BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT PROBLEMATİKASI

BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT PROBLEMATİKASI Bayram İsgəndərli (İsgəndərov) yaradıcılığı ilə mənsur şeir ənənəsini davam etdirir. Yeni bədii formalardan biri olan, dünya ədəbiyyatında ilk dəfə fransız yazıçısı Aloiziyus Bertran (1807-1841) tərəfindən istifadə edilmiş mənsur şeirdə (fransısca Poème en prose, petit poème en prose) prozaik (şeirdəki kimi əlavə ritmik təşkili kimi mürəkkəbləşdirilməmiş) prinsiplər poeziyaya xas nisbi müxtəsərlik və lirik pafosla birləşir. Mənsur şeir fransız ədəbiyyatında Aloiziyus Bertran, Evarist Parni, Şarl Bodler, Artür Rembo, Teodor de Banvil, Lotreamon, Kro Şarl, rus ədəbiyyatında İ.S. Turgenev, hind ədəbiyyatında Robindranat Taqor, türk ədəbiyyatında Xalid Ziya, Azərbaycan ədəbiyyatında Gülhüseyn Hüseynoğlu kimi ədiblərin yaradıcılıqlarında özünün ən ali mərtəbəsinə yüksəlməyə nail olmuşdur. B. İsgəndərli “Bir payız günü”, “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”, “Qorxaq ayı balası Toxmaq”, “Çil xoruzun aqibəti” hekayə və mənsur şeirlər toplularında mənsur şeir janr formasına geniş müraciət edir. Bayram İsgəndərlinin mənsur şeirləri məzmununa görə ictimai-siyasi, məhəbbət və təbiət problematikasına həsr edilmişdir.

Bayram İsgəndərli ictimai-siyasi mövzusunda qələmə alınmış mənsur şeirlərdə həqiqət, ictimai quruluş, dövlət idarə üsulları barədə fikirlərini oxucuya çatdırır. Yazıçının “Ürəyim, ay ürəyim” mənsur şeirində bütün dünyaya sevgi çağırışını səsləndirməklə yanaşı, torpağını satmış insanlara nifrət etməyə çağırışı oxucunu düşündürür: “Nifrət etməyi də bacar, ürəyim. Sevgi qədər nifrətin də güclü olsun. Ağa qara deyənlərə, haqqını yeyənlərə, azadlığını buxovlayanlar, torpağını paylayanlara yönəlsin bu nifrətin.” B. İsgəndərlinin “Mən insanam” mənsur şeirində isə haqq tərəfdarı olmağa səsləyiş özünü büruzə verir: “Mən görə-görə kor olmaq istəmirəm. Mən eşidə-eşidə kar olmaq istəmirəm. Mən danışa-danışa lal olmaq istəmirəm. Mən anlaya-anlaya anlamaz olmaq istəmirəm.” Müəllif “Vətən dərdidir, dərdlərin ən böyüyü” mənsur şeirində ictimai-sosial problemlərə toxunsa da, bu problemlərin, ev dərdinin, uşaq dərdinin, ailə dərdinin Vətən, azadlıq kimi dərdlərin yanında kiçik olması amilini qabartmağa cəhd etmişdir. Müəllif əyni nazik uşaqların titrəyə-titrəyə məktəbə getmələrini, gedən qız-gəlinləri marıtlayan “kişi”lərin “qeyrətini”, Vətəni, azadlığı hərraca qoyulmasını oxucusuna çatdırır.
Bayram İsgəndərli cəmiyyətdə olan sosial bərabərsizliyi qələmə aldığı “Duman gəl get bu üzlərdən, bu gözlərdən” mənsur şeirində açıqlayır. Cəmiyyətdə kasıb və varlı təbəqələr arasındakı ziddiyyətləri açıqlayan müəllif yazır: “Qəssab, baltanı yavaş vur, ət satdığını kasıb görər, ala bilməyib kədərlənər.
Yağsatan tərəzinin gözlərini astaca tərpət. Kasıbın könlündən yağ yemək keçər, nə ilə alacaq?
Dövlətli, pullarını gizlində say. Kasıbın könlündən “mənim də pulum olsun” fikri keçər. Birdən əlini pula uzadar, sənsə əllərindən vurarsan...”

Müəllif dünyanın əzab-əziyyətli olması amilinə isə “Yuxulara dolmaq istəyirəm” əsərində toxunur: “Şirincə-şirincə yatam. Dünyanın əzab-əziyyətindən xəbərim olmaya. Siyasi oyunlar burulğanında bir çöp kimi atılıb düşməyəm.”
Yazıçının mənsur şeirlərində yalnız insanın hisslərini, keçirdiyi iztirabları deyil, həmçinin həyatda olan nöqsanlar, əyər-əksiklər də əksini tapır. Müəllif “Sormayın...” mənsur şeirində məhz evsiz-eşiksiz olan insanların acı talelərini canlandırır: “Dünyanın məşhur bir şəhərinin parkında, sazaqlı bir havada bir insan yamyaşıl otların üzərində polietilen - sellifon torbaya bürünərək yatıb. Avara itlər də onun yan-yörəsinə sığınaraq yatıblar.”
Bayram İsgəndərlinin məhəbbət mövzusunda qələmə alınmış mənsur şeirləri əsasən, insanın mənsub olduğu böyük coğrafi ərazi olan Vətənə, kişinin qadına və ya əksinə qadının kişiyə, ataya, anaya, övlada, insana, əməyə olan məhəbbəti tərənnüm edir. B. İsgəndərlinin lirik xarakterli, çox da böyük olmayan “Qərar tutub ürəyimdə...” mənsur şeirində insan qəlbinə hakim olmuş məhəbbətin bölünə bilməyəcəyinə baxmayaraq, onların müxtəlif olması amili qabardılır. Ürəyində “günəş kimi odlu məhəbbət” gəzdirən qəhrəmanın bu istəyi ikinci yarısına aiddir: “O, sənin istəyin, sənin sevgindir, əzizim. Sənin. Ürək boyda dünyamda qərar tutub, məskən salıb bu sevgi.” Daha sonra yazıçı bu sevgi dünyasında başqa bir sevgi olduğu amilini vurğulayır: “Bu dünyada bir məhəbbət də özünə sığınacaq tapıb. Ürkək-ürkək. Bənövşə tək zərif, titrəkdir bu məhəbbət. Dünyaya gələn əziz oğlumuzun məhəbbətidir bu. Ürəyindən qopub, ürəyimə dolub.” Qələmə alınmış mənsur şeirdə maraqlı məqamlardan biri də lakonik şəkildə məhəbbətin sayının çoxalacağı amilinə nəzər salınmasıdır: “Haçansa qəlbimdə üçüncü bir məhəbbəti yaşadacam. Sonra...” Bu mənsur şeirdə lirik subyektiv qiymətləndirmə və ritmik intonasiyalı struktur özünü göstərir. Bayram İsgəndərlinin “Mən insanları sevirəm” mənsur şeirində isə insanlar iki kateqoriyaya ayrılır: yaxşı və pis. Müəllif bu bölgüyə daxil olan insanlar arasında fərq qoymadan onları eyni məhəbbətlə sevməsinin səbəblərini açıqlamağı da unutmur: “Qəlblərində, damarlarında nur gəzən” yaxşı insanları niyə sevməsinə aydınlaşdıran müəllif yazır: “Mən insanları sevirəm. Yaxşısını da, pisini də. Yaxşısını sevirəm ki, sevilməyə dəyər.” Pis insanları isə “pisləri də sevirəm. Bütün rəzilliklərə səbəb olan iblis xislətli pisləri. Onları sevgimlə, məhəbbətimlə utandırmaq istəyirəm” deyərək sevgi ilə cəzalandırmaq üçün sevməsinə toxunur.
Yazıçının yaradıcılığında Tanrıya olan sevgi poeziyaya xas məcaz və üslubi fiqurlarla zəngin olan “Bir sevgi yaşayır ürəyimdə” mənsur şeirində əksini tapa bilmişdir. B. İsgəndərli sevgilərin ən ulusu və alisi olan Tanrıya olan sevgini əhvalatçılığa yol vermədən təhkiyə genişliyi ilə belə tərənnüm edir: “Bir sevgi alovlanır ürəyimdə. O bir yaradana – haqqın, ədalətin keşiyində duran ulu Tanrıya olan sevgi.”
Müəllif “Ürəyim, ay ürəyim” mənsur şeirində “... sev, doğulduğun yurdu, obanı. Sev bu dünyanı. Sev öz soyunu, kökünü. Sev millətini, sev bütün millətləri” deyə insanları bir-birilərinə, doğma torpaqlarına dəyər verməklə yanaşı vahid Azərbaycan anlayışını lirik tərənnümlə dərk etdirməyə cəhd etmişdir. “Salam, ata yurdum” lirik səciyyəli kiçik nəsr əsərində (mənsur şeirində) bədii obyektin mediativ təsvir və tərənnümü doğma el-obası üçün darıxan insanın daxili sarsıntılarını əks etdirməklə bərabər, Vətənin, yəni doğma Azərbaycanın ümumi obrazını yaradır: “Salam, yurdum-yuvam, elim - obam. Sizsiz yaman darıxmışam, darıxmışam.” B. İsgəndərli tarixi inkişaf yolu keçmiş doğma torpaqlarının alın təri ilə suvarılmasını qələmə almış olduğu mənsur şeirində gerçəkliyə sözlə ekspressiv münasibət özünü göstərir: “Salam, bərəkətli torpağım. Gəlmişəm öz alın tərimi sinəmə axıdam.” Müəllifin Vətənə olan sevgisi əməyə, xalqın yaratdığı ənənələrə, doğma torpağa məhəbbət şəklində təzahür edir.

