DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi 50 nəfərin yeri müəyyənləşib Azərbaycan 10 июля 2015 İyulun 10-da Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.İclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədəki kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edib.Nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13.533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.Cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Belə ki, həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərlə şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıqlar 3,2 faiz azalıb. Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub.Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə” 467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb. Nazir müavini bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. "102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub. Xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə müqayisə edilən dövrə nisbətdə 60 faiz çox, yəni 80 cinayət müəyyən olunub. Həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.Hesabat dövründə müstəntiqlərin icraatında 13.714 cinayət işi olub, prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,3 faiz yaxşılaşaraq 77,7 faiz təşkil edib.Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz azalıb. Hadisələrin, qəzalar nəticəsində ölənlərin və xəsarət alanların sayının azalmasını şərtləndirən amillər sırasında onların baş verməsinə səbəb olan xarakterik halların aradan qaldırılması, xüsusən inzibati xətaların aşkarlanmasının yaxşılaşması olub. Belə ki, 2014-cü ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1.122.498 müvafiq qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və plyonka çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214 nəfər barəsində qanunauyğun tədbirlər görülüb. Ümumən, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 1.168.906 protokol tərtib olunub, nəticədə 1.106.973 nəfər cərimələnib, 2.192 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 19.931 şəxsə isə xəbərdarlıq edilib.İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu bildirib.Nazir Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan bir neçə məsələyə yönəldib.Ailə münaqişəsi zəminində və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması üçün profilaktika işlərinin həyata keçirilməsinin, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat işinin lazımi səviyyədə təşkilinin, vətəndaşların müraciətlərinə və qəbuluna ciddi yanaşılmasının, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsinin, səsvermə hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmasının, bu işin gündəlik nəzarətdə saxlanılmasının, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.Nazir bildirib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 12 ildə orta hesabla 233 fakt təşkil edir. Bu göstərici, eləcə də cinayətlərin konkret növlərinin, o cümlədən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların və s. sayı Avropa və MDB ölkələri ilə müqayisədə dəfələrlə azdır.R.Usubov əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.