan yazarlarının yaradıcılıqlarında türk kəlmə və sözlərindən istifadə etmələri amillərini qabardaraq, akademik İ.Həbibbəyli Nizami Gəncəvi yaradıcılığında «torke-dastan», «torke-tənnaz», «torke seyah çeşim» və s. sözlərinin işlənməsi, Şəms Təbrizi yaradıcılığında «çoxlu sayda türk sözləri» işlədilməsi faktlarına toxunmuşdur.İ.Həbibbəyli Azərbaycanın dahi şairi N.Gəncəvi yaradıcılığını yüksək qiymətləndirir. Nizami Gəncəvi yaradıcılığının dar məkana sığmadığı amilini qabardan alim ədibin dünya bəşəriyyətinə aid olması amilinə də toxunur: «Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami Gəncəvi özünün böyük və ölməz sənəti, dünyəvi ideyaları ilə bütün bəşəriyyətə məxsusdur». Akademik İ.Həbibbəyli «N.Gəncəvinin bir sənətkar kimi konkret olaraq hansı xalqa aid olmasından söhbət düşəndə, halal haqqımıza sahib çıxmağa can atan şəriklərimiz artır» deyə təəssüflə milli sərvətimizə ortaq çıxanların olması faktına ürəkağrısı ilə toxunur. Akademik İ.Həbibbəyli N.Gəncəvinin «...konkret olaraq bir xalqın – Azərbaycan xalqının övladı, bu qədim xalqın görkəmli şairi və mütəfəkkiridir» deyə konkret arqumentlərlə şairin Azərbaycan xalqına aid olmasına aydınlıq gətirir.Klassik Azərbaycan ədəbiyyatının təhlili İ.Həbibbəylini ümümi kulturoloji və fəlsəfi məsələlərin araşdırmasına sövq etmişdir. Məsələn, Azərbaycan ədəbiyyatı ilə əlaqəli olan Şərq İntibahı, Şərqdə geniş yayılmış hürufiliyin ədəbiyyatda özünün əksi, bədii əsərlərdə kamil insan problemi və sair.İ.Həbibbəyli N.Gəncəvi yaradıcılığının Avropa ədəbiyyatşünasları tərəfindən Qərb şair və mütəfəkkirləri ilə müqayisə edilməməsi amilinə nəqqaş dəqiqliyi ilə nəzər salmağı bacararaq, haqlı olaraq qeyd edir ki, «Avropa ədəbiyyatşünasları Nizami Gəncəvidən əksər məqamlarda Şərq kontekstində bəhs etmişlər, onu Şərq şairləri ilə müqayisə etmişlər. Adama elə gəlir ki, Avropa şərqşünasları Nizami Gəncəvini Qərb şairləri və mütəfəkkirləri ilə müqayisə etməkdə ehtiyatlanmışlar.» Akademik İ.Həbibbəyli fikirlərində cəmiyyəti düşündürən problem əksini tapır. Belə ki, humanizm prinsipləri əsasında qurulmuş Şərq İntibahı X-XII əsrlərə aiddir. Dahi Nizami Gəncəvinin yaradıcılığı da Şərq İntibahının ən parlaq nümunəsidir. Nizami Gəncəvinin Qərb şair və mütəfəkkirləri ilə müqayisə edilməsindən ehtiyatlanma bu səbəbdəndir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Adam Metsə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır. Avropa İntibahı Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq, Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdir. Qeyd edək ki, Nizami Gəncəvi bir ədib kimi bütün dövrlərin fövqündə dayanmağı bacarmışdır.Hürufiliyin klassik Azərbaycan ədəbiyyatı ilə əlaqəsinə toxunaraq, akademik İ.Həbibbəyli İmaməddin Nəsimi və Şəms Təbrizi yaradıcılıqlarına xüsusi qiymət vermişdir.İ.Həbibbəyli «ümumşərq miqyasında qüdrətli şair kimi «tanınan İmaməddin Nəsimi yaradıcılığını tədqiq edərkən, ədibi «Azərbaycan hürufizm ədəbiyyatının böyük yaradıcısı» kimi qiymətləndirmişdir. İ.Nəsiminin «Sığmazam» şeirini «məğrurluq manifesti» kimi dəyərləndirən İ.Həbibbəyli ədibin yaradıcılığına da yüksək qiymət vermiş olur.Akademik İ.Həbibbəyli Şəms Təbrizi yaradıcılığını hürufilik işığında təşəkkülünə nəzər salmış, hürufiliyin Fəzlullah Nəimi, İ.Nəsimi, Ş.Təbrizi kimi söz xiridarlarının yaradıcılığında əksini tapdığını, lakin ədiblərin yaradıcılıqlarını, həmçinin «bu istiqamətdə yazıb-yaradan digər şairlərin həyatı və əsərləri müəyyən dərəcədə diqqət mərkəzindən kənarda qalması» amilinə toxunmuşdur. Akademik İ.Həbibbəyli «Ş.Təbrizi Azərbaycan ürfani-fəlsəfi şeirinin günəşidir» adlandıraraq, ədibin yaradıcılığını yüksək dəyərləndirmişdir: «Ş.Təbrizi hürufi şeirinin bütün rəmzlərindən istifadə etmiş, bu ədəbiyyata ilk dəfə olaraq bir çox rəmzləri gətirmişdir. O, hürufizmin bədii sistemində əsas yer tutan ideyaların hərflərlə mənalandırılmasında fərqli və orijinal fikirlər ifadə etmişdir.»Klassiklərin yaradıcılığında «kamil insan» təliminə nəzər salan akademik İ.Həbibbəyli bunu klassiklərin yaradıcılığında konsepsiyaya çevrilməsini göstərməklə yanaşı, klassiklərin yaradıcılıqlarında fərdi şəkildə əksini tapmasını da qeyd etmişdir. İsa Həbibbəyli Şəms Təbrizini «şair-mütəffəkir formatında meydana çıxmış qüdrətli sənətkar» kimi dəyərləndirərək, ədibin yaradıcılıq konsepsiyasının «kamil insan» təlimi üzərində qurulmasını da nəzərdən qaçırmamışdır. Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin «şeirləri insanın qüdrəti haqqında himn kimi» səslənməsinə və «kamil insan olmağa böyük çağırışlar ifadə» olunmasına toxunmuş İ.Həbibbəyli Nəsiminin «üsyankar şeirləri ilə kamil insan olmaq uğrunda mübarizə» aparmış olması amilini də qabartmışdır.İsa Həbibbəyli klassiklərin yaradıcılığında «kamil insan» təliminə nəzər salmaqla yanaşı, onların yaradıcılıqlarında «aşiqlik fəlsəfəsinin» də konsepsiyaya çevrilməsini vurğulayır. Akademik İ.Həbibbəyli dahi söz xiridarı Məhəmməd Füzuli dühalığını «hər şeydən əvvəl Aşiqdir» deyə yüksək qiymətləndirərək, şairin «böyük istedadla çox geniş mənada olan Aşiqlik fəlsəfəsini aşiqanə bir dillə ifadə» etməsinə də toxunur. «Füzulinin ictimai düşüncəsi ilə eşqi, sevgisi arasında bərabərlik işarəsi» yaranması da İsa Həbibbəyli tərəfindən qeyd edilir. Akademik İ.Həbibbəyli Aşiqliyin ömrünü belə müəyyən edir: «Aşiqliyin ömrü ən azı Füzulinin yaşı qədərdir.» İsa Həbibbəyli Füzuli yaradıcılığını «orta əsr Azərbaycan nəsrinin kulminasiya nöqtəsidir» kimi qeyd edərək, ədibin yaradıcılığına yüksək dəyər verir.İsa Həbibbəyli klassik Azərbaycan poeziyasında yeniləşmə meyllərini tədqiq edərək, şəhər mühitinə, xalq arasına və həyata doğru inkişaf etməkdə olan poeziyada yeniləşmə meyllərinin əlamətlərini açıqlamağa nail olmuş, «Azərbaycan klassik poeziyasında hakim olan romantik metod və üslub bədii dildə, tərənnümdə, məcazlar sistemində vüsət və zənginlik» yaratması amilini qabartmışdır. «XVIII əsrdə realist poeziyanın yaranması ilə Azərbaycan ədəbiyyatının istiqaməti əsaslı şəkildə» dəyişməsi akademik İ.Həbibbəylinin nəzərindən qaçmamışdır. Akademik İsa Həbibbəyli XVII əsr ədəbiyyatında nəzirəçiliyin geniş yayılmasını qeyd edərək, XVII əsr dövr poeziyasını tənəzzül mərhələsi hesab edənlərə müəyyən qədər fikirlərində haqqlı olmalarını da vurğulayır: «nəzirə ədəbiyyatının genişlənməsi şeirdə tənəzzül əlamətlərindən bəhs etməyə əsas verir.» İsa Həbibbəyli saray ədəbiyyatının nüfuzunu itirmiş olduğu bir dövrdə iki şeir üslubunun yanaşı inkişaf etməsini, həmçinin ənənəvi poetik qütbün əsas olmasını da qeyd etmişdir: «...poeziyada iki üslub: klassik lirika və epik -didaktik şeir üslubları yanaşı davam etmiş, lakin ənənəvi poetik qütb yenə də ağırlığını saxlaya bilmişdir.»Akademik İ. Həbibbəyli haqlı olaraq, XVII əsr ədəbiyyatının həyatiləşməyə doğru proseslərinin genişləndiyini, bu dövrün epik-didaktik meyllərini yaşamadan realist şeirə keçə bilməyəcəyini də qeyd etmişdir. Konkret olaraq, XVII əsri «xüsusi bir mərhələ» kimi dəyərləndirən İsa Həbibbəyli fikirlərini əsaslandırmağa nail ola bilir: «...XVII əsr Azərbaycan poeziyasına M.Füzuli lirikasının davamı olmaqla bərabər, həm də M.P.Vaqif şeirinin əvvəli kimi baxmaq lazımdır. Bu, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və əhəmiyyəti olan xüsusi bir mərhələdir.» XVII əsr Azərbaycan ədəbiyyatında yeniləşmə meyllərini tədqiq edən İsa Həbibbəyli bunu Saib Təbrizi simasında bir daha təsdiq edir, ədibin «şeirdə yeni bir üslub - «hind səpkisi» yaratmağa müvəffəq» olmasını açıqlayır. Saib Təbrizinin saray ədəbiyyatından şəhər ədəbiyyatına keçid etməsini məhz XVII əsr ədəbiyyatında baş verən yeniləşmə meylləri ilə əlaqələndirən İsa Həbibbəyli ədibin «hind səpki»sinə meylliyini belə əsaslandırır: «Hindistanda dini baxışları ümumi şəkildə ifadə edən «ilahi din»in genişlənməsi şeirin mistik buxovdan da azad olmasında mühüm rol oynadığı üçün bu ölkədə poeziyanın daha sərbəst inkişafına şərait yaratmışdır.» İsa Həbibbəyli «Hind üslubu» və ya «İsfahan səpkisi» adlanan poetik şeir üslubunun Azərbaycan ədəbiyyatında təzahür etməsini S.Təbrizinin adı ilə bağlayır, elmdə də bu üslubun «Saib səpkisi» adlanmasına toxunur. İsa Həbibbəyli Saib Təbrizinin qəzəllərində «həyatilik meylləri və hikmətamiz düşüncələrin xalqa daha çox yaxın» olmasını məhz ədibin şeirlərinin «saray dairələrindən çıxaraq, geniş şəhər mühitində, xalq arasında» yayılmasına səbəb olmasını qeyd edir.İsa Həbibbəyli «Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısı» kimi dəyərləndirdiyi M.P.Vaqif yaradıcılığına yüksək qiymət verərək, ədəbiyyatımızın «xüsusi mərhələyə çevrilmiş romantik şeirdən realist tərənnümə qəti keçidin banisidir» deməklə mövqeyini qətiyyətlə bildirmişdir. İsa Həbibbəyli şairin «çoxəsrlik Azərbaycan şeirində ilk dəfə olaraq «qəzəli-aşiqanə»dən imtina edib, realist cizgilərə əsaslanan yeni tipli məhəbbət şeirləri» yaratması amilini, M.P.Vaqif şeirlərinin «xalq-aşıq şeiri üstündə köklənmiş, el-oba həyatını və gözəlləri gerçək şəkildə tərənnüm edən yeni şeir» olmasını da nəzərdən qaçırmamışdır. İsa Həbibbəylinin «Vaqif simasında xalq-aşıq şeir üslubu bütövlükdə Azərbaycan realist lirikasının üslubu səviyyəsinə» yüksəldiyini qeyd etməsi Azərbaycan ədəbiyyatının təkamülünə təsir etmiş bir ədibə verilən tarixi və elmi qiymət kimi qəbul edilməlidir.Yeni dövr və müasir Azərbaycan ədəbiyyatının tədqiqi zamanı İsa Həbibbəyli bədii əsərlər vasitəsilə Azərbaycan tarixinin yox olması təhlükəsinə diqqət yetirərək tarixi və ictimai-siyasi romanların ictimai şuurun formalaşmasındakı rolunu açıqlamağa nail olmuşdur. Akademik İ.Həbibbəyli görkəmli yazıçımız Məmməd Səid Ordubadinin zəngin irsini rus bədii düşüncəsində özünəməxsus yer tutmuş L.N.Tolstoy yaradıcılğı ilə müqayisə edərək, «bizə görə, M.S.Ordubadi Azərbaycan ədəbiyyatının Tolstoyudur» deyə münasibətini bildirmişdir. İ.Həbibbəyli M.S.Ordubadinin tarixi romanları zəminində «Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri»nin formalaşmasına toxunmuş, «Qılınc və qələm» tarixi romanını isə ədəbiyyatımızda «tarixi roman janrının zirvəsində» dayanmasını qeyd etmişdir. İ.Həbibbəyli ədəbiyyatımızda tarixi roman janrında əsərlərin qələmə alınmasına baxmayaraq, həmin tarixi romanların M.S.Ordubadi səviyyəsinə çatmadığını vurğulayaraq bu amili belə dəyərləndirmişdir: «Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan tarixi romanı M.S.Ordubadi ənənəsinin işığında ədəbiyyatdakı yolunu uğurla davam etdirməkdədir. Lakin etiraf edilməlidir ki, Azərbaycan ədəbiyyatında sonrakı mərhələlərdə yeni, maraqlı, əhəmiyyətli, cəlbedici tarixi romanlar yaranmamışdır, ancaq bu janrda M.S.Ordubadi zirvəsindən sonrakı axırıncı aşırım hələ ki, keçilmiş yolun davamı olaraq qalmaqdadır.» İsa Həbibbəyli tarixi mövzuda roman qələmə almış Azərbaycan tarixi roman müəlliflərini M.S.Ordubadinin davamçıları kimi göstərmişdir. Məsələn, akademik İ.Həbibbəyli Əyyub Abbasovun tarixi roman sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir, ədibi «Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri»nin M.S.Ordubadi yaradıcılığında formalaşmasını vurğulayır. Ədibin «Zəngəzur» romanını M.S.Ordubadinin ««tarixi romanları ilə yanaşı qoyulmağa layiq» əsər kimi dəyərləndirmiş İsa Həbibbəyli yazıçıya real tarixi qiymət verir desək, yanılmarıq. İsa Həbibbəyli yalnız M.S.Ordubadi yaradıcılığını deyil, həmçinin də böyük roman ustadının yaradıcılığını tədqiq etmiş alimlərin tədqiqatlarına da nəzər salmışdır. İsa Həbibbəyli «Azərbaycanda ilk dəfə olaraq milli tarix roman məktəbi» yaratmış M.S.Ordubadinin tədqiqatçısı kimi Azərbaycan ordubadişünaslığını təmsil edən prof. Yavuz Axundlunu «Azərbaycan ədəbiyyatşünaslığında tarixi romanın elmini» yaratmasını qeyd edərək, ədibin yaradıcılığını tədqiq etmiş alimlərimizdən biri kimi dəyərləndirmişdir.İsa Həbibbəyli Mirzə İbrahimov yaradıcılığını tədqiq edərək «Cənub hekayələri» silsiləsini ədibin «hekayə yaradıcılığının əsasını, ən uca nöqtəsini müəyyən» etməsinə toxunur. İsa Həbibbəyli M.İbrahimovun oçerk yaradıcılığına toxunarkən, ədibin povestlərinin yalnız yaradıcılığına deyil, həmçinin «Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus mühüm rola malik» olmasını qeyd edir. İsa Həbibbəyli M.İbrahimovun «Gələcək gün» romanında tarixiliyin üstünlük təşkil etməsinə rəğmən, ictimai-siyasi roman janrının tələblərinə uyğun olmasını vurğulayır: «Tarixiliyin üstünlük təşkil etməsinə, bir sıra tarixi şəxsiyyətlərin geniş planda təsvir olunmasına baxmayaraq, «Gələcək gün» ictimai-siyasi roman janrının tələblərinə uyğun gəlir. Əslində tarixilik özü də ictimai-siyasi romanın prinsiplərindən biridir.»Azərbaycançılıq ideyasının lirik əsərlərdə əksinin tapmasını vurğulayan akademik İ.Həbibbəyli «Komsomol poeması»nı Səməd Vurğunun «sözün böyük mənasında yeni dövr Azərbaycan kəndinin mənzum romanı» kimi dəyərləndirir, Mixail Şoloxovun «Sakit Don» romanı ilə «ideya-bədii dəyəri, yüksək sənətkarlıq səviyyəsi etibarı ilə» eyni səviyyədə tutur. İsa Həbibbəyli Səməd Vurğunun 29 yaşında qələmə aldığı, 22 bənddən ibarət olan «Azərbaycan» şeirini isə «XX əsr Azərbaycan ədəbiyyatında azərbaycançılıq idealının himni» hesab edərək, «milli düşüncəli vətənpərvərlik ədəbiyyatının şərəfli bir epiqrafı» kimi dəyərləndirir. Akademik İ.Həbibbəyli həmçinin şeiri «azərbaycançılığın poetik manifesti» hesab edir. İsa Həbibbəyli Səməd Vurğunun Bakı şəhəri haqqında «elmi düşüncə ağırlıqlı romantik-tarixi» poema kimi təqdim etdiyi «Bakı dastanı» əsərini «qanadlı və dərin məzmunlu poeziyası ilə siyasi və elmi baxışlarının böyük vüsətini nümayiş» etdirməsindən də yan keçmir. Akademik İ.Həbibbəylinin Azərbaycan bədii irsinin qorunmasına yönəlmiş araşdırmaları sırasında vahid Azərbaycanın bədii məkanının qorunmasına həsr edilmiş tədqiqatlarını xüsusi vurğulamaq olar. İsa Həbibbəyli bir tərəfdən vahid bədii məkanın qorunmasını təbliğ edir, digər tərəfdən isə Azərbaycan dilinin bu məkanın qorunmasındakı rolunu açıqlayır. İ.Həbibbəyli Azərbaycan ədəbiyyatında Cənub mövzusuna xüsusi diqqət yetirmiş, ictimaiyyəti daim düşündürməkdə olan bu problemə də öz münasibətini bildirmişdir. M.Şəhriyar yaradıcılığında, həmçinin M.İbrahimovun «Cənub hekayələri» silsiləsini nəzərdən keçirmiş, Cənubi Azərbaycan mövzusunu tədqiq etmişdir. Akademik İ.Həbibbəyli «Azərbaycan ədəbiyyatının görkəmli klassiki» kimi dəyərləndirdiyi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığında Azərbaycan mövzusunun geniş yer tutmasını, ədibin «Azərbaycan» şeirini isə «o taylı – bu taylı Azərbaycanda həmin mövzuda yazılmış şah əsərlərdən biri» kimi təqdim etmişdir. İsa Həbibbəyli M.Şəhriyarın «Səhəndiyyə» poemasını yüksək dəyərləndirərək ədibin «Azərbaycan şeirinin yeni və dərin mənalı «Vətəniyyəsi»dir» deyə qiymətləndirmişdir. Ədibin iki hissədən ibarət olan «Heydərbabaya salam» poeması isə İ.Həbibbəyli tərəfindən ustadın yaradıcılığının zirvəsi kimi təqdim edilir.Vahid Azərbaycan bədii məkanı baxımından İsa Həbibbəylinin Zəlimxan Yaqubun yaradıcılığına toxunması maraq kəsb edir. Akademik İ.Həbibbəyli «Aşıq ədəbiyyatı üstündə köklənən» Z.Yaqubun «Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan - bölgədən ümumvətən mühiti səviyyəsinə çıxarmağı və yaşamağı bacarmış» şair kimi dəyərləndirərək şairin yaradıcılığındakı qoşma janrında qələmə aldığı əsərlərin uğurunun əsas məğzini göstərməyə nail ola bilmişdir: «Z.Yaqubun qoşma janrına ardıcıl marağının və bu poetik formada qazandığı uğurların mayasında Borçalı aşıq sənəti ənənələri durur». İsa Həbibbəyli Z.Yaqubu şair Hüseyn Arifin davamçısı olması amilinə də toxunaraq qeyd etmişdir ki, «sənətin ruhu etibarilə Z.Yaqub xalq şairi Hüseyn Arifin sənət ənənələrinin əsas davametdiricisi və daşıyıcısıdır». Akademik İ.Həbibbəyli hər iki ədibin yaradıcılığında bənzəyişin fərqdən çox olmasına, H.Arifdə tərənnümün, Z.Yaqubda isə poetik təqdimatın aparıcı olmalarına aydınlıq gətirmişdir.Azərbaycan dilinin problemlərinə toxunarkən İsa Həbibbəyli əlifba islahatına xüsusi diqqət yetirmişdir. Akademik İ.Həbibbəyli ərəb əlifbasının islahı ideyasını qətiyyətlə müdafiə etmiş ziyalılarımızın yaradıcılıqlarına da bir ziyalı kimi nəzər salmış, onların simasında ədəbi dil probleminə də öz mövqeyini bildirmiş, biganə qalmamışdır. «Millətinin canlı heykəli» - M.Şahtaxtlının Azərbaycan üçün etdiyi xidmətlərə nəzər salmış akademik İ.Həbibbəyli ədibin Qərb maarifçilik ənənələrini təbliğ etməsini, xalqını fanatizmdən xilas etmək yolunda cəhdlərini, Qərblə Şərqi yaxınlaşdırmaq istəkləri uğrunda atdığı addımlara böyük dəyər verərək, ədibin «...təkbaşına etdiyi xidmət həmin amala ömür sərf etmiş bütöv bir ziyalı nəslinin fəaliyyəti» ilə eyniləşdirmişdir. 1907-ci ildə Dövlət Dumasına deputat seçilmiş dilçi-alim, linqvist – şərqşünas M.Şahtaxtlının ərəb əlifbasının islahı ideyasını qətiyyətlə müdafiə etməsi, «xüsusi şəkilli bir əlifba» hazırlaması, ümumiyyətlə, dil və mətbuat sahəsindəki, tərcüməçilik sahəsində, Bakı Dövlət Universitetinin professoru, Yeni Əlifba Komitəsinin üzvü və deputat kimi əvəzolunmaz fəaliyyətləri akademik İ.Həbibbəyli tərəfindən geniş tədqiq edilmiş və «bizim Avropakə Mirzə Kazımbəy» adlandırılmasına toxunulmuşdur.