Millət vəkili QƏNİRƏ PAŞAYEVA: - "Mənim “Əsrdən uzun gün”üm…"

Millət vəkili QƏNİRƏ PAŞAYEVA:  - "Mənim “Əsrdən uzun gün”üm…" Dünyada ən ağır şey həyatının mənası sandığın insanı itirməkdir…
Mən onu qəfil itirdim, amma bu itkiyə heç hazır deyildim…
Əllərimlə yola saldığım atamın cənazəsini qarşıladım bir gün sonra…
Dünyada ən sevdiyin adamı qara torpağa verməkdən dəhşətli məqam yoxdur insan üçün…

Dayanmadan onun bumbuz olani cənazəsinə baxarsan, baxasan (və əlindən heç bir şey gəlməyə… – Əlindən gələnlər də gəlməyə artıq)…
Artıq səni tərk etdiyini anlamaq istəməzsən. Yoxluğunu qəbul edə bilməzsən… Ən dəhşətlisi onu torpağa vermək istəməzsən…
Bir gün onu torpağa verə bilməmişdim…
Onun soyuq bədəni ilə yanaşı uzanmış, dərləşmişdim onunla – gah üsyankarcasına, barışmazlıqla, gah səssiz, sözsüz –göz yaşları ilə, için-için ağlayaraq “danışırdım” onunla…
Bir gün onunla vida söhbətini bitirə bilməmişdim… O qədər gözəl anılar qoymuşdu ki, xatırlayıb bitirə bilmirdik…
Bir gün boyunca onu torpağa tərk etməyim üçün bir səbəb axtarmışdım, ailəsinə, övladlarına qarşı bir yanlışını tapmağa çalışmışdım amma tapa bilməmişdim…
O bir gün uzunu onun soyuq üzünü sığallamışdım… Soyuq payız günündə əllərimi isidib onu oxşamışdım… Dayana bilməz bu acıma, bəlkə dönər, deyə…
Ona sevdiyi şeirləri söyləmişdim, mahnıları zümzümə etmişdim - bəlkə məni qoyub getməz deyə…
Dayanmadan ağlamışdım… Mənim bir damla gözyaşıma dayana bilməzdi – özgə vaxtı… Bəlkə məni gözüyaşlı qoymaz deyə ümid edirdim…
İnanmamışdım öldüyünə… Dərin bir yuxuya gedib, tibbdə bəzən nadir də olsa belə olur – öldü deyilən insanlar bir neçə saat sonra yenidən həyata qayıdıblar… Hər ötən saat ümidimə qənim olmuşdu… – saatlar başa çatır, nəfəs yoxdur ki, yoxdur…
O müdhiş gün… nə həkimləri dinləyirdim, nə din adamlarını, nə yaxınları… Onu torpağa vermək istəmirdim… O, məni belə asanlıqla tərk etməzdi, deyirdim… O, məni belə tərk edə bilməz, söz vermişdi deyirdim…
Çingiz Aytmatovun “Əsrdən uzun gün”ündəydim sanki…
Nəhayət, yuxusuzluqdan, davamlı ağrı-acıdan, ah-fəğandan sonra, fizikam, metafizikam da mənə dönük çıxımışdı, qaliba – yorulmuşammış, gecədən keçmiş yuxuya getmişəmmiş.
Yanımda idi… Mənə baxırdı, gülümsəyirdi, getməliyəm deyirdi, sənə söz – səni heç zaman tək qoymayacam deyirdi… – bu nə qəribə hal idi: tərk edə-edə tərk etməməyə söz vermək! – mənim oxuduqlarım, öyrəndiklərim bu halı yorumlaya bilmirdi…
Səhəri dünyada ən sevdiyim adamı əllərimlə torpağa verdim… Əllərimlə üstünə torpaq da atdım… “Sən ən yaxşı ata idin” dedim!.. Sonra da torpağa baxıb “qürrələnmə, sən, onu məndən ala bilməzsən!” dedim… Çünki sevgiləri ilə könüllərdə taxt quranları torpaq ala bilmir… İşıqlı xatirələri ilə yaddaşlarda taxt quranları torpaq çürüdə bilmir… Onlar hər zaman bizimlə olur… Yanımızda olmasalar da biz onların sevgisini, şəfqətini, dəstəyini hiss edirik… Hiss edirik…
Bir həftədir özümü çox pis hiss edirdim. Hər zaman belə anlarda ona daha çox ehtyacım olar. Çünki sağ olsa onunla paylaşardım, sözləri, sevgisi ilə mənə güc verərdi, özümü güclü hiss edərdim.
Dünən axşam yuxuya getməzdən öncə “sənə yaman ehtiyacım var” dedim… Gəldi… Bilirdim gələcək… O hər zamankı kimi ən çox güvəndiyimdi – gəlməyə bilməzdi!.. Uşaq kimi sevinirdim… dərdləşdim onunla…
Səhər yuxudan oyananda özümü daha yaxşı hiss edirdim… Güzgü qarşısında saçlarımı darayanda bir neçə ağ saç sataşdı gözümə… Və anladım ki, əslində neçə yaşımızın olmasına baxmayaraq hər zaman onlara bir cocuq kimi ehtiyacımız var.
Çünki…
Onlar Allahdan sonra hər zaman güvənə biləcəyimiz tək varlıq(lar)dır…
Onlar ömürlərinin sonuna qədər bizi qarşılıqsız, təmənnasız sevən tək varlıq(lar)ıdır…
Onlar yaşımızdan asılı olmayaraq hər canımız yananda, kədərlənəndə, dərdimiz olanda utanmadan, sıxılmadan sığındığımız və sığınmaq istədiyimiz əsas varlıq(lar)dır…
Onlar bizim üçün canından belə keçməyə hazır, bizimlə üzülüb, bizimlə sevinən ən gözəl varlıq(lar)dır…
Onlar atamız və anamızdır..!
Onlar yaşımızdan asılı olmayaraq yanında hər zaman özümüzü cocuq kimi güvəndə, arxalı hiss etdiyimiz varlıqlardır…
Onlar hətta dünyadan köçəndən sonra belə bizi tək qoymayan əvəzedilməz varlıqlardır…
Onlar atamız və anamızdı!..
Yeddi il keçir…
Amma o yenə gəldi…
Mənə deyirdi ki, mən onun ən qiymətlisiyəm…
Mənə deyirdi ki, hər şey yaxşı olacaq…
Mənə deyirdi, yenə gələcəm!..

Övladlar olaraq hamımız onların dəyərini daha çox bilməliyik. Bizdə atalar və analar günü yoxdur. Türkiyədəki kimi bizdə də onlara özəl bir günün bayram olmasını çox istərdim. Atalar günü və analar günü! Amma əslində ilin hər günü atalar və analar günü olmalıdır. Çünki onlar özəldirlər… Onlar Yaradandan sonra bizi qarşılıqsız, təmənnasız sevən və hər nə olursa olsun bizə sahib çıxanlardır(lar): yanlışımızla, doğrumuzla; uğursuzluğumuzla, uğurumuzla; pisimizlə, yaxşımızla; hər şeyimizlə…

(Q.Paşayeva,"Məndən sonra...")
P.S Bu gün düz 11 il keçir o gündən...


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: