İbrahim Yusifoğlu: ZƏFƏR NƏĞMƏSİ

İbrahim Yusifoğlu:  ZƏFƏR NƏĞMƏSİ İbrahim Yusifoğlu Yusifov - 30 sentyabr 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Axura kəndində anadan olub.
1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib.
70-ci illərin əvvəllərində pedaqoji fəaliyyətlə məşğuldur.
Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan “Qələbə atəşi” şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir. Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 25 (iyirmi beş) adda şeirlər, poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.
Hazırda "Şərur qönçələri" ədəbi birliyinin rəhbəridir.


Biz də İbrahim müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az


ZƏFƏR NƏĞMƏSİ

Nəğmələrin müqəddəsi, ulusu,
Meyvələrin ən şirini, sulusu,
Bulaqların ayna kimi durusu-
Zəfər nəğməsi.

Bu nəğmənin hər sədası "Cəngi"di,
Al-qırmızı kəlmələrin rəngidi,
Dar anında bir oyanış zəngidi-
Zəfər nəğməsi.

Yarıb keçər çəpərləri ,sədləri,
Tam əridər buz bağlamış hədləri.
Düzdə qoyar nankorları,bədləri-
Zəfər nəğməsi.

Döyüşlərdə dönər dəmir yumruğa,
Haya yetən xilaskar quş Simurqa,
Səslənəndə el qarışar xoş çağa-
Zəfər nəğməsi.

İgidlərlə o, eyləyər yoxdan var,
Mərd əllərdə ilmələnər, toxunar,
Azad eldə, azad dildə oxunar-
Zəfər nəğməsi.



ŞUŞA

Dünyanın müqəddəs günüdür, bu gün,
Xoş müjdə qəlbləri gətirib cuşa.
Gözlər bulaq kimi coşub-çağlayır,
Doğma anasına qovuşdu Şuşa.

Daşını,adını Pənahxan qoyub,
Zirvəyə Qaranquş yuvası qonub,
Düşməni göynədən göz dağı olub,
Neçə yol gəlibdi bədd gözlə tuşa,
Hər vaxt qalib çıxıb döyüşdə Şuşa.

Qoynu tapdaq oldu,inildəyibdi,
Yadlar rəqs eyləyib,dingildəyibdi,
Sərxoş qədəhləri cingildəyibdi,
Dönüb qəfəsdəki dərdli bir quşa,
Azadlıq eşqiylə yaşayıb Şuşa.

Talan eylədilər sərvət –varını,
Pərən-pərən gördü övladlarını,
Çəkmədi dağlardan duman, qarını,
Gözlədi qan-qada sülhlə sovuşa,
Bu nəcib istəyə çatmadı Şuşa.

Yaman uzaq düşdü azan səsindən,
Cabbarın, Bülbülün gur nəfəsindən,
“İsa bulağı”nın zümzüməsindən,
Çırpınan köksünü döndərdi daşa,
Xilaskar ordunu gözlədi Şuşa.

Nə qədər qəlbləri sevgisi sarmış,
Ali Baş Komandan bəxtini yazmış,
Bütov Azərbaycan Şuşaya yarmış,
Hamısı bir olub qalxdı vuruşa,
Vəhşi caynağından qurtuldu Şuşa!

Şuşa!- qeyrət, şərəf, qürur şəhəri,
Şəfəqə dönəcək hər bir səhəri,
Dünyaya səs salıb dönüş zəfəri,
Xoş müjdə qəlbləri gətirib cuşa,
Doğma anasına qovuşdu Şuşa!


ƏLİNCƏ

Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qurur mənbəyimiz məğrur Əlincə.

O adi dağ deyil, Nəqşicahanın,
Bütövlük, mətinlik, güc simvoludu.
Namərdlər önündə dik tutub başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.

Əlincə ən acgöz, zalım şahları,
Tanrıdan güc alıb, bələyib qana.
Bədniyyət, qaniçən Miranşahları
Qoymayıb illərlə girə qoynuna.

Qalada igidlər döyüş anında,
“Cəngi” səsləndirib, söz söyləyiblər.
Kimin gücü olub hələ canında,
Düşmənin üstünə od ələyiblər.

Burda sipər olub hər daş, hər qaya,
Düşmənin yolunu bağlayıbdılar.
Barıt qarışsa da torpağa, çaya,
Güllər öz ətrini saxlayıbdılar.

Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bugünkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!


SƏNİN GÖZLƏRİNDƏN MƏHƏBBƏT YAĞIR

Sənin gözlərindən məhəbbət yağır,
Yağır yazda yağan yağışlar kimi.
Odlu baxışların şimşək tək çaxır,
Ürəklər oxlayan baxışlar kimi.

Dönüb gözlərini süzə bilmirəm,
Mənim ki islanan çağım keçibdir.
Şimşək baxışlara dözə bilmirəm,
Ömrüm çən-dumanlı yolu seçibdir.

Sənin gözlərindən yağan məhəbbət,
Hardasa bir sevda cücərdəcəkdir.
Mənim qismətimə bir quru həsrət,
Kiməsə səadət bəxş edəcəkdir.

ZİM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: