Rəhim Rəhimov: "MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ"

Rəhim Rəhimov: "MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ" Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin məntiqi nəticəsi kimi elm və elmi fəaliyyət üçün geniş imkanlar yaradılıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında
bu istiqamətdə yeni uğurlu addımlar atılmaqdadır.

Prezidentimiz çıxışlarının birində qeyd edib ki, inkişaf etmiş ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyil.

Cənab Prezident tərəfindən elmə verilən bu yüksək qiymət bir daha sübut edir ki, intellektual potensialın inkişafı dövlətin sosial siyasətinin fundamental prinsiplərindən birini təşkil edir.


Rəhim Rəhimov: "MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ" Rəhim Rəhimov: "MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ"
Müsahibimiz
tanınmış alimlərdən biri
Azərbaycan Texniki Universitetinin
"Elektronika" kafedrasının dosenti
Rəhim Rəhimovdur.

Rəhim Məhəmməd oğlu Rəhimov - 1953-cü il martın 4-də Qubadlı rayonunun Saldaş kəndində anadan olub. Azərbaycan Texniki Universitetində “Elektron Texnikası mühəndisi” ixtisasına yiyələnib. 1978-ci ildə AzTU-da laborant kimi iş fəaliyyətinə başlayıb. 2 il laborant işləyəndən sonra müəllim, baş müəllim işləyib. 1990-cı ildə müdafiə edib, elmlər namizədidir. 40 ilə yaxındır ki, elmi-pedaqoji fəaliyətlə məşğuldur. 100-dən çox elmi məqalənin, 6 dərs vəsaitinin, 12 metodik vəsaitin, 8 ixtiranın müəllifidir. Elmi məqalələri, dərs vəsaitləri və ixtiraları əsasən elektron qurğuları, mikroprosüssor texnikası, mikrokontrollerli idarəetmə sistemlərini və tibbi texnikanın maqnitoterapiya aparatının yaradılması kimi sahələri əhatə edir.

Onu da qeyd edək ki, Rəhim Rəhimov eyni zamanda xeyli şeirlərin və müxtəlif publisistik yazıların da müəllifidir.

Rəhim Rəhimov həm də xeyirxah əməlləri ilə bütün el-obanın sevimlisinə çevrilib. Hələ köçkünlükdən əvvəl Qubadlıdan Bakıya oxumağa gələn tələbələrə daim diqqət və qayğı ilə yanaşan Rəhim müəllim onlarla tələbəyə öz evinin qapılarını da açıb, onlara dərin biliyə yiyələnmələri üçün əlindən gələn köməkliyi edib. Qubadlının işğalından sonra Bakıya üz tutan həmyerlilərinə daim maddi və mənəvi dayağını əsirgəməyib.


-Yaman olur yurd ağrısı, torpaq itkisi!..

- Bəli, yurd ağrısı insan yaşa dolduqca daha çox ağrıdır, necə deyərlər, dünyamızı alt-üst edir. Bu elə bir yanğıdır ki, insanı gorun-gorun yandırır, nə səsin çıxır, nə tüstün görünür, amma alovlanırsan, bu dəhşətdi..

Bilirsiz, mən bir çox xarici ölkələrdə olmuşam, amma bizim millətimiz kimi səxavətli, ürəyigeniş, mərhəmətli, xeyirxah bir millətə rast gəlməmişəm. Bizim millətin mayası mərhəmətdən yoğrulub. Bilmirəm, bu, torpağımızdandır, suyumuzdandur, nədəndir, bizdə uşaqdan böyüyə hamımızda mərhəmət hissi çox güclüdür. Bu çox gözəl bir hissdir, gözəl duyğudur. Amma başımıza da gələn bəlalar elə bizim bu mərhəmətliliyimizdən gəlmədimi... Biz düşmənə də qucaq açdıq, torpağımızda binə qurmalarına, özlərinə ev-eşik tikmələrinə şərait yaratdıq, onları işlə təmin etdik, çörək pulu qazandılar. Evlərimizə doğmamız kimi girib-çıxdılar. Biz mərhəmətli olduqca onlar daha nankorlaşdılar... Bizdən bizim olan torpağımızı, ev-eşiyimizi istədilər və zor gücünə də olsa istəklərinə nail oldular. Biz onlara mərhəmət etdik, onlar isə bizim mərhəmətimizə güllə yağdırdılar...

Bizim ailəmiz, yəni valideynlərim uzun zamandır Bakıya köçüblər, Mehdiabadda ev-eşik sahibi olublar.

- Kəndiniz yaddaşınızda necə qalıb?

- Kəndimizdən köçəndə yaşımın az olmasına baxmayaraq kəndimizdə gördüyüm bütün gözəllikləri ruhuma köçürmüşəm. O torpağın ətri məni həmişə özünə çəkib. Buna görə də tez-tez rayonumuza gedirdim, uşaqları da aparırdım ki, atalarının yurd-yuvasını, torpağını tanısınlar. Rayonumuzun bir çox kəndlərini gəzirdim, Göyyala, Mirlərə, Hərtizə, Dəmirçilərə gedərdim. Mirlər kəndində Mir Sədi Ağanın evini ziyarət edərdim.Mehrili kəndinə gedərdim, uşaqlar oranı çox sevərdilər. Kəndlərdəki tarixi abidələrimizi, qədim körpüləri uşaqlara göstərmişəm.Yəni rayonla, rayonumuzun mehriban, qonaqpərvər əhalisi ilə həmişə əlaqəmiz olub...

Yadıma gəlir ki, Həkəri ilə Bərgüşad çaylarında balıq çox olurdu, biz də kəndin cavanlarına qoşulub balıq tuturduq...

Heç yadımdan çıxmaz, Hərtiz dağının başında Seyid Nigari düşərgahı vardı, el arasında ora Şıx Əfəndi düşərgahı deyərdilər, həmişə oranı ziyarət edirdik..

-Qonşuluğunuzda ermənilər yaşayırdımı?

- Bizimlə üzbəüz olan Yeğavırd və Üzənis kəndlərində yaşayan ermənilərin sayı çox idi.

Yadımdadır, atam rəhmətlik deyirdi ki, hələ biz Saldaşda yaşadığımız 1950-ci illərdə bizimlə üzbəüz kənddə yaşayan Moson adlı erməni tez-tez bizə gələrdi və deyirdi ki, siz niyə köçüb getmirsiniz Bakıya?.. Gedin Bakıda daha rahat yaşayın.... Ermənilər o vaxtdan bizim ata-baba yurdlarımıza göz dikmişdilər. Həmişə bizə kinli baxırdılar...Təəssüf ki, biz onların bu “canıyananlığının” ardındakı çirkin məqsədlərinin fərqinə varmamışıq...

Rəhim Rəhimov: "MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ"Bir dəfə yenə rayona getmişdim. Rəhmətlik Mir Məhəmməd ağanın yoldaşı Akifə bacı mənə dedi ki, babanın məzarı Ağ Hasardadır, onun üstünü götürsən yaxşı olar. Mən gedib babamın qəbrinin üstünü götürdüm. Onu da deyim ki, babam çox savadlı adam olub. O dövrün ən böyük ziyalılarından biri imiş. Nənəm danışırdı ki, babana Rəhim əfəndi deyirdilər. O Türkiyədə təhsil alıb, “Qurani-Kərimi” təmiz bilirmiş. Həmişə çoxlu şagirdləri olub, onlara İslam dinindən dərs keçirmiş. Mir Sədi ağanın ən yaxın dostu olub. Həm də qohum olublar...

1992-ci il idi, yenə rayondan qayıdırdım Bakıya. İnanın ki, Qubadlıdan çıxandan yol boyu gözlərimi ətraf kəndlərdən, kəndin daşından, torpağından çəkə bilmir, hönkür-hönkür ağlayırdım. Yanımda oturanlar deyirdilər ki, sən niyə ağlayırsan? Deyirdim ki, elə bil ürəyimə damıb, bu mənim son gəlişimdi rayona, bəlkə bir də gələ bilmiyəcəm...

- Rəhim Rəhimov şair deyil, ixtiraçı alimdir. Amma bu qədər gərgin iş şəraitində poeziya Sizdə necə yaranır?

- Yurdu-yuvası yağmalanan hər bir azərbaycanlının içində bir həsrətİ, nisgili var. Bəzən istər-istəməz bu şeirə çevrilir...

Ürəyimi həsrət odu yaxırsa,
Qarabağda qara qanlar axırsa,
Uca dağlar üzü bəri baxırsa,
Bu dərdimi necə yazım, ay dostum?

Qəm üstündə köklənibdi sazımız,
Əzəl gündən qara olub yazımız,
Bu dərdlərə aludədi azımız,
Muğamatı əvəz etməz cazımız,
Ağ işığı qara udur, ay dostum...


Şərqdə Füzulimiz qəmlərə dalmış,
Qəlbimizi vətənsiz manqurtlar satmış,
Şimalda Dərbəndim dərd-qəmə batmış,
Bütövlükdür dərdim, çoxdur, ay dostum,
Haqq işinə zaval yoxdur, ay dostum...

Ermənilər təkcə bizim Qarabağımızı işğal etməyib. Bizim Zəngəzurumuz var, Göyçə mahalımız var, Qaraqoyunlumuz var...Yəni uzun illərdir bizim erməni kimi məkrli bir düşmənin tapdağında qalan çox torpaqlarımız var....


ÇEŞMƏ HARAYI

Billur çeşmə, çəmən xalı,qovun getsin buludları,
Yorulmuşuq bu qovğadan, qoy dincələk bir az barı.
Nə dincəlmək, vətən oğlu, dincəlməyin vaxtıdırmı?
Yağı düşmən torpağında arxayınca at oynadır.
Ağdam onun torpağıdır?! Şuşa onun taxtıdırmı?!

Natəvanın, Üzeyirin ruhu sərgan bu yerlərdə,
Qaçaq Nəbi, Sultanbəylər düşmənləri salmış dərdə.
Cəbrayılın, Füzulinin çöhrəsində qara pərdə,
Aman Allah,bu fəryada, haqsızlığa dözməz Nər də!..
Həkəri də, Bərgüşad da əsrlərin göz yaşıdır.

Çaylar, Xocalı haraylı, Qubadlının sirdaşıdır.
Suyu səpələ üstümüzə, oyat, oyat çeşmə bizi!
Biganəlik girdabında mürgüləyən qəlbimizi,
Daş ürəkli insanların ürəyinə ax, ey, çeşmə!
Did, parçala, sən onları qıyma-qıyma, eşmə-eşmə!

Bəlkə, onda bu daş qəlbli insanları oyadasan,
Manqurtları, satqınları sən al-qana boyayasan.
Yağı düşmən qarşısında çaşıb qalıb bu el gücü,
Satqınları məhv edəcək səndə olan bu sel gücü,
Məcranızı dəyişin siz, dəli Kürüm, xan Arazım!

Ayağa qalx Sarı Aşıq, qoy dillənsin telli sazım!
Nərəni çək, Qoç Koroğlu, Dəli Həsən, Xan Eyvazım!
Yeriyin düşmən üstünə, qəlbdə qalmasın murazım,
Ulu Göyçəm, Zəngəzurum, Qarabağım əsir düşüb,
Ayağa qalx, intiqam al, vətən oğlu vaxt yetişib!


Söhbətləşdi:
Tahirə AĞAMİRZƏ

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: