XATİRƏ HƏZİN (QƏDİMOVA): "BİRİN SƏN DE..."

XATİRƏ HƏZİN (QƏDİMOVA): "BİRİN SƏN DE..." NƏĞMƏLƏR

Əllərim duada dərdin əlindən,
Əridi,üzüldü qələm əlimdən.
Eh,nə edim,heç nə gəlmir əlimdən
Düşəndə çətinə,düşəndə dara
Nəğmələr deyirik vəfasızlara.

Ən şirin vədələr həqiqət olmur,
Nəsə,istək olur,sədaqət olmur.
Ötəri duyğular məhəbbət olmur,
Qəlbini bənzədib çatlayan nara,
Şair nəğmə deyir vəfasızlara.

Laləsi alışmır,düzə nə gəlib?
Baxışı danışmır,gözə nə gəlib?
İlahi sevgilər gözəmi gəlib?
Sevgi ağacından çəkildik dara,
Nəğmələr deyirik vəfasızlara.



BİRİN SƏN DE

Bülbül gülnən görüşür,
Birin sən de,birin mən.
Meh şeh ilə öpüşür
Birin sən de, birin mən.

Fırlanır çərxi -fələk,
Çıxır üzə min kələk.
Hər çiynimdə bir mələk
Birin sən de,birin mən.

Həyatın özü yarış,
Dolandıq qarış-qarış.
Son yerimiz beş qarış
Birin sən de, birin mən.

Güldən çəkmişəm gülab,
Sözdən bağladın kitab,
Mən göz yaşı,sən şərab,
Birin sən de, birin mən.

Masama qonub ilham,
Ahımdan əriyib şam.
Nə yazmısan bu axşam?
Birin sən de, birin mən.


NƏRGİZİM

Günəş verir gül -çiçəyə hərarət,
Sənçün əsir soyuq külək, nərgizim.
Ləçəyində bir ilahi təbəssüm,
Gözlərində arzu -dilək, nərgizim.

Xəzan olar,xəzəl üstə nar düşər,
Sən açanda boran düşər,qar düşər,
Vəfalıya bir vəfasız yar düşər,
Gileylənmək nəyə gərək, nərgizim.?

Təbiətin ecazkar mənzərəsi,
Məsudluğun ən həzin xatirəsi.
Baxışların-duyğuların tam əksi.
Ağ qar üstə yaşılköynək nərgizim.

Elə sənin kimi, gül açır qələm,
Xoş ətrindən bihuş olur bu aləm,
Gözümü oxşayan,ruhuma məlhəm
Yaz nəfəsli,nazlı çiçək nərgizim.

Əsən yellər qamətini əydimi?
Soyuq əllər gül xətrinə dəydimi?
Səni dərən,səni sevib,dərdimi?
Sən gözələ qıymaz ürək, nərgizim.

Xəzinələr zər gizlər,
Qızıl gizlər,zər gizlər,
Ürək kimi titrəyir
Qar içində nərgizlər.


ŞƏHİDLƏRİN EŞQİNƏ

Vətən,sağ olsun başın
Ağırdır sənin daşın.
Azadlıq uğrundadır
Tarix boyu savaşın.

Dolan bağı,gəz dağı,
Dərə,təpə, düz , dağı.
Bu dağlar bizim dağlar
Düşmənlərə gözdağı.

Yarıbdır düşmən başı,
Vətən daşı, yurd daşı.
Ürəkdə Vətən eşqi
Damarda qan yaddaşı.

Sən Vətənçün doğuldun,
Mərd,qeyrətli oğuldun.
Vətən sağ olsun deyə,
Uğrunda şəhid oldun.

Azadlıq eşqi ilə
Yanırdı ürəkləri.
Şəhidlərə baş əydi
Cənnətin mələkləri.

Səma nədi,göy nədi,
Yaşıl nədi,göy nədi.
Sizin üçün şəhidlər
Ürək yandı,göynədi.

Şəhid qanı axıbdır
Torpağa damla-damla,
Al lalələr bitəcək
Sinəsi qara dağla.

Vətəni abad edək
Ürəkləri şad edək.
Ən əziz günümüzdə
Şəhidləri yad edək!

Zülmə boyun əyməyin
Belə buyurub Quran.
Yansın azadlıq eşqi
Bir olsun Azərbaycan!


KÖNLÜM

Həzin nəğmə dərd ovudur,
Yanan qəlbə məlhəm odur.
Bu od, əcəb,yanar oddur,
Alış könlüm,alış könlüm.

Ürək mücrü saf duyğuya,
Yar istədim,məni duya.
Öz sirrini axar suya
Danış könlüm, danış könlüm.

Ümid getdi,qapın bağla,
Öz yasına özün ağla.
Şər qarışır, tənhalığla
Barış könlum, barış könlüm.


HEYİF OLUR

Qış ötür,yazqabağı
Geri dönür sazağı.
Şaxta vurur budağı
Çiçək də heyif olur.

Dağda açanda güllər,
Arı şirəsin çəkər.
Bala qatılsa şəkər,
Pətək də heyif olur.

Niyyətimiz saf,təmiz
İnsan var, zatı iblis..
Namərdə verdiyimiz
Çörək də heyif olur.

Bunu deyim,bu başdan
Ağıl çıxmasın başdan.
Eşq umsan,qəlbi daşdan
Ürək də heyif olur.


RÜBAİLƏR

Başıma tökməyə kül gətirməzlər,
Gözlərin yaşıyla gül bitirməzlər.
Ümid yerim-kəpənəyin qanadı
Onu da,qırmamış əl götürməzlər.

Yuyur gül-çiçəyin ləçəyin yağış,
Nə göz yaşlı olsun,nə qəmli baxış.
Ömrün səhfəsinə heç yazılmasın
Tənha otaq,uzun gecə,soyuq qış.

Qoy doğsun günəşin,açsın sabahın,
Yanınca gölgə tək gəzir günahın.
Göz yaşım islatdı ağ dəsmalını
Vaxt gələr,o nəmi qurudar ahın.

Ey ilham pərisi,sənə əsirəm,
Gör, hər kəlmə üstə necə əsirəm?
Saatın əqrəbi qayçıya dönüb,
Deyir ki,ömürdən,gündən kəsirəm.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: