Elmə sadiqlik nümunəsi: HƏMİD ARASLI

Elmə sadiqlik nümunəsi: HƏMİD ARASLI Akademik Həmid Araslının anadan olmasının 110 illiyi tamam olur. Bu münasibətlə 2019-cu il fevral ayının 12-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin inzaladığı “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında“ sərəncamda ədəbiyytaşünaslığımızda böyük bir epoxanın rəmzinə çevrilmiş alim belə xatırlanır:

“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir”.


Sərəncamda daha sonra Azərbaycan ədəbiyyatşünaslı-ğının gələcək hədəfləri üçün bütövlükdə baza yaradacaq qədər xidmətləri olan Həmid Araslının elmi yolu belə ümumiləşdirilir:
“Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi
və dolğun mənzərəsinin yaradılması onun mühüm
elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır”.


Həmid Araslı, bütün bunlarala bərabər, həm də o alimlər cərgəsində yer alır ki, o, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu əlaqələndirə bilmişdir. 1909-cu ildə Gəncədə, dövrünün mükəmməl təhsil görmüş proqressiv alim-ruhanilərindən biri kimi qəbul edilən Məmmədtağı Ərəszadənin ailəsində dünyaya gələn Həmid Araslı ilkin olaraq mədrəsə təhsili alır, bu təhsil isə gələcəkdə nəinki onun, həmçinin ədəbiyyatşünaslığımızın həyatında mühüm rol oynayacaqdır. Gəncə Darülmüəllimi Seminariyasında təhsilini bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayan gənc Araslı az müddətdən sonra bu günkü Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olundu və burada təhsil aldığı illərdən elmi axtarışlarının istiqamətini seçdi. Sonralar təkcə Azərbaycan ədəbiyyatşünaslığında deyil, ümumən Şərq ədəbiyyatında hadisə kimi qiymətləndiriləcək konkret nəticələr tələbəlik illərindən seçilmiş həmin istiqamətlərdə əsas yollardan biri olacaqdır. Azərbaycan mətnşünaslığını keyfiyyətcə yeni mərhələyə qaldıran Həmid Araslı öz elmi axtarışlarının nəticəsi olaraq gələcək ədəbiyyatşünaslarla bərabər, dilçilər üçün də yeni tədqiqatlar üçün konkret hədəflər müəyyənləşdirdi. Məlumdur ki, dil səviyyələrinə aid vahidlərin- fonem, heca, intonasiya, söz və söz birləşmələrinin, hətta cümlələrin elə spesifik çalarları var ki, ancaq bədii mətndə özünü göstərir. Həmin spesifik çalarlar mətndə detal rolunu oynamaqla bərabər, hər bir dilin özünəməxsus ifadə imkanlarını genişləndirir. Ona görə də elmdə “hər bir mətn mütəşəkkil bir təşkilatdır” fikri birmənalı olaraq qəbul edilən tezislərdəndir. Buna görədir ki, həmin “təşkilatın” öyrənilməsi bədii mətnlərin araşdırılmasında başlıca vəzifələrdən birinə çevrilir və mətnlərin öyrənilməsində açar rolunu icra edir.

Azərbaycan mətnşünaslığının müasir standartlarda yaradılmasının əhəmiyyəti barədə ona görə dayanmalı oluruq. Ona görə xüsusi olaraq vurğulamaq lazım bilirik ki, təkcə Azərbaycan yazılı ədəbiyyatının deyil, müxtəlif zamanlarda yazıya köçürülmüş folklor nümunələrinin də metodoloji şəkildə araşdırılıb öyrənilməsində akademik Həmid Araslının müstəsna xidmətləri ədəbiyyat və dil tarixində həmişəlik qalacaqdır.

Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şerinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir. Onu yada salaq ki, Həmid Araslının bir mətnşünas alim kimi formalaşması ideoloji baxımdan milli kimliyin qabardılmasının məqbul sayılmadığı dövrün mühitində baş verirdi. Bu həmin dövrlər idi ki, milli dəyərlər üzərində köklənmiş Azərbaycan Demokratik Respublikasının süquta yetirilməsindən 10-15 il müddət keçməsinə baxmayaraq, həmin milli kimliyin qabardılmasından ehtiyat edənlər var idi. Belə bir zamanda Azərbaycan xalqının etnogizini öyrənmək baxımından əlahiddə əhəmiyyətə malik bir nümunə üzərində işləməyin nə demək olduğunu təsəvver etmək çətin deyil. Həmid Araslı ideoloji xəttin yaratdığı tabular və hətta həmin tabular çərçivəsində yazıb-yaradan insanları belə repressiya maşınının bıçaqlarından keçirildiyi zamanlarda milli dəyərlər üçün axtarışda olan ziyalılardan oldu.

