AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI

AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI
AFTANDİL QƏMƏRLİ
(1939)

Aftandil Cəlal oğlu İsgəndərov (Qəmərli) 1939-cu il fevralın 28-də Ulu Borçalının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı əsrarəngiz təbiətə malik Qəmərli kəndində dünyaya göz açıb. Atası Cəlal kişi Cənubi Azərbaycanın Xoy şəhərindən, anası Tükazban xanım isə elə Başkeçidin ən qədim türk kəndlərindən olan Qəmərli kəndindəndir. Ömür-gün yoldaşı Qələmzər xanım da poeziya həvəskarıdır. Üç oğulları, Aysel və Aytac adlı şirin-şəkər nəvələri var.
Erkən yaşlarından saza, sözə, şeirə, poeziyaya böyük maraq göstərən Aftandil Qəmərlinin ilk şeirləri hələ Qızılkilsə kənd orta məktəbində oxuduğu illərdə Başkeçiddə nəşr olunan “Trialeti” rayon qəzetində, bir qədər sonra isə Tbilisidə nəşr olunan “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində, daha son¬ralar isə Bakıda nəşr olunan “Yurddaş” “Şərqin səsi” qəzetlərində, “Borçalı ulduzları” (2001) məcmuəsində işıqüzü görüb.
Aftandil Qəmərli həm də müxtəlif vaxtlarda radio və televiziya verilişləri vasitəsilə azərbaycanlı poeziyaseverlərin qonağı olub. Xüsusilə də onun AzTV-nin “Turan”, “Dastan”, “Yazı”, “Dostun evi könüllərdir” və s. verilişlərindəki çıxışları daha yaddaqalan olmuşdur.
2008-ci ildə gənc və istedadlı qələm sahibi Babək Hüseynoğlunun xeyirxahlığı və redaktorluğu ilə Bakıdakı “Yazıçı” nəşriyyatı tərəfindən şairin “Borçalıdan gələn səslər” adlı ilk şeirlər kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.
Bəri başdan deyək ki, redaktorun elə annatasiyada qeyd etdiyi kimi, 306 səhifəlik “Borçalıdan gələn səslər” kitabı Aftandil Qəmərlinin oxucularla ilk görüşü olsa da, özü kimi şeirləri də zülmətləri yarıb gələn və insana ümid verən işığı xatırladır. İllərlə qəlbinə hopmuş vətən, Qarabağ dərdini, məhəbbət və dostluq hisslərini özünəməxsus deyim tərzilə izhar edən müəllifin kitabda toplanan şeirləri onun mənəvi dünyasının güzgüsüdür.
Kitaba filologiya elmləri namizədi Ramin Hacızadə “Poetik ovqatın səmimi ifadəsi” sərlövhəli ön söz yazmışdır. Ön söz belə nir sözlərlə başlayır:
“Deyirlər, peyğəmbərlərdən sonra şairlər Allahın ən sevimli bəndələridir. Bu sevgidəndir ki, Allah şair yaratdığı bəndələrinə fitri istedad bəxş edib onları sözlə baş-başa qoyur. Əlbəttə, söz dəryasının qəvvası olmaq olduqca şərəfli bir missiyadır. Bu missiyanın daşıyıcılarından biri də şair Aftandil Qəmərlidir.”
Bəli, həqiqətən də belədir. Aftandil Qəmərlinin poetik dünyası çox əsrarəngiz, təbiidir. Bu dünya ilə baş-başa qalanlar ilk öncə şair səmimiyyətinin şahidi olurlar.

Gözəl el məsəli deyib atalar:
“El bir olsa zərbi kərən sındırar”.
El oğluyam, məndə el qeyrəti var,
Qorxutmaz nadanlar, lovğalar məni.

Şairin şeirlərinin əsas leytmotivini vətənə, yurda məhəbbət, ailəyə, qohum-əqrəbaya, dost-tanışa bağlılıq təşkil edir. Vətə¬ninə və ailəsinə ürəkdən bağlı olan Aftandil Qəmərlinin demək olar ki, bütün şeirlərində bu məhəbbət poetik ovqatın səmimi ifadəsinə çevrilir.

Nə müddətdir əziz dostu görmürəm,
Yarəb, kimin ondan bir xəbəri var?
Ayrılmağın vallah ömrü az olur,
Zülmət gecələrin al səhəri var.


Və ya:
Gülə-gülə qarşıladım,
Gözlədiyim anı, oğul.
Qurban olum baxışına,
Ey evimin xanı oğul.


Yaxud:
Deyirlər şirindir oğuldan nəvə,
Övladda nəvədir, dövlətdə dəvə,
Nəvələr çıraqdır, işıqdır evə,
Daha zülmətləri qovasıyam mən.


Şairin həyat yoldaşı Qələmzər xanıma ithaf etdiyi şeirlər bəşəri məhəbbətdən, əbədiyaşar, ölməz sevginin ülviliyindən xəbər verir. Aftandil Qəmərli doğulub, boya-başa çatdığı doğma Vətən torpağının çörəyini itirmir, ulu Borçalıya olan məhəbbətini misraların dili ilə oxucusuna çatdırır:

İgidlər Vətəni, mərdlər diyarı,
Gözəllər obası, eli Borçalı.
Səndən ayrı düşsəm illər boyunca
Sızıldar qəlbimin teli, Borçalı.


Bununla belə o, doğma Vətəni Azərbaycanı da unutmur. Vətənimizin gözəlliklərini şair qələmi ilə vəsf edir. İşğal olunmuş torpaqlarımızın azad olunması üçün Vətən təəssübünü çəkən bir oğul kimi fəryadını poetik dillə ifadə edir:

Əziz diyar, odlar yurdu,
Azərbaycan, qalx ayağa!
Bu gün düşmən hiylə qurdu,
Sən ümidlə bax sabaha,
Azərbaycan, qalx ayağa!


Yurdumuzun bir parçasının erməni qəsbkarları tərəfindən işğal edilməsi şairin şeirlərində ürək ağrısı ilə təsvir olunur. Bununla belə, şair nikbindir, inanır ki, tez bir zamanda torpaqlarımızı geri qaytaracağıq:

Qələbəni biz çalarıq,
Yağını dərdə salarıq.
Düşmənlərdən biz alarıq
İndi qana-qan, Xocalım.


Nəhayət, biz də Ramin qardaşımızın fikirləri ilə həmrəy olduğumuzu bildirir, onun etimadına haqq qazandırır, Aftandil Qəmərlinin uğurlu qələmi, özünəməxsus deyim tərzi, əsl şair səmimiyyəti ilə oxucuların yadında qalacağına və poetik nümunələrinin hər bir oxucu tərəfindən seviləcəyinə inanırıq.
Aşağıda isə Aftandil Qəmərlinin bir neçə şeirini dərc edir, “Ömrünüz uzun, canınız saqlam, qələminiz iti olsun, şair!..” - deyirik...

Müşfiq BORÇALI.
(Bax: "Sazlı-Sözlü Başkeçid", 3-cü cild, Bakı, 2015.)


BORÇALI

İgidlər vətəni, mərdlər diyarı,
Gözəllər obası eli Borçalı.
Səndən ayrı düşsəm, illər boyunca
Sızıldar qəlbimin teli Borçalı.

Yaraşıqsan bayramlara, toylara,
Heyranam səndəki haray-haylara,
Sığmır dərələrə, sığmır çaylara,
Daşanda dağların seli, Borçalı.

Bir mahalsan sən, mahallar başısan,
Gürcüstan üzükdür, sən də qaşısan.
Bir ləlsən, yaqutsan, mirvar daşısan,
Tiflisin gövhəri, ləli, Borçalı.

Ölür, ölməlidir el səndən ötrü,
Sığmır ağızlara dil, səndən ötrü.
Vətən oğullarnın bil, səndən ötrü,
Vallah uzalıdır əli, Borçalı.

Nurlu mayağısan bizim dünyanın,
Şairin, ozanın, alimin, xanın.
Şair Aftandil tək milyon insanın,
Yurdu Borçalıdır, bəli, Borçalı.


BAŞKEÇİD

Laləzar bağçalı, cənnət qoxulu,
Ay mənim dövlətim, malım Başkeçid.
Dilimin əzbəri, ağzımın dadı,
Şirinim, şəkərim, balım Başkeçid.

Anam oldun ayağında süründüm,
Dağlarda dumanda, çəndə göründüm,
Qəlbim üşüyəndə sənə büründüm,
İpəyim, qumaşım, şalım, Başkeçid.

Anam Başkeçidim sənsiz mən heçəm,
İstərəm yolunda canımdan keçəm.
Ab-havadan udam, suyundan içəm,
Xoş olar əhvalım, halım Başkeçid.

A mənim yaqutum, ləlim, kövhərim,
Adın çəkiləndə ucalır səsim.
Söz qoşum hüsnünə min bəzək verim,
Sazda həzin-həzin çalım, Başkeçid.

Əzizdir bu yerin şirindir dadı,
Bəllidir hər yana Başkeçid adı.
Ulu Borçalının əziz övladı,
Qoyma xəyalara dalım, Başkeçid.

Səni görsəm dərdi qəmim, azalar,
Məzarımı sinən üstə qazalar
Aftandili bu yerlərə, yazalar,
Arzum var yanında qalım, Başkeçid.


QƏMƏRLİ

Oyana bəxtimin yatan çağları,
Qalxa bircə qara çuxam, Qəmərli.
Dərəm dağlarından lalə-nərgizi,
İpək saçlarıma taxam, Qəmərli.

Əzəldən arzusu, yolu uğurlu,
Gündüzü günəşli, gecəsi nurlu.
Koroğlu cüssəli, Nəbi qürurlu,
O mərd əllərini sıxam, Qəmərli.

Qəriblikdə artır intizarlığım,
Eldə azad quşam, yoxdur darlığım.
Sənə arxalandım, sənsən varlığım,
Sənsiz bu dünyada yoxam, Qəmərli.

Mən girmişəm igidlərin bəhsinə,
Səsimi qatmışam elin səsinə.
Hərdən seyrə çıxam Pir təpəsinə,
Boylanıb hüsnünə baxam, Qəmərli.

Baxıram boynuna dolanan yola,
Gah sağa burulur, gah da ki sola.
Əyriqar Şindiylə verib qol-qola,
Onların seyrinə çıxam, Qəmərli.

Qəmərli deyilən bir gözəl guşə,
Alt yanı dənizdir, üst yanı meşə.
Sandıq bulağına bir yönüm düşə,
Qarışam suyunda axam, Qəmərli.

Əzəldən var idi bir çal-haçalı,
Yaz gəlsin, yenə də çıxacaq balı.
Göl yeri, Sallama, Camuş xalxalı,
Nə qəribəm burda, nə xam Qəmərli.

Mənim vətən adlı dövlət-varım var,
Keçmərəm elimdən, düz ilqarım var.
Ürəyimdə böyük arzularım var,
Sənə kəc baxanı yıxam, Qəmərli.

Mən şairəm haqdan gəlir gur səsim,
Hələ sağam, kəsilməyib nəfəsim.
Adın çəkiləndə gəlir həvəsim,
Sənsən mənim arım-arxam, Qəmərli.

Qalaça dayanıb göz qabağında,
Neçə sirlər yatır İnək dağında.
Şair Aftandiləm, odlu çağımda,
Pis gözlərə batan oxam, Qəmərli.


ŞAHMARLI

Söykənib dağların xoş gədiyinə,
Hər yanı yamacdı, yaldı Şahmarlı.
Cavandır, milyonlar olsada yaşı,
Deməyin qocalıb, çaldı Şahmarlı.

Yazda el-elatı yollanır dağa,
Çıxır Əyriqara, Qoşa bulağa.
Qış enir arana, əlvan otağa,
Beləcə bir əhli-haldı Şahmarlı.

Gün doğanda çıx Pir təpəsinə,
Qulaq as mal, qoyun, quzu səsinə.
Heç kəs pis deməz ki, öz ölkəsinə,
Belə bir gözəl ad aldı, Şahmarlı.

Ulu Borçalıda vardı ad-sanı,
Yayılıb hər yana şöhrəti-şanı.
İgidlər belinin qılınc-qalxanı,
Gözəllər başına saldı, Şahmarlı.

Bir yanı Başkeçid, bir yan Əyriqar,
Yönü Qəmərliyə, Sindiyə baxar.
Bu elin çox gözəl mənzərəsi var,
Sanki el yanaqda xaldı, Şahmarlı.

Ayrıldı bu eldən neçə can getdi?
Neçə nər gözdəli pəhləvan getdi.
Yazıq Xozeyinin də qəlbi qan getdi,
Neçə şahlar yola saldı, Şahmarlı.

Fərruxun, Cümşüdün, həm Kamandarın,
Əmirxan, Ucabəy, bir də Muxtarın.
Cavanşir, Musa tək mərd oğulların,
Daim yaddaşında qaldı Şahmarlı.

Rəşidi, Fazili, neçə xanı var.
Taciri, Fərmanı, Süleymanı var.
Neçə Ziyəddin tək şirin canı var,
Cavanşirin bəy misaldı, Şahmarlı.

İlahi! Bəxş eylə bu elə şadlıq,
Şirinlik, gözəllik, həm də abadlıq.
Bu eldə bilinir qohumluq, yadlıq,
Bəs Loğmanım harda qaldı, Şahmarlı.

Səni bənzədərdim ipək tellərə,
Sən ki yoldaşsanmış lalə güllərə.
Aftandil vəsfini yaydı ellərə,
Yusif də sazında çaldı, Şahmarlı.


YARI SİZİN, YARI BİZİM DEYİLMİ?

Aramızdan büllur kimi çay axır,
Yarı sizin, yarı bizim deyilmi?
Bir kənd iki yerdən boylanıb baxır,
Yarı sizin, yarı bizim deyilmi?

İki elin vardı yaşıl meşəsi,
Meşəlikdə bitən tər bənövşəsi.
İlahi bəxş edən cənnət guşəsi,
Yarı sizin, yarı bizim deyilmi?

Aramızda nə hasar var, nə divar,
Belə yerdə insan çəkməz intizar.
Göy-gölə bərabər bir gölümüz var,
Yarı sizin, yarı bizim deyilmi?

Gəlin biz seçməyək yaxşını-pisi,
Bizimdir həyatın vallah xəlisi.
Elimizin var ağıllısı, dəlisi,
Yarı sizin, yarı bizim deyilmi?

Bu iki eldədi bilin ki qayda,
Bir olmuşuq daim harayda-hayda.
Biri o taydadır, biri bu tayda,
Yarı sizin, yarı bizim deyilmi?

Gəlin eli-eldən ayırmayaq biz,
Bərabərdir sevincimiz, qəmimiz.
Dağlarımızda bitən o lalə, nərgiz,
Yarı sizin, yarı bizim deyilmi?

Sizdə Cavanşir var, bizdə Saleh var,
Sizdə Musa, bizdə Hüseyn düz ilqar.
Dünyaya mərd gələn bu mərd oğullar,
Yarı sizin, yarı bizim deyilmi?

Borçalıdır bilin, dünyanın başı,
Şahmarlı, Qəmərli durur yanaşı.
Hər ikisi qızıl üzüyün qaşı,
Yarı sizin, yarı bizim deyilmi?

Şahmarlı, Qəmərli bir eldir, bilin,
Ayrılıq salanın kəsəllər dilin.
Qəlbi bir döyünən bu iki elin,
Yarı sizin, yarı bizim deyilmi?

Aftandil! Sən hara, ayrılıq hara?
Ayrılma elindən, çəksələr dara.
Baxın Başkeçiddən ta Əyriqara,
Yarı sizin, yarı bizim deyilmi?


AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI




















CAVANŞİR

(Polis general-mayoru Cavanşir Məmmədova
həsr edirəm)


Bu səfər eylədin doğma yurduna,
Çıxmadı səfərin boşa, Cavanşir.
Böyük hökmü oldu hər bir sözünün,
Ox atdın dəymədi daşa, Cavanşir.

Sən çıxış eylədin, dərin danışdın,
Tələsmədin, sərin-sərin danışdın.
Bizə salam dedin, şirin danışdın,
Söhbətin çox gəldi xoşa Cavanşir.

Sən gələndə qohum-qardaş yad oldu,
Gəlişin bizlərə böyük ad oldu.
Bu yerlərin qəlbi necə şad oldu,
Ürək döndü tərlan quşa, Cavanşir.

Qonaq gəldin yad suyunu içmədin,
Kişi oldun öz elindən keçmədin.
Qəmərlini Şahmarlıdan seçmədin,
Yaşa səni görüm, yaşa, Cavanşir.

Badi-səba xoşdur yellər içində,
Şana dövran eylər tellər içində.
Bir el seçdin ağır ellər içində,
Çəkdin Qəmərlini başa, Cavanşir.

Təyyarəçi, təyyarəni saxladı,
Neçə xain ürəkləri dağladı.
Qələmzər də sevincindən ağladı,
Sən duranda mənnən qoşa, Cavanşir.

Yada eylədin qohumunu, yadını,
Görməmişdim qohumluğun dadını.
Sən çəkəndə Aftandilin adını
Az qaldı ki, ürək coşa, Cavanşir.


AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI CAVANŞİR

(Polis general-mayoru
Cavanşir Məmmədova
həsr edirəm)


Gələmmədim Elviranın toyuna,
Evimdə sağlıqlar dedim, Cavanşir.
Özüm biş-düş etdim haldan-hazırdan,
Sanki o məclisdə yedim, Cavanşir.

Fələk məni qoy salmasın oyuna,
Mən qurbanam balaların boyuna.
Gələrəm nəvənin sünnət toyuna,
Çağırmasan özüm gedim, Cavanşir.

Qurban olum qohumluğun dadına,
Hey düşürsən Qələmzərin yadına.
Öz evimdə Azər bəyin adına,
Mən yaxşı sağlıqlar dedim, Cavanşir.

Durna pozulmasın səmada səfdən,
Alçalma şöhrətdən, düşmə şərəfdən.
Mən sənə qohumam arvad tərəfdən,
Sənsən şirin qohum-yadım, Cavanşir.

Axı nə olsun ki mən İranlıyam,
Qohuma, qardaşa istiqanlıyam.
Acı ki deyiləm, şirin canlıyam,
Şirindir qanana dadım, Cavanşir.

Qəribəm, qürbətdə qəlbi qanam mən,
Şairəm, nə aşıq, nə ozanam mən.
Əlimdə qələmim, söz yazanam mən,
Aftandildir bil ki adım, Cavanşir.


BAXIN

(Şahmarlı Cümşüd Məmmədovun
oğul toyunda)


Gəlmişəm məclisə, neçə söz deyim,
Mənim də sözümün canı var, baxın.
Cümşüdün evində şadlıqdır bu gün,
Süfrədə çörəyi, nanı var, baxın.

İlahi Cümşüdə bu gün oldu yar,
Gəlin kimi bəzədildi otaqlar.
Məclisin gülüdür gələn qonaqlar,
Toyun Cavanşir tək xanı var, baxın.

Gələnlər Cümşüdün adından gəlib,
Oynamaq hamının yadında gəlib.
Bu toya kişi də, qadın da gəlib,
Hərənin öz adı, sanı var, baxın.

Bəy-gəlini dəyişmərəm milyona,
Yaşasın bunlara süd verən ana.
İlahi oğuldan pay versin ona,
Oğulun şöhrəti, şanı var, baxın.

Gəlinimin görüm üzü ağ olsun,
Ömrü gül-çiçəkli bağça-bağ olsun.
Şeir yazan şairimiz sağ olsun,
Qohuma qaynayan qanı var, baxın.

Şəmil, Paşa qoşa danış, qoşa din,
Xoşu gəlsin Cavanşirin, Rəşidin.
Bu sözləri Qələmzərdən eşidin
Cümşüd tək ciyəri-canı var, baxın.


Sağ olsun İSTANBUL, ŞƏMİL sağ olsun...

Ellər köçdü gördükcə hər zilləti,
Qaldı İstanbulla, Şəmil sağ olsun.
Qardaş bildi özünə neçə milləti
Onlar tapdı bir ümumi dil, sağ olsun.
Burda İstanbulla, Şəmil sağ olsun.

Bir daş düşmək ilə qırılmaz kərən,
Biz onlarsız burda necolduq görən?
Kimdi bu millətə burda can verən?
Bir yaxşı bax, gözünü sil, sağ olsun.
İstanbulla, bir də Şəmil sağ olsun.

Qoy var olsun qoşa duran həkimlər,
Ürəkləri birgə vuran həkimlər.
Biri bəydi, biri də xan, həkimlər,
Özləridir buna dəlil sağ olsun,
İstanbulldu, bir də Şəmil sağ olsun.

Başkeçidin bil, qeylü-qalı getdi,
Sanmayın ki, beçənin balı getdi.
Neçə alim, neçə ziyalı getdi,
Getdi burdan çox zir-zibil, sağ olsun,
Qaldı İstanbulla, Şəmil sağ olsun.

İlahi heç kəsi salmasın dərdə,
Baş qarışsın şirin söhbətə, nərdə.
Xıdır atsın çaylarına bu yerdə,
Ya bir mixək, ya da ki hil, sağ olsun.
İçsin İstanbulla, Şəmil sağ olsun.

Hər an hörmət eylədilər yoxsula,
Baş əymədi nə dövlətə, nə pula.
İstanbulla Şəmil kimi oğula,
Tərif desin qoy Aftandil, sağ olsun.
Sağ olsun İstanbul, Şəmil sağ olsun.


MÜŞFİQ

(AzTV-nin redaktoru və
“Şərqin səsi” qəzetinin baş redaktoru
Müşfiq Borçalıya)


Bir Darvaz yox, neçə ellər sevindi,
Yeni bu dünyaya gələndə Müşfiq.
Gələcəyə nurlu şöy çıraq oldu,
Bu elə-obaya, bu kəndə Müşfiq.

Kim dəyişər şöhrət-şana sevinci?
Allah verməz hər insana sevinci.
Həddən aşdı ata-ana sevinci,
Dil açıb danışıb dinəndə Müşfiq.

Su oldu çaylardan duruldu, axdı,
Hamının gözünə üzü ağ baxdı.
Adıyla silinməz bir iz buraxdı,
Hər tində, döngədə, bələndə Müşfiq.

Xainlərin qəlbi oda qalansın,
Müxənnətin ömür-günü talansın.
Hər an azad gəzsin, azad dolansın,
Düşməsin heç zaman kəməndə Müşfiq.

Yaradın hər zaman xeyirə-şərə,
Şöhrətin yayıldı bütün ellərə.
Borçalıda adın düşdü dillərə,
Heyranam adına bil, mən də, Müşfiq.

El-oban Darvazdır, evin Borçalı,
Həm pulun, xəzinən, cibin Borçalı.
Fərəhlən Borçalı, sevin Borçalı,
Yaşayıb ad alıb, bil səndə Müşfiq.

Şair var, sözüylə çox sözlər bitir,
Şair var, sözləri tökülüb itir.
Səndən xahişim var, bir nəzər yetir,
Şeirdə hər sətrə, hər bəndə Müşfiq.

Qonaq gəl, yoxla gör necədir halım?
Sənə qurban duzum, çörəyim, balım.
Uçur səmalarda səyyar xəyalım,
Minir gah Düldülə, Səməndə Müşfiq.

Tökərəm süfrəyə, çörəyi-duzu,
Dolar şərab ilə kəlin buynuzu.
Kəsərəm ya bir qoç, ya əmlik quzu,
Cavanşirlə bizə gələndə Müşfiq.

Şair Aftandildə vardı etibar,
Şairin ürəyi heç olarmı dar?
Gəl çıxaq dağlara, gör nə ətir var,
Hər güldə, çiçəkdə, çəməndə Müşfiq.

AY QIZIM

AzTV-nin redaktoru
hörmətli Zərnişan xanıma.


Gəlişin bizim üçün toy-bayram oldu,
Sevindi-şadlandı dam-daş, ay qızım.
Silindi ürəkdən qəm də, kədər də,
Çəkildi gözümdən bil yaş, ay qızım.

Sizin bu gəlişə ellər sevindi,
Eyvanımda açan güllər sevindi,
Sizə şeir yazan əllər sevindi,
Güldü üzlər, güldü göz-qaş, ay qızım.

Cavanlar, qocalar gəldi görüşə,
Hamı əhsən dedi vallah bu işə.
Siz məni çəkdiniz xoş nəvazişə,
Məni tutduz hamıdan baş, ay qızım.

Bu gün mənim oldu sevinc dünyası,
Töküldü könlümün tökülməz pası.
Bir çalan olsaydı cəngi havası,
Dinləyərdik yavaş-yavaş ay qızım.

Döşənsin yoluna qızıl gümüş, ləl,
Zərnişan sözümə sən eylə əməl.
Götür sən Müşfiqi, bir də qayıt gəl,
İstəməyən qalsın çaş-baş, ay qızım.

Unutmarıq sizi vallah bircə an,
Bizim sözlərimiz olmamış yalan.
Gəlsəniz sizlərə Qələmzər xalan,
Dəmləyər çay, həm dəmli aş, ay qızım.

Xoş oldu bu görüş, bir oldu ürək,
Doğru-dürüst kəsmədik də duz-çörək.
Avtandili danlamasın el gərək,
Olmamışam heç qəlbi daş, ay qızım.

SƏNƏ

Müşfiq Mədədoğluna müraciətlə


Müşfiq, qonaq gəldin doğma yurduna,
Ulu Tanrı bu gün oldu yar, sənə.
Sevundi, şadlandı ellər, obalar,
Sevinc bəxş eylədi bu dağlar sənə.

Sən gəldin özünü çəkmədin naza,
Qış gəldin, görüşü qoymadın yaza.
Gözəllər hörmətlə çıxdı pişvaza,
Baş əydi ağacda budaqlar sənə.

Gəlişin şad etdi bizim bu kəndi,
Müşfiq, Qəmərli də sənə vətəndi.
Ev-eşik sevindi əlvan bəzəndi,
Buyur gəl dedi otaqlar sənə.

Sənin gülüşünə güldü lalələr,
Axdı yanağımdan damla-damla tər.
Çıxdı pişvazına nazlı gözəllər,
Xoş gəldin söylədi dodaqlar sənə.

Sən gəldin vətənə bir də yoxladın,
Vətənimin güllərini qoxladın.
Namərdləri, xainləri oxladın,
Güc eylədi namus, qeyrət, ar, sənə.

Qonaqçün açıqdır qaşım-qabağım,
Qonaq gəlsə olur kefim damağım.
Bil, sən oldun mənim əziz qonağım,
Tay olan deyil qeyri qonaqlar sənə.

Müşfiq, əgər baxsan işin əslinə,
Hörmətim var Çobanovlar nəslinə.
Xoş kamalın oxşayır yaz fəslinə,
Dilim gəlmir deyim bəxtəvər sənə.

Müşfiq ağa, gör kimlərdi qurbanın,
Eə bilmə qəm-kədərdi qurbanın.
Aftandidi, Qələmzərdi qurbanın,
Məndə deyim Allah olsun yar sənə.

Bu eldən o elə nulu şam yetir,
Qardaşdan-qardaşa xoş kəlam yetir.
Məndən Cavanşirə bir salam yetir,
Mən də deyim, Allah olsun yar sənə.

Aftandil de, dostdan qeyri nə yaxşı,
Elə dost var nə yamandı, nə yaxşı.
Gəldin şad eylədin məni nə yaxşı,
Ömür boyu varam minnətdar sənə.


“ZİYA”NIN

Vətən övladları, qalxın ayağa,
Gəlin pişvazına siz də “Ziya”nın.
Yaxşısını, yamanı birbəbir görür,
Nurlu işığı var gözdə “Ziya”nın.

Ziyalı birliyi qalmasın yalqız,
Qoşulsun birliyə həm oğlan, həm qız.
Belə ittifaqa artsın sayımız
Bu gün həmkarıyıq biz də “Ziya”nın.

Kişilik yurd salıb damarda, qanda,
Böyük hörməti var dağda, aranda.
Sözü kəsərlidir, keçir hər yanda,
Söhbət də “Ziya”nın, söz də “Ziya”nın.

Gəlin biz daşıyaq qeyrət daşını,
Ziyamız da qoy dik tutsun başını,
İndi yola saldıq iki yaşını,
Görək ad gününü yüzdə “Ziya”nın.

Qızıldan gərəkdir zülfün darağı,
Ziyalılar, sizsiz xalqın yarağı.
Ulu Borçalının, nurlu çırağı,
Həm də taqətsiz dizdə, “Ziya”nın.

Bu birliyə arzulayaq yaxşı yol,
Pərvazlansın, açsın qanad, açsın qol.
Aftandil Qəmərli, sədaqətli ol,
Sən də hörmətini gözlə, “Ziya”nın.
2002-ci il


XOYDADIR

Dərdə düçar olar eldən ayrılan,
Ayrılmışam yarı canım Xoydadır.
Məndə qalan bir quruca cəsəddir,
Damarlardan axan qanım Xoydadır.

Ürək tab eyləmir haqqın səbrinə,
Dözəmmirəm bu fələyin cəbirinə.
Ziyarət eyləyim babam qəbrinə,
Nənəm, babam, hər filanım Xoydadır.

Haraylaram, səs verən yox uzaqdan,
Saralmış yarpaqlar düşsə budaqdan.
Xəstə könlüm sağalarmı bu dağdan?
Mən xəstəyəm, bil, dərmanım Xoydadır.

Qürbətə atılmış bir daşam, Allah,
Əzəldən hicrana qardaşam, Allah.
Neyləyim, bilmirəm çaş-başam Allah,
İtirmişəm, hər nişanım Xoydadır.

Zərraf tək yaxşını yamandan seçəm,
Xəzərdən addayam, Arazdan keçəm.
Dumanlı Təbrizin suyundan içəm,
Ölənədək intizarım Xoydadır.

Qərib eldə mən bir canam, Borçalı,
Alışam oduna yanam, Borçalı.
Atam İranlıdır, anam Borçalı,
Aftandiləm, din-imanım Xoydadır.

SƏNSƏN

(Hamamlı kənd orta məktəbinin direktoru
Asya müəlliməyə)


Ey əziz müəllimə, ey əziz qadın,
Uca zirvələrdən ucadır adın.
Sənə “sağ ol” deyir milyon övladın,
Onların çörəyi, nanı da sənsən.

Bir günəşsən qaranlıqdan qaçmısan,
Zülmətli yollara işıq saçmısan.
Neçə bağlı ürəkləri açmısan,
Elm dünyasının xanı da sənsən.

Sadə müəllimə, sağ olsun canın,
Təmizdir, sadədir, safdır vicdanın.
Dərs dediyin milyon-milyon insanın,
Damarlardan axan qanı da sənsən.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi:

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." ( ...

Mədəniyyət, Tv, Borçalı, Darvaz
POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

"XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

Əsas xəbər, Azərbaycan, Borçalı, Başkeçid, Hüquq, Təbriklər
HƏMİD QƏMƏRLİ

HƏMİD QƏMƏRLİ

Başkeçid
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
CAVANŞİR BULAQ

CAVANŞİR BULAQ

Başkeçid
RAHİLƏ QARALOVA (1967)

RAHİLƏ QARALOVA (1967)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid
Nəsib Borçalı (1962)

Nəsib Borçalı (1962)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Cavanşirin bulağında

Cavanşirin bulağında

Başkeçid, Darvaz, Müşfiq Borçalı
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar
Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Poeziya, Borçalı, Başkeçid, Müsabiqə
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Başkeçid
QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ELOĞLUMUZ  CAVANŞIR

ELOĞLUMUZ CAVANŞIR

Başkeçid
Darvazlı  CAVANŞİR NƏBİ OĞLU ÇOBANOV vəfat edib

Darvazlı CAVANŞİR NƏBİ OĞLU ÇOBANOV vəfat edib

Nekroloqlar
HƏCƏR ULUXANLI (1969)

HƏCƏR ULUXANLI (1969)

Müsabiqə, Qərbi Azərbaycan
DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid, Darvaz, Müşfiq Borçalı
Rəy yazın: