Rövşən Gəncəliyə II AÇIQ MƏKTUB

Rövşən Gəncəliyə II AÇIQ MƏKTUB Rövşən Gəncəliyə II AÇIQ MƏKTUB

və yaxud, onun şeir dünyası haqqında ürək sözlərim...


Dünya yaxşı adamların, müdrük kişilərin sayəsində bu günkü inkişaf mərhələsinə yüksələ bilmişdir. Bura ixtiralar edib, başqa birisi yol çəkib, körpü tikib, bağ salıb, müdriklər xeyriyyəçilik missiyasını ortaya atıb, başqa birisi Vətənin igid oğullarını başına yığıb, müdafiə edib və s.
Babalarımızdan bizə qalan dünyanı qoruyub saxlamaq, onların vaxt çatışmamazlığından qurub yarada bilmədikləri işləri yerinə qoymaq bizim vəzifəmiz olaraq qalır.
Azərbaycan dünyasının bir parçası olan Ulu Borçalı şairlər, aşıqlar, ustadlar yurdudu. Adı tarixin çox uzaq qatlarından gələn bu ədalət, müdrük babaların zamanında ölkə idi, adı bəlli, tarixi bəlli Borçalı…

Bu ölkənin saz ustadları olduğu kimil istedadlı qələm sahibləri, şairləri də olub. Onlardan biri də 5 kitab müəllifi xeyriyyəçi insan kimil ad almış Rövşən Gəncəlidir. Rövşən Gəncəli dünyəvi məhəbbət şairidir. Bu məhəbbət intim hisslər üzərində deyil, bəşəri məhəbbət, bəşəri hisslər üzərində pərvəriş tapıb.Öz sözləri, misraları ilə insanın qəlbini isidən, ehtizaza gətirən lirika çağdaş Azərbaycan poeziyası üçün xarakterik olmaqla bərabər, həm də onun əsasını təşkil edir. Xalqımızın qəlbindən qopan istək və cəmiyyət hıçqırtıları tarixin bütün zamanlarında poeziyamıza hərarət gətirib, istilik verib.
Bu gün Borçalı ədəbiyyatında özünə məxsus yer tutan, səviyyəsi olan şeirlərin müəllifi kimi tanınan, istedadlı Rövşən Gəncəlinin yaradıcılığında oxucunun qəlbini oxşayan, isidən hərarət var. Elə buna rəğmən də onun məhəbbət şairi haqda heç bir şühəmiz qalmır. O, yaradıcılıq gücünü torpağa, əməyə və Vətənə olan sevgisindən alıb.
Dünyanın ən güclü hökümdarlarını dizə çökdürən, ağ bayraq qaldırmağa məcbur edən söz olmuşdur və biz bu gücü hiss edib, qiymətləndirmişik… ”Sözün birinci vəzifəsi insanı ümüdsizlik girdabından xilas etmək, ona gücünü, enerjisini səfərbəy etməyə yardımçı olmaqdır.” Adı bəlli alimlərimiz-ədəbiyyatşünaslarımız belə deyib, biz də o səviyyədə qəbul edirik.
Şübhəsiz çağdaş Azərbaycan ədəbiyyatında imzası yeni görünən, öz sözünü cəsarətlə demək qabiliyyətinə malik Rövşən Gəncəli düşüncələrinin məhsulu olan “Elə yaşa sən ömrünü” “Yaşamağa nə var ki…”, “Yalan dünya”, ”Qalan dünyadı”, “Yaxşılığı unutma” kitabları böyük sözün, ulu sözün qarşısında məhsuliyyətlə, əzmlə, usanmadan qələm çalmağın bəhrəsidir…

Böyük Füzuli yazır:

Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhcə yoxdan var söz.
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz.

Rövşən Gəncəli zamanın, dövrün ağrısını çəkən şairlərimizdən biridir.Aqillər deyir ki, zamanla döyüşmək olmaz, çünki, zamana qalib gəlmək, onu ram etmək mümkün deyil. Belə bir çətin döyüşdə qalib gəlmək üçün zamandan güc almaq, zamanın tələb etdiyi elmə-biliyə və səbrə malik olmaq lazımdır. Bütün bunların hamısı onda var… Vaxtla, zamanla döyüşə hazır olan, həyatın dolanbac həmlələrinə mərdliklə sinə gərməyi bacaran kişidir o…
Rövşən Gəncəli üçün sözü çəkinə-çəkinə demık, öz oxucularına misra-misra, diktə etmək təbiətindən gələn əlamətdir.
Şairin yaradıcılığının əsas məğzini iradəli olmaq, haqsız hərəkətlərə və tələblərə boyun əyməmək, həmişə hər yerdə sözü kişi kimi üzə deyib, həqiqətin müdafiəsində mərdliklə dayanmaq tələb olunur. Şeirlərinin ruhu düzlükdən, mərdanəlikdən qidalanır. Zorakarlığa, haqsəzlığa, qeyri-insani münasibətlərə boyun əyib susmaq onun yaradıcılığına xas olan əlamət deyil.

Ağrı-dərd insanın özü üçündür,
Kimsəyə bunların mənası yoxdur.
Dinləyər dərdini ürəyi yanmaz,
Kimsənin əzabını başqası qanmaz.

Şair istəyir ki, insan həyatda ona qismət olmuş ağrı-acı üçün hər an hazır olsun və bu qeyri-adi çətinlik, xəstəlik ucbatından çəkdiyi ağrını səbr və mətanətlə çəkməyi bacarsın. Müəllif şairlərinin əksəriyyətində bu qənaətə gəlir ki, insan ömrünü boş, həyatda bir iz qoymadan başa vurmamalıdır. Dünyaya gəldi, mütləq bir iz qoymalı, adını əbədiləşdirməlidir. Bu iz dünya üzərində yığılan var-dövlət, tikilən mərtəbəli ev yox, pul yox, ürəklər olmalıdır. Çünki ürəklərə düşən izləri heç nə yuyub apara bilməz həyatda yaxşılıq və pislik heç zaman yaddan çıxmaz, silinməz.

Vaxt gələndə hamı bir-bir köçəcək,
Üstünda qanqallar ya gül bitəcək,
Bir zaman gələcək məzar itəcək,
Rövşənəm izləri qalan öyünsün!

İnsan elə yaşamalı, elə hərəkət etməlidir ki, ona başucalığı, şərəf gətirsin. İnsan dünyanın, həyatın və qədər deyilən qismətin havası ilə nəfəs almalı, dünya varına aludə olub, boş-boşuna ömrünü başa vurmamalıdır…

Əvvəldən belədir özü dünyanın,
Bütöv olmalıdır sözü dünyanın.
Əkirsən, səpirsən vaxtı gələndə,
Süpürüb aparır yeli dünyanın.

İnsanların əhval-ruhiyyəsini bəm hisslər üzərində kökləyən şair, sonra haqlı olaraq deyir:

Kədərlənmə dəli könlüm, insanların min üzü var,
Cəm olubdur sifətində, həm əyrisi, həm düzü var.
Bu dünyada yadda saxla, hər adamın öz sözü var,
Zaman gələr, ömür çatar yaxşı-yaman adın qalar.

Neçə illərdi doğma elindən-obasından uzaqda yaşayan şairbir gün də olsun döğma kəndini, orada qoyub getdiyi qohum-əqrəbanı, elini-obasını unuda bilmir. Borçalının başı qarlı uca dağlarını, min nəğmə oxuyan sərin bulaqların zümzüməsini, Alget çayının ləpələrindən qopan şaqpaq nəğmələri unuda, yaddan çıxara bilmir. Uşaqlıq illərində yaddaşına həkk olunmuş şairin xatirələr hər addımda onu izləyib.Yağlıca dağlarının üzü günəşə tərəf üzündə adı bəlli bir eldə qoyub gəldiyi gənclik xatirələri dizinə təpər, qoluna güc qatıb. İllah da ki,yay aylarında sinəsində oynadığı Başkeçid dağları, sərin bulaqlar, şehli çəmənlər. Orzumanın günbatan səmtində əvəzsiz ətir qoxuyan çəmənliklər…
Bütün bunlar Rövşən Gəncəlinin yaddan silinməz cavanlıq xatirələri idi ki, bu gün qürbət eldə ona mənəvi güc verir, dayaq olurdu.

Sərin bal kimi çeşməsi,
Qoyun-quzu mələməsi.
Cavanların güləşməsi,
Səsli-küylü bizim dağlar

-deyən şair başqa bir dağlar şeirində bu həsrəti daha qabarıq şəkildə izah edir.Şair ərsəyə gətirmiş olduğu beş kitabda vurğunu olduğu Başkeçid dağlarının adına 17 şeir həsr edib. Bu şairlərin hamısında o, bu yaylaların adına və keçib getmiş şirin, yaddan çıxmaz, unudulmaz gənclik illərində öz həyatı ilə bağlı hissləri, həyacanları, xoş hadisələri yada salır. Qələmə aldığı bu şirin xatirə uzaq Çelyabinskinin soyuq havasında onun qəlbinə hərarət, dizinə taqət, qoluna güc qatır.
Insan üçün fiziki güc lazım olduğu kimi ona mənəvi güc də lazımdır. Borçalı dağlarının gözəlliyini, saf, ətirli havasını unuda bilməyən şair dostumuz daha sonra yazdı:

Çox gəzmişəm yaylaqları,
Qartal gözlü bulaqları.
Əksik olmaz qonaqları-
Səfalıdır bizim dağlar.

Dünyanın hər yerində dağlar və bu dağların köksündən sızıb, min nəğmə oxuyan sərin sulu bulaqlar var, bunu tam qəbul edirik. Amma Borçalı dağlarının vüqarlı duruşu, insanlara gəl-gəl deyən qürurlu və xoş mənzərəsi heç yanda yoxdur. Elə, şairi məftun edən,könlünü oxşayan, ram edən istilik də budur. Elə bir qələm əhli, saz-söz sahibi yoxdur ki, dağlardan ilham alıb,adına şeir qoşmasın. Dədə Ələsgərdən tutmuş, Səməd Vurğundan bu yana bütün şair və sənətkarlar dağlara şeir həsr edib, öz ürək sözlərini sətirlərə düzüb, təbiətin şah əsəri olan, şah əsərlərindən biri olan dağlara öz münasibətini bildirməsin. Haqqında söz açıb, fikir söylədiyimiz Rövşən Gəncəli də onlardan biri.

Aşıqların nəfəsiylə,
Sazın-sözün həvəsiylə,
Məlahətli xoş səsiylə-
Düşdün dildən-dilə dağlar.

Yazırlar ki, kamillik elmlə ruhun vəhdətindən yaranır. Kamillik haqqında deyilmiş bu ifadənin özündə də bir kamillik var. Böyük Nizami də iki misra ilə bu kamilliyin etolon həddini, səviyyəsini aydın şəkildə bizə ötürə bilib:

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

İnsan kim olursa olsun, ən əvvəl kamil insan olmalıdır. Əgər bu yoxdursa onda… Kamil insanları müəllim yetişdirir. Əgər müəllimin özü kamil deyilsə onda? Onda sözün bitdiyi yer daha aydın şəkildə görsənir.

Bilinmir aləmdə sirri dünyanın,
Dəyişib rüzgarı elin-obanın…
Dərdinə-qəminə hər bir insanın,
Çıraqla axtarıb yanan gəzirəm.

Özündən qorxan, çəkinən adam aynadan-güzgüdən qorxar deyiblər.
Ən böyük faciə də elə budur, insan özü-özündən qorxsun!.. Buna bərabər bir faciə də var-insan dayandığı məramın hansı səviyyədə olduğundan xəbərsizdi.Bu qəbildən olan adamlar Rövşən Gəncəlinin yaradıcılığında qırmızı rənglə işarələnmiş şəxslər sırasındadır.


Adam var ki, qəddar olur,təmiz deyil vicdanı,
Adamlığa qiymət verməz, hey alçaldar insanı.
Gözdən salar yaxşıları,qədir-qiymət qananı,
Söndürməzlər oda düşüb, alışanı-yananı

Bilmirəm nədənsə xalq yazıçımız, mənim ideal müəllimlərimdən biri saydığım İsmayıl Şıxlının bir ifadəsi yadıma düşdü. O, həmişə bizə deyirdi ki, harada olursunuz olun, nə iş görürsünüz görün, amma elə edin ki, əməlləriniz xalqımızın adına layiq olsun. Əgər hər bir ziyalımız - istər müəllim olsun, istər alim ya şair-yazıçı bilməlidir ki, bizim bizdən başqa heç kəsimiz yoxdur. Bu gün dünyanın bu qarışıq vaxtında İsmayıl Şıxlının dediyi sözlər yadıma düşür və öz-özümə fikirləşirəm: - ziyalılarımız Borçalıdan gedibsə, başqa ölkələrdə yaşasalar da nə yaxşı ki, bu ədaləti unutmurlar.Yoxsa bizi görün hansı təhlükələr gözləyirdi!.?.
...Yadıma Yunis Əmrənin haqqında eşitdiyim və bütün keçib getmiş, ömrüm boyu unutmadığım və unuda bilməyəcəyim bir əhvalat düşdü.
Yunis Əmrə düz 40 il öz ustadı Tapdıq Əmrənin yanında ona şəirdlik edir. Bu illər ərzində gündüzlər ona odun daşıyır, onun təşkil etdiyi Sufi məclislərində oturub qulaq asar. Deyirlər 40 il ərzində Yunis Əmrə ustanın qapısına bir dənə də olsa əyri, yöndəmsiz ağac gətirmir. 40 il tamam olan gün o, ustadı ilə halallaşıb ayrılır, uz tutur niyyətinin onu apardığı məkana. Gedə-gedə Tanrısından dilək tutur ki, gedəcəyi yolu tək getməmək üçün ona yol yoldaşı rast gətirsin... Elə də olur. Yolda o səmtə gedən iki dərvişə rast gəlir. Onlar yol yoldaşı olurlar. Nahar vaxtı boş süfrəni açaraq, dərvişlərdən biri əllərini Tanrı dərgahına qaldırıb, heç kəsin eşidə bilməyəcəyi şəkildə Tanrıdan ruzi diləyir. Göydən açılmış süfrəyə bir çörək enir, onlar bu çörəyi üç yerə bölüb, təam edirlər. O biri gün ikinci dərviş əllərini göyə qaldırıb dua etdikdən sonra yenə bir çörək gəlir. Dərvişlər Tanrı tərəfindən gəlmiş bu çörəyi də üç yerə bölüb naharlanırlar. Üçüncü gün növbə Yunis Əmrəyə çatır. Yunis Əmrə də öz növbəsində əllərini Allah dərgahına açıb dua edir bə bu dəfə göydən üç çörək enir. - hərəsinə bir dənə. Bu hadisəyə dərvişlər mat qalırlar. Süfrədən qalxıb yollarına davam edən vaxt dərvişlər bu işin sirrini Yunisdən soruşurlar. Yunis Əmrə dərvişlərə deyir ki, üzümü Tanrıya tutub, elə sizin elədiyiniz duanın bu dəfə də mənim adıma müstəcəb olmasını təvəqqə etdim. Dərvişlər söyləyirlər ki, biz ruzimizi Tanrı yanında uca olan Yunis Əmrənin adına istədik...
Sonra onlar bu adamın Yunis Əmrə olduğunu bilirlər. Ancaq bu hadisəyə qədər Yunis Əmrə Tanrı yanında bu qədər uca məqam sahibi olduğunu bilmirmiş.
Borçalının axarlı-baxarlı kəndlərindən biri olan Gorarxı elinin şair oğlu Rövşən Gəncəlinin haqqında söz demək istərkən Yunis Əmrə əhvalatı gəlib yaddaşımın ön cərgəsində al rənglə yanıb sönməyə başladı, və mən bu hadisəni elə o rəngdə də qələmə aldım.
Hörmətli şairin halallıq və alın təri ilə qazanmış olduğu bu yüksək ad və zəhməti bahasına ərsəyə gəlmiş kitablar, hörmət və bərəkət göydən onun adına enmiş Tanrı payıdır.
Borçalımızın ziyalı oğlu istedadlı qələm dostum Rövşən Gəncəli yer üzünün ən qiymətli, ən hörmətli məxluqu olan ana haqqında yazır:

Gözümün işığı, başımın tacı,
Ömrümün, günümün mənası Ana!
Könlümün sevinci uçub göylərə,
Dərdimin, qəmimin dərmanı Ana!

Yaradıcılığında Ana kəlməsini özünün ilham mənbəyi hesab edən və həqiqətən də ondan ilham alan şair, Ana mövzusuna xüsusi yer ayırıb.
Amma Rövşən Gəncəlidə bu, çox dərindən gələn ifadədir. Ümumiyyətlə onun ana şeirləri sözün əsl mənasında ana adına layiq ədəbi ifadələrlə öz əksini tapmışdı.
Ana bütün insanlar üçün müqəddəs varlıqdır. Elə şair və ya qələm sahibi yoxdur ki, o, ana haqqında olan gözəl hisslərini sətirlərə düzüb, öz oxucusuna çatdırmamış olsun, anaya olan övlad borcunu, övlad münasibətini bildirməsin.
Aqillər həmişə qadınların zərif, incə məxluq olduqlarını dönə-dönə qələmə alıb, öz yazılarında qeyd ediblər.Onlar zərif, incə olduqları qədər də kövrəkdir.
”Qadını gül yarpağı ilə vursan da inciyər, nə qədər tumar çəksən, gözlərindən məhəbbətini oxuyar. Sən onu sevdikcə o, da səni sevər.”
Həyatımızın bəzəyi olan qadınların kişidən elə bir üstünlüyü var ki, bu üstünlük ona hakimlik haqqı verir.
Qadın həyatda azd və müstəqil olmalıdır. Əgər, belə olarsa, sözün əsl mənasında xariqələr yaradar. Onu da qeyd edək ki, bizi dünyaya gətirməklə, qadın elə xariqə yaratmış olur... Amma.. Bilirsiz bu ”amma” mənim yadıma qadınlar barədə deyilmiş bir ifadəni saldı.
“Qadın nə qədər güclü, sərbəst və azad olarsa da əks cinslə, kişi ilə birləşməyibsə demək yarım adamdır."

Şair yazır:

Anam mənim din-imanım,
Durum başına dolanım.
Bu dünyada canım-qanım,
Müqəddəs sən ay Ana!

Həyatda ömrüm-günümsən,
Dar günümdə ümüdümsən...
Bağlarda Qızıl gülümsən,
Bir qönçəsən sən ay Ana!..

Analar qiymətli oldukları qədər də müqəddəsdir. İslam tarixində də Analar haqqında gözəl,qiymətli sözlər deyilib. Orada anaların haqqında ilahi kəlmələr, Allah Təalanın Analar üçün ayırmış olduğu məqam və ali hörmət pilləsi anaların özü səviyyəsində qiymətini alıb.

Bil, arzumsan, diləyimsən,
Göylərdəki mələyimsən.
Sinəmdəki ürəyimsən,
Canım-gözümsən sən ay Ana!

Dünyamızda müqəddəs anaların adı tarix boyu öz səviyyəsində qiymətini alıb. Onılar dinindən və irqindən asılı olmayaraq bəşəriyyət üçün fəxr və qürur mənbəidir. Bu dediklərimizə rəğmən qadın üzərinə böyük bir məsuliyyət düşür- evdarlıq məsuliyyəti, övlad tərbiyyə etməyin məsuliyyəti və ər qayğısı məsuliyyəti. Bu saydıqlarımız ana adını daşıyan hər bir qadın üçün vicdan borcu sayılır.
Analar bir də ona görə bu qədər qiymətlidir və müqəddəs ada sahibdir ki, onlar Tanrıdan sonra bəşəriyyətin yaradıcısıdır...
Ana hamı üçün müqəddəs, qiymətli və ideal bir varlıqdır. Bu, tarixin bütün dövrlərində belə olub, indi də belədir.
Rövşən Gəncəli yazır:

Gözümün işığı, başımın tacı,
Ömrümün,günümün mənası Ana!
Könlümün sevinci uçub göylərə,
Dərdimin,qəmimin dərmanı Ana!

Rövşən Gəncəli təbiətə vurğun şairdir. O, harada yaşasa da doğma kəndinə, Borçalıya və bu əyalətin dağlarına, sərin sulu bulaqlarına, ətirli gülü-çiçəyi olan bərəkətli bağlarına, torpağa və əməyə bağlı saf, qürurlu insanlarına vurğun bir şairdir.

Mənzərəsi əfsanədir,
Təbiəti yeganədir,
Bu dünyada bir dənədir-
Gözəllikdə bizim dağlar...

Yeri gəlmişkən qeyd edim ki, şair bu dağların vüqarlı-qürurlu duruşu ilə bərabər bu dağlarda yer adları, dəpə adları, yamaclarda dirsəklənib gözü yol çəkən sal qayalara el tərəfindən verilmiş adlardan, daha dəqiq desək toponimlərin adlarından sevə-sevə istifadə edir.Şairlərini mütaliə edən də hiss olunur ki, şair həm də el tərəfindən verilmiş bu yer, dağ, qaya adları ilə həm də fəxr edir.

Bulaqların dərd dərmanı,
Yastıqların tayı hanı?!
Sənəkuçan, Əyriqarı,
Istəyirəm görəm dağlar.

Borçalı camaatının özünə məxsus regional xüsusiyyəti var- dost tutmaq və bu dostluğu, səmimiyyəti uzun illər qoruyub saxlamaq.Rövşən Gəncəli bu əyalətin suyunu içib,havasını udub, çörəyini yeyibsə demək,bu regional xüsusiyyət onun canına və qanına hopub.Odur ki, onun yaradıcılıq külliyatına nəzər salanda görürük ki,şair çap etdirdiyi beş kitabda nə az, nə çox 8 dənə dostluğa aid şeir həsr edib.Ümumiyyətlə dosluq mövzusu şairin yaradıcılığının məğzini təşkil edir. Insanların dosluğundan, bir-birinə olan mehriban münasibətindən sonsuz ləzzət alan şair azır:

Çalış ki, yaxşılıq gəlsin əlindən,
Heç zaman çıxmasın yalan dilindən.
Həyatda yaman ad pisdir ölümdən,
Hörmətsiz elində yaşama, dostum...

Şairə görə dostluq insanlar arasında ünsiyyət vasitəsi olmaqla bərabər həm də cəmiyyət vasitəsidir. Dostluğun müxtəlif pillələri, növləri var tək-tək insanlar və xalqlar, ölkələr arasında.
Şair bəzən dostluqdan bəhs etməklə bərabər tövsiyyəsi də olur.
Dost insanın qolu-qanadı, mənsub olduğu mühitin içində tutduğu mövqe, hörmət və səviyyədir. Atalar deyib ki, dostu olmayan adam qolu-budağı sınmış ağaca bənzəyir.
Dost gərək hər kəsin özünə layiq olsun. Əbəs yerə deməyiblər- dostunu göstər, sənin kim olduğunu deyim.
Dost dostun qiymətini bilməli, hər an, hər yerdə onu və arada olan dost münasibətini qorumalı, mənsub olduğu səviyyədə saxlamağa çalışmalıdır... Ona görə də:
-“Dost- dostla tən gərək, tən olmasa gen gərək” məsəli, həmişə yaddaşımızın mərkəzində olub.

Rövşən Gəncəlinin say və nəşri baxımdan ikinci olan “Yaşamağa nə var ki...” kitabının adı onun bu adda nəşr olunmuş eyni adlı şeirin adından götürülüb. Bu şeir müəllifin öz ifasında səslənməsi Borçalı şairlərini hərəkətə gətirdi. Şairə xanımlardan Şövkət Dağlarqızı, Gülsəfa Ayvazova, şairlərdən Əflatun Hüseynoğlu, Əli Abbas, Mirağa Mustafazadə bu şeirə nəzir yazdılar.
Həmin şeirlər Tbilisidə fəaliyyət göstərən “Haqqa sarı” verlişində təkrar-təkrar oxundu. Şair bu şeirində bir əsas məsələyə toxunur- həyat çətin, olduğu qədər də mürəkkəb olduğu üçün insan həyatda nail olduğu hər şeyi özünün əməyi və bacarığı sayəsində əldə edir.

Şairin dediyi kimi:

Dərk edib qanmayan yoxsula gülər,
Əyilməz insanı ehtiyac əyər.
Elə kişilər var dünyaya dəyər,
Var olanda yaşamağa nə var ki...

Şair şeirlərinin əksər hissəsində həyatından, özündən, həyatda rast gəldiyi çətinliklərdən və uğursuzluqdan görəndə taleyin qədərsizliyindən şikayət edər.
Şair bu qəbildən adamlara üzünü tutub deyir:

Insanın qiyməti gözəl gündədir,
Hörməti,mərfəti öz əlindədir.
Günahgar zaman yox bil özündədir,
Günah yoxsa yaşamağa nə var ki...

Aqillər yazır:
“insanın taleyi təbiətin taleyinə bənzəyir. Sakitliyn arxasınca tufan gəldiyi kimi onun dalınca da sakitlik gəlir. Həmişə qasırğa, tufan sakitliyi, sakitlik də tufanı gətirir. Həyatın boz və qəribə üzü var. Onu dəyişdirib, başqa səmtə yönəltmək insan iradəsinin xaricindədir. Amma bunun əksinə olaraq daha cəsarətli, daha inamlı fikir söyləyənlər də var. “ İnsan dağı dağ üstə qoyar, səhranı şəhərə çevirər, okean dərinliklərinin sirrini öyrənər, Misir ehramlarını yaradır. Çin səddini çəkir, Eyfel qülləsini ucaldır və bütün bunlarla bərabər özü qoyduğu qadağaları pozur, yaratdığı əxlaq normalarını tapdalayır...”

Bilinmir aləmdə sirri dünyanın,
Dəyişib rüzgarı elin, obanın.
Dərdinə, qəminə hər bir insanın,
Çıraqla axtarıb, qanan gəzirəm.

Hamımız üçün müqəddəs sayılan ulub Borçalımızın taleyi bu gün həyatda olan uşaqlarımızdan çox asılıdır.Bu asilliq insan nəslinin davam etməsi ilə bərabər həm də insanlığın və tərbiyə etdiyimiz uşaqların mənəvi gələcəyinin sırf özüdür. Biz onları tərbiyə edib, gələcəyə necə, hansı səviyyədə hazırlasaq o səviyyədə də onların “ barını” görəcəyik... Qəbul edək ki, düzgün formalaşmış bir cəmiyyət istəyiriksə onda hər bir adam bu işə öz ailəsindən başlamalıdır. Aqillər haqlı olaraq- cəmiyyət ailələr toplumundan ibarətdir- deyiblər. Ailə bağları möhkəm qurulan cəmiyyət düzgün formalaşır, inkişaf edir, insani dəyərlər baxımından nümunəvi bir xalq kimi özünü biruzə verir. Bütün dahilər ailələrdə dünyaya gəldiyi, böyüdüyü üçün biz hər bir uşağın sağlam olması, hər tərəfli böyüməsi üçün tərbiyəvi işlərimizin özünü möhkəm qorumalıdır.
Şair deyir:

Elə ki, doğuldun gəldin dünyaya,
Yaşa, yarat sən pislikdən uzaq ol!
Qiymət verəcəkdir bu fani dünya,
Danışanda sözlərinə sadiq ol!

Şeirlərinin məğzini əməksevərlik, torpağa vətənə bağlılıq, düzlük-halallıq təşkil edən qələm sahibi haqlı olaraq iradların məsləhət və tövsiyyələrindən bir anda olsa unutmur. Borçalı ziyalılarına, əməksevər insanlarına, gənclərinə - hər kəsə öz nəsihət və məsləhətini əsirgəmir. Adı çəkilib, ünvan qoyulmasa da hər şeirində bunu deyib, hiss edirik...
Rövşən Gəncəli bütün varlığı ilə Borşalıya bağlı şairdir. Bu bağlılıq ona nəslindən, kökündən gəlib və Alget çayının şirin laylası, Başkeçid yaylasının əlvan-ətirli güllərinin rahiyəsi, Yağlıca dağlarının sinəsini bəzəyən yovşan ətri onu daha da bu elə, bu əyalətə - Ulu Borçalıya möhkəm, qırılmaz tellərlə bağlayıb...

Rövşənəm elimin yanan oğluyam,
Millət üçün bil sinəsi dağlıyam...
Bu məkana,bu cənnətə bağlıyam-
Balaların xoşbəxt ola, Borçalı!

Bahar fəsli yurdumuza ayaq basan gündən Gorarxı eli dağlara üz tutar,dəyələrini qurub, yurd yerlərini səhmana salar, üstündən qış keçdiyi- qar uçqunlarından səliqə-səhmanını itirmiş çeşmələrin gözünü təmizlər, hay-harayları ilə bu yerləri cana gətirərlər.
Gənclik illərində Orzuman təpələrinin sinəsində at minib cıdıra çıxan şair bu gün o anları unutmur... Bu dağlar onun üçün ilham mənbəyidir, qürur və fəxr təşnəsidir.

Başı qarlı dağlarını,
Sevər isti qucağını.
Görəmməsə torpağını,
Rövşən rahat olmaz vətən!

Buludu ilə yağış gətirən, mehi ilə ürəkləri sərinləndirən, min rəngli çiçəklərin ətri ilə xoşhal olan Borçalnın bu bölgəsində dünyaya göz açıb adını hər şeydən uca, müqəddəs tutduğu anası Xədicə xanım bəlkə, elə buna görə bu dağlara sevgisi, məhəbbəti tükənməzdir?!. Onun qəlbi, ürəyi bu dağlarn havası- suyu qədər saf və təmizdir. Tanrı ona bu sevgi ilə bərabər qürr-cəsarət-mərdlik və səxavət də əta edib. Vətəndən çox-çox uzaqlarda - Çelyabinskidə yaşamasına və iş adamı kimi fəaliyyət göstərməsinə baxmayaraq doğma Borçalısına, anadan olduğu eli kimi Gorarxını bir anda olsun unutmur. Bu torpaq dünya pəhləvanları sırasında öz yeri və hörməti olan Rəşid pəhləvan kimi, Ayvaz Həsənov, Hacımurad Xəlilov kimi adı bəlli kişilər yetişdirib. Öz əməyi, zəhməti və ağlı ilə Borçalıda öz səviyyəsinə uyğun yaşayış tərzi olan bu elin ağsaqqalları onların dəlisi olduğu adət-ənənə və müdrük kəlamları şairi şairin yadına-yaddaşına hopub, oradan da misralarına süzülüb deyir:

Ağsaqqal adına layiq olasan,
Dost-tanışın qayğısına qalasan.
Yaşayıb dünyadan ləzzət alasan,
Belə qocalasan,qocalanda da.

Borçalı ağayanalığından, səbr və təmkinindən mənəvi qida almış və eldən-obadan, müdrük kişilərin nəsihət və tövsiyələrindən cilalana-cilalana, bəstələnə-bəstələnə mənəviyyatını bu səviyyəyə qaldıran şair hərdən səcdə gələrək yazır:

Haqqı mərhəmət bilirəm,
Vicdan,ədalət dilərəm.
Düz söz üstə can verərəm-
Ağa, qara deyəmmərəm...

Bəli, Borçalının sinəsi üstə ömür payını yaşayan, ağsaqqalı, müdrük kişiləri, təmkinli-səbirli, tər-təmiz, bakirə arzuların təmasından güc-qüvvət alaraq əməyi altında nəvə-nəticə böyüdən ağbirçək nənələri olan bir nəslin oğlu olan Rövşn Gəncəli öz poeziya yaradıcılığında bu əyalətin simvolu olan saza-sözə də biganə qalmayıb. Körpələr dünyaya ayaq açıb, gələndə onların beşiyi başında babalarımız-nənələrimiz tərəfindən Talisman əvəzi asılan sazı, onu şirin-şirin dilə gətirən aşıqlarımızı da unutmur.

Çal sazını aləm nura boyansın,
Yolnan keçən, axar çaylar dayansın.
Dərdlər çəkən xəstə könlüm oyansın,
Ustadları sən yadına sal, aşıq!...

Mən Naxçıvanda bir tədbirdə iştirak edirdim. Növbəm gəldi söz mənə verildi. Çıxış etdikdən sonra zalda oturanlardan bir nəfər üzünü mənə tutub dedi:
-Ləhcən və danışıq tərzin mənim çox xoşuma gəldi. Siz hansı bölgədənsiniz?
-Dünyada Borçalı adlı bir əyalət var, mən oradanam!..
Həmin adam ayağa durdu,cərgələr arası keçib mənim yanıma gəldi. Mənimlə çox səmimi, mehriban görüşüb:
-Borçalıdan olduğunuzu deyirsiniz, bəs sazınız hanı?- deyə üzümə baxdı.Bu hadisə ona görə yadıma düşdü ki, Borçalıdansansa, demək, sazla rəftar etməyi bacarmalısan...
Bizdə saza, onu sinəsində qürurla gəzdirən ozanlarımıza hörmət Tanrı səviyyəsindədir. Bu torpağın şair oğlu Rövşən Gəncəlinin hissləri də saz-söz üzərində köklənib və o, aşıqlarımıza bir neçə şeir həsr edib. Bu hiss onun üçün təbiidir.

Möcüzədir sən çalırsan,
Ürəyimə od salırsan.
Sazınla qəlbim alırsan,
Sən tilsimsən deyən aşıq.

Mən heyranam telli saza,
Məlahətli xoş avaza...
Rövşən uyub şeir yaza-
əfsanəsən deyən aşıq!..

Aşıq sənətinə ürəkdən vurğun olan onu qəlbən sevən şair aşıqlara xas olan deyişmə janrından da istifadə edir. Onun bu janr yaradıcılığı sözün əsl mənasında məni və güman edirəm ki, oxucunu da razı salır.
1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımız öz dədə-baba torpaqlarından deportasiya edildikdə o vaxtki Kalinino (indiki Taşir) rayonunun “Qızıl Şəfəq" (keçmiş adı "Cücəkəndi") kəndində yaşayan yaxın qohumu olan Qara Əsgərovun ailəsini köçürmək üçün ora gedir. Amma onu kənddə tapa bilmir. Geri qayıdan baş yolda bir çobanla rastlaşır. Qohumunu tapmayan şair kövrələ-kövrələ şair dili ilə çobandan soruşur və Borçalı aşıqlarının dilinin əzbəri olan deyişmə belə yaranır. Qeyd edim ki, polis ilə deyişmə daha maraqlıdır.

Rövşən:

Başına döndüyüm ay çoban qağa,
Burdan dərd içində qoca keçdimi?!
Söhbət edib, dərdi-sərin soruşub,
Heç olmasa bircə səni seçdimi?!

Çoban:

Qurbanı olduğum ay gözəl oğlan,
Burdan qəm içində divanə keçdi!..
Boylanıb baxırdı yaylağa,dağa,
Salam verdi, ancaq, divanə keçdi!..

İyirminci əsrdə Azərbaycanlıların başına gətirmiş olduğu ən böyük, əvəzedilməz faciələrdən biridi bu köç!..
Bu faciə, şairin iti qələmi, kəsərli sözləri, müdrik kəlamları ilə tarixə düşdü... Böyük köç faciəsini tarix heç vaxt unutmayacaq!..
On bənddən ibarət olan bu deyişmədə şair dərdlərin-qəmlərin haradan, hansı fitnə-fəsaddan güc aldığını lap aydın şəkildə oxucuya və dinləyiciyə çatdıra bilir. Deyişmənin sonunda bu bədbəxt insanın - Qara Əsgərovun Yırğançay kəndinə getdiyi, orada yaşayan soydaşlarmıza sığındığı aydın olur:

Rövşən:

Vətən, torpaq hər bir kəsə anadır,
Bizə gələn bir dözülməz bəladır.
Insan qəlbi bir alımaz qaladır,
Ürəyi yaralı harayana keçdi?!.

Çoban:

Dedi: -elə mən ürəkdən bağlıyam,
Vətən getdi, ürəyimdən dağlıyam...
İstəyirəm, gecə-gündüz ağlıyam,
Yırğançay söylədi-bu yana keçdi!..

Yazımızın əvvəlində qeyd etmişəm, burada da bir daha qeyd edirəm, Rövşən Gəncəli yaradıcılığı boyu xalq ruhundan və yaddaşından zaman-zaman istifadə etməyə çalışmışdır. Şair xalqımızın mənəvi ruhundan qidalandığı üçündür ki, insanlara qiymət verərkən xalqımızın mənəvi xəzinəsinin əsası hesab edilən folklor əqidələrinə yön çevirir. Bu hissləri biz “Adam var ki...” şeirində daha aydın şəkildə görür, müşahidə edir.

Adam var ki, bu dünyada,
Danışanda bal tökülür.
Könlüm gəzər çəmənləri-
Yollarına gül düzülür.

Deyirlər: Şairlər insan qəlbinin mühəndisidir. Bir az dərinə gedəndə. Görürük ki, bu, doğrudan da belədir.

Ağsaqqalın nuru olar,
Içilən su duru olar...
Söz adamın qulu olar-
haqq,ədalət yolu olar!..

Rövşən Gəncəlinin bu kitabları, doğma yurda qoyulan abidədir. Gorarxı elinin müdrik ağsaqqalları, savadlı ziyalıları, saz tutub, söz deyən aşıqları, dünya şöhrətli pəhləvanları və bunlarla bərabər qabarlı əlləri ilə halal çörəyini qazanan zəhmətkeş insanları olduğu kimi istedadlı şairləri- söz ustaları da var. Bu söz ustalarının sırasında Rövşən Gəncəlinin yeri və məqamı daha qabarıq hiss olunur.
Şair şeirlərində epizodik ifadə, fikir və deyimlərdən mahiyyət və maqama uyğun olaraq istifadə edir. Onun şeirlərində Borçalı adət-ənənələri, bu əyalətin regional xüsusiyyətlərini özündə cəmləşdrən detallar çoxdur.Qoyulan məsələlər, ştrixlər çox olsa da onların həlli bir keçid üzərində çarpazlaşır, bu ünvanda öz həllini tapır-Torpağa, xalqa, bu əyalətə hörmət mənasında öz həllini tapır.

Bu, Rövşənin arzusudur:- Vüsət alsın qüdrətimiz,
O Allahdan hədiyyədir- Tükənməyən sərvətimiz.
Yayılıbdır bu dünyada hər bir yana hörmətimiz,
Cənnət osun torpağımız, xalqımı xoşbəxt istərəm!

Şair dostum Rövşən Gəncəli gözəl şeirlər, qəzəllər, deyişmələr şairidir. Bu da təsadüfi deyil. Həyatın keçməkeşli yollarından keçib, hər cür, hər xasiyyətdə olan adamlarla görüşmüş şair yaxşının və pisin nə olduğunu gözəl bilir. Ona görə də şairin şeirlərini oxuduğumuz zaman, bu şeir və qəzəllərin zəhmini, ağırlığını hiss edirsən.
Rövşən Gəncəli həm də həyatda rast gəldiyi, gördüyü hadisələrə biganə qala bilmir. Bu əyalətdə dünyaya göz açıb, bu torpağın sinəsində böyüyüb, havasını udub, suyunu içib, nemətlərindən dadan hər bir Borçalı oğlunun, saz-söz vurğunu olan hər bir sənətkarımızın, hər hansı bir qələm sahibinin dilimizdə, adət-ənənəmizə, torpağımıza bağlı olması onu canına ana südü ilə bərabər hopub. Elə buna görə də əli qələm tutan hər kəs qanından canına qədər bu elə, bu yurda- Borçalıya qırılmaz tellərlə bağlıdır.
Rövşən Gəncəlinin qəlbindən süzülüb, qələminin ucunda ağ vərəqlərə köçən hər sözün, kəlmənin içində oxucunun qəlbini isidən bir hərarət- istilik hiss olunur.

Qədrimi bilib qananın,
Mənim halıma yananın.
Qəmimə şərik olanın-
Qadasını alaram, mən!

Borçalıda ömür sürüb, ömrünü başa vurmuş zəhmətkeş insanların ağır zəhməti bahasına bu əyalət laləzara çevrilib.
Harada halal zəhmət, xoş niyyət, üstündə gəzdiyin torpağa hörmət varsa, orada da bol çörək var, naz-nemət, bərəkət var. Əgər bu dediklərimiz varsa deyə bilərik ki, evimizə ayaq basan qonağımızın qabağına çıxmağa üzümüz də var, bol nemət dolu süfrəmiz də olacaq.

Təsəllini səndə alsın,
Qohumlarla evin dolsun.
Qonaqların səni yorsun,
Bərəkətli süfrən olsun!

-deyən şair bu dünyanın mizan-tərəzisi ölçü-biçisi olduğu kimi, bu qayda-qanuna boyun əyən, onu qəbul edən insani keyfiyyətlərə malik adamları da qəbul edir. Amma bu qəbil insanları o, öz istəyi, arzusu səviyyədə istəyir, dilindən bərəkət yağan şair, dostuna və yaxınına Allahdan xoş gün, xoş güzaran arzusu ilə deyir:

Ömrün uzun, günün parlaq,
Sevən təmiz qəlbin olsun.
Mən qızıldan taxt demirəm,
Gözəl-göyçək bəxtin olsun!

Məşhur atalar sözünü Qızıldan Taxtın olunca,qızıldan bəxtin olsun! deyimini bu cür gözəl ifadə vasitələri ilə oxucuya çatdırır, həm də şair hədəfinə nail olur- deyərdim.

Ağsaqqalın yolun gözlə,
Al qəlbini gözəl sözlə.
Hörmət eylə gülərüzlə,
Sevəcəkdir ellər səni!..

Rövşən Gəncəlini şəxsən bu yaxınlardan tanıyıram. Şeirlərini, nəsr əsərləri ilə tanış olduqdan sonra elə hiss etdim ki, onu lap çoxdan, yüz illərdir tanıyıram. Ona görə belə deyirəm ki, istər poetik yaradıcılığın-da, istərsə də nəsr əsərlərində qələmə aldığı mövzu və bu mövzuların bədii həlli məni razı saldı. Şeirləri və hekayələri haqqında öz fikrimi qıssa da olsa qələmə alıb, fikrimi bildirsəm də bu, son deyil, gələn yazımız onun oftobioqrafik şəkildə qələmə aldığı iri həcmli povesti haqda olacaq...
İnşallah, görüşəcəyik!

İkinci məktubun sonu.

Qələmə aldı: Əli Abbas.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü,
“Şərəf” ordenli yazıçı.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Ədəbi tənqid, Müsabiqə
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Qocalıq yaxamı yaman alıbdı..."

Müsabiqə
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Bil gələrsən qəzəbinə, dünyanın..."

Müsabiqə
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Azərbaycan vətənimdir, millətimdir..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Rusiya
Rövşən Gəncəli (1973):

Rövşən Gəncəli (1973): "Millətimə canım qurban, gözəl bir dövran istərəm"

Müsabiqə
Milli qürur və milli qeyrət rəmzi  (Borçalıdan məktub)

Milli qürur və milli qeyrət rəmzi (Borçalıdan məktub)

"Şərqin səsi", Borçalı, Təbriklər
Saf sevgi süzülür onun misralarından...

Saf sevgi süzülür onun misralarından...

Ədəbi tənqid
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): " Elmizdə yad olduq, Bakıda qonaq, Haranın daşını b ...

Müsabiqə
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Haqq şairi, fəzilətli din xadimi

Haqq şairi, fəzilətli din xadimi

Borçalı, Bolus
RÖVŞƏN MİRZƏXANLI (1972)

RÖVŞƏN MİRZƏXANLI (1972)

Müsabiqə, Borçalı
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Borçalıdan ucalan səs   (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Borçalıdan ucalan səs (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Bolus
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

Sumqayıt, Ədəbi tənqid
SÖZün qədrini bilən şair

SÖZün qədrini bilən şair

"Şərqin səsi", Ədəbi tənqid
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

Ədəbi tənqid
Rəy yazın: