VAQİF MƏMMƏDOV (1948)

VAQİF MƏMMƏDOV (1948) Vaqif Məmmədov
28 iyul 1948-ci ildə
Sədərək rayonunda
dünyaya göz açıb.
Naxçıvan
Muxtar Respublikası
Ali Məclisin
l çağırış deputatı olub.
Azərbaycan Jurnalistlər Birliyinin
və Yazıçılar Birliyinin üzvüdür,
Əməkdar mədəniyyət işçisidir.



VƏTƏN SIĞIR ÜRƏYİMƏ

Ay təbiət, səxavətin çox imiş,
Hər varını bəxşiş etdin yenə sən…
Pay verməkdə heç təmənnan yox imiş,
Büllur kimi ürək verdin mənə sən.

Deyirlər ki, ürək yumruq boydadır,
Nə yerləşər yumruq boyda ürəyə?
Dar qəfəsdə hey döyünmək qaydadır,
Bir gün yasda, bir gün toyda ürəyə…

Dar qəfəsdə qala bilməz ürəyim,
Hər arzumu, qalsa, ora yığmazdım.
Yumruq boyda ola bilməz ürəyim,
Belə olsa Vətən ora sığmazdı…

Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir…

SALAM, OĞUZ ELLƏRİ

Çin səddindən Urala,
İzmirdən Vana qədər,
Xorasandan Arala,
Dəclədən Dona qədər,
Üstünüzdə əsibdir
Zamanın sərt yelləri,
Salam, Oğuz elləri!...

Sırdəryadan Volqaya
Məğrur durdun qaya tək...
Manqışlaqdan Xəzərə,
Kəşmirdən Altayadək
Dözə-dözə keçirdin
Zamanları, illəri,
Salam, Oğuz elləri...

Qaraqalpaq, qaqauz
Keçdi ağrılı yolu.
Bir ucu İran, İraq,
Bir ucu Anadolu,
Sinənlə saxlayıbsan
Tufanları, selləri,
Salam, Oğuz elləri!...
Salam, Oğuz elləri!...


BURA NAXÇIVANDIR

Bura Naxçıvandır, Burdan təbiət
Əsirgəməyibdir heç bir varını.
Ucalıq istəsən Haçadağa get,
Özündə saxlayır şah vüqarını.

Əlincə mərdlərin haray səsidir.
Köksündə izi var elin-elatın...
Ötən əsrlərin nişanəsidir,
Daşlaşan qeyrətdir Mömünə Xatun.

Dosta gülüstandı, baxçadı-bağdı,
Yağıya, düşmənə yer azdı burda.
Düşmənə göz dağı İlanlı dağdı,
Laylanı çalan da Arazdı burda...

Oğuz diyarıdır, qopuzun, sazın
Adını yaşadan yüz qalası var.
Cəlilin, Cavidin, Məmməd Arazın
Bu ulu torpaqda söz qalası var...

Bura Naxçıvandır, yaxşı bil, tanı,
Dağında, daşında min tarix durur.
Bura ər meydanı, ərən meydanı
Odu da, suyu da əzəmət, qürur...



MƏNƏ KAĞIZ VERİN,
QƏLƏM GƏTİRIN...

Taleyim şairlər köçündə keçib,
Mənə kağız verin, qələm gətirin.
Ömrüm kağız-qələm içində keçib,
Mənə kağız verin, qələm gətirin...

Dəniz dalğasında gəzmək çətindir,
Dalğanın əlindən üzmək çətindir.
Qəlbimdən keçəni səsləyir məndən,
Arzum, istəyim nə? Səsləyir məndən –
Mənə kağız verin, qələm gətirin...

Demirəm xəstəyəm, ağrı-acım var...
Yanımda qohumlar, qardaş-bacım var.
Tək kağız-qələmə ehtiyacım var.
Mənə kağız verin, qələm gətirin...

SƏDƏRƏK QALASI

Sədərək yaxınlığındakı Vəlidağ ərazisində Sədərək qalası adlı qə¬dim bir abidə aşkar edilmişdir. Naxçıvanda 40 ilə yaxın ar¬xeo¬loji tədqiqat aparan tarix elmləri doktoru, professor Vəli Əliyev həmin abidəni “dünyanın 8-ci möcüzəsi” adlandırmışdır.

Dilsiz daşlar bəhər imiş, bar imiş,
Dil açarmış hər oyuğu, çalası
Vəlidağda tariximiz var imiş-
Oğuz yurdu Sədərəyin qalası...

Bu qalanın özü qədim, üzü ağ,
Zirvəsində yağılara yer azdır.
Bu qalanın br yanında Ağrıdağ,
Bir yanı da İrəvandır, Arazdır...

Qala durub zirvələrin qaşında,
Zirvə qədər müqəddəsdir, uludur.
Tarix yatir torpağında daşında,
Ətəyindən keçən İpək yoludur.

Daşlarda bax əzəmətə, qürura,
Əsrlərdir tək müjdəsi, nəməri.
Sədərəkdən o boylanır Şərura,
Fərhad arxı belindəki kəməri...

Nadir düzü düz əməlin şahidi,
Öz nurunu Gündən, Aydan alıbdır,
Hərarəti Əjdəkandan götürüb,
Sərinliyi Arpaçaydan alıbdır.

Dilsiz daşlar bəhər imiş, bar imiş,
Dil açarmış hər oyuğu, çalası.
Vəlidağda tariximiz var imiş-
Oğuz yurdu Sədərəyin qalası...


HAVADAN QƏLƏBƏ
QOXUSU GƏLİR

Əsgərlər səngərdə sübhü açırsa,
Qəzəbi, nifrəti alov saçırsa,
Düşmən çəkilirsə, düşmən qaçırsa,
Daha şəhidlərin ruhu dincəlir,
Havadan qələbə qoxusu gəlir.

Çoxdan gözləyirdik bu qətiyyəti,
Qarabağ, ya ölüm!-sözümüz qəti...
İgid əsgərlərin kini, hiddəti,
Qaniçən düşmənin bağrını dəlir,
Havadan qələbə qoxusu gəlir.

Səbr ilə inam da qoşadı indi,
Ruh gəlib torpağa, daşa da indi.
Qəlbimə damıbdır Şuşada indi,
Xarı bülbülün də yuxusu gəlir,
Havadan qələbə qoxusu gəlir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: