TANINMIŞ HAKİM, HÜQÜQŞÜNAS-ALİM və İSTEDADLI YAZIÇI-DRAMATURQ ƏNVƏR SEYİDOV --- 23 марта 2015 1371 TƏBRİK EDİRİK!.. Martın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Elmi Şurasının üzvü, hüquq elmləri doktoru, professor, tanınmış yazıçı-dramaturq, hörmətli Ənvər Seyidovun Ad Günüdür!..Ənvər Cümşüd oğlu Seyidov 1949-cu il martın 29-da Oğuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1964-cü ildən başlayaraq hüquqşünas, səhiyyə və rabitə sahələrində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Ədliyyə Nazirliyi sisteminə gəlməklə, bir sıra vəzifələrdə, o cümlədən Respublika VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü və Həmkarlar Komitəsinin sədri vəzifələrində işləmişdir. 1994-1999-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Secki kommisiyasının üzvü, təftiş qurupunun rəhbəri, “Xəbərlər jurnalı” redaksiyasının üzvü olmuşdur.1997-ci ildə Böyük Britaniyada keçirilən seçkilərdə Azərbaycan dövlətinin nümayəndəsi qismində müşahidəçi kimi iştirak etmişdir. 1997-ci ildən “Əsilzadələr Məclisi”, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür. İlk bədii əsəri - "Təlatüm" romanı 2008-ci ildə Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı Milli Kulturoloji Mərkəz tərəfindən keçirilən VII Kitab Bayramında xüsusi mükafatı qazanaraq "İlin Kitabı" elan olunmuşdur. Ə.Seyidov "Qızıl Qələm", "Qızıl Qılınc", "Abdulla Şaiq" və "Rəsul Rza" beynəlxalq mükafatlara layiq görülmüşdür. Ənvər Seyidovun "Təlatüm" (2006), "Gürzə" (2008), “Ünvansız eşq” (2011) və “Dələduzlar” (2014) romanları əsasında bədii televiziya filmləri çəkilmişdir. O, həm də "Canavar balası" (1997), "Sonuncu şahid" (2004) filmlərinin məsləhətçisi olmuşdur. “Tale yolları”, “Həyat duyğuları” əsərlərinin də müəllifi olan Ənvər Seyidovun 2009-cu ildə ekranlara cıxan “Gürzə” filmi televiziya filmləri arasında 1-ci diploma layiq görülmüşdür.2011-ci ildə İsrail dövlətinin 63 və Azərbaycan Respublikasının yaranmasının 93-cü ildönümü münasibəti ilə Yəhudi Cəmiyyətlərinin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Yazıçılar Birliyinin nümayəndəsi kimi iştirak etmişdir.Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmiş, “Qızıl ulduz” medalı ilə təltif edilmişdir.Bundan başqa elm və təhsil, mədəniyyət və incəsənət sahəsindəki böyük xidmətlərinə görə Birləşmiş Millətlər İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafatlar Komitəsinin "Şərəf və vicdan", “Mədəniyyət və incəsənət xidmətlərinə görə”, Avropa Təbiət Elmləri Akademiyasının “Qızıl qartal”, Almaniyanın Avropa Elmlər Akademiyasının "Gümüş cəngavər" ordenləri və 18-dən yuxarı müxtəlif medallarla təltif edilmişdir. Beynəlxalq Sülh Federasiyası və Dünyada Sülh Naminə Dinlərarası və Beynəlxalq Federasiyasının sülhməramlı səfiridir. Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. 1990-cı ildən Cəlilabad rayonunun fəxri vətəndaşı adına layiq görülmüşdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakimdir. Hazırda Ənvər Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmaqla yanaşı, həm də Azərbaycan Pedoqoji Universitetinin Elmi Şurasının üzvüdür, hüquq elmləri doktoru, professordur. "Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012) dərsliklərinin müəllifidir. Çox hörmətli Ənvər müəllimi Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyətində, məhkəmə-hüquq sahəsindəki xidmətlərində, eləcə də elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulamaqla yanaşı aşağıda axar.az-ın əməkdaşı Rövşən Danyerinin onunla müsahibəsini oxucularımıza təqdim edirik... Müşfiq BORÇALI,ZiM.Az* * *Hakim Ənvər Seyidov: Aktyor, ocaqçı, yazıçı... – Necə oldu yaradıcılıqla məşğul olmağa başladınız? – Bu, Allahın göstərişidir. Əslində, heç hüquqşünas olmaq da istəməmişəm. Məktəbi yüksək qiymətlərlə bitirmişəm. Sənədlərimi filologiyaya vermişdim. Çünki uşaqlıqdan şeir, hekayələr yazırdım, ədəbiyyata marağım var idi. “Pioner” qəzetində şeirlərim çıxırdı. 1961-ci ildə Yuri Qaqarin kosmosa uçdu. Onda mən 4-cü, ya da 5-ci sinifdə oxuyurdum. Məktəbin “Sancaq” qəzetinin baş redaktoru idim. Həmin qəzet çox populyar idi. Bu qəzetə iki alan tələbələrin karikaturasını vururduq, yaxşı oxuyan tələbələri tərifləyirdik. Yəni tərbiyəvi qəzet idi. Həmin “Sancaq” qəzetində Yuri Qaqarin haqda şeir yazdım. Ümumiyyətlə, uşaqlıqdan ədəbiyyata qarşı həssas idim. Sənədlərimi filologiya fakültəsinə verdim. Bütün imtahanlardan yüksək qiymət aldım və müsahibəyə düşdüm. Təsəvvür edin, 25 yerə 3000 nəfər sənəd vermişdi. Onda tapşırıqla, rüşvətlə qəbul olmaq mümkün idi. Ona görə də mən qəbul ola bilmədim. Xüsusi hazırlaşdığım imtahandan kəsilmişdim. İncəsənət Universitetinin yanından keçəndə gördüm, elan yazılıb ki, Ədəbiyyat və Tarix fakültəsinin müsahibə bölməsinə düşmüş tələbələr imtahan verə bilərlər. Bir şərtlə ki, pantomimdən imtahan versinlər. Bu elan mənə böyük ümid verdi. Sənədlərimi İncəsənət Universitetinə verdim. Pantomimdən imtahanı Adil İsgəndərov qəbul edirdi. Məndən əvvəl bir nəfər girdi və kəsildi. Mən ondan niyə kəsildiyini soruşdum və təxmini bildim ki, Adil İsgəndərov içəridə məndən nə istəyəcək. Sonra mən girdim və o, mənə dedi ki, taxıl biç. Namaz xalçasını saldım yerə, diz çökdüm və Allaha dua elədim ki, mən bu taxılı biçənə qədər yağış yağdırma. Sonra da “Ayətül-Kürsü”nü oxuyub qalxdım ayağa. Əl hərəkətlərimlə otu necə biçdiyimi göstərdim. Beləliklə, İncəsənət Universitetinə qəbul oldum. Universitetdə 6 ay oxudum. Bir gün gəlib dedilər ki, dənizdə film çəkiləcək və aktyor lazımdır. Mən də içində olmaq şərtilə bir neçə nəfər seçdilər. Filmdə çəkildik, 6 manat da pul aldıq. Onda 6 manat çox böyük pul idi. Ümumiyyətlə, biz sosializm dövrünü çox gözəl yaşamışıq. Nə isə, sən demə, rəhmətlik əmim televiziyada məni görüb. Zəng edib universitetin rektoruna, məni universitetdən qovdurub. Özü də guya nizam-intizamsızlıq göstərdiyimə görə qovulmuşam. Halbuki mənim Qiymət kitabçam indi də durur, hamısı beşdir. Əmim Respublika Yel Xəstəlikləri xəstəxanasının baş həkimi olmaqla yanaşı, həm də nüfuzlu şəxs idi. Getdim onun yanına ki, məni niyə qovdurmusan? Əmim dedi ki, “oğul, sən seyidsən, seyiddən mütrib olmaz. Rabitə Texnikumuna tapşırmışam, sənədləri universitetdən götür, ver ora. Özün də xəstəxanada sobaçı işlə”. Baş sobaçını çağırıb, məni ona tapşırdı. Texnikumu fərqlənmə ilə qurtardım və sənədlərimi filologiya fakültəsinə verdim. İmtahan günü dedilər, sənin sənədlərin burda yoxdur. Sənin sənədlərini hüquq fakültəsinə apardılar. Artıq 69-cu il idi, Heydər Əliyev hakimiyyətə gəlmişdi. O gələn ildən təmizlik başladı. Universitetə tapşırıqla, pulla düzəlmək məsələsi dayandırıldı. Heydər Əliyev tapşırmışdı ki, hüquqa ancaq kəndçi uşaqları qəbul olunsun. Vəzifəli şəxslərin uşaqları Moskvada, Leninqradda da oxuya bilərlər. Belə oldu, kasıb-kusuba qapı açıldı. Nəticədə mənim sənədlərimi qəbul etdilər. İmtahana da çox yaxşı hazırlaşmışdım. Çünki birinci dəfə kəsilmişdim və öz-özümə dedim, bu universitetə qəbul olmaq necə bir çətin işdir ki, mən onu bacarmayım?! İmtahandan “beş”lə keçdim. Mərkəzi Komitənin katibi Kamran Bağırovun qardaşı Faiq Bağırovun yanına getdim. Xahiş etdim ki, məni ədəbiyyat fakültəsinə qaytarsınlar. O da mənə yarızarafat-yarıciddi dedi ki, nə Nizami, nə də Füzuli universitet oxuyub... Hüquqa gedib düşməyim bu cür oldu, yəni mənim xüsusi arzum olmayıb. Mən həmişə ədəbiyyat üzrə oxumaq istəmişəm. – Belə demək mümkünsə, hazırda çalışdığınız vəzifə “qalstuklu vəzifədir”. Ancaq yaradıcılıq daha çox nizamsızlığı sevir. Bu iki fərqli həyat tərzini özünüzdə necə cəmləşdirə bilirsiniz? – 2013-cü ildə Amerikaya dəvət olunmuşdum. Orada Türkiyə radiosunda çıxış etdim. Sual verdilər ki, axı siz necə həm hakimsiniz, həm yazıçı-dramaturqsunuz, həm film çəkirsiniz, həm hüquq-elmləri doktorusunuz?! Bütün bunları necə çatdırırsınız? Mən də cavab verdim ki, vaxtı düz bölüşdürəndə hər şeyə çatır, hətta axşam oturub domino oynamağa da. Mən romanı yazanda diktofonu qoyuram qabağıma, birbaşa danışıram. Təxminən, iki saat yarıma bir romanım hazır olur. Sonra onu kompüterdə yığdırıram. Üstündə işləyib, hazır vəziyyətə gətirirəm. İndi oturum, iki saata bir romanı diktofonda hazır verim. – Bəs şeir yazmaq? – Şeir isə bir az fərqlidir. Bir dəfə həyətdə oturmuşdum. Gördüm ki, pişik tullanıb ağacda oturan iki göyərçindən birini caynağına keçirdi. O biri göyərçin yerindən tərpənmədi. Hər gün o göyərçin həmin yerdə oturub quruldayırdı. Skamyada oturub həmin göyərçin üçün şeir yazdım. Yekə çıxmasın, ancaq mən istəsəm, 3-4 saata bir poema yazaram. Mən şeirdən çox romanlarıma əhəmiyyət verirəm. Çünki onlar hər biri mənim həyatımdan bəhs edir. İndi Şuşa-Laçın işğalı ilə əlaqədar roman yazmağı planlaşdırıram. Rəhim Qazıyevin məhkəmə prosesini mən aparmışam. Bu hadisələri məndən yaxşı bilən yoxdur. Yeri gəlmişkən, o proses lentə alınmışdı. 178 kaset dövlət arxivindədir. – Bəs hazırda nə yazırsınız? – Hazırda “Nuh peyğəmbərin göyərçini”ni yazıram. Bu roman Nuh peyğəmbərin həyatından bəhs edir. Gözəl mövzusu var. – Filmlərinizdə rol alan aktyorları özünüz seçirsiniz? – Yox, mən seçmirəm, ancaq mənimlə məsləhətləşirlər. Məni filmə Məhərrəm Bədirzadə çəkib apardı. Bir gün Məhərrəm Bədirzadə dedi ki, səndə bu qədər ideya var, özün də bir şey yaz. Mən də “Təlatüm” filmini çəkdim. Bu film də mənim həyatımdandır. Qaxda bir cinayət işi var idi, hakimi mən idim. Orada məni həbs etmək istəyirdilər, bunun üçün Bakıdan xüsusi dəstə gəlmişdi. Ancaq bu işdən çıxa bildim. “Təlatüm”də də məhz ondan danışırdım. – Məncə, Nurəddin Mehdixanlı “Təlatüm” filmində sizin obrazınızı yarada bilib. – Biz “Təlatüm”dəki hakim rolunu Rasim Balayevə vermək istədik. Rasim Balayev ssenarini zəif hesab etdiyi üçün oynamaqdan imtina etdi. Nurəddin Mehdixanlı götürdü bu rolu. Film çəkilib qurtarandan sonra Rasim Balayev peşman oldu. Mənə dedi ki, təzə bir ssenari yaz, mən oynayım. Onda mən imtina etdim. Sonra Məhərrəm Bədirzadə mənə dedi ki, indi ağır bir şey yaz. Onda da “Gürzə”ni yazdım. Sonra dedi ki, bir az yüngül, eşq əsəri yaz. Beləliklə, “Ünvansız eşq” yarandı. Daha sonra da dedi ki, dələduzluq baş alıb gedir, bir dənə belə bir ssenari yaz. Mən də “Dələduzlar”ı yazdım. Çox gülməli, yaxşı filmdir. – Gənc yazarlardan kimləri oxuyursunuz? – Heç kimi. Çünki vaxtım yoxdur. Təqaüdə çıxandan sonra oxuyaram. O vaxt ki, heç kim məni axtarmayacaq, saymayacaq – onda oxumağa da vaxtım olacaq. İnsan təqaüdə çıxandan sonra onun ətrafında olan adamlar yavaş-yavaş uzaqlaşırlar. Həyatda vəzifə və puldan şirin heç nə yoxdur. – Onda, yəqin ki, gənc yazarlarla yaşlı nəsil arasında gedən polemikalardan da xəbərsizsiniz. – Gənc yazarların həyat təcrübəsi azdır. Onların yazdıqlarının əksəriyyəti fantaziyadır. Ya da xarici filmlərdən götürülən süjetlərdir. Yazdıqları əsərlərin əksəriyyəti yorucudur. Çoxu imkansız olduğundan kitablarının üz qabığı, rəsm tərtibatı primitiv alınır. “Ünvansız eşq” romanımın dizaynına baxın, görün, dizaynı necə qurulub. Cavanlara məsləhət görərdim ki, kitabın üz qabığına xüsusi fikir versinlər. Mən sevinirəm ki, istedadlı gənclər var. – Rauf Aslanovla Ramiq Muxtar arasındakı məhkəmə çəkişməsinə siz baxırsınız? – Yox, mən baxmıram. Ağır Cinayət Məhkəməsi mülki işlərə baxmır. Mən heç vaxt belə işlərə qarışmıram. Ümumiyyətlə, ortaya girən həmişə zədə alır. Heç vaxt araya girməyin, onda başınız da salamat qalar. 22 Mart 2015.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.