Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri...

Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri... Müsabiqə üçün

Qədim Tiflisin sirri


Bu qədim Ttiflisin qədimliyində,
Bü qədim Tiflisin qədəmliyində,
Bir tanış iz vardır,
Babam izidir.

Bu qədim Tiflisin qoca yaşında,
Bu qədim Tiflisin öz yaddaşında,
Bir doğma söz vardır,
Babam sözüdür.

Bu qədim Tiflisin öz nəğməsində,
Bu qədim Tiflisin zümzüməsində,
Bir layla çalınır,
Babam sazıdır.

Bu qədim Tiflisin əzəlliyində,
Bu qədim Tiflisin özəlliyində,
Bir əzəl, özəllik var,
Babam özüdür.



Qədim Tiflis nağılı

Biri vardı, biri yoxdu,
Dünyada olanlar çoxdu...
Tiflis qala-qəsr idi,
Qala qəsr Tiflis idi,
Tiflis bir ulus idi,
Öz gözəllikləri olmuş
Özəl Tiflisliliyində.
Öz özəllikləri olmuş
Gözəl ulusluğunda,
Fatehlərə sinə gərmiş
Əyilməmiş, məğrur durmuş
Narınqala, Ana qala,
Qoruyucu, Qorçi qala,
Qala, İsgəndər qalası
Yaddaşda, dildə qalası,
Məscid minarələrindən
Azan səsi ucalardı.
Bir zamanlar türk camesi,
Şah Abbas məscidi vardı.
Abbasabad, Sərdarabad,
Bürcləri də üzbəüz,
Ana, İstambul, Təbriz.
Mirzəabad, Seyidabad,
Bu Tiflisi abad etmiş,
Hər tərəfi cala örtmüş:
Ortacala, Dirsicala,
Neftcala, Əncirli cala,
Bağcala, İlanlı cala,
Bir yanda dovşan calası,
Bir yanda bülbül calası.
Bağlar olmuş solu, sağı.
Tiflis, Ortacala bağı,
Seyidabad, Vera bağı,
Viranə bağ, Behbud bağı,
Yeni bağ, Qeybulla bağı.
Bir yanda Tatar meydanı,
Bir yanda Təbriz meydanı,
Meydanlar meydanı meydan.
Fətəli qəbri, Yerbatan.
Sokakları var yan-yana,
Evləri də xana-xana,
Alafxana, Bəzzazxana,
Bazarxana, Aşbazxana,
Siracxana, Qəssabxana,
Urduvarxana, Gorxana,
Kababxana, Çitazxana,
Xarrazxana, Hovuzxana,
Zərrafxana, Dabbağxana,
Hər məhlədə bir çayxana.
Çuğureti, çuxur yeri,
Körpüləri bəzər Kürü.
Şeytanbazar, Şəkər dağı,
Aləm olub Kür qırağı.
Xarpux, Hamamlar məhləsi,
Xıdır Həbibin kilsəsi,
Qaynar sulu hamamları
Tiflisin fəxri, vüqarı.
Mirzə Fətəli, Nəriman,
Xanəndə Seyid, Səttarxan,
Bakıxanov, Mirzə Şəfi,
Cəlil, Şaiq çoxdur səfi
Bu yerlərdə ad-san alıb,
Xalqının qeydinə qalıb.
Dağıstan, Gümüşün yolu,
Karvan keçib, yükü dolu.
Qoçoğlu suyu, Dəvə yolu,
Lilo yolu, Lilə yolu
Karvansara yaxın-yaxın,
Karvan gəlib axın-axın,
Qapılara gəlincə,
Birinin adı Gəncə,
Biri qapılar qapısı,
Biri də Kocor qapısı.
Eşqin butasını içdi,
Qərib Tiflis bağlarında.
Sənan Xumarın axtardı,
Qədim Tiflis dağlarında.
Bu Tiflisin öz yaşında,
Hər daşında, yaddaşında,
Tarixlərin izi vardır,
Deyilməmiş sözü vardır.
Bir vardı, biri yoxdu,
Dünyada olanlar çoxdu.
Tiflis qala-qəsr idi,
Qala-qəsr Tiflis idi.
* * *


«İRƏVANDA XAL QALMADI»

Vaxt var idi…
«İrəvanda gəzən gözəl»,
Xalı qoşa düzən gözəl,
Nazlanaraq süzən gözəl
İrəvanda xal qoymadı,
Xalı saya saymadı…
…İndi isə əcəb işdi
Çərxi fələk tərsə düşdü.
İrəvanda gözəl gəzməz,
Xalları da qoşa düzməz,
Nazlanaraq daha süzməz,
İşə bax ki,nələr oldu,
Xal gözəlsiz,
Gözəl xalsız qaldı.
Şux gözəllər qalmasa da
İrəvanda xallar qaldı
O başında, bu başında,
Torpağında, hər daşında,
Mürgüləyən yaddaşında.

* * *

QƏDİM İRƏVAN NAĞILI

Biri vardı, biri yoxdu,
Dünyada olanlar çoxdu.
Varlı-hallı, çox büsatlı
Bir Allah bəndəsi vardı.
Rəvan, düzən yer axtarıb
İrəvana təməl atdı.
Binə qurub, yuva salıb,
Arzu-istəyinə çatdı.
Bu olaydan, işdən sonra,
Xeyli zaman , dövran keçdi.
Şah İsmayılın əmrilə
Rəvanqulu bura köçdü.
Zəngi-Qırxbulaq arası
Qala tikdi, izi qaldı.
Bu qalanın yaddaşında
Adı qaldı, özü qaldı.
Osmanlıdan Fərhad paşa
Bu qalaya bir əl çəkdi,
Bürclərini artıraraq
Yan-yörəsin möhkəm tikdi.
Keçi qalanın bürcündən
Bir iamaşaydı Qarxbulaq.
Şəhrin məhlələri:Şəhər,
Təpəbaşı, Dəmirbulaq.
Sonralar şəmin xanlıqda
Aylar, illər ötdükcə,
Hamam, məscid hey çoxalmış
Xanlar xanlıq etdikcə.
Addımbaşı çayxanalar,
Hər məsciddə mədrəsələr,
Dörd bir yanda karvansara,
Karvan gedər, karvan gələr.
Dörd dolanar bu şəhəri.
Döngələri, küçələri
Türk soraqlı, türk ünvanlı.
«Daşlı», «Adsız», «Dükanlı»,
«Vəkillər», «Qala», «Pənah xan»,
«Şəriət», «Naib», «Rüstəmxan»,
«Karvansara», «Qəbiristan»,
«Təpəbaşı» və «Naxçıvan»,
«Bəy», «Hamamlar», «Qaxtağan»,
«Qəriblər ocağa», «Memar»,
«Mir Cəfər», «Sallaxlar»,
«Güzgülü»,»Bağ» küçələri
Yada salır nələri.
İndi başqa zaman gəldi,
Bütün o yerləri sildi.
Yaxşı bilir tarix özü,
Saxlanc edir hər bir izi.
* * *

.
İbadətdir

İslama sadiq olsaq,
Rükəti saya alsaq,
Üç qılsaq, beş də qılsaq,
Namaz bir ibadətdir.

Daim vətən soraqlı,
Özüm sözümə bağlı,
Sözüm özümə bağlı,
Söz də bir ibadətdir.

Biçərsən, nə də əksən,
El önündə diz çöksən,
Onun nazını çəksən,
Naz da bir ibadətdir.

Sazını götür ələ.
Nəfəs ver “Sarı telə”.
Bağlıdırsa saz elə
Saz da bir ibadətdir.

Çalış, öz sözün olsun,
Açıq bir üzün olsun,
Öz yolun, izin olsun,
İz də bir ibadətdir.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: