Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı Azərbaycan » Naxçıvan 16 декабря 2016 Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olan bir diyardır. AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun yaradılmasında da əsas məqsəd doğma diyarımızın təbii sərvətlərinin özünəməxsus xüsusiyyətlərinin öyrənilməsi, faydalı bitkilərin introduksiyası və onlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərinin aparılmasından ibarətdir. Regionumuzda yayılmış qiymətli meyvə sortlarının genefondunun toplanılması, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin qorunması, öyrənilməsi və mühafizə yollarının araşdırılması Bioresurslar İnstitutunun qarşısında duran mühüm vəzifələrdən biridir. Nəbatat bağının inzibati binasıBioresurslar İnstitutunun Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında Nəbatat bağı salınıb. Burada yerli və kənardan gəlmə bitki növləri becərilir, öyrənilir, dekorativ, ekzotik, qeyri adi bitkilər nümayiş etdirilir, qruplar arasında olan qohumluq əlaqələri tədqiq olunur. Bundan başqa taksonomiya haqqında biliklər vermək, faydalı növləri öyrənmək, elmi-tədqiqat və mədəni-maarif işləri aparmaq həmçinin herbari materialları toplamaq da Nəbatat bağının əsas işlərindəndir.Bu günlərdə Nəbatat bağının şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayevlə görüşüb, həmsöhbət olduq. Öyrəndik ki, bağın təcrübə sahəsi 13,2 hektardır. Nəbatat bağının sturukturuna uyğun olaraq təcrübə sahələri ayrılıb. Burada hər bir bitkinin özünəməxsus xüsusiyyətləri tədqiq edilir, hər birinin yayılma zonalarının xəritəsi tərtib olunur, mühafizə yolları müəyyənləşdirilir. İstilikxananın ümumi görünüşüHəmsöhbətim bildirdi ki, Nəbatat bağı bir yaşıllıq məbədi, mədəni-maarif ocağı, canlı yaşıl muzey olmaqla bərabər, həm də nadir və faydalı bitkilərin genofondunun qorunub saxlanılması və mühafizəsində əvəzsiz rola malikdir. Burada nadir və nəsli kəsilməkdə olan, yerli və kənardan gəlmə bitki növləri öyrənilir və onların yaşıllaşdırma işlərində istifadəsi nəzərdə tutulur. Belə ki, Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman bitkiləri və digər bitkilər əkilərək tədqiq olunur.Bağda Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimalı Amerika mənşəli bitkilər əkilərək introduksiya olunub. Bunlardan mədəni üzüm, meşə üzümü, daryarpaq iydə, gümüşü iydə, vənyarpaq ağcaqayın, şüalı kampsis, İran meliyası, qaraağacyarpaq eukomiya, şərq platikladusu, adi zirinc, Meyer dəvəayağı, mavi və yaşıl santolin, süpürgəvari sabunağacı, Qafqaz dağdağanı, nalbənd qaraağac, çılpaq qaraağac, Suriya hibiskusu, robur palıdı, gürcü doqquzdonu, yunan qozu, qara qoz, boz qoz, şərq çinarı və başqalarını qeyd etmək olar. İstilikxanadan bir görünüşBundan əlavə, burada Gülçülük, Tingiçilik, Meyvə genefondu bağı, Nadir bitkilər kolleksiyası, Nadir üzüm sortlarının genefondu bağı üçün sahələr ayrılıb. Öyrəndik ki, muxtar respublikanın meyvə sortlarının genetik fondunun mühafizə etmək məqsədi ilə burada bir sıra işlər həyata keçirilib. Belə ki, regionun ayrı-ayrı rayonlarının meyvə bağlarından və şəxsi təsərrüfatlardan qiymətli yerli meyvə sortları gətirilərək meyvə genefondu bağı yaradılıb. Bağın ərazisində salınan Nadir üzüm sortlarının genefondu bağında 30-dan çox nadir üzüm sortları becərilir. Tingçilik sahəsində dekorativ ağac və gül kollarının tinkləri əkilərək artırılır, meyvə tingləri calaq edilərək müxtəlif təşkilatlara, fermer təsərrüfatlarına və digər təsərrüfatlara verilir.Nəbatat bağında muxtar respublikanın yerli meyvə bitkiləri ilə yanaşı tərəvəz və bostan bitkiləri genefondu da toplanılır ki, həmin nümunələr AMEA Genetik Ehtiyatlar İnstitutunun genbankında saxlanılmasına verilməklə bərabər əhali arasında da yayılır. İstirahət guşəsiBağın ərazisində Nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir ki, burada Naxçıvan Muxtar Respublikanın və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 geofit bitki becərilir. Son dövrlər məhv olmuş hesab edilən Botta zarəvəndi də kolleksiyaya daxil edilib. Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 68 ağac, kol və dekorativ bitkilərin növ tərkibi də öyrənilir.Bağda çalışan işçilərin qarşısında duran əsas vəzifələrdən biri də burada yerli və mədəni floranın növ tərkibini zənginləşdirməkdən ibarətdir. Bunun üçün Naxçıvanda bitən və kənərdan gətirilmiş bəzək, dərman, efiryağlı və digər faydalı bitkilər əkilir və yerli iqlimə uyğunlaşdırılır. Bitki genefondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.Burada öyrəndik ki, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov tərəfindən Batumi Nəbatat bağından gətirilmiş 36 adda ağac və kol bitkilərinin toxumları xüsusi sahələrdə əkilib. Hazırda bağda bir çox növlərin toxumlarından alınan cücərtilər üzərində müşahidələr aparılır ki, bu bitki növlərinin muxtar respublikamızın torpaq iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi çox böyük müvəffəqiyyət hesab oluna bilər.Müsahibim onu da qeyd edək ki, Nəbatat bağında 2003-cü ildən bu günə kimi xeyli iş görülüb. Belə ki, keçən zaman ərzində Nəbatat bağında yenidənqurma işləri aparılıb, bağın inzibati binası istifadəyə verilib. Ərazisi işıqlandırma sistemi ilə təchiz olunub. Həmçinin “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana (bunu bəzən ağıllı istilikxana da adlandırırlar) bağının ərazisində qurulub. Burada da ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bitki növləri nümayiş etdirilir. Eyni zamanda bağın ərazisində subartezan quyusuda quraşdırılıb ki, bu da bağın suvarma ehtiyaclarını ödəyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə Nəbatat bağının muzeylər siyahısına daxil edilməsi, hər həftənin şənbə günü Naxçıvan şəhərində yerləşən təşkilatların Nəbatat bağına ekskursiyaları təşkil olunması bağda çalışan əməkdaşların məsuliyyət hislərini daha da artırıb.Öyrəndik ki, Naxçıvanda botaniklər və bitkilər aləmi ilə maraqlanan hər kəsi öz ətrafında birləşdirən Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağında geniş ictimayyət üçün məlumatlandırıcı yığıncaqlar və tədris kursları da təşkil edilir, burada dərslər əyani şəkildə keçirilərək tələbə və şagirdlərə botaniki biliklər verilir.Türkanə Bəylərli,AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.