NİZAMİ ABBASOV: Mən, bəxti gətirən adam deyiləm...

NİZAMİ ABBASOV: Mən, bəxti gətirən adam deyiləm...NİZAMİ ABBASOV (Nizami Abbas oğlu Abbasov) - 1969-cu ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. 1986-cı ildə Laçın rayon Narzan kənd orta məktəbini bitirdirkən sonra hərbi xidmətə yollanıb, 1987-1989-cu illərdə xidməti borcunu yerinə yetirib. 1991-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun jurnalistika fakultəsinə daxil olub və 1997-ci ildə bitirib. Elə həmin ildən Bərdə rayonunda dərc olunan "Bərdə" qəzetində korrektor kimi işə qəbul olunub, sonralar müxbir kimi fəaliyyət göstərib.
2004-cü ildə Bərdə rayon Qaratəpə kəndində bələdiyyə sədri seçilib və 10 il bu vəzifədə çalışıb. Hazırda şəxsi fermer təsərrüfatı ilə məşğuldur. Bədii yaradıcılığa erkən yaşlarında-orta məktəbdə oxuduğu illərdə başlayıb.
Məcburi köçkünlüklə əlaqadar olaraq şairin onlarla əlyazması itib batmışdır.
Ailəlidir. 4 övladı var.



Qovuşam

Payız həsrətiyəm, qışdır istəyim,
Keçəm soyuqlardan, yaza qovuşam.
Sazaqdan, şaxtadan solan çiçəyin,
Bahar donundakı naza qovuşam.

Mən müti bir qulam, sən qalib ağa.
Dözürəm nazının çəkdiyi dağa.
Çoxu istəmirəm, bolluğu boğa,
Çəkəm həsrətini, aza qovuşam.

Dumanım dağıldı, çənə çatmamış,
Sümbülüm saraldı, dənə çatmamış,
Üzüldüm yolunda, sənə çatmamış,
Səbrim tükənməyə, dözə qovuşam.

Qismət dediyimdən kaş qaça biləm,
Tilsimli bəndləri kaş aşa biləm,
Dillənib, sevgimi kaş aça biləm,
Eşqin izharında sözə qovuşam.

Çınqıllı uçqundur, ötən hər bir il.
Könlümü inlədir, sözün qəlbə mil.
Bəmini bəm etdim, zilini də zil,
Simləri dindirdim, saza qovuşam.

Həddimi aşım
(Rəcim şeytandan Allaha sığınıram)


İzin ver salamlaşım,
halın soruşum, Allah.
Boşla, həddimi aşım,
işə qarışım, Allah.

Günüz hamı oyaqdır,
eşit gecə sən, Allah.
Yerdə işin bəllidir,
göydə necəsən Allah?

Eşidilmir dualar,
Bilirəm, növbə çoxdur.
Burda fəqir dua var,
dua da var qoçaqdır.

Bircə kəramətin de,
güdüm növbəmi, susum.
Mənə əlamətin de,
bilim ki, nədir suçum.

Bəşərin od püskürür,
Odundan qorxan deyil,
Atəşdir əməlləri,
Əməllər qalxan deyil.

Göydə işin asandır,
Yerdə işin çətindir.
Dünya şeytana qalıb,
Mələklərin çəkildi.

Razımısanmı məndən?
Ümidim təkcə səndə,
Dərdini çəkirəm mən,
qayğımı çəkməsən də.

Hansı gündür gedişim?
Qismətin hamı tapdı.
Sən göydə öz işində,
yerdə halım xarabdı.

Doğru yolda məğlub et,
ya qalib et, vuruşda.
Yaratmısan, bəndə bil.
sevindir bu yarışda.


Ucalıq

Bir yarpaq göyərtməz dağın zirvəsi,
İlahi ucalıq beləmi olar?
Çəkər həvəs ilə, yağışı, qarı,
Zirvədən buluda tələmi olar?

Düzdə çiçək solar, su sarısından,
Yayda zirvə saxlar, tar yığın-yığın,
Bulaqlar quruyar, zirvə su verməz,
Görəsən bumudur dağ ucalığı?

Yandırır, qaraldır günü adamı,
Hava da çatışmır, nəfəs alasan.
Üşüdür sümüyü gecə, soyuğu,
Necə çubuq sancıb, məskən salasan?

Yaşamaq həvəsi zirvədə itir,
Ucalmaq həvəsi ölür zirvədə.
Bu yerdən yuxarı, göydən aşağı,
Adam özün tənha bilir zirvədə.