Yazıçının “Mən uşaq olmuşammı?” mənsur şeirində isə lirik qəhrəmanın romantik hisslərinin tərənnümü üstünlük təşkil edir. Obyektiv gerçəkliyin həqiqətlərini yığcam şəkildə bədii həqiqət modelində təsvir etməyə nail ola bilən yazıçı verdiyi “mən uşaq olmuşammı, ata olmuşammı? Və ümumiyyətlə, mən kiməm?” kimi suallara özü cavab verməyə cəhd göstərmişdir: “Soy kökünün itmədiyini, yenidən yaşadığını görmək istəyən bir insan!” Lakonik şəkildə verilmiş bu cavabda isə insan həyatının mənasız keçməməsinə bir işarədir. Yazıçının “İstəyirəm” mənsur şeirində isə mənliyini, sevgisini, Vətənin qorumaq istəyən şəxsin istəkləri ilə yanaşı əgər onları qoruya bilmirsə “onda mən kiməm?” sualına da lakonik cavab diqqəti cəlb edir: “adicə bir sərsəri.” Yazıçının cavabı obyektiv gerçəkliyi bədii dil ekvivalentinə çevirərək konkret ünvanına yönəldilir. Yazıçının “Vətən bülbülü” mənsur şeirində də vətən həsrəti, vətənə bağlılıq özünü göstərməklə yanaşı, “mən kiməm?” sualına cavab axtarılır. “Vətənsiz mən kiməm?” sualını verən müəllif özü sualına konkret cavab verir: “Vətənsiz mən köləyəm. Vətənsiz mən bədənsiz bir ürəyəm.” Yazıçı “Mən kiməm” mənsur şeirində bütün insanların arzu etdiyi cavabı səsləndirməyə nail olur: “Mən kiməm, mən kiməm? Köləlik buxovunu qıran bir insan. Millətlər içində imzasını görən bir vətəndaş, yurddaş.”
Anaya sevgi mövzusu ədəbiyyatda xüsusi yer tutmaqdadır. Bayram İsgəndərlinin sənətkarlıq nöqteyi-nəzərindən diqqəti cəlb edən “Mənim anam” mənsur şeirində təhsil almaq üçün doğma obasından ayrılan gəncin keçirdiyi iztirablarla yanaşı doğma anasını Kəpəzə, Savalana bənzətməsi, anaya yüksək münasibət və dərin hörmətini əks etdirməsi ilə diqqəti cəlb edir. Müəllif “Mənim anam” mənsur şeirində iki surət yaratmağa nail ola bilmişdir. Biri şairin daxili duyğu və hisslərini əks etdirməyə qadir olan lirik qəhrəman və övladını sonsuz məhəbbətlə sevən ana obrazıdır. Anasından xoş sözlər eşitmək arzusunda olan lirik qəhrəmanın istəyi insanı düşündürməyə vadar edir: “İstəyirdim nəfəsini-süd ətirli nəfəsini udam, udam. İstəyirdim hamı susa. Təkcə sən danışasan. Sən. Amma danışmırdın, vüqarla dayanmışdın. Kəpəzim kimi, Savalanım kimi.” Lirik qəhrəmanın bu dedikləri hər bir kəsin öz anasına ünvanladığı ürək sözlərin ümumiləşdirilmiş forması kimi müəllif tərəfindən təqdim edilmişdir. Həcmcə qısa olan bu mənsur şeirdə Ana obrazı tam şəkildə canlandırılmış, anaya olan sonsuz ehtiram və məhəbbət əksini tapmışdır. Ayrılıq məqamı gələndə ananın “Möhkəm ol, mənim balam. Möhkəm ol!” fikirlərində oğlunun həyatın bütün sınaqlarına sinə gəlməsini arzu edən ananın istəyi əksini tapmaqla yanaşı, B. İsgəndərli tərəfindən ananın obrazı bütün anaların prototipi kimi çıxış edir.

“Səadət notları” mənsur şeirində təhkiyə genişliyi ilə deyil, insan qəlbinin lirik-romantik tərənnüm hissi ilə övlada olan məhəbbət və onun dünyaya gəlişinin sevincinin əksi, gerçəkliyin düşündürücü mətləbləri öz əksini tapa bilmişdir: “Həyata gəlişinlə dünya başqalaşıb gözlərimdə. Günəş daha nurlu olub. Çiçəklər ətirli, quşlar nəğməli, bulaqlar zümzüməli!”
Məhəbbətimin üstünə bir məhəbbət də canlanıb. Sənin məhəbbətin.”

Həcmi etibarı ilə də çox yığcam və lakonik olan “Səadət notları” mənsum şeirində bir cümlə ilə atasız qalmış uşaqların keçirdiyi iztirab və duyğular canlandırılmışdır: “...Atana ana deyəndə kövrəlirəm, quzum. Kövrəlirəm. İstəmirəm onu “ana” deyib çağırasan. İstəmirəm. Yox, yox, ona ata de, ata. Sən ki, atalısan. Sən ki, yollara baxıb ata intizarı çəkməmisən.” Qələmə alınmış bu mənsur şeirdə ilk növbədə, nitqin emosionallığı oxucunu özünə cəlb edir.
Təbiət hadisələrini təsvir edən B. İsgəndərlinin mənsur şeirlərində təbiət hadisələri ilə həyat hadisələri üzvü şəkildə təzahür edir. Müəllifin “Sən dözümlüsən, ana təbiət!” mənsur şeirində təbiət peyzajı göz önündə canlandırılır: “Çöllər bəmbəyaz. Təpələr, dağlar bəmbəyaz. Bu bəmbəyaz çöllərdə, təpələrdə, dağlarda qış at səyirdir, şaxta qılıncı ilə təbiəti hədələyir.”
“Xəzərin ittihamı” mənsur şeirində B. İsgəndərli “Sən Xəzərdən də gözəlsən” deyə sevgilisini Xəzərlə müqayisə edən gəncə etiraz edən Xəzərin təlatümlü təsviri bizə onun canlı obraz kimi gözümüzdə canlandırır. Yazıçının bu mənsur şeirində hisslərin ekspressiv-emosional tərənnümü özünü göstərmişdir: “Xəzər sanki onu təhqir edəni sillələmək istəyirdi. Qüvvətli qolları çatmadı. Ləngərlədi. Yeni zərbə yığmaq üçün ətəklərini yığaraq getdi. Bir-birinin boynuna sarılaraq gələn dalğalar sahilə çırpılanda qızla oğlan oradan getmişdilər.”

Xəzərin möhtəşəmliyi yazıçının digər mənsur şeirində əksini tapmışdır. Müəllifin “Dilsiz məhəbbət” mənsur şeirində də “Xəzərin ittihamı” mənsur şeirində olduğu kimi iki gəncin məhəbbətinə Xəzər şahidlik edir. Sevinclərini bölməyə tələsən iki sevgilinin sahilə gəlmələri və bir-birlərinə deyə bilmədiklərini Xəzərin təlatümlü halı ilə müəllif tərəfindən təsviri oxucu yaddaşına hopur: “...tüğyana gəlmiş dəniz onların demədiklərini deyirdi. Özünə məxsus rənglə, pafosla. Nəğməyə çevrilmiş şirin pıçıltılarla...”

Yazıçı insan həyatı üçün bir an – bir saniyənin, hətta bir dəqiqə kimi qısa zaman ərəfəsində baş verən hadisələrin insan taleyində oynadığı rolu, hətta bir anın insan həyatını dəyişməyə qadir olmasını vurğulayır. Ən cüzi bir zaman, bir göz qırpımlıq müddət olan anın Bayram İsgəndərli tərəfindən dəyərləndirilməsi məqamı fəlsəfi məzmun daşıyır: “Bir anda insan sevə bilər. Bir anda ürək qapılarını taybatay açıb məhəbbətə deyər: «Gəl sakin ol.»” Və yaxud “Bu «bir an»da parçalanar zümrüd göylər” və s. Göründüyü kimi, bu mənsur şeirdə poetik kombinasiyalar lirik şeirdə xas ardıcıllıq və sistemli səciyyəyə malik deyil. Bayram İsgəndərlinin yaradıcılığında oxucusuna çatdırmaq istədiyi ayrılıq sözün bədii plastikasında özünəməxsus üslubi çalarlarla çatdırılır. Müəllifin yaradıcılığında payız ayrılıq funksiyasını daşıyır. Sevən iki gəncin əhdlərinə sadiq qala bilməmələri əksini tapmışdır. Məhz bu ayrılığı “payız yeli”nə bənzədən yazıçı qələmə alır: “Haradasa payız yeli əsdi bu an. Haradasa bir kaman inildədi. Haradasa ürəyimin xatirəli kövrək bir telinin qırıldığını duydum. Haradasa bir budaq öz gövdəsindən qopdu.”
Yazıçı ayrılıq məqamlarını lirik dillə verməyi digər mənsur şeirlərində də nail ola bilir. Qeyd edim ki, məhəbbət mövzusunda yazılan əsərlərdə ayrılıqdan bəhs etmişlər. Bu məhəbbət mövzunda qələmə alınmış əsərlərin açar sözlərindən birinə çevrilmişdir. B. İsgəndərli ayrılıq mövzusunu “...Xatirəmdə iki bahar yaşayır. Biri topa-topa qara buludlu, ildırım qoxulu. Biri həyat nəfəsli, həzin kədərli” deyərək ata itkisi fonunda valideynə (ata) məhəbbətini izhar etməklə, ayrılığın insana verdiyi acını göstərə bilir. “Bahar o bahar deyildi...” mənsur şeirində ayrılıq məqamının təsviri oxucunu düşüncələrə dalmağa vadar edir. Ayrılıq səhnəsini təsvir edə bilən yazıçı buna nail ola bilir: “Topa-topa qara buludlar atamın gedişinə bənd imiş kimi çaxnaşdı, ildırımlar göyləri zolaq-zolaq doğradı. Qəzəbli bir uğultu eşidildi. Sandım ki, bu göylərin gurultusu deyil. Bu, mənim, nənəmin, anamın, Nərgizin, Bənövşənin, Yasəmənin, Vaqifin düşməni qarğıyan, atama ürək-dirək verən səsidir ki, göylərin sinəsindən qopur...” Müəllif hər ayrılıq sonrası ağrının obrazını yaratmağa nail olur. Hər ayrılıq sonrası ayrıldığın şəxslə bağlı xəyalların boşluğa düşməsinə rəğmən, həyatda dəyərli varlığın itkisi, heç vaxt görə bilməyəcəyin ağrısı müəllif tərəfindən oxucu gözündə canlandırılır.