İsa Həbibbəyli söz xiridarlarının ümumtürk ədəbi dil yaratmaq sahəsində atdıqları addımlarına da nəzər salmışdır. Əli bəy Hüseynzadənin müsəlmançılıqdan ümumi faktor kimi istifadəsi və Cəlil Məmmədquluzadənin isə dünyəvi baxışları, etnogenezis məsələsində Əlibəy Hüseynzadənin türkçü və turançı, C.Məmmədquluzadənin isə azərbaycanlı baxışları arasındakı fərqləri görən İsa Həbibbəyli hər iki ədibin ümumtürk ədəbi dil yaratmaq istəklərinə, bu yolda atdıqları addım və fikirlərinə də nəzər salmışdır. Akademik İ.Həbibbəyli Ə.Hüseynzadənin «İstanbul ağzını əsas götürmək və onu digər türk xalqlarının dillərindən alınmış ümumişlək sözlər hesabına zənginləşdirməklə, eyni kökdən olan qohum millətlərin başa düşəcəyi, ünsiyyət saxlayacağı normativ dil yaratmaq arzusunda» olmasını, C.Məmmədquluzadənin isə «ümumtürk ədəbi dili yaradılmasını faydalı bir iş olduğunu qəbul» etməsini, ancaq əvvəl «XX əsrin əvvəllərində əhalisinin böyük əksəriyyəti yazıb-oxumaq bacarmayan Azərbaycanda vahid ədəbi dil yaratmağı zamanı qabaqlamış ideya hesab» etməsini vurğulaması diqqəti cəlb edir. İsa Həbibbəyli iki böyük ədibin dövlətçilik məsələlərində fikirlərinin haçalanması faktını düzgün qeyd etməsi, heç də onların dahi şəxsiyyət kimi varlıqlarına xəlil gətirmir, əksinə ədiblər haqqında oxucuların fikirlərini qətiyyətləşdirməyə imkan yaradır: «...C.Məmmədquluzadə böyük, vahid və müstəqil Azərbaycanın məcnunu, Əli bəy Hüseynzadə isə turançılığın ideoloqu idi.»İsa Həbibbəyli Bəxtiyar Vahabzadə yaradıcılığında mühüm yer tutmuş «Latın dili» şeirini «XX əsrdə nəinki Azərbaycan ədəbiyyatında, hətta keçmiş Sovetlər İttifaqı miqyasında milli istiqlalın vacib şərtlərindən olan ana dili uğrunda mübarizədən söz açan ən cəsarətli əsər hesab olunmağa» layiq olduğunu, «ölkənin bütövlüyü və xalqın birliyi məsələsi» kimi aktual və xalqın taleyüklü məsələsi olan mövzuların ədibin yaradıcılığında geniş yer tutmasını, «əsərlərində milli birlik şüurunu formalaşdırmaq məsələsinə xüsusi önəm» verməsini qeyd edərək, «milli–poetik istiqlalnaməsinin qüdrətli yaradıcılarından biri» kimi təqdim edir.Ümummilli lider Heydər Əliyev obrazıAkademik İsa Həbibbəyli Elmira Axundovanın, Asiman Yadigarın, Elman Həbibin, Hüseynbala Mirələmovun əsərlərində Ümummilli lider Heydər Əliyevin obrazına xüsusi diqqət yetirmişdir.Akademik İ.Həbibbəyli «cəmiyyətşünas yazıçı-publisist» E.Axundovanın yaradıcılığının böyük bir dövrünü «Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, mübarizəsi və ideallarının dərindən və əsaslı şəkildə öyrənilməsinə, geniş ictimaiyyətə təqdim olunmasına» həsr etməsini qeyd edir. İsa Həbibbəyli E.Axundovanın yeddi kitabdan ibarət olan altıcildlik «Heydər Əliyev. Şəxsiyyət və zaman» əsərini Heydər Əliyevin şərəfli, keşməkeşli, çoxcəhətli, zəngin həyat yolunu «sistemli və ardıcıl şəkildə, mümkün olduqca dərindən və əsaslı surətdə araşdırılıb ümumiləşdirilməsinə həsr olunmuş monumental əsər» kimi dəyərləndirir. İsa Həbibbəyli həmçinin bu monumental əsəri «Azərbaycan Heydər Əliyevşünaslığının beynəlxalq aləmə təqdim edə biləcəyi ən mükəmməl bioqrafik roman» adlandırır. Akademik İ.Həbibbəyli «Heydər Əliyev. Şəxsiyyət və zaman» əsərini «Heydər Əliyev kimi qüdrətli İnsanı, şəxsiyyətinin bütövlüyü və əzəmətinin, dövrünün tarixi məsuliyyətinin və mürəkkəbliklərinin fonunda təqdim edən mükəmməl sənədli-bədii əsər» kimi də dəyərləndirir. İsa Həbibbəyli «Heydər Əliyev. Şəxsiyyət və zaman» əsərinin ədəbiyyatşünaslıqda roman-tədqiqat adlandırılması faktına da toxunmuş, əsərin sənədli roman olmasını əsas götürərək, «tədqiqat» ifadəsinin zəruri olmasının tərəfdarı kimi çıxış etmişdir. Akademik İ.Həbibbəyli roman-tədqiqatın əsərin janrını deyil, yanaşma üsulunu müəyyən etməsini nəzərə alaraq, əsərin vüsətinə görə epopeya olmasını qeyd etmişdir: «Elmira Axundovanın «Heydər Əliyev. Şəxsiyyət və zaman» çoxcildliyi janr etibarilə artıq əvvəlki üçcildlikdə müşahidə olunan roman-tədqiqatının hüdudlarını aşaraq, mövzusu, süjeti və kompozisiyasına, altı cild həcmindəki geniş əhatə dairəsinə, vüsətinə görə epopeyaya çevrilmişdir.»İsa Həbibbəyli Asim Yadigarın yaradıcılığını dəyərləndirərək «şeirlərinin ictimai məzmununu lirikanın dili ilə ifadə etməyi əsas məqsəd kimi qəbul» etməsini göstərmiş, «xalqımızın Ümummilli lideri Heydər Əliyevə həsr edilmiş şeirlərində Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixindəki və müasir inkişafındakı yerini fərqli şəkildə mənalandırmağı» bacarmasını qeyd etmişdir. Akademik İ.Həbibbəyli A.Yadigarın bədii yaradıcılığında «Azərbaycanın tanınmış şairlərinin dilindən şeirlər yazmaq ənənəsi» olmasını vurğulayaraq, şairin Xaqani, Nəsimi, M.Hadi, M.Müşfiq, S.Tahir, N.Həsənzadə və digər sənətkarların «dilindən» şeir yazmasını, «görkəmli şairlərin «dilindən» şeir yazıb, həm də sənətdə öz üslubunu, dəst -xəttini qoruyub-saxlamaq çətin və məsuliyyətli bir yaradıcılıq işi» olduğunu da qeyd etmişdir.İsa Həbibbəyli lirika, dramaturgiya, publisistika ilə məşğul olan E.Həbib yaradıcılığına da nəzər salaraq, ədibin poeziyasını «Azərbaycan şeirinin yeni dövrünün bənzərsiz Vətənnaməsi» adlandırıla bilməsini, Azərbaycançılığın şairin «sənət konsepsiyasının mayası» olmasını da qeyd etmşdir. İ.Həbibbəyli şairin «poeziyada siyasi düşüncəni şeirlə ifadə etmək məharətinin nümunəsi» olan «Heydərnamə» poemasını görkəmli dövlət xadimi Heydər Əliyev haqqında qələmə alınmış mükəmməl sənət əsərlərindən biri kimi yüksək dəyərləndirərək, əsərin «Ümummilli lider Heydər Əliyevin simasında Azərbaycanı və azərbaycançılığı tərənnüm edən sanballı poetik nümunə» kimi təqdim edir. İsa Həbibbəyli E.Həbibinin «Heydərnamə» və «Naxçıvannamə» əsərlərini bir yerdə müəllifin «poetik Azərbaycannaməsini tam halda əks etdirdiyini» də qeyd edərək, E.Həbibin poeziyasını «ömrün günəşli nəğmələri» kimi dəyərləndirir.İsa Həbibbəyli H.Mirələmovun yaradıcılığına nəzər salaraq, ədibin janrından asılı olmayaraq, qələmə aldığı bütün əsərlərində vahid bir üslubun olmasına toxunur, bu üslubun isə «bədii-publisist üslub» olmasını qeyd edir. Bu amillərdən başqa H.Mirələmovu «cəmiyyət miqyasında düşünən, həyat materialını cəlbedici ədəbiyyat mətninə çevirməyi bacaran, son nəticədə vətəndaş-publisist sözünü ən müxtəlif tərzdə deməyi ilə fərdləşən sistemli bir yazıçı» kimi dəyərləndirən İsa Həbibbəyli yazıçının yaradıcılığında «povest janrına daha çox sədaqətli» qaldığına, hətta «bir sıra hekayələrində povest məzmunu ifadə olunmasına», qələmə almış olduğu «Gəlinlik paltarı», «Qırxıncı otaq» kimi romanlarını da «forma etibarilə povestə yaxın» olmasını da qeyd etmişdir. H.Mirələmovun «görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi JZL mahiyyəti və səviyyəsi etibarilə mükəmməl tarixi roman təsiri bağışlaması» fikirləri isə İsa Həbibbəylinin tarixi olayları düzgün qiymətləndirməsinin əksidir. Bundan başqa H.Mirələmovun «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş JZL-də tarixilik və müasirliyin vəhdətdə qələmə alınması əsasında yeni Azərbaycanın ümumiləşmiş bədii mənzərəsi»ni canlandırmasını qeyd edən İsa Həbibbəyli cəmiyyətdə gedən tarixi proseslərə verdiyi real qiymət kimi dəyərləndirilməlidir.Müasir Azərbaycan vətənpərvərlik lirikasıİsa Həbibbəyli elmi yaradıcılığında müasir vətənpərvərlik lirikasının tədqiqi və təhlili geniş yer tutur. «Mən Araz şairiyəm» deyən Məmməd Arazın «bütövlükdə Vətən anlayışını ifadə» etməsini, «düşüncə lirikası, mənəviyyat ədəbiyyatı, lirik-psixoloji şeir və nəsr», həmçinin şairin yaradıcılığının çətin labirintlərdən keçməsini qeyd etmiş İsa Həbibbəyli şairin yaradıcılığını «...Səməd Vurğun məktəbi ilə sonrakı dövrün şeir üslubu və ənənələri sırasında çox etibarlı və möhkəm varislik» körpüsü olmasını da qeyd edir. İsa Həbibbəyli əminliklə vurğulayır ki, «artıq Azərbaycan şeirində özünəməxsus ənənələri olan məxsusi bir M.Araz ədəbi məktəbi də formalaşmışdır». Biz də əminliklə, qeyd edə bilərik ki, «şeirimizin xan çinarı» M.Araz ədəbi məktəbinin davamçıları öz sələflərinin layiqli xələfləri olacaqlar. İsa Həbibbəyli M.Araz yaradıcılığını daha dərindən duyaraq, ədibin bir şair və vətəndaş kimi xalqına bağlı olmasına da toxunur: «mənsub olduğu xalqın da tərcümeyi-halının əsas hissəsidir, orijinal əks -sədasıdır». İsa Həbibbəyli şairin yaradıcılığını yüksək dəyərləndirir, ədibin poetik oratoriya təsiri bağışlayan «Ayağa dur, Azərbaycan» şeirini «yeni mərhələnin şah əsəri», «Bizi Vətən çağırır» şeirini isə «qüvvətli səfərbərlik himni» kimi qiymətləndirir.Akademik İ.Həbibbəylinin «vətəndaşlıq poeziyasının, kəsərli publisistikasının, tarixi nəsrinin görkəmli yaradıcısı» adlandırdığı Sabir Rüstəmxanlının «milli şüurun, vətəndaşlıq poeziyası və publisistikasının, demokratik ictimai fikrin, yeni tipli ziyalı mədəniyyətinin dirçəlişi və təşəkkülü yollarındakı» xidmətlərini dəyərləndirərək, «bütöv şəxsiyyəti və çoxcəhətli fəaliyyəti ilə yeni nəslin içərisindən çıxmış Azərbaycan ziyalısının canlı obrazı kimi» ümumiləşdirir. İsa Həbibbəyli şairin yaradıcılığını «mənsub olduğu xalqın milli taleyinin keşməkeşlərinin, qan yaddaşının poetik» daşıyıcı olduğunu qeyd edir: «millətin şəninə yazılmış, müstəqil Azərbaycanın taleyindən bəhs edən əsl bir tarixnamədir.»İsa Həbibbəyli lirik şair Nurəngiz Gün yaradıcılığını «günəşə boylanan bənövşə çiçəyinə» bənzədərək, «Xocalı simfoniyası» şeirini yalnız müəllifin deyil, «Azərbaycan poeziyasında mühüm ədəbi hadisə» kimi dəyərləndirir.Akademik İ.Həbibbəyli lirik-fəlsəfi şair Rüstəm Behrudi yaradıcılığına dəyər verərək, şairi «XX əsrin axırlarının siyasiləşməmiş milli azadlıq hərəkatının şeirdə böyük əks-sədasını yaradanlar sırasında» xüsusi xidməti olmasına, «Şalam, dar ağacı» şeirini isə «müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının möhtəşəm proloqu» olmasına toxunur. İsa Həbibbəyli şairin Turan sevdası yaşayan yaradıcılığında Vətən anlayışına nəzər salmış, şairin yaradıcılığında «Vətən anlayışının sərhədləri Azərbaycandan Altaylara qədərki məsafələri ifadə edən geniş bir məfhum» və həmçinin «bütövlük andı üstündə köklənmiş geniş bir tarixi-coğrafi genişliyin ədəbiyyatı» olmasını da qeyd edir. (DAVAMI BURADA) Salidə ŞƏRİFOVAfilologiya elmləri doktoru,Azərbaycan Milli Elmlər Akademiyasının professoruRusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.