Elə bil qayanı mürdəşir yuyub,
Daş da dözə bilmir bu ucalıqda.
Qırılır, tökülür zirvədən qaya,
Həyat görməmişəm bu acılıqda.

Həyat zirvədə yox, aşağılarda.
Nədir bu zirvəyə çəkən insanı?
Zirvədə olanın günü-gün deyil,
Çəkər arğacını, sökər insanı.

Zirvəlik həvəsi olan adamlar,
Daldalıq axtaran toyuq kimidir.
Barlı ağac bitməz, kol-kos bitirər,
Zirvədə qaralan, oyuq kimidir.

Ona doğru gələr, qaya da, su da,
Əbədi ucalıq, gen dərələrdir.
Solmaz bühlümündə bitən çiçəklər,
Zirvədə yaşayış gəldi-gedərdir.


Olmasın

Dalaşmaq asandır, barışmaq çətin,
Elə davranaq ki, dava olmasın.
Şumda, ədalətli kəsək şərtləri,
Xırmanda, əlində yaba olmasın.

Sən torpaq kimisən, mən də bel kimi,
Sən, qızılgül kimi, mən bülbül kimi,
Sən, dərə kimisən, mən də sel kimi,
Qəlbin, sel köçürən oba olmasın.

Ruhum dinclik tapan yer, qucağındır.
Könlüm, yaşadığın ev, ocağındır.
Sözlərin, alışan oduncağındır,
Ürəyim, atdığın soba olmasın.

Sevgim, mahir ovçu, sən yorunuq ov.
Mən kibrit kimiyən, sən də quru qov.
Şeytanı lənətlə, cinləri də qov,
Sakitləş, rəftarın qaba olmasın.


Arzular

İnanın, qismətlik ruzi kimidir,
Ömrünü ömrümə, qatan arzular.
Mizrabdır, qəlbimin sarı siminə,
Ürəkdə, əbədi yatan arzular.

Məskəni könüllük olan, həyandır,
İslağı qurumaz, od vur, ha yandır.
Məni yolçuluqda yolda qoyandır,
Tələsib, vüsala çatan arzular.

Eşqim tilov oldu, o balıq oldu.
Ümidlər yaradan, bir xaliq oldu.
Qorudum, saxladım, dəryalıq oldu,
Könül fırtınamda batan arzular.

Qərinə yol keçdim, səbirə qədər.
Saydım arzuları, yüz-birə qədər.
Yandırar bu andan, qəbirə qədər,
Ümid tükənəndə, atan arzular.

Qəlbə nəzər salar o, heyran kimi,
Çırpılar ürəyə, qara qan kimi.
Həyatım, qaymaqsız ağ ayran kimi,
Qaralmış çanaqdır, tutan arzular.

Qopmuş nal kimidir, səfər atımda.
Bir saman çöpüdür, batha-batımda.
Gəlib, son mənzilə çatha-çatımda,
Atdığım bir eşqə, satan arzular.


Ay məhəbbətim

Səni gözləmişəm, bir ömür boyu,
Sən niyə gəlmədin, ay məhəbbətim?
Peşən ağlatmaqdır, güldürmək deyil,
Üzümə gülmədin, ay məhəbbətim.

Ya gəl, qəbul elə, ya biryolluq at.
Oyan, həsrət bitsin, ya bir yolluq yat.
Səni axtarıram, hər gün, hər saat,
Sən niyə bilmədin, ay məhəbbətim?

Sən bir əllə tutdun, mən ikiəlli,
Ömrümü xərclədi, bu qaravəlli.
Hə sözün bilinmir, nə yoxun bəlli,
Sən niyə dinmədin, ay məhəbbətim?

İtirdik, batırdıq gördüyün eşqi,
Çətin dirildərik, gömdüyün eşqi,
Qədirbilməz ilə böldüyün eşqi,
Mənimlə bölmədin, ay məhəbbətim.

Sevgi süfrəsindən küsdürdün məni,
Eşqə qurban dedin, kəsdirdin məni,
Boğdun duyğularda, basdırdın məni,
Bəs niyə ölmədin, ay məhəbbətim?

İlki geri qaytar, axıra çevir,
Quruyan sevgimi axara çevir,
Yaşımı közünlə buxara çevir,
Əlinlə silmədin, ay məhəbbətim.

İzahsız halıma el-oba güldü.
Cəhənnəm oduyam, el-oba küldü.
Yandım atəşimdə, el-oba gördü,
Sən nədən görmədin, ay məhəbbətim?
Halımı bilmədin ay məhəbbətim.


Keçir

Nə varlığı varsa, yoxundan çıxır.
Güclüsü, sahilə axından çıxır.
Əsilli, nəsilli toxumdan çıxır,
Göyərir, boy atır, alaqdan keçir.

İnamı sarsıdır, hər boş ümidlər.
Söndürür həyatı, havayı vədlər.
Halal qazanlara baş salan itlər,
Bilmirmi, soy-kökü yalaqdan keçir.

Sığallı başlara dalan olanlar,
Ayağı qabarlı, yalın olanlar.
Kilkəsi, keçəsi qalın olanlar,
Görmürmü, axırda daraqdan keçir?

Gah güney, gah quzey seçən dərənin,
Hər türlü nemətdən biçən dərənin,
Saf sulu bulaqlar içən dərənin,
Toxmaqlıq hellanı qalaqdan keçir.

Ruzisi şeytandan çatan adamın,
Ayağı başında, yatan abamın.
Qürubda günəşi batan adamın,
Zülmətdə işığı çıraqdan keçir.

Tökülür gözləri, haqqın deyənin.
Çəkilib bağlanıb, haqqın yüyəni.
Gizlində hamının haqqın yeyənin,
Əməli çiynində varaqdan keçir.


Sevgi sevər hərarəti

Bu sabah açdım qapını,
Məni soyuq qarşıladın.
Sözün şaxta, baxış sazaq,
Çovğun hələ qarşıdadı.

Hissimi külək apardı,
Sazağın qəlbimdən keçdi.
Qrovun ağartdı saçı,
Qarın saçlarıma köçdü.

Ürəyimə şaxta düşdü,
Buz bağladı duyğularım.
Söndü alovu-atəşi,
Sənə olan qayğıların.

Dondu toxumu sevginin,
Nəm çəksə də, cücərməmiş.
Mayasını şaxta vurdu,
Yarpaqlayıb göyərməmiş.

Düşdün borana sevgidə,
Sən elə tir-tir əsirsən.
Məni də soyuğa verib,
Son ümidimi kəsirsən.

Soyuğu sevməz, qadası,
Od-alovu sevgi sevər.
Qoyma donsun son ümidi,
Hərarətlə sev ki, sevər.


Kəmdir

Bu görüşün dadı şirin,
Bu gedişin duzu kəmdir.
Yolumuzun çoxu yoxuş,
Yolumuzun düzü kəmdir.

Nə işi var, əyan olur.
Hər bir qəlbdə tüğyan olur.
Dünyagirlər üryan olur,
Beş arşınlıq bezi kəmdir.

Şeytandan uzaq qaçanlar,
Birinə qail olanlar.
Mininə nail olanlar,
Hələ deyir, yüzü kəmdir.

Kiminə dünya al-şaldır,
Al-şal üstə qalmaqaldır,
Dünya yamaqlı şalvardır,
Bu yamağın dizi kəmdir.

Keçmişə bax, sabaha bax.
Qoca dünya, dişsiz damağ.
Həyat fani, hakim tamah,
Bir həyalı üzü kəmdir.

İşığı çox qaranlıqdır,
Yaşayışı gümanlıqdır,
Bu dünya çox palanlıqdır,
Palançının bizi kəmdi.

Çoxdu qorxusu dolunun,
Yükü ağırdır, solunun,
Baxsan, cənnətin yolunun,
Görərsən ki, izi kəmdir.

Çox gözəldir, yalansa da,
Doğru səslə qalan səda.
İnsan kamil yaransa da,
İnsanlığın özü kəmdir.


Dağlarım

Qüruru təpəlik deyil, ucadır.
Nəyi var, kimi var bilən qocadır.
Nə izim, nə səsim-nəfəsim çatır,
Mənim deyilsiniz, mənim dağlarım.

Həyat mənasızsa, bir hayla keçir,
Yüz illik bir ömür, bir ayla keçir,
Sənsiz, güzəranım ah-vayla keçir,
Yoxluğu ömrümə qənim dağlarım.

Hünər göstərməyə, bir qan andı ver,
Bu can qurbandırsa, qana-qandı ver,
Mənə həsrəti yox, quş qanadı ver,
Uçum, görüşünə gəlim dağlarım.

Yaşamaq bir andı, çimir itirir.
Bu qədər ayrılıq, səbir itirir.
Düzlər-düzəngahlar qəbir itirir,
İzin ver, zirvəndə ölüm dağlarım.

Bitsin yollarında, itən köçlərin,
Dönüş günlərini güdən köçlərin,
Qayıtsın qoynuna, gedən köçlərin,
Gəlsin oba-oba elim, dağlarım.

Xalı yamacına çiçək toxunsun,
Arılar unutsun, quraq qorxusun,
Sənsiz unutmuşam çiçək qoxusun,
Xəyal real deyil, dərim dağlarım.

Eybi yox, sevincim qəmimlik olsun,
Dözərəm, hər türlü çətinlik olsun,
Öləndə, qəlbimdə əminlik olsun,
Mənim olmağını bilim, dağlarım.


Sevgilim

Mənimçün yaşamın təməli birdir,
Həyat oyununun əməli birdir,
Əzabın istəyi, deməli birdir,
Mənim olmasa da, mənim sevgilim.

Xoşikən rəftarım sənə bu qədər,
Yönəltdin halımı qəmə bu qədəd,
Qəddarlıq göstərmə, mənə bu qədər,
Əbədi sevgimə əmin sevgilim.

Bütöv yaşamaqdır kəmin arzusu,
Kimi asan tapar, kimin arzusu.
Sevincdir, hər dərdin-qəmin arzusu,
Sevincin yerində, qəmim sevgilim.

Qovuşha-qovuşam, az həsrətliyəm,
Gözəl vurğunuyam, naz həsrətliyəm,
Mən qışdan qaçağam, yaz həsrətliyəm,
Çovğunum, boranım, çənim sevgilim.

Sevgi əzabından kim asan bezər?
Sevgi yağışında gəl cana, dənzər.
Ürəyim nəmlənmiş torpağa bənzər,
Göyər bu torpaqda, dənim sevgilim.

Yaşamım yerdədi, göy məni çəkir.
Girdim meyxanəyə, mey məni çəkir.
Həzin musiqiyəm, ney məni çəkir.
Həsrəti könlümə qənim sevgilim.

Əl kəpənək, sinən ağ gül, görüşək.
Qönçə camdı, arı dodaq, şeh içək.
Yanaq təpə, hiss açdırıb gül-çiçək,
Lalələnmiş təpələrə vurğunam.

Bir cüt dağdı sinən, çəkir gözə dağ.
Gözlərin göl, şəkillənir üzə dağ.
Meh baxışım dalğalatdı, bu sabah,
Gözlərində ləpələrə vurğunam.

Dodaq partlaq, qaymaq səndə, çək sinə,
Mən ac uşaq, tamah məndə, tök sinə,
Top atmısan baxışınla, köksümə,
Sinəmdəki qəlpələrə vurğunam.

Bir ömürlük cığırımın izi nəm,
Gözlərimin kiprik adlı xəzi nəm,
Mən kasıbam, sən tapdığım xəzinəm,
Düm ağ ləlli küpələrə vurğunam.


Mənim

Naşükür deyiləm, bəxtdən deyinəm,
Qürur lubasımdır, çətin əyiləm.
Mən, bəxti gətirən adam deyiləm,
Sən necə çıxmısan, püşkümə mənim?

Saralmış yarpağam mən, meh imzalı,
Açılmış çiçəksən sən, şeh imzalı,
Yazılmış məktubsan-taleh imzalı,
Göyərçin gətirib, köşkümə mənim.

Fitnələr-fəsadlar namərddən gəlir,
Sevən aşiqlərə, dərdlər tən gəlir,
Bu yaş, nə sevgidən, nə dərddən gəlir,
Yanmışam, düşmüsən tüstümə mənim.

Ötdü, öldürmədən, qanan dərdlərim,
Özüm qocalıram, cavan dərdlərim.
Alovdu qəlbimdə, yanan dərdlərim,
Əridin, dözmədin istimə mənim.

Üzə gülüş gətir, gül-gülüm olar,
Sevgi hənir kəsər, lal dilim olar,
Sevgi həzin olar, eşq həlim olar,
Gəlmisən qəzəblə, üstümə mənim.


Çatmışam

Həm yoxuş var, həm eniş var, həm dərə,
Bu dərədən, seldən keçək, əl-ələ,
Hər nə var keç- qucaqlaşaq, gəl hələ,
Mən ağuşluq çəmə, çoxdan çatmışam.

Öyrənmişəm, göz yaşımı silməyi,
Yaxşı billəm, iplənməyi, külməyi,
Adlamışam, güldürməyi, gülməyi,
Dərd əhliyəm, qəmə çoxdan çatmışam.

Hayla-vayla çırpılmışam, diz üstə,
Qələm tutdum, qələmləndim söz üstə,
Sızıldayan ürəyimdir, köz üstə,
Qaynamışam, dəmə çoxdan çatmışam.

Sel əliylə bənd-bərəni çay qırıb.
Zülmətdəyəm, buludlanıb ay, durub.
Zil itirdim, zəngulədə hayqırıb,
Pərdə-pərdə, bəmə çoxdan çatmışam.

Qadir Allah, qara bəxti ağ boya.
Bu sevgiyə, arxa üçün, dağ daya.
Bu sevginin, ilk pilləsi dağ boya,
Addım atıb, demə çoxdan çatmışam.


Çətin

Məni bu sevginin əlində qoyma,
Tənha, bu sevgiylə bacarmaq çətin,
Çoxdan, gəncliyimi alıb əlimdən,
İndi bu sevgiylə qocalmaq çətin.

Görüşlər çoxaltdı, artan suçumu,
Boğaza dirədi dərd ülgücünü
Yorub yoxuşlarda, alıb gücümü,
İndi bu sevgidən güc almaq çətin.

Eşqin gövhərindən xərac alırdım,
Xəstə aşiq idim, əlac alırdım,
Vaxt vardı, sevgidən mən bac alırdım,
İndi o bac alır, bac almaq çətin.

Cavanlıq-qocalıq dincliyin aldı,
Sevgi bucağında, künclüyün aldı,
Sevginin tacını gəncliyim aldı,
Qocalıq gücüylə, tac almaq çətin.

Nakam istəyimlə, tələyə düşdüm.
Sovruldu yarpağım, küləyə düşdüm.
Kol kimi, quruyub, dərəyə düşdüm,
Bir də o zirvəyə ucalmaq çətin.


Vətənimdə

Küçədə dilənən ananı gördüm.
Bu vətən, bu gündə yaşa demir ki,
Vətəndə, çarəsiz yananı gördüm:
-Sən kimsən?-deyirəm, cavab verir ki,
-Oğlum dilənçiyəm, tox vətənimdə.

-Vətəndaş haqqımı haxsız itirdim.
Atasız böyüdüm, hədsiz zillətlə.
Həyat yoldaşımı vaxtsız itirdim,
Çox uşaq böyütdüm mən, əziyyətlə.
Əzablar çəkmişəm çox, vətənimdə.

-Gündə, bu küçədən keçən polislər,
məni təhqir edir, hər gün, birbə-bir.
Hər an, eşidirəm təhqirli səslər.
Görən - yazıq deyir, məni dinləmir.
Beləcə gündəyəm - bax, vətənimdə.

-Allahın, bu işdən xəbəri yoxdur.
Bəndədən gəlibdir, bizə bu bəla.
Harın yaltaqların günahı çoxdur.
Onlardan insaflı olarsan, bala,
məni, diri qəbrə sox, vətənimdə.

-Bir qarın çörəyə möhtac olmuşuq.
Bizə ölüm kimi- tək əlac qalıb.
Bu varlı vətəndə, biz ac olmuşuq.
Analar sızlayır naəlac qalıb.
Yoxdu bircə zərrə hax, vətənimdə.

Öpdüm əllərindən, soylədim:-ana,
yurdsuzluq dərdindən sağalmamışam.
Analar itirdim, mən yana-yana.
Anamın üzünə ağ olmamışam
Sənin bu üzünə ağ vətənimdə.


Döndü

Həsrətdə basdırıb duyğularımı,
Ölüyə dönəndə, güvənə döndü.
Bələyə çevrildi-körpəliyimdə,
Gəncliyim solanda, kəfənə döndü.

Hər nasaq eşitdim, susdum, kar oldum.
Əyrini görsəm də, gözü kor oldum.
Günah bağışladım- peşəkar oldum,
O, da günahları sevənə döndü.

Küləklər yandırdı, kül sandığımı,
Soldurdu, qurutdu, gül sandığımı.
Fırtına apardı- ləl sandığımı,
Ləpələr qaytardı, dəfinə döndü.

Elə səda saldı, sevgimin vayı,
Sevgilər oyatdı, eşqin harayı.
Məndən əsirgədi, bir ömür boyu,
Öləndə, sevgiylə, dəfnə döndü.


Şeytandan uzaq durmadın

Şeytan, tələyə salmadı,
Şeytan, dostluqdan qalmadı.
Şeytandan uzaq durmadın,
Əməllər sənə cumdumu?

Qurdu, quşu, tülküsü var,
Qorxusu var, ürküsü var,
Bənnası var, hörgüsü var,
Durub baxmaq, qürurdurmu?

Tanrı, həyat sönür dedi.
Vəhşiyə, diş gəmir dedi.
İnsan dindi, küfr dedi,
İnsanın halı mumdurmu?

Şeytanın rəngi qaradı,
Mələyin rəngi ağladı,
Bəşəri, rəngi ağladır,
İnsan buqələmundurmu?


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: