“Zəfərin mübarək, Azərbaycan!” Azərbaycan » Bakı 24 ноября 2022 2022-ci il Noyabrın 22-də Bakı şəhərindəki “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik hüquqi şəxsin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Şuşa ili”nə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Yasamal rayon Təşkilatının sədri, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini, tarix elmləri doktoru, professor Sevda Süleymanova, Bakı Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş mətbuat müşaviri, Türkiyə Cümhuriyyətinin “Yeni Gün” qəzetinin yazarı Bülent Uğur, Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə, Şəhid ailələri, Qazilər, Vətən müharibəsi iştirakçıları, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər. Tədbirdə rəsmi hissəsindən öncə qonaqlara mərkəzin inzibati binasında təşkil olunmuş Şuşa şəhərinin tarixi memarlıq abidələrinin əks olunduğu rəsm sərgisi nümayiş edilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Şuşanın keçmişi və bu günü haqqında videoçarx nümayiş etdirilib.Tədbirdə çıxış edən natiqlər Şuşa şəhərinin Azərbaycanın Qarabağ xanlığının paytaxtı olaraq Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu vurğulayıblar. Bununla yanaşı qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin yanvar ayının 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Çıxış edən natiqlər qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyatlar keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək “alınmaz qala” hesab olunan Şuşanı işğalçılardan azad edərək, noyabrın 8-də Şuşada Azərbaycan bayrağını ucaltdılar. Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. “Zəfərin mübarək Azərbaycan!” adlı tədbirdə “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsinin müxtəlif dərnək üzvləri çox fəal iştirak ediblər. Tədbirin bədii hissəsində “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin dərnək üzvlərinin ifasında vətənimizə, millətimizə və Zəfərimizə dair bir-birindən maraqlı şerlər səsləndirilib, milli-mənəvi dəyərlərimizi, eyni zamanda Azərbaycan Türkiyə qardaşlığını əks etdirən mahnılar və rəqslər ifa edilib. RİH başçısı cənab Vasif İmanov “Şuşa ili”ndə Şuşanın adına layiq, uşaqların və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaşlıq məsuliyyətinin diqqət mərkəzində olması məqsədilə belə bir tədbirin keçirilməsinin rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayaraq, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. Tədbirin sonunda qonaqlar uşaqlarla şəkillər çəkdirmiş və onlara gələcək fəaliyyətlərində uğur və müvəffəqiyyət arzu ediblər.Məhbubə MƏMMƏDOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.