Bayram İsgəndərli bədii həyəcanı daha artıq vermək, janr sahəsində yenilik yaratmaq üçün lirik nəsrə müraciət edir. Bir sıra tədqiqatçılar qeyd edir ki, “mənsur şeir hiss və həyəcanın yüksək ifadəsini vermək üçün nəsrə lirik xüsusiyyət gətirir.” (1, s. 251) Digər tədqiqatçıların qeyd etdikləri kimi “lirik və epik xüsusiyyətlərin müştərək birgə halında iştirak etdiyi, həm də insanın daxili, hissi aləmini qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yığcam yazılan əsərlərə mənsur şeir adı verirlər.” (2, səh. 101). B. İsgəndərlinin yaradıcılığında bu iki amil özünü büruzə vermiş olur. B. İsgəndərlinin mənsur şeirlərində təhkiyə başlanğıcı qismən zəifləmiş şəkildə olsa, dilə diqqət, mətnin ifadəli tərəfinə, həmçinin obrazlılığa xüsusi diqqət yetirilmişdir. Özünəməxsus yaradıcılığı ilə Bayram İsgəndərli ədəbiyyatımızda düşündürücü, maraqlı mənsur şeir nümunələri yarada bilmişdir.

BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT PROBLEMATİKASISalidə Şərifova
filologiya üzrə elmlər doktoru

İstifadə edilmiş ədəbiyyat


Cəfər Xəndan. Ədəbiyyat nəzəriyyəsi. Bakı, Azərnəşr, 1958. səh. 251;
Mir Cəlal. Pənah Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı, “Maarif”, 1988, səh.101.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MƏNSUR XANLU

MƏNSUR XANLU

Elmi Məqalələr, Cənubi Azərbaycan
Zəng eyləmə...  (Mənsur şeir)

Zəng eyləmə... (Mənsur şeir)

Regionlar
TƏBRİK EDİRİK, HƏQİQƏT İBRAHİMLİ!..

TƏBRİK EDİRİK, HƏQİQƏT İBRAHİMLİ!..

Təbriklər
Professor Salidə ŞƏRİFOVA:

Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Humanitar elmlər, Elmi Məqalələr

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib

Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib

Humanitar elmlər
Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii, tənqidi və elmi fəaliyyəti

Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii, tənqidi və elmi fəaliyyəti

Humanitar elmlər, Elmi Məqalələr
Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Humanitar elmlər, Elmi Məqalələr
İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı...

İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı...

Poeziya, Borçalı
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

Sumqayıt, Ədəbi tənqid
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Humanitar elmlər
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "LEYLA ƏLİYEVA POEZİYASINDA ŞEİR VƏZNLƏRİNİN XÜSÜSİYYƏTLƏ ...

Humanitar elmlər, Elmi Məqalələr
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Şahin BƏRDƏLİ:

Şahin BƏRDƏLİ: "Zəfərlə tanıtdın Azərbaycanı"

"Mən Şirvanın səsiyəm", Müsabiqə
Rəy yazın: