Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb Azərbaycan, Borçalı 30 декабря 2016 Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb. Məzarüstü abidə dekabrın 30-da I Fəxri xiyabanda qoyulub. ZiM.Az bildirir ki, abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur. Xalq rəssamı Natiq Əliyev bildirib ki, məzarüstü abidənin hazırlanmasında Zəlimxan Yaqubun “Bir əlim torpaqda, bir əlim haqda” misrası əsas götürülüb: “Abidə 8 aya başa gəlib. Məzarın üstü cilalanmış qara qranitlə örtülüb. Abidə yarıfiqur formada, ağ mərmərdən yonulub”. Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də qədim Borçalı mahalındakı Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z.Yaqub I Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.