O, totalitar rejimin mahiyyətindən doğan basqılar altında Azərbaycan ədəbiyyatı ilə bağlı ancaq SSRİ-də deyil, həmçinin Türkiyə və Yaxın Şərqdə aparılan tədqiqatları izləyəməklə yanaşı, ədəbiyyatımız və onun nümayəndələrinə qarşı bilərəkdən və yaxud bilməyərəkdən ortaya atılan qərəzli və səhv mülahizələrə qarşı çıxırdı. Buna görədir ki, istər həmin vaxtlar, istərsə də sonrakı mərhələlərdə Azərbaycan ədəbiyyatının sistemləşdirilərək öyrənilməsini metodikasının elmdə bərqərar olunmasında onun əvəzsiz xidmətləri olmuşdur. Həmid Araslının 1943-1944-cü illərdə nəşr olunmuş ikicildliyin - "Müxtəsər Azərbaycan ədəbiyyatı" tarixinin ilk cildində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsi verilmiş, o əsrlərdə yaşayan sənətkarların dolğun portretlərini yaratmışdır. Buna görədir ki, “Müxtəsər Azərbaycan ədəbiyyatı”nın ikicildliyi nəşr edilərkən ədəbiyyatşünaslıqda hadisə kimi qarşılandı. Görülmüş işlər son deyil, əksinə, yeni perspektivlər üçün başlanğıc idi. Fikrimizin təsdiqi olaraq onun Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı fundamental xidmətlərindən birini, 1960-cı ildə nəşr etdirdiyi, gərgin zəhmət və ardıcıl elmi axtarışların nəticəsi olan “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyini göstərmək olar. Azərbaycan oxucusu ilk dəfə Həmid Araslının “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyində XIII-XIV əsrlərdə yaşayıb yaratmış sufi şairimiz İzəddin Həsənoğlunun yaradıcılığı ilə tanış ola bilmişdi. Üstəlik, o zamankı Azərbaycan ədəbiyyatşünaslarının diqqətinə ilk dəfə XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndin tərtib etdiyi, bir sıra Azərbaycan şairləri haqqnda məlumat verən “Təzkirətüş- şüəra” əsərini çatdıran da Həmid Araslı oldu. Ümiyyətlə, 1960-cı ildə nəşr olunan üçcildlik təkcə İzzəddin Həsənoğlunun deyil, Qazi Bürhanəssin, İmadəddin

Nəsimi, Şah İsmayıl Xətai, Nemətullah Kişvəri, gənc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun, daha sonra Şah İsmayılın saraylarında öz gözəl şeirləri ilə böyük şöhrət qazanmış Həbibinin, Qövsi Təbrizinin, Saib Təbrizinin, Ruknəddin Məsud Məsihinin, Fədai Təbrizinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və ardıcıl olaraq digər söz ustadlarının haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələrlə diqqəti çəkirdi.

Bütün bunlarla bərabər, əlbəttə, Həmid Araslının elmi tədqiqatlarında təkcə Azərbaycan ədəbiyyatı deyil, həmçinin bütün Şərq poeziyasında öz yaradıcılıqları ilə yeni istiqamət, yol yaradan Nizaminin və Füzulinin bədii irsinin araşdırılması xüsusi qeyd olunmalıdır. Bu həmin dövr idi ki, o, istər SSRİ məkanında, istərsə də dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşmış, "Şairin həyatı", "Nizami Gəncəvi əsərləri" və ayrı-ayrı tədqiqat nümunələrini əks etdirən digər kitablar, elmi məqalələr dərc etdirərk böyük şairin öz yerini göstərməyə müvəffəq olmuşdu. Həmid Araslı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edə bilmişdi. Apardığı elmi tədqiqatlar nəticəsində alim Nizami Gəncəvinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini sübut edən əsaslar təqdim edə bilirdi. Məhəmməd Füzulinin poetik fikir imkanlarının sərhədlərini də ilk olaraq elmi şəkildə müəyyənləşdirən tədqiqatçı Həmid Araslı olmuşdur. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekununu əks etdirən, rus və Azərbaycan dillərində nəşr olunan "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyası buna görə idi ki, həm keçmiş SSRİ, həm də dünya türkdilli ədəbiyyatşünaslığında hadisə kimi qəbul olundu. O, Füzuli irsinin mükəmməl olaraq müasirləri olan oxuculara çatdırılması üçün çalışıb. Təsadüfi deyil ki, şairin divanının 1958-ci il nəşrinə müqəddimədə bunun qətiyyən asan olmadığını belə ifadə edir: “Füzuli öz əli ilə tərtib etdiyi divanında belə, bütün qəzəllərini toplaya bilməmişdi”.

Qələm olsun əli ol katibi-bədtəhririn
Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.
Gah bir hərf süqutilə qılur nadiri nar,
Gah bir nöqtə qüsurilə gözü kur eylər.


- misralarını yada salan alim buna görədir ki, şairin divan nüxsələrini müqayisə edərkən təhriflərin çoxluğunu bu cür ifadə edir:

“Biz müqayisədə çap və yazma nüsxələrdəki təhriflərin hamısını nəzərdən keçirə bilmərik. Belə bir müqayisə Füzuli divanı həcmi qədər başqa bir əsərin yaranmasına səbəb olardı. Biz yalnız bir neçə əsas təhrifi göstərməklə geniş yayılmış çap nüsxələrinin dəyərini müəyyənləşdirib, onlar haqqında yürütdüyümüz fikri əsaslandırmağa çalışacağıq. İstanbul nüsxəsindəki təhriflərin müəyyən hissəsi şairin işlətdiyi qədim Azərbaycan sözlərini yeni sözlərlə əvəz etmək meylindən irəli gəlmişdir. Belə təhriflər bəzən mənaya təsir etməsə də, şairin həqiqi dil ehtiyatını müəyyənləşdirməyə imkan vermir”.

Həmid Araslının ədəbiyyatşünaslığımızın ardıcıllığına görə seçilən ən görkəmli nümayəndəsi kimi bu gün də qəbul edilməsinin sirrini onun yaradıcılıq biblioqrafiyasına ötəri nəzər salmaqla da öyrənmək mümkündür. Həmin biblioqrafiyada ədəbiyyatşünaslığımızı narahat etmiş hansısa mövzudan yayınmanı belə görmək olmaz. Nəsiminin özü və yaradıcılığı ilə bağlı qaranlıq, tərəddüdlü fikirlərin dominantlığı zamanında alim uzun illər tədqiqatılarının nəticəsi ilə gündəmə gəldi. Həmid Araslı Nəsiminin 600 illik yubileyi ərəfəsində nəşr olunan "İmadəddin Nəsimi" kitabçasında şairin həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirmiş, Nəsimi şeirinin dil və poetik ifadə gözəlliklərindən söz açaraq elmi qənaətlərini bölüşdürdü. Həmin qənaətlər isə alimin özünün nüfuzu kimi birmənalı idi.

Bütün bunları qeyd etməklə bərabər, onu vurğulayaq ki, Həmid Araslı mətnşünas alim kimi xüsusilə məhsuldar olmuşdur, onun bu sahədəki fəaliyyəti Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ təşkil edir. Alim bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparır, sözlük və şərhlərə yenidən nəzər salır. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən mötəbər sayılır. Yada salaraq qeyd edək ki, Həmid Araslı lap gənc yaşlarında, 1939-cu ildə "Kitabi-Dədə Qorqud" dastanını nəşr etdirməklə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərmişdir. O xüsusatı qeyd edək ki, Həmid Araslı əsərin nəşri ilə yanaşı onun tədqiqi və təhlili ilə də ciddi məşğul olmuşdur. O, türk xalqlarının müştərək eposu olan "Kitabi-Dədə Qorduq"da dil, üslub, hadisələrin cərəyan etdiyi məkan etibarilə Azərbaycanla bağlılığını konkret dəlillərlə əsaslandırmağa müvəffəq olmuşdur. Alim, həmçinin, dastanda çətin anlaşılan müasir Azərbaycan dilindən çıxmış bir çox kəlmələrin folklor və klassik şairlərin əsərlərində işlənməsini bədii nümunələrlə təsdiq edərək abidənin dilinin Azərbaycan dilinə yaxınlığını göstərmişdir.

Uzun illərin və gərgin əməyin nəticəsi özünü göstərdi. Nəhayət, 1950-ci ildə Həmid Araslı Məmmədhüseyn Təhmasiblə birlikdə akademik Vasili Bartoldun "Dədə Qorqud" əsərini rus dilində, müqəddimə və şərhlərlə birlikdə çap etdirəndə isə qaragüruh işə düşdü. "Kitabi-Dədə Qorqud" dastanının mürtəce əsər kimi təqdim edən insanlar bu dəfə də ötən əsrin 30-cu illərinə xas olan hökmlər belə verməkdən çəkinmirdilər. Yeri gəlmişkən, həmin mənzərəni Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev “Kitabi- Dədə Qorqud” ensiklopediyasına yazdığı “Ön söz”də belə qeyd edir: "O dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmurdu ki, orada "Dədə Qorqud" tənqid olunmasın. 1951-ci ilin may ayında Azərbaycan Yazıçılar İttifaqının iclasında Həmid Araslının qeyri-səmimi olduğu xüsusi vurğulandı. Səhvini boynuna almadığına görə işdən çıxarıldı. Mirzə İbrahimov, Səməd Vurğun, Mikayıl Rəfili, Mikayıl Quluzadə və başqaları öz "səhvlərini" boyunlarına alsalar da, onlara qarşı keçirilmiş kampaniya hələ bir müddət davam etdi".

Nə qədər kədərli olsa da belə bir tarixdən keçib gəldiyimizi yada salmaq lazımdır. Onu da xatırlatmağı lazım bilirik ki, xalqımızın yaratdığı ən möhtəşəm incilərdən biri olan bu dastana münasibət xeyli davam etdi. Nəhayət, 1957-ci il

mart ayının 26-da respublikanın bir nömrəli qəzeti olan “Kommunist”də Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif və Məmmədhüseyn Təhmasibin imzası ilə “Dədə Qorqud dastanları” adı ilə çap olunan məqalə eposa qarşı hücumları dayandırdı. Həmin ildə sovet türkoloqlarının cərgəsində Türkiyəyə , Türk Dil Qurumunun VIII qurultayına gedən Həmid Araslı orada “Dədə Qorqud dastanı” adlı məruzəsini təqdim etdi.

Eposa qarşı basqılar səngisə də bu sənət incisinin hərtərəfli tədqiqata cəlb edilməsi Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu. 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyindəki məruzəsində bu barədə danışan Ulu Öndər Heydər Əliyev ikicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyasına yazdığı "Milli varlığımızın mötəbər qaynağı" məqaləsində dastanın bədii və tarixi əhəmiyyətini belə göstərirdi: "Dünya qorqudşünaslığı "Kitabi-Dədə Qorqud"un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. "Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir".

Kiçicik yazımızda böyük alimin ədəbiyyat qarşısında xidmətlərindən söz açmaq istədik. O, elmdə xidmətlərinə görə layiq olduğu bütün yüksək adları aldı: professor, akademik, əməkdar elm xadimi. Bütün bunlarla bərabər, tələbələrimiz, gənc alimlərimizə Həmid Araslının elmə sədaqəti haqqında danışmağımız isə, hesab edirik ki, mütləq lazımdır.
Elmə sadiqlik nümunəsi: HƏMİD ARASLI
Mahirə Hüseynova,
ADPU-nun Filologiya fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru, professor


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi  ...

ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi ...

ADPU, "Elm və Təhsil"
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Rəsmi Xəbərlər, Humanitar elmlər, Təbriklər
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər
Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

AzTU
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub

Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub

BDU, MEDİA
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
Ad Günün Mübarək, HƏMİD ORMANLI!..

Ad Günün Mübarək, HƏMİD ORMANLI!..

Başkeçid, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

"Zirvə", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Badano Elizbar Cavelidze!

Badano Elizbar Cavelidze!

Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: