SUBHAN BAQİ (1947)

SUBHAN BAQİ (1947) Subhan Baqi (Subhan Həzərxan oğlu Baqiyev) - 3 apreı 1947-ci ildə Masallı rayonunun Ərkivan kəndində ruhani ailəsində anadan olub. Orta təhsilini C.Cabbarlı adına Ərkivan kənd orta məktəbində alıb. Məktəbdə oxuduğu illərdə humanitar fənnlərə, poeziyaya daha çox həvəs göstərib. Bir neçə dəfə şeir qiraəti üzrə gözəl ifa tərzinə görə keçirilən uşaq olimpiadalarında iştirak edib və birinci yerə layiq görülmüşdür. Həmin illərdə "Azərbaycan gəncləri""Çağırış" qəzetlərində məqalələri və ara-sıra şeirləri ilə çıxış edib.
1964-cü ildə AzPİ-yə (Azərbaycan Politexnik İnstitutuna, indiki AzTU-ya – Azərbaycan Texniki Unuversitetinə) daxil olub. İnstitutda oxuduğu illərdə "Politexnik" (indiki “Ziya”) qəzetinin ən fəal ştatdankənar müxbirlərindən olub və həmin qəzetdə məqalələri ilə yanaşı şeirləri də dərc olunub. Ali məktəbdə təhsil aldığı illərdə M.Ə.Sabir adına və V.İ.Lenin adına kitabxanada təşkil olunmuş seir dərnəklərində iştirak edib. 1969-cu ildə AzPİ-nin Mexanika fakültəsini bitirib, mühəndis-mexanikdir. Əmək fəaliyyətinə Saransk Avtosamosval zavodunda mühəndis-konstruktor kimi başlayıb. İnstitutu bitirdikdən sonra tam başqa sahədə çalışdığına görə ədəbi fəaliyyətdən uzaqlaşıb. Keçən əsrin 78-ci ilində Moskvada Kuybışev adına tikinti maşın-mexanizmlərinin idarə olunması üzrə institutda təkmilləşdirmə kursunu əla qiymətlə bitirib. 80-cı illərdə İrəvanda, daha sonra Moldaviyada Ümumittifaq miqyasında keçirilən təcrübə mübadilələrində olub.
Hərbi təhsili olduğuna görə (ehtiyatda olan mayordur), həmçinin, on ildən yuxarı istehsalatda işləməklə yanaşı Ərkivan orta məktəbində "hərbi texniki hazırlıq" fənnini şagirdlərə tədris edib.
Hazırda təqaüddədir. Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayır.

Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub. "Mən yazmaq istəyirəm""İki ecazkar səs" adlı iki kitabın müəllifidir.

Biz də Sübhan Baqiyə yeni-yeni uğurlar arzulayırıq və onun bir neçə şeirini aşağıda dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

DÜNYANIN

Sevinci qətrədir, kədəri ümman,
Yolu kələ-kötür, havası duman,
Xoşbəxt gələcəyə qalmayıb güman,
Quruca hallanır adı dünyanın.

Bürüyüb fəzanı barit qoxusu,
Dözə bilmir insanların çoxusu,
Zülm əhlində olmaz Allah qorxusu,
Daha qalmayıbdı dadı dünyanın.

Anaların gözü yolda qalıbdı,
Qız-gəlinlər qüssədən saralıbdı,
Nalə səsi ərşə lərzə salıbdı,
Bilinmir doğması, yadı dünyanın.

Subhan, niyə insan gözü doymayır?!
Bilir, fələk o saydığın saymayır,
Tikdiyindən bir daş belə qalmayır,
Son anda yox gedən şadı, dünyanın.
Yox sonda tərk edən şadı, dünyanın.
08. 10. 2023

UŞAQ OLMAQ İSTƏYİRƏM

Uşaq olmaq istəyirəm...
O sayğılı, o duyğulu,
O kədərsiz, o dərd-sərsiz;
Bəzən gülüb-qığıldayan,
Bəzən kükrəyib-çağlayan,
Lap qışqırtı ilə ağlayan;
Xəyallarla, arzularla dolu olan,
Saf həqiqət, əsil həyat yolu olan
Günlərimə, illərimə,
Hər bir sözü söyləyəndə
böyüklərçün o bal dadan dillərimə
Mən qayıtmaq istəyirəm!
Uşaq olmaq istəyirəm;
Əvvəlkitək lap xırdaca,
bap-balaca.
İsti ana qucağında,
Lap uşaqlıq qundağında,
İlıq ana nəfəsiylə,
O həzin layla səsiylə
Rahat yatmaq istəyirəm!
Uşaq olmaq istəyirəm;
Bu dolambaclı dünyanın,
Bu dünyanı çaxnaşdıran hər bir anın
gedişindən, şər işindən,
Hər əməli saxta olan,
Ürəkləri buz bağlamış şaxta olan,
İkiüzlü, fəsildifət nadanların
O məkrli üzlərini, gözlərini,
Yalan, böhtan, evlər yıxan sözlərini
Mən unutmaq istəyirəm!
Uşaq olmaq istəyirəm;
Ədalətsiz, həm ismətsiz,
Həm iffətsiz insanlardan,
Qəlbi ölmüş bu canlardan
uzaqlaşıb,
Gözəlliklə, zənginliklə, təmkinliklə,
təmizliklə, həm mərdliklə çulğalanmış
öz dünyamda,
Uşaqlaşıb
qərar tutmaq istəyirəm!
Uşaq olmaq istəyirəm;
Hər cür kini-küdurəti,
pis xisləti, ziddiyyəti,
bəd niyyəti atmaq üçun.
O zamankı o pak, ülvi
xəyallara, arzulara çatmaq üçün.
Pərvaz edib, uçub gedib,
Səmadakı aya, günə, ulduzlara
öz yolumu salmaq üçün,
Lap ordaca qalmaq üçün.
Bu dünyanın acısından, qayğısından,
zəhərindən, qəhərindən
Uzaq olmaq istəyirəm!
Uşaq olmaq istəyirəm!


GETDİ

Bu dünya Tanrıdan misilsiz nemət,
Kiminə cəhənnəm, kiminə cənnət,
Həyat başdan-başa fəlsəfə, hikmət,
Çoxu feyz almadı, düymadı, getdi.

Aqillər, ariflər, uzaqgörənlər,
Ömrün binasını düzgün hörənlər,
Qəlbini Vətənə, elə verənlər,
Heç zaman dünyaya uymadı, getdi.

Kim cahan mülkünə qəlbən vuruldu,
Həsəd atəşində yandı, qovruldu,
Vücudu haramdan, kindən yoğruldu,
Nə iffət, nə ismət qoymadı, getdi.

Pulu, mal-dövləti əziz tutanlar,
"Nəhəng ağac" kölgəsində yatanlar,
İmanını, mənliyini satanlar,
Dini, axirəti saymadı, getdi.

Yoxsula, kasıba baxıb gülənlər,
Özünü hamıdan üstün bilənlər,
Zor işlədib el malını yeyənlər,
Nəfsin qulu oldu, doymadı, getdi.

Milyardları əlində cəm edənlər,
Daim başqasının cibin güdənlər,
Qəlbi daşdan olan ruhsuz bədənlər,
İnsanlıq donunu geymədi, getdi.

Subhan, bu dünya bir səhraya bənzər,
Hər gələn qonaqdır, seyr edər, gəzər,
Kimi səxavətlə eyləyər güzər,
Kimi qəpiyinə qıymadı, getdi.


GÜLŞƏNİM MƏNİM

Ayrılq sözünü gətirmə dilə,
Qəlbimdən keçəni sən bilə-bilə.
Bulbul yadırğarmı heç qızılgülə?!
Ey məni məndən çox sevənim mənim.

Sənsiz bil, döyünməz ürəyim mənim,
Süstləşər vücudum, donar bədənim,
Sən müşkü-ənbərim, gülüm, süsənim,
Solmaz laləzarım, gülşənim mənim.

Huriyyə mislində, mələksimasan,
Günəştək atəşli, Aya ziyasan,
Hikmətdən yoğrulmuş bir övliyasan,
Rəqiblər bağrını üzənim mənim.

Sübhün şəbnəmisən, can məlhəmisən,
Ruha qida verən haqqın səsisən,
Baqinin könlünün tər qönçəsisən,
Sonatək dövrəmdə süzənim mənim.
17.10.2022

DANIŞIR

Elə bil dünyanın dadı dəyişib,
Qohumu-qardaşı, yadı dəyişib,
Yaşamaq tərzinin adı dəyişib,
Hamı top-tüfəngdən, zordan danışır.

Məkr, hiylə, kələk həddini aşır,
Həqiqət - yolundan büdrəyib çaşır,
Aqil susur, nadan hey coşub-daşır,
Qurduğu tələdən, tordan danışır.

Gözlülər mat qalıb, görə bilməyir,
Haqqın binasını hörə bilməyir,
Əsil simasına girə bilməyir,
Hamı tərifləyir, kordan danışır.

Molla cilalayıb sözün tonunu,
Başqa cür geyinir indi donunu,
Cümlənin əvvəlin, həm də sonunu,
Nə qəbirdən, nə də gordan danışır.

Subhan, fikirləşmə yaşamaq çətin,
Gərək İlahidən gəlsin qüdrətin,
Susmasa vicdanın olarsan mətin,
Vicdanlı gövhərbar, nurdan danışır.

ƏMƏYİNLƏ HÜNƏR GÖSTƏR

Bəşər, tutduğun əməllər,
Bir gün "mizan"la* ölçulər.
Süstləşər o güclü əllər,
Dostdan-tanışdan üzülər.

Yerə, göyə sığmayırsan,
Öz nəfsini boğmayırsan,
Hey yığırsan doymayırsan,
Vaxt gələr belin bükülər.

Ömür-ğün əbədi deyil,
Salma pula bunca meyil,
Haram yolla yığdığın bil,
Gec-tez burnundan tökülər.

El malına əl uzadan,
İmanı paraya satan,
Ona-buna kəmənd atan,
Nə utanar, nə ar bilər.

Əməyinlə hünər göstər,
Yaşamaq kamillik istər,
Əsil insan, əsil bəşər,
Rəbbindən mərhəmət dilər.

Subhan, güvən Allahına,
Ümidlə bax sabahına,
Kasıb-kusubun ahına
Tuş olan zillətlə ölər.
14. 10. 2023.

* - "Mizan" - a) leksik (lüğəti-hərfi) mənası "tərəzi" deməkdir;
b) İstilahi mənası əməllərin Allahın müəyyən
etdiyi şəkildə çəkilməsidir;
v) Məcazi mənası - ağıl, düşüncə deməkdir